Xudafərində ucalan bayrağımız –

bu gün Cəbrayıl şəhəri günüdür

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar, 960 şagird yerlik tam orta məktəbin binasının və digər müəssisələrin açılışında iştirak ediblər

 

Bu gün 4 oktyabr - Cəbrayıl şəhəri günüdür.  Bu münasibətlə dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər ediblər.

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar, Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər. Prezident İlham Əliyev “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin, Litvanın “Dominari” şirkətinin mebel klasterinin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Karabakh Stone” MMC-nin zavodunun  və “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməllərini qoyub. Bundan başqa, dövlət başçısı “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında olub və Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoyub.

Qeyd edək ki, 1993-cü il avqustun 23-də işğal edilən Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdılıb. Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbəvə məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilib və ya dağıntıya məruz qalıb.

Cəbrayıl rayonunun işğaldan azad edilməsi, Vətən müharibəsində güc balansı ilə bərabər psixoloji üstünlüyün də tam olaraq Azərbaycan tərəfinə keçməsi ilə nəticələndi.

1994-cü il yanvarın 5-də  Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edildi.

2020-ci il 27 sentyabr tarixində başlayan İkinci Qarabağ müharibəsində bəlli oldu ki, düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu. Bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi ki, qəhrəman ordumuz bunu bacardı. Təsadüfi deyil ki, ordumuzun 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks-hücumlar mümkün oldu. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var.  2020-ci il noyabrın 16-da Ali Baş Komandan Xudafərin körpüsündə və Cəbrayıl şəhərində dövlət bayrağını ucaltdı. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olunub.

“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq Sənaye Parkının rezidentlərinin sayı 12-yə çatıb,  rayonunun elektrik təchizatı artıq var, rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib.

Cəbrayılın deputatı Ceyhun MəmmədovYeni Müsavata bildirdi ki, rayonda sürətli bərpa-quruculuq işləri həyata keçirilir:  Cəbrayıl şəhəri və onun kəndləri 30 ilə yaxın erməni işğalı altında olan zaman yerlə yeksan edilmiş, bir dənə də olsun nə mülki, nə inzibati bina salamat qalmamışdı. Şəhər və kəndlərimizin acınacaqlı vəziyyətinə baxanda insan dəhşətə gəlirdi. 4 il öncəki Cəbrayılla bugünkü Cəbrayıl arasında çox böyük fərq var. 4 il öncə gözlərimiz önündə yer üzündən silinmiş bir Cəbrayıl şəhəri var idi, bu gün müasir binaların inşa edildiyi, abadlaşmaqda olan Cəbrayıl şəhəri mövcuddur. Yollar çəkilib, dəmir yolu xətti var, elektrik enerjisi, mavi yanacaqla təminat istiqamətində çox mühüm addımlar atılıb. Bu gün Cəbrayılın mərkəzi yenidən qurulur.  İşğaldan azad edildikdən sonra Cəbrayıla yenidən həyat qayıtmağa başladı. Cəbrayıl şəhərinə bu ilin sentyabrından sakinlərin qayıdışı prosesinə start verilib. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 3-də Cəbrayıl şəhərində orta məktəb binasının açılış mərasimində iştirak etməsi, çoxlu sayda müəssisələrin təməlini qoyması cəbrayıllıların sevincinə sevinc qatmış oldu. 31 ildən sonra cəbrayıllı uşaqlar öz doğma yurdlarında məktəbə gedirlər. Bu, böyük sevincdir. İstehsal müəssisələrinin təməlinin qoyulması ilə fəaliyyətə başlayacaq həmin müəssisələrdə yerli əhali işlə təmin olunacaq. Rayonda xəstəxana tikilir.

“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən böyük bir layihə artıq icra olunub. Cəbrayıla 4-6 zolaqlı yol çəkilib. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib və icrasına başlanıb. Yenidən qurulan Cəbrayıla respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, məktəbli düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı sentyabrın 26-dan yola salındı. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb. Başqa sözlə desək, bu gün bizlər artıq Cəbrayılda normal yaşayışın təmin olunmasının və uzun illər həsrətlə öz yurd-yuvalarına qayıtmaq istəyən insanlarımızın dədə-baba ocaqlarının qayıdışına şahidlik edirik.

Cənab Prezident Cəbrayılın tikilməsi və sakinlərin doğma yurda qayıdıb orada rahat yaşaması məsələsinə xüsusi diqqət göstərir. Bu diqqət və qayğı rayonumuzla bağlı qarşıya qoyulmuş hədəflərə çatacağımıza şübhə yeri qoymur".

 

Etibar SEYİDAĞA

 

Yeni Müsavat.- 2024.- 4 oktyabr, ¹180.- S.7.