İSTİQLALIMIZIN
SİYAVUŞU
Tarix öz
köksündə və çoxqatlı yaddaşında
yalnız qlobal ideyaların daşıyıcılarını
saxlayır. Azərbaycan siyasi təfəkkürünün
simvolu olan Məhəmməd Əmin Rəsulzadə qlobal
ideyaların daşıyıcısı və bu tarixin
özünü yardanlardan idi. O, milli tariximizin Mirzə Fətəli
Axundov və Həsən bəy Zərdabidən başlanan
yeni səhifəsini tamamladı. Rəhbərlik etdiyi milli hərəkatın
ideologiyasını hazırladı, beyinlərə istiqlal
toxumu səpdi, milli müstəqillik məsələsini
gündəmə gətirdi. Məsləkdaşları ilə
birlikdə Şərqdə ilk parlamentli respublika – Cümhuriyyət
yaratdı, Şurayi-Millinin Rəisi, müstəqil Azərbaycanın
ilk dövlət başçısı oldu.
Süqutundan sonra da onu yaşatmaq və dirçəltmək üçün böyük mücadilə apardı. “Bu, bir fasilədir, istiqlal günəşi yenidən doğacaqdır” dedi. Və həmin günəş yenidən doğdu... Doğan günəş həm Cümhuriyyət banisinin uzun illər xaldan gizlədilmiş istiqlal savaşının, həm də Azərbaycan xalqının rus müstəmləkəsinə qarşı azadlıq mübarizəsinin üzərinə işıq saldı...
***
XVIII əsrin əsrin əvvəllərindən başlayaraq I Pyotrun Avropaya pəncərə açması ondan sonra taxta çıxmış II Yekaterinanı da Asiyaya qapı acmaga həvəsləndirdi. Tezliklə rus süngüləri Qafqaz dağlarında parlamağa başladı. Qonşu torpaqları işğal edərək ölkə ərazilərini genişləndirən zəhmli II Yekaterina Rusiyanı adi dövlətdən imperiyaya çevirdi.
XIX əsrin əvvəllərində Rusiyanın öz sərhədlərini cənuba doğru daha da böyütmək, Qara dənizə və Hind okeanına çıxmaq planları qanlı savaşlara səbəb oldu. Bu savaşlarda Osmanlı dövlətini və İranı məğlub edən Çar Rusiyası çoxdan can atdığı Krımı, sonra da Qafqazı ələ keçirdi. Uzun illər davam edən müharibələrdən sonra əvvəlcə Dağıstanın yerli xalqları rus təbəəliyinə keçdi. Ardınca isə Cənubi Qafqazda öz dövlətləri olan gürcülər və azərbaycanlılar rus işğalına məruz qaldılar. Gəncədə Cavad xan təpədən-dırnağa kimi silahlanmış işğalçı rus ordusuna qarşı sonadək müqavimət göstərdi. O, həlak olduqdan sonra işğalçılara müqavimət göstərə bilməyən pərakəndə xanlıqların süqutu ilə Azərbaycan dövlətçiliyinə son qoyuldu.
Avropa ilə Asiyanın qovşağında cərəyan etmiş həmin qanlı hadisələrdən 100 il sonra – XX əsrin əvvəllərində Çar Rusiyasının daha da möhkəmlənməyə çalışdığı Qafqazda, o cümlədən neft Bakısında siyasi vulkanlar püskürməyə başladı. Bu qarşısıalınmaz fırtınalardan sıyrılaraq meydana çıxmış millət fədailəri, sağlam millətçilik ideologiyasını hazırlamış ziyalılar xalqın bir əsr əvvəl itirdiyi dövlət müstəqilliyini bərpa etmək uğrunda hərəkata basladılar. Tarix öz məmləkətində milli hakimiyyət qurmaq uğrunda gedən həmin hərəkata rəhbərlik missiyasını Məhəmməd Əmin Rəsulzadənin üzərinə qoydu.
Rəsulzadə ruhən şərqli olsa da, milli hərəkatda Qərb təfəkkürü ilə davrandı. O, orta əsrlərə məxsus cəngavərlik dövrünün çoxdan keçdiyini yaxşı anladığından xalqı öz müstəqilliyinə qovuşdurmağın dinc üsulunu – siyasi mübarizə yolunu seçdi. Ana dilində təhsilin olmadığı, dini avamlıq və mövhumatın dərin kök saldığı, cəhalətin zehinlərə dərin nüfuz etdiyi bir cəmiyyətdə siyasi maariflənmə işi apardı. Özündən əvvəlki maarifçilər kimi şüurları oyatmaga, insanları hərəkətə gətirməyə calışdı.
Gənc yaşlarından məsləkdaşları ilə birlikdə siyasi təşkilatlar yaradıb qəzetlər təsis edən M.Ə.Rəsulzadə millətin gözünü açmağa, onu dünyadakı mətləblərdən agah etməyin yollarını aradı. Ali məqsədinə doğru gedən yollarda əziyyətlərə düçar oldu, əzablara qatlaşdı, dəfələrlə ölüm təhlükəsi ilə üzləşdi, qərib ölkələrdə mühacirət həyatı yaşadı, maddi sıxıntılar, mənəvi iztirablar çəkdi, həbsxanalara düşdü, lakin əqidəsindən dönmədi. Mübarizə dostu, məşhur tatar siyasətçisi Abdulla Taymasın dediyi kimi, “Rəsulzadə öz xalqının azadlığı və istiqlalı uğrunda mübarizədə hər şeyini – rahatlığını, sağlamlığını, ailəsini, nəhayət, bütün həyatını qurban verdi…” Lakin bu ibrətamiz həyatı ilə göstərdi ki, tarixin həlledici anında millət naminə çəkilən zəhmətlərin, tökülən qanların, yıxılan xanimanların, axıdılan göz yaşlarının yalnız bir təsəllisi vardır: İSTIQLAL!
Hərbi-siyasi cəhətdən çox mürəkkəb bir tarixi şəraitdə aparılan cətin mübarizədən sonra 1918-ci il mayın 28-də həmin istiqlal ideyası gerçəkləşdi. Məmməd Əminin rəhbərlik etdiyi milli hərəkat nəticəsində türk-müsəlman Şərqində ilk parlamentli respublika – demokratik idarəçiliyə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Rəsulzadə bu cümhuriyyətin nəzəri əsaslarını, onun ideologiyasını hazırladı, müstəqil ölkənin ilk dövlət başçısı oldu. Bu səbəbdən də haqlı olaraq onun adı bu gün Azərbaycan xalqının istiqlal savaşının, milli məfkurəsinin və dövlət müstəqilliyinin simvoluna çevrilib.
Azərbaycan siyasi təfəkkürünün onurğa sütunu və təmsilçisi olmaqla yanaşı, M.Ə.Rəsulzadə həm də bir mütəfəkkir və kulturoloji hadisə sayılır. Onun zəngin və çoxşaxəli yaradıcılığı bu tarixi şəxsiyyətin Azərbaycanın kulturoloji fenomeni kimi dəyərləndirilməsini şərtləndirir. Çünki o, siyasi lider kimi Azərbaycanın istiqlaliyyəti ilə yanaşı, bu xalqın tarixinin yazılmasına və öyrənilməsinə, onun milli ədəbiyyatının araşdırılmasına, mətbuatının və Ana dilinin tərəqqisinə, milli mədəniyyətinin tarixi qaynaqlarının üzə çıxarılmasına və təbliğinə böyük önəm vermişdir. Təəssüf ki, onun bədii yaradıcılığı, poetik dünyası, dram əsərləri az öyrənilib.
Cümhuriyyətin süqutundan sonra Rəsulzadə gizlənməyə məcbur olduğu Lahıc dağlarında bu gün də çox populyar olan “Əsrimizin Siyavuşu” əsərini yazmışdı. Firdovsinin “Şahnamə”sindən qaynaqlanan həmin əsərdə deyilir ki, “istiqlal nəşəsi fədailər yetişdirir, necə ki, Türkiyə yetişdirdi. Fikir öldürülməz, necə ki, Neronun arslanları xristianlığı parçalaya bilmədi”. O, böyük inamla yazırdı ki, Musa peyğəmbərin Firondan qaça bilməsi haqqın, Qalileyin cəllad önündə susmaması isə söz və fikrin əbədiliyidir. Yaşadığı tale baxımından özü də Azərbaycan istiqlalının Siyavuşuna çevrilən Məmməd Əmin belə hesab edirdi ki, “Cümhuriyyət fikrinin keçici bolşevik istilası ilə yaxıcı, yıxıcı qüvvələriylə qəhr olunacağını” düşünmək acizdir, “sadə bir qığılcım kifayətdir ki, bu müqəddəs atəş təkrar yansın”. Uzun sürən sovet istilasından sonra tarix bu sözlərdəki uzaqgörən həqiqəti sübut etdi...
* * *
Sovet rejimi 70 il ərzində Şərqdə ilk demokratik Cümhuriyyətin bayrağını ucaltmış millət fədailərinə, o cümlədən və daha çox M.Ə.Rəsulzadəyə qarşı barışmaz mübarizə apardı. Marksizm-leninizm ideoloqları Rəsulzadənin millət və tarix qarşısındakı xidmətlərini danmağa, Cümhuriyyət banisinin şəxsiyyətinin miqyasını kiçiltməyə, günəşin üzünü qara buludlarla örtməyə çalışdılar. Amma nə xalqın qəlbində yaşayan azadlıq atəşini, nə də ürəklərdəki Cümhuriyyət və Rəsulzadə sevgisini söndürə bilmədilər.
Bu gün M.Ə.Rəsulzadənin Hollivud filmləri üçün cazibədar dramaturji material olacaq kəşməkeşli ömür yolu, millət qarşısındakı misilsiz xidmətləti, saysız-hesabsız əsərləri gün işığına çıxarılmışdır. Müasir gənclik onu tanıdıqca daha çox sevir. Sevdikcə onu dünyanın böyük tarixi şəxsiyyətləri sırasında görür.
Qulu
MƏHƏRRƏMLİ
professor
Yeni Müsavat.- 2024.- 31 yanvar, ¹18.- S.7.