“Dostlarımın bir hissəsini
ölüm,
bir hissəsini
də həyat aldı”
- Anar: “12 ildir mənim filmlərim çəkilmir”
Martın 14-də Azərbaycan Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anarın
86 yaşı tamam olacaq. Böyük yazıçımız yaşının
bu çağında
da həm rəhbərlik
etdiyi qurumun başındadır, həm
dəvət olunduğu
tədbirlərdə iştirak
edir, həm də yaradıcılıqdan
usanmır. Paralel şəkildə 5 kitab üzərində
işləyir. “Yeni Müsavat”
olaraq Anar müəllimlə həmsöhbət
olmaq üçün
üz tutduq paytaxtımızın mərkəzindəki
tarixi məkana. Beləliklə, xalq yazıçımızla onun
başdan-başa tarix,
həm də muzeyə daha çox bənzəri olan iş otağındakı
söhbətimizin ikinci
bölümünü təqdim
edirik:
(Əvvəli ötən sayımızda)
- İllər ərzində
çoxları niskillə
köçdü bu dünyadan. Bu mənada özünüzü xoşbəxt
hesab edirsiniz?
- Əlbəttə. Mənim
xoşbəxtliyimdir ki, doğma
torpaqlarımızın tam azad olunduğunu gördüm.
- Anar bəy, kabinetiniz həm də muzey təsiri
bağışlayır. Azərbaycanın,
Türk dünyasının,
Cənubi Azərbaycanın
əksər ədəbiyyat
xadimlərinin, şair-yazıçılarının,
həmçinin tarixi
şəxsiyyətlərinin şəkilləri ilə
bəzədilib.
- (Məmnunluqla gülümsəyir.
Əli ilə göstərir) Nərimanov,
Rəsulzadə, Pişəvəridir.
Yuxarıda da Zərdabi,
Səttarxan, Xiyabani, Əlimərdan bəy Topçubaşov, İsmayıl
bəy Qaspralıdır.
- Başınızın üstündə
Nizami Gəncəvinin
əksi olan nəfis xalçanın
da yəqin tarixçəsi
var...
- Gəncədə dostum
var, Şərif... O, heykəltəraş
və xalçaçıdır.
Mənə şəxsən
bağışlamışdı, amma gətirdim, buradan asdım.
- Kabinetinizin divarlarınızda
çatlar, qabarcıqlar
da görürəm. Yazıçılar
Birliyini kiməsə etibar etmədiyiniz kimi, sanki bu
kabinetin təmirini də etibar edə biləcəyiniz usta yoxdur. Belə
demək olarmı?
- Prezident vəsait ayırdı, buranı təmir elədilər.
Amma gərək bir də təmir oluna. Bu barədə fikir var, amma adam dövləti yükləmək istəmir.
Şabrandakı Yaradıcılıq
Evini tikdilər. Deyir “üz verəndə astar istəməzlər”. (Gülür)
Dövlətin Qarabağda
nə qədər xərcləri var. Yaşayırıq
da... Bunu da məndən
sonra gələcək
sədr təmir eləyər, Allah qoysa...
- Prezidentin sizə münasibəti həmişə
yaxşı olub.
- Bəli, həmişə yaxşı olub.
- Əsərlərinizi bilgisayarda
yazırsınız?
- Kompüter olmasa, çox çətin olar. Çünki əllə yazanda kiril, latın hamısı qarışır
bir-birinə. Amma kompüterdə
kirillə yazıram, latın qrafikası ilə çıxır. Kirilə alışmışıq
da, nə gizlədim.
- Hazırda hansı
əsər üzərində
işləyirsiniz?
- Özündən demək
olmasın, hazırda
5 kitab hazırlayıram. Hamısı
böyük kitablardır.
Bəziləri köhnə
yazılarımdır, onları
işləmişəm. Bəziləri
təzə yazılarımdır.
Dörd cildliyim çıxıb, “Söz
dünyası”. Dədə
Qorquddan tutmuş, ta müasir yazıçılara
qədər. Onun 5-ci cildini hazırlayıram. Ondan sonra "60-cılar və 60-cı illərin ədəbi həyatı"
adlı kitab hazırlayıram.
“Ədəbiyyat zamanın
güzgüsüdür” kitabında
mənim məqalələrim
toplanacaq. Bir də ki,
mən vaxtilə yazılan 3 povestimə təzə hekayələr
əlavə etmişəm.
İndi həmin köhnə
povestlərlə bir yerdə həmin hekayələri çap etmək istəyirəm.
- Eyni vaxtda işləmək çətinlik
yaratmır?
- Çətinlik belədir
ki... Bir qovluqda olan materialları itirmişəm.
Evi də ələk-vələk eləmişəm,
tapa bilmirəm.
- Anar bəy, Zəfər ədəbiyyatımızın,
qələbələrimizə aid əsərlərimizin yaranması məsələsində
çox gecikmirik ki?
- Yox. Biz bir kitab buraxdıq, “Qarabağ dastanı 30 ilin həsrəti, 44 günün
zəfəri”. Orada elə zəfər münasibətilə yazılmış
məqalələr, şeirlər,
hekayələr var. Mənim
də bir neçə məqaləm
var orada. “Yolumuz Şuşayadır” kitabını
da biz buraxdıq. Beləliklə,
Qarabağ zəfəri
ilə bağlı hələlik iki iri kitab nəşr etmişik. İlk mərhələdə
publisist yazılar, şeirlər qabağa düşür. Böyük
roman üçün bir
az vaxt lazımdır
da. Özü də yazanda zəfər eyforiyası ilə yazmaq lazım deyil. Mənə elə gəlir ki, əsərin içində
Xocalı soyqırımı
da olmalıdır... Bu müsibətdən
sonra başıaşağı
yaşayırdıq, hər
yerdə bizə baxırdılar, deyirdilər
öz torpaqlarını
veriblər, o acı-ağrı
da olmalıdır yazılmış
əsərdə, amma
axırı zəfər
qüruru ilə qurtarmalıdır. Əgər
ancaq zəfər eyforiyası ilə yazsaq, yarımçıq
əsər olacaq.
- Razıyam. Məsələn,
sovet dövründə
çəkilmiş, sizin
də ssenari müəllifi olduğunuz
filmlər uzun illərdir yaşayır.
Bu mənada zəfərimizə
aid və uzunömürlü,
həmçinin dünya
səviyyəsində qəbul
olunacaq filmlərin də çəkilməsinə
ehtiyac var. Sizin bu haqda nə
kimi təklifiniz var?
- Məsələn, məmnuniyyətlə
elə bir ssenari yazardım. Bədii də yox, sənədli bir film üçün.
Ta 19-cu əsrdən bu
günə qədər,
ermənilər bizim başımıza nə oyun gətiriblər. Qribayedov yazır ki, ermənilər burada yerləşən kimi başladılar müsəlmanları
sıxışdırmağa. 1905-ci ildə ermənilər nələr etdilər,
1918-ci ildə Şaumyan
hökuməti nələr
etmədi. Elə bir mart qırğını
böyük müsibət
idi. Mixail Rommın “Obıknavennıy
faşizm” sənədli
filmi var. Özü də
kadr arxasından danışır. Faşizmin
bütün fəsadlarını
göstərir. Hitlerin
iş başına gəlməyi, paradlar, kitabların yandırılması,
müharibə, konslagerlər...
Bütün faşizmin
anatomiyasını göstərir.
Bax, erməni faşizminin bütün anatomiyasını göstərən
sənədli film çəkmək
olar və onu müxtəlif dillərdə bütün
dünyaya çıxara
bilərik. Mən bunu eləmək istərdim.
- Yuxarılara təklifiniz olubmu?
- Yox, üç ssenarim yazılıb, qalıb, çəkilmir.
Təzəsini hansı
ümidlə yazım
ki, çəkiləcək?
- Son illərdə Mədəniyyət
Nazirliyində dəyişikliklər
oldu...
- Üç nazir dəyişdi,
amma hələ ki bir şey yoxdur.
12 ildir mənim filmlərim çəkilmir.
Mənim iki ali təhsilim var, həm rejissor, həm ssenarist kimi bitirmişəm. Hər halda, filmlərim də pis deyil ki, hər
həftə heç olmasa bir kanalda
göstərirlər. Amma 12 ildir kinostudiyanın qapıları mənim üzümə bağlıdır.
- Özünüz də Kinematoqrafçılar İttifaqının
üzvüsünüz, elə
deyilmi?
- Üzvüyəm. Hətta
o vaxt Rüstəm (İbrahimbəyov-E.P.) xahiş
elədi, katib də oldum.
- Rasim Balayev sədr seçildi...
- Bu dəfə də məni İdarə Heyətinə salıblar.
- Yeni heyət kinomuzu irəli apara biləcəkmi?
- Yox. Onların imkanları yoxdur. Kinostudiya Mədəniyyət
Nazirliyinə baxır.
Ya da ayrı-ayrı prodüsserlər var. Kinoittifaqın
ancaq mənəvi təsiri ola bilər.
- Öz filmlərinizə baxırsınızmı?
- Bəzən baxıram. Heyif ki, bəzi filmlərimi çox göstərirlər, bəzilərini
az. Məsələn, “Dantenin
yubileyi”ni çox az göstərirlər. “Dantenin yubileyi”ni teatrda qoydular, məni qəzəbləndirən
bir tamaşa oldu. Getdim, baxdım,
gördüm psixoloji əsəri “anekdot”a
döndəriblər. Dedim
mənim adımı oradan çıxardın,
nə premyeraya, nə də başqa heç bir tamaşaya gəlməyəcəyəm! Dedim
ki, heç olmasa “Dantenin yubileyi”ni TV kanallarında göstərsinlər,
camaat görsün, əsərin məzmunu budur. (Çox maraqlıdır, müsahibədən
iki gün sonra “AzTV "Dantenin yubileyi"ni yayımladı. Anar müəllimə zəng
edib, gözaydınlığı
verməyi də unutmadıq - E.P.) Gedib baxsanız, görərsiniz
ki, tamaşa versiyasında
o əsərdən əsər-əlamət
qalmayıb.
- İcazəniz olmadan necə bu addımı
atıblar? Müəllif
hüquqlarının pozulması
deyilmi?
- Rejissor cavan oğlandır. Rus Dram Teatrında
da mənim “Telefon” hekayəmi qoymuşdu. Gedib baxdım, yaxşı idi, özünü də təbrik elədim. Sonra gəldi ki, mən “Dantenin yubileyi”ni tamaşaya qoymaq istəyirəm. Dedim axı bu, povestdir,
pyes deyil. Bildirdi ki, yox, mən istəyirəm bunu özüm səhnələşdirəm. Dedim
onda göstər mənə. Tamaşaya getdim, baxdım, gördüm bilirsən necə eləyib. Özü də deyir qroteskdir. Deyirəm qrotesk ayrı janrdır axı, psixoloji əsəri sən “kapustik” eləmisən. Afişa da beləydi: Anar, “Dantenin yubileyi”. Dedim mənim adımı çıxarın, adım
olmasın! Sonra yazdılar:
“Dantenin yubileyi”, Anarın povesti əsasında. Deyirlər
rejissor çox istedadlı oğlandır.
Dedim çox sağ olsun, bəlkə də lap dahiyanə tamaşadır,
amma mənim əsərim deyil.
- Anar bəy, qızınız Günel
xanım yazıçıdır,
diplomatiya sahəsində
çalışan oğlunuz
Tural bəy də həmçinin. Bilirik ki, nəvəniz də sizin yolunuzu
davam etdirir. Bəs nəticəniz necə?
- Nəticəm Murad hələ
7 yaşındadır. (Gülür)
Mən bağda işləyəndə gəlib
soruşur ki, neynirsən?
Deyirəm işləyirəm.
Soruşur: nə yazırsan? Deyirəm səndən yazıram. Hər gün gəlir ki, “yazdın, qurtardın?” Deyirəm yox. Bir gün gəldi ki, “daha o qədər uzatdın ki, heç lazım deyil”. (Gülürük).
Nəvəm adaşımdır,
onun 3 kitabı İngiltərədə nəşr
olunub. Birini tərcümə edib, burada nəşr elədik. O birilərini oxuya bilmirəm, çünki ingiliscə bilmirəm.
- Zamanında həm də musiqi təhsili almısınız.
Hansı alətdə
ifa edirsiniz?
- Musiqi məktəbini qurtarmışam. Əvvəl
fortepianoda 5 sinif oxudum, sonra skripka
kimi bir alət var e... alt. Bir az onda çaldım. Gördüm yox, məndən musiqiçi çıxmadı. Musiqi məktəbi insanda musiqiyə nifrət yaradır. Qəribədir,
illər keçəndən
sonra xəstəlik kimi, musiqi sevgisi
üzə çıxır.
Mən indi musiqisiz işləyə bilmirəm. Həmişə
işləyəndə musiqi
qururam, klassik, ya müasir. Əvvəl fortepionada bir az çalırdım,
indi görürəm
barmaqlarım getmir.
-
"Ay Laçın"ı oxumuşdunuz...
- (Gülür). Hə, onu da söz elədilər, yazdılar,
mənim əleyhimə
istifadə etmək istədilər. Şuşada
oturub şəkil çəkdirmişəm,yazıblar
ki, niyə oturub burada. Bəs neyləməliydim, daima ayaq üstə durmalıydım? Ağıllı
bir söz deyəydilər. Adam deyərdi
ki, ağıllı iraddır.
- Sosial şəbəkələrdə
yoxsunuz, eləmi?
- Yox, mən heç
bir şəbəkədə
yoxam. Onsuz da hər səhər Çingiz (Abdullayev-E.P.) gəlir,
qanqaraldıcı bir şey danışır. Filan şeyi belə yazdılar... Deyirəm Çingiz, mən vəsiyyətimi yazmışam. Soruşur:
nə yazmısız?
Deyirəm yazmışam
ki, ölümümə baiskar
Çingiz Abdullayevdir.
(Gülür). Soruşur
ki, niyə elə yazmısız? Deyirəm gündə gəlib qanımı qaraldırsan
ki, filan sayt belə yazıb. Mən girmirəm o saytlara ki, bilməyim nə yazırlar, niyə gəlib deyirsən? (Gülür).
Deyirəm niyə baş qoşursan bu məsələlərə?
Deyiblər ki, filankəs
ən böyük yazıçıdır. Deyib,
deyib də, niyə buna hirslənirsən,
kiminsə deməyi ilə deyil ki.
- Hazırda Yazıçılar
Birliyinin üzvlərinin
sayı 2 minin üzərindədir, eləmi?
- 3 minə yaxındır, 300
də ərizə
var. Bəziləri ancaq
təqaüd üçün
gəlir. Təqaüdü
də ancaq qəbul olandan 5 il sonra almaq olar.
Mümkün deyil axı bu qədər
adamı razı salasan...
- Qarşıdan İlaxır
Çərşənbə, Novruz bayramı gəlir. Bu bayramlarla bağlı hansı xatirələriniz var?
- Novruz bizim evdə
həmişə qeyd olunub. Həmişə evimizdə səməni olub, nənələrim, anam həmişə yumurta boyayıb, aş bişiriblər, süfrədə şamlar
olub. Həmişə
bu bayramı qeyd eləmişik. (Sonra
da radioda işlədiyi
vaxtlarla bağlı bir xatirəsini danışır, Novruz bayramı ifadəsinin qadağan olunduğu, Bahar bayramı deməyə məcbur olduğu 60-cı illərin
əvvəllərinə aid. Bildirir ki, hətta Novruz günündə
milli musiqinin radioda səslənməsi qadağan
edilibmiş - E.P.)
- Sizdən dostlarınızı
soruşanda demisiniz
ki, dostlarımın çoxu
Fəxri Xiyabandadır.
Deyəsən, daha çox tənhalığa
üstünlük verirsiniz,
eləmi?
- Mənim nəslimdən demək olar ki, bir Elçin qalıb, vəssalam, qalanlar hamısı cavandır. Cavanlarla da oturub-dururam. Amma cavanlarla ancaq bu gündən
danışmaq olur da.
Mənim yaşıdlarımla
danışanda isə
keçmişə də
qayıdırsan, xatirələri
bölüşürsən...
- Bu mənzərə sizi darıxdırmır ki?
- Darıxdırır. Amma daha
neyləyəsən? Əlacı
yoxdur. Dostlarımın
bir hissəsini ölüm aldı, bir hissəsini də həyat.
- Anar müəllim, söhbətimizin sonunda bir daha sizi
doğum gününüz
və milli bayramlarımız
münasibətilə təbrik
edirik. Sizin də əlavə demək istədiyiniz varsa, buyurun.
- Sağ olun. Mən də sizi çərşənbələr,
Novruz bayramı münasibətilə təbrik
edirəm.
Daha bir söhbətimizi beləcə yekunlaşdırırıq,
növbəti doğum
günləri, əlamətdar
zamanlarda görüşmək
ümidilə. Hə,
bir də böyük yazıçımızla
bərabər Yazıçılar
Birliyinin eyvanına çıxırıq, mənim
xahişimdən sonra,
ətrafı seyr edib, bərabər şəkil çəkdiririk.
Kimlər çıxıb
bu eyvana... Anar müəllimin əyləşdiyi, ədəbiyyat
tarixi muzeyini xatırladan iş otağındakı fotoların
bir çoxundan boylananlar...
Bu yerdə zəruri qeydimizi edək: axı Yazçıçılar
Birliyinin yubileyidir bu il. 1934-cü ilin 13 iyununda Dərbənd doğumlu Məmmədkazım
Ələkbərlinin (iki
illik sədrlik dönəmindən bir il sonra, 1937-ci ildə güllələndi - E.P.) sədrliyi
ilə yaradılan ittifaq 90 yaşını qeyd edəcək. 15-ci sədri Anardan 4 yaş böyük Yazıçılar Birliyi.
Hər ikisinə uzun, ədəbiyyatımıza
daha böyük töhfələr verəcək
ömür arzulayırıq!
Elşad PAŞASOY
Yeni Müsavat.-
2024.- 13 mart, ą47.- S.11.