Sözünün həm ağası, həm qulu olan ustad
Qulu Məhərrəmli
70 yaşa çatdı
Bu gün Azərbaycan mətbuatının və televiziya məkanımızın, jurnalistika və
dilçilik elmimizin parlaq simalarından olan professor Qulu Məhərrəmlinin
70 yaşı
tamam olur.
Az qala 40 ildir
tanıdığımız Qulu müəllimin 70 yaşa
çatması adama bir az qəribə gəlir. Bu xüsusda
yaranan ilk sual belədir: “Doğrudanmı 70 yaşı tamam
olur?”
Bu sual oradan doğur
ki, Qulu Məhərrəmli öz pozitivliyi, enerjisi, optimistliyi
ilə fərqlənir, necə deyərlər, “günü
keçmiş qoca” obrazından uzaqdır, ictimai-siyasi həyatda,
mediada fəaldır.
Ancaq onun ömür yoluna nəzər saldıqda görürsən
ki, peşəkar media mütəxəssisinin parlaq dünəni
var. Siyasi şərhçi və publisist Qulu Məhərrəmli
təkcə TV tariximizdə parlaq iz qoymuş “7 gün”, “Təfsilat”,
“Gerçəklik”, “Səhər” (AzTV), “Dost məclisi”,
“Gündəm” (Xəzər TV), “Mətbuat aynasında”
(GünAz TV) kimi populyar televerilişlərin müəllifi və
aparıcısı kimi tanınmaqla yanaşı, həm də
media və jurnalistika elmi, həmçinin dilçilik və
lüğətçilik sahəsində nüfuzlu alimdir.
O,
1954-cü ildə Zəngilanda
doğulub, orta təhsilini Şuşada alıb. 1978-ci ildə
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini
bitirib, təyinatla Azərbaycan televiziyasına göndərilib
və “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə
başlayıb. Qısa müddətdə redaktor və
böyük redaktor vəzifələrinə irəli çəkilib.
1982-ci ildən AzTV-də yeni yaradılmış “Beynəlxalq
icmal” qrupuna rəhbərlik edib.
1991-ci ildən xəbər aparıcısı kimi müntəzəm efirə
çıxmağa başlayıb, “1000 saniyə” və “24
saat” xəbər verilişlərini, həmçinin əsas xəbər
proqramını aparıb.
1993-1995-ci
illər arasında geniş tamaşaçı kütləsi
toplayan “7 gün” populyar analitik-informasiya verilişinin müəllifi
və aparıcısı olub. Hadisələrə obyektiv və
plüralist yanaşması ilə fərqlənən bu proqram
Qulu Məhərrəmlini peşəkar aparıcı kimi
auditoriyaya daha geniş tanıdıb. Hadisə, problem və
faktlara fərdi yanaşması onun AzTV ekranında ilk
davamlı müəllif proqramı olan, ən müxtəlif
aktual mövzuları araşdıran “Təfsilat”ın, sonralar
isə “Gerçəklik” verilişinin
populyarlığını təmin edib, müxtəlif
mövzularda apardığı tok-şoular da həmişə
maraqla qarşılanıb.
1995-ci ilin avqustunda ekranlara çıxan “Səhər”
musiqi-informasiya proqramı, təkcə Qulu Məhərrəmlinin
yaradıcılıq bioqrafiyasında deyil, bütövlükdə
Azərbaycan televiziyası tarixində yeni estetik prinsiplərin
ekran təcəssümü baxımından yeni səhifə
açıb. Peşəkar jurnalist, bu gün də teleməkanın
baxımlı verilişlərindən olan bu proqrama 12 il rəhbərlik
edib.
1995-ci ilin martında Azərbaycan televiziyasının ilk siyasi
icmalçısı təyin olunan Q. Məhərrəmli, həmin
il qısa müddətdə “Xəbərlər” baş
redaksiyasına da rəhbərlik edib. Beynəlxalq əhəmiyyətli
tədbirlərdən, rəsmi toplantılardan canlı
yayımlanan reportajlar aparıb, ölkə
başçılarının xarici səfərlərindən
çoxsaylı hesabatlar, müsahibə və reportajlar
hazırlayıb. Bu illərdə onun Qarabağ
mövzusundakı şərhləri, beynəlxalq həyata
dair siyasi təhlilləri, görkəmli siyasətçilərlə
apardığı müsahibələr də maraqla
baxılıb.
2005-ci ildə AzTV şirkətdən qapalı səhmdar cəmiyyətə
(QSC) çevrildikdən sonra da “Səhər” proqramına rəhbərliyini
davam etdirən Q. Məhərrəmli 2007-ci ildə “Müəllif
proqramları və xüsusi layihələr” departamentinin
direktoru təyin olunub. Həmin ilin oktyabrında AzTV-ni tərk
edərək, yeni yaradılmış “Xəzər”
televiziyasında fəaliyyətə başlayıb, bu telekanalın
ilk dövrdəki yaradıcılıq üslubunun və
estetik prinsiplərinin formalaşmasına öz töhfəsini
verib. 2007-2012-ci illər arasında Xəzər TV-də
apardığı “Dost məclisi” və “Gündəm”
proqramları qısa müddətdə tamaşaçılar
arasında populyarlaşıb. 2017-2019-cu illər arasında
GünAz TV-də apardığı “Mətbuat aynasında”
(rejissor Nadir Diridağlı) verilişi də eyni uğurlu
taleni yaşayıb.
Azərbaycan telejurnalistikasının inkişafında müstəsna
xidmətləri olan Qulu Məhərrəmli müxtəlif
mövzularda 20-yə yaxın sənədli televiziya filminin
ssenari müəllifidir. Bu filmlərin bəziləri beynəlxalq
festival və müsabiqələrdə nümayiş etdirilib.
O, bir neçə populyar xarici serialın Azərbaycan dilinə
dublyajının bədii rəhbəri olub.
1982-ci ildən elmi, 1991-ci ildən
isə pedaqoji fəaliyyətlə məşğul olan Qulu Məhərrəmli
1989-cu ildə “Radiodramaturgiya dili” mövzusunda namizədlik,
2004-cü ildə isə “Televiziya dili”nin
problemlərinə dair doktorluq dissertasiyası müdafiə
edib. Müstəqil Azərbaycanın jurnalistika üzrə ilk
elmlər doktorudur. 2006-cı ildən Bakı Dövlət
Universitetinin professorudur. Elmi araşdırmalarında
jurnalistikanın ümumi nəzəriyyəsi, media konsepti,
teleradionun tarixi, ekran-efirin aktual elmi-nəzəri problemləri,
o cümlədən mürəkkəb dil sisteminin öyrənilməsi
əsas yer tutur. Professor 40-a yaxın kitabın, o cümlədən
bir neçə monoqrafiya, dərslik, dərs vəsaiti, həmçinin
izahlı və etimoloji lüğətlərin müəllifidir.
Onun “Jurnalistikanın əsasları”, “Televiziya
jurnalistikası”, “Radio dərsləri”, “Kütləvi kommunikasiya
və dil”, “Radio jurnalistikası: təməl biliklər”,
“Danışır Təbriz”, “Mediada debatlar” kimi tədris vəsaitləri,
“Zamanın rəngləri”, “Gələcəyə ön
söz”, “Məmməd Əmin Rəsulzadə” kimi dəyərli
elmi-publisistik əsərləri xüsusi qiymətləndirilir.
Əsərləri ingilis, rus, çex, fars və koreya dillərində
çap edilib.
Professorun
elmi yaradıcılığında
lüğətçilik xüsusi istiqamət
təşkil edir. Onun çoxillik zəhmətinin bəhrəsi
olan “Kino, televiziya, radio terminləri”, “Mediada işlənən
alınma sözlər”, “Məktəblilər üçün
alınma sözlər lüğəti”, “Jurnalistika terminləri”,
“Azərbaycan dilinin frazeologiya lüğəti” (R.
İsmayılovla birlikdə), “Məsəllər, deyimlər”,
“Yeni alınma sözlərin izahlı lüğəti” və
s. kimi sözlükləri müasir Azərbaycan
leksikoqrafiyasında xüsusi yer tutur.
2014-2016-cı
illərdə akademik Tofiq Hacıyevin dəvəti ilə
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun
Monitorinq şöbəsinə rəhbərlik etmiş
professor Qulu Məhərrəmli Azərbaycan dilinin
inkişafı ilə bağlı Dövlət
Proqramının yerinə yetirilməsinə ciddi töhfələr
verib. Dövlət dilinin düzgün tətbiqi və ədəbi
normalara riayət olunması üçün çoxsaylı
tədbirlərin reallaşmasına, o cümlədən
institutda “qaynar xətt”in işə düşməsinə
nail olub. O, “Altun kitab” nəşriyyatında indi populyar olan
AZLEKS elektron lüğətlər toplusunun
yaradılmasında iştirak edib. Hazırda həmin toplunun
baş redaktorudur. Xarici ölkələrdə keçirilən
elmi məclislərdə Azərbaycan jurnalistikasını və
jurnalistika elmimizi dəfələrlə təmsil edib.
Jurnalistika sahəsində ən yüksək mükafatları
alıb, 2006-cı ildə “Əməkdar jurnalist” fəxri
adına layiq görülüb.
Hazırda elmi-pedaqoji fəaliyyətini
davam etdirən professor Qulu Məhərrəmli
teletənqidçi kimi təhlillər aparır, publisist
çıxışlar edir, praktik jurnalistika, o cümlədən
teleyaradıcılıq sahəsində də öz layihələrini
gerçəkləşdirir. Presklub.TV YouTube kanalına rəhbərlik
edir. BDU-nun kafedra müdiri və Mətbuat Şurasının
İdarə Heyətinin üzvü, qurumun Etika
Komissiyasının sədridir.
Qulu Məhərrəmlini media sferasında
sevimli edən ən mühüm keyfiyyətlərindən biri
onun həmişə sözünün ağası olması,
daxili tolerantlığı, mötədilliyi, necə deyərlər,
uşaqla uşaq, böyüklə böyük
olmasıdır. O, kiminsə haqqında tənqidi fikirlər səsləndirəndə
də sözlərini elə seçir, elə təhkiyə
ilə söyləyir ki, opponenti əsla incimir, onun tənqidi
fikirlərini qılıncla qarşılamır. Bəlkə
də o, vaxtında diplomatik sahəyə yönəlsəydi,
bacarıqlı diplomat olardı.
“Yeni Müsavat” Media Qrupunun
kollektivi Azərbaycan mətbuatının və
televiziyasının, jurnalistika elminin və sahə təhsilinin
inkişafına, Azərbaycan dilçiliyinə parlaq töhfələr
vermiş professor Qulu Məhərrəmlini 70 illik yubileyi
münasibətilə təbrik edir. Mediamızın
ağsaqqalı mərtəbəsinə yüksələnlərdən
olan dəyərli həmkarımıza uzun ömür,
gümrahlıq arzu edir və onun hələ daha uzun illər
mətbuatımızın aparıcı simalarından biri
olmasını təmənni edirik.
Yeni Musavat.-
2024.- 2 noyabr, ¹201.- S.7.