Fəxri adlar məsələsi yenidən
gündəmdə - fərqli rəylər
Arif Babayev: “Fəxri adların ləğv edilməsinin tərəfdarı
deyiləm, çünki...”
Əməkdar artist Aygün Bəylərin vəfatından sonra sosial
şəbəkələrdə
ona xalq artisti fəxri adının verilməməsi müzakirələrə səbəb olub.
İnsanlar bu məsələdə sabiq mədəniyyət naziri
Əbülfəs Qarayevi günahlandırıblar.
Əbülfəs Qarayev isə
açıqlamasında Aygün Bəylərə xalq artisti fəxri adının verilməməsində müəyyən səbəblərin olduğunu bildirib: “Aygün Bəylər istedadlı
və mənim hörmət etdiyim musiqiçi idi.
O bütün tədbirlərdə
fəal iştirak edirdi. Adın verilməsi mənim yadımda deyil. Amma mən ona böyük hörmətlə yanaşırdım. Allah ona rəhmət eləsin. Ona xalq artisti adının verilməsinə gəldikdə hər şeyin qanunu və
vaxtı
var. Mən ona hansı ad verməliydim ki? Ona əməkdar artist adı verilmişdi, xalq artisti adının verilməsi üçün müəyyən vaxt keçməli idi.
Bir ad alandan sonra ikinci ad
almaq üçün zaman keçməlidir. Onun da yəqin
ki, hansısa səbəbləri olub”.
Qarayev həmin səbəbləri
açıqlamaq istəməyib.
Qeyd edək ki, eks-nazir fəxri
adların verilməsində biri ilə digərinin arasında
müəyyən qədər vaxt keçməsi lazım
olduğunu bildirib. Aygün Bəylər 2002-ci ildə Əməkdar
artist fəxri adı alıb. Ə.Qarayev mədəniyyət
naziri vəzifəsindən 2020-ci ildə azad edilib. O zaman bu məsələdən
artıq 18 il ötmüşdü. O da məlumdur ki, bəzi
Xalq artistləri 3-4 illik fasilədən sonra “Xalq artisti”
olublar.
Sual yaranır: “Əməkdar”
və “Xalq artistləri” fəxri adları
arasında minimum zaman fasiləsi nə qədər
olmalıdır? Qanunda belə bir tələb varmı? Sovet
dövründə necə olub, son on illər necədir?
Daha bir məqam.
Tanınmış bəstəkar Cavanşir Quliyev deyib ki, fəxri
adlar ləğv olunmalıdır, çünki sovet dönəmindən,
Stalin dövründən qalıb və sənətçilərin
arasını vurur, narazılıq yaradır, üstəlik yaradıcı
adamda arxayınlıq yaradır:
“Fəxri adlar boş şeydir. Mən hər
müsahibəmdə deyirəm - gərək hökumət onu
ümumiyyətlə ləğv etsin. Nə Avropada, nə
Amerikada var. İnkişaf etmiş ölkələrin heç
birində fəxri ad yoxdur. Nə İranda, nə Ərəbistanda
var. Yalnız bolşeviklər, kommunistlər olan bəzi
ölkələrdə olub, vəssalam. Mənasız bir
şeydir. Stalinin vaxtında icad olunan, sənətkarları
boyunduruqda saxlamaq üçün kəşf olunan
üsullardan biri olub. Fəxri adlar, ordenlər, təltiflər
və s.
Fəxri
adlar ləğv olunmalıdır. Çünki sənətçilər
də əsəbiləşir, iki dostun birinə fəxri ad
verirlər, o birinə vermirlər, nəticədə dostlar
bir-birinə düşmən olur. Ən əsası, fəxri
adlar incəsənətin inkişafına ziyan vurur. Tutaq ki,
xalq artisti adı aldı, onu alandan sonra bütün sənətkarların,
yazıçıların ən yaxşı əsəri
artıq arxada qalır. Bütün yadınıza düşən
sənət adamlarının yüksək fəxri ad alana qədər
yaradıcılıqlarına və alandan sonrakı
yaradıcılıqlarına diqqət edin. Görəcəksiniz
ki, ən yaxşı əsərini, ən yaxşı rolunu, ən
yaxşı kitabını ona qədər yazıb. Amma məsələn,
sənətçi 45-50 yaşında xalq artisti olur, hələ
ömrü uzundur, məsələn, qarşıda 20-30 ili
var, həmin illərin içində heç bir şey etmir.
Yəni etdiklərinin keyfiyyəti belə ondan əvvəlkilərdən
aşağı olur. Çünki o fəxri adı aldı və
düşündü ki, vəssalam, bundan o tərəfi,
bundan böyüyü yoxdur. Yəni insan yaradıcılıq
baxımından rahat olur. Çünki bu cəmiyyətdə
sənətkarların çoxu gəncliyindən fəxri ada
köklənərək yaşayır. İşini, yaradıcılığını,
hər şeyini ona yönəldir ki, mən o adları, o
ordenləri alım. Hökumət konsertlərinə
çıxırlar, hökumətin bütün tədbirlərinə
gedirlər, aktiv olmaq istəyirlər ki, onları
görsünlər, dəyərləndirsinlər və o
adları, medalları onlara versinlər. Onları da alıb
bitirəndən sonra deyir ki, vəssalam, mənim daha nə
işim var. Nə konsertə gedir, nə də əvvəlki
kimi aktiv olur, yaradıcılığı da geriləyir. Bu o
deməkdir ki, fəxri adlar institutu Azərbaycanda incəsənətə
zərər vurur".
Milli Məclisin Mədəniyyət
komitəsinin sədri Fazil Mustafa isə
“Yeni Müsavat”a açıqlamasında
bildirib ki, fəxri adların ləğv olunması özü
ilə böyük problemlər ortaya çıxarır:
“Çünki ayrı-ayrı insanlar artıq bu fəxri adları
alıblar və cəmiyyətdə bu bir sosializm
yarışına çevrilib. Biri fəxri ad alanda digəri
də bunu istəyir. Əsl sənət artıq bu adların
müqayisəsində aparılır. Məsələn, kimin
Xalq artisti fəxri adı varsa, o deməkdir ki, sənət aləmində
bir pillə yuxarıdadır, Əməkdar artist adını
alan ondan bir az aşağıdadır. Ümumiyyətlə, fəxri
ad ala bilməyən isə özünü diskomfortda hesab
edir. Ona görə də bu ənənəni başdan
yaratmamaq lazım idi. Belə ki, müstəqillik
dövründən başlayaraq bu ənənəni sovet ənənəsi
kimi müəyyən dərəcədə arxa plana atmalı
idik. Daha çox nominasiyalar üzrə real qaliblərin
mükafatlandırılması və
onların həm də yaxşı imkan sahibinə
çevrilməsini təmin etməli idik. Amma artıq dövr
keçib”.
Qeyd edək ki, Sovet
dövründə olduğu kimi bu gün də ölkəmizdə
incəsənət, mədəniyyət, ədəbiyyat sahəsində
fəxri adlar, ordenlər verilir. Məlum olduğu kimi, sovet
dönəmində xalq artisti, əməkdar artisti, əməkdar
incəsənət xadimi, SSRİ xalq artisti, xalq şairi və
sairə bu kimi fəxri adlar “yuxarıdan” göstərişlə
verilirdi. Fəxri adı almış şəxslər bununla fəxr
edir, daha da ruhlanırdılar.
Məlumata görə, ilk xalq
şairi adına Səməd Vurğun layiq görülüb.
Məhz 1956-cı ildə onun ölümündən sonra
yazıçılara, şairlərə fəxri adlar verilməyə
başlanıb. Daha sonra isə sovet hakimiyyəti altında
olan ölkələrdə bu ənənə davam etdirilib.
Təbii
ki, fəxri adlar həm
də təqaüd, bəzən ev, maşın deməkdir.
Dövlət Statistika Komitəsindən
əldə etdiyimiz məlumata görə, hazırda ümumilikdə
4862 nəfər “Xalq”
və “Əməkdar”
fəxri adlarına görə aylıq Prezident təqaüdü alır. Sonuncu dəfə Xalq artisti fəxri adı 2021-ci ildə bir nəfərə verilib - bu titula
S.Vurğun adına Rus Dram Teatrının
aktyoru Fuad Osmanov layiq görülüb.
2020-ci ildə də bir nəfərə Xalq artisti adı
verilib - bu, tarzən, Azərbaycan
Milli Konservatoriyasının müəllimi Elçin Həşimovdur.
2019-cu ildə Xalq artisti fəxri adına layiq görülənlər isə
10 nəfər olub ki,
onlardan 5-i müğənni
idi - Miri Yusif, Röya Ayxan, Tünzalə Ağayeva, Cavan Zeynallı, İlqar Muradov.
Hazırda “Xalq” fəxri adına görə 259 nəfərə ayda 200 manat təqaüd ödənilir. 4603 nəfər
isə “Əməkdar”
fəxri adına görə ayda 150 manat təqaüd alır.
Lakin bununla belə, cəmiyyətimizdə sovet
dövründən sonra
da fəxri adların verilməsi birmənalı
qarşılanmır. Hətta
fəxri ad almış insanlar belə bəzən bu ənənənin davam etdirilməsini gərəksiz sayır. Çünki dünyanın
inkişaf etmiş ölkələrində, o cümlədən
qardaş Türkiyədə
bu cür adlar yoxdur. Maraqlıdır
ki, qardaş Türkiyədə
heç “Milli qəhrəman”
fəxri adı verilmir. Yalnız şəhid statusu var.
Yaxud Pavorotti, Xose Karears və bu kimi dünya
şöhrətli ifaçıların
heç də xalq artisti və
ya əməkdar artisti kimi fəxri
adları olmayıb. Onlar yalnız öz adları ilə dünyada öz möhürlərini
vurmuş ifaçılardır.
Hətta sovetlər birliyi dağıldıqdan
sonra bir çox ölkələr
bu cür ənənəyə son qoydu.
Bu baxımdan, ölkəmizdə
də çoxları
fəxri adların ləğv olunmasını,
əvəzində yaradıcı
insanlara kifayət qədər maddi yardım ayrılmasını
tövsiyə edirlər.
Mövzu
ilə bağlı Xalq
artisti, ustad sənətkar Arif Babayev “Yeni Müsavat”a
danışıb:
“Bircə onu bilirəm ki, Aygün Bəylər çox
yaxşı ifaçı idi. Ona Xalq artisti adının niyə
verilməməsi barədə bir fikir söyləyə bilmərəm,
bu işi dövlətimiz həll
edir. Yəni mənim işim deyil. Yalnız onun çox
yaxşı, əla ifaçı olduğunu deyə bilərəm.
Hamı onun ifasına heyran olurdu.
O ki qaldı fəxri
adların ləğv edilməsi ilə bağlı səslənən
fikirlərə, şəxsən mən onun ləğv edilməsini
istəmirəm. Niyə ləğv edilsin ki? Çünki fəxri ad sənətkara
bu sənətdə daha da yaxşı
çalışmasına təsir edir, onu ruhlandırır, cəsarətləndirir.
Üstəlik fəxri ad elə-belə verilmir. Sənətkarın
ifasına, sənətinə baxılıb, verilir".
Xalidə GƏRAY
Yeni Müsavat.- 2024.- 13-15 yanvar, ¹6.-
S.13.