Adı BDU-ya qaytarılsın,
nəşi Bakıya gətirilsin?
Rəsulzadə ayının sualları
Ekspertlər hesab edir ki,
Rəsulzadənin heykəli
qoyulmalı, ev muzeyi yaradılmalıdır,
məzarı isə...
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Məhəmməd
Əmin Rəsulzadənin
140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Onu bir daha
diqqətə çatdırırıq:
“2024-cü ilin yanvar ayında (31 yanvar - red.) görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur. Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşayıb və mübarizə aparıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
Bu, sözsüz ki, Azərbaycan xalqının ürəyincə olan, milli vəhdətin güclənməsi və tarixi şəxsiyyətlərimizin qiymətli irsini yaşatmağa hesablanmış növbəti uğurlu addımdır. Rəsulzadəyə xalq sevgisi əlbəttə ki, tükənməzdir, əbədidir. Nə qədər ki, üçrəngli bayrağımız ucalarda dalğalanır, istiqlal banimizin xatirəsi də qəlblərdə bir o qədər yaşayacaq.
Yubiley (2024) ilində M.Ə.Rəsulzadənin paytaxtda heykəli ucaldıla bilərmi? Yada salaq ki, vaxtilə heykəlin Kukla Teatrının qarşısında qoyulması nəzərdə tutulmuşdu.
Həmçinin təkliflər səslənir ki, Rəsulzadənin Bakıda ev muzeyi yaradılsın, adı Bakı Dövlət Universitetinə (BDU) qaytarılsın və nəşi qardaş Türkiyədən Azərbaycana gətirilsin. Bunların hansı mümkündür?
Məlumdur ki, M.Ə.Rəsulzadə həm də bir inanc adamı olub. O zaman bir müsəlmanın qəbrinin yerinin dəyişdirilməsinə İslam dini necə baxır? Hansı hallarda icazə verilir?
Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Prezident tərəfindən belə bir sərəncamın imzalanması mühüm əhəmiyyət daşıyır: “Bu, Prezidentin Azərbaycanın tarixi şəxsiyyətlərinə verdiyi dəyərin göstəricisidir. Artıq Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsinə başlayacaq. Ümumiyyətlə, Cümhuriyyət irsinin öyrənilməsinə, cümhuriyyətin tanınmış şəxslərinin öyrənilməsinə yönəlmiş tədbirlər əvvəldən həyata keçirilir. Prezident Əhməd Ağaoğlu və digər tarixi, ictimai-siyasi xadimlərlə bağlı tez-tez sərəncamlar verir, bunlar xüsusi əhəmiyyətə malikdir. Heykəl məsələsinə gəldikdə isə sərəncamda sırf birgə tədbirlərin hazırlanması və həyata keçirilməsindən söhbət gedir. Yəni bu məsələ də dövlətimizin diqqətindədir. 140 illik tədbirlər çərçivəsində müxtəlif istiqamətlər olacaq. Bütün bu məsələlər də diqqətdə saxlanılacaq, bununla bağlı addımlar atılacaq”.
Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da qəzetimizə fikirlərini söylədi. O bildirdi ki, Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan siyasi tarixində, müstəqil dövlətçilik tarixində, hətta ədəbiyyat tarixində yeri möhtəşəmdir, əvəzolunmazdır: “O, 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin ideoloqlarından və qurucularından biridir, ona başçılıq etmiş şəxsiyyətdir. Onun nəzəri əsaslarını hazırlayan, quran, həyata keçirən adamlardan biridir. Buna görə də onun tarximizdəki yeri zaman keçdikcə, Azərbaycan müstəqil dövləti yaşadıqca daim yaşayacaq, böyüyəcək. Onu bizim tariximizdən silmək mümkün deyil. Ona görə də Azərbaycan Prezidentinin bu sərəncamı son dərəcə yerinə düşən, ciddi bir hadisədir. Mənə elə gəlir ki, bu, yalnız sərəncam olaraq qalmayacaq, ciddi işlər görüləcək. Yəqin ki, aidiyyəti qurumlar hazırlıq planı üzərində işləyir, uyğun olan addımlar da atılacaq. Rəsulzadə onsuz da, sərəncam olsa da-olmasa da, xalq tərəfindən həmişə xatırlanır, haqqında yazılır, tədbirlər keçirilir. Amma bu il rəsmi olandan sonra onunla bağlı daha ciddi işlər görüləcək. Bizim də müəyyən planlarımız var”.
Deputat əlavə
edib ki, Rəsulzadənin ev muzeyinin yaradılması ilə bağlı təklif hələ
1988-ci il hadisələri
vaxtında verilmişdi:
“Biz təklif vermişdik ki, Rəsulzadənin evi boşaldılsın, orada
muzey yaradılsın.
Təəssüf ki,
o zaman dəyərlərimizə
qiymət verə bilməməyimizin, sovet ideologiyasının nəticəsidir
ki, Rəsulzadənin evində ermənilər yaşayırdı. Onları
oradan çıxarmaq,
evi oğlu Azərə qaytarmaq mümkün olmadı. Bu, bir gündə
bir sərəncamla həll olunacaq məsələ idi. Rəsulzadə ailəsi ilə birgə uzun illər sürgün həyatı
yaşayıb, Vətənindən
didərgin düşüb,
qayıdanda evində düşməndən olan
bir millətin nümayəndəsi oturur,
o evinə girə bilmir, qayıdıb çıxıb gedir. Bu, sadəcə, xəcalətdir. Məncə,
bu sərəncamdan sonra belə səhvlər aradan qaldırılmalıdır. Onun
yaşadığı ev
boşaldıla bilər.
O olmasa belə, başqa bir yerdə Məhəmməd
Əmin Rəsulzadənin
ev muzeyi açıla bilər. Amma öz evi
olsa, yaxşı olar. Bir müddət
əvvəl Rəsulzadənin
heykəlinin qoyulması
üçün də
yer seçilmişdi.
Məncə, heykəli
də qoyulmalıdır,
qoyulacaq da. O elə bir tarixi
şəxsiyyətdir ki,
onun Bakıda heykəli mütləq qoyulmalıdır.
O ki qaldı məzarının Türkiyədən
gətirilməsinə, bunu
qətiyyən qəbul
etmirəm. Bir vaxtlar deyilirdi, Füzulinin məzarı Kərbəladan gətirilsin.
Əgər orada yaşayıbsa, niyə bura gətirilməlidir? Onun çoxdan torpağa qarışmış
sümüklərinin qalan
hissələrinin bura
gətirilməsinin nə
mənası var. M.Ə.Rəsulzadə də
ömrünün böyük
hissəsini Türkiyədə
yaşayıb, Türkiyə
onun ikinci vətəni idi. Orada dəfn olunub, orada da onu
sevən insanlar var, gedirlər, yad edirlər. Buradan gedənlər
də onu ziyarət edir. Bura gətirilməsi nəyi dəyişir
ki. Bir də Türkiyə qardaş torpağıdır. Oradan
bura məzar daşınmaz. Bu məsələni ortaya atanlar məsələyə
qeyri-ciddi yanaşırlar”.
Araşdırmaçı jurnalist, dini sahə üzrə mütəxəssis Rəsul Mirhəşimli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin yubileyinin dövlət səviyyəsində qeyd olunması təqdirəlayiq haldır. Düşünürəm ki, yoxdan bir bayraq ucaldan, tarixi torpaqlarımızda dövlət qurub, millətimizi Rusiya əsarətindən qurtarılmasında misilsiz xidmətləri olan Rəsulzadə indiyədək öz Vətənində gerçək dəyərini almayıb. Ümid edək ki, bu il Məhəmməd Əmin Rəsulzadənin bu millət qarşısında xidmətləri layiqincə qiymətləndiriləcək.
Görüləcək işlərlə bağlı müxtəlif təkliflər ola bilər. Məncə, AXC dövründə yaradılmış ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinə Rəsulzadənin adının qaytarılması, Bakının mərkəzi yerlərindən birində onun abidə kompleksinin ucaldılması görüləcək müsbət işlər siyahısına daxil edilə bilər.
O ki qaldı Rəsulzadənin məzarının Ankaradan Bakıya köçürülməsinə, qeyd edim ki, Qurani-Kərimin ayələri və peyğəmbərimizin hədislərində bunu qadağan edən ifadələrə rast gəlmək olmur. Bu məsələ ilə bağlı görüşlər İslam alimlərinin fikirlərində öz əksini tapır. Bundan əlavə, İslam dünyasında baş verən tarixi faktlara istinad edilir.
İslam peyğəmbəri Hz.Məhəmmədin (s) də qatıldığı Uhud döyüşündə 70-ə yaxın müsəlman şəhid olub. Həmin səhabələrin dəfn edildiyi ərazini bir müddət sonra su basıb. Bu səbəbdən həmin şəhidlərin qəbri, aralarında peyğəmbərimizin əmisi Hz.Həmzənin də məzarı olmaqla başqa yerə köçürüldü. Bu hadisə Uhud savaşından 46 il sonra baş verib.
Bir insanın dəyəri onun harada dəfn edilməsi ilə deyil, bu dünyada etdiyi əməlləri ilə ölçülür. Rəsulzadə də Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan dahi şəxsiyyətlərimizdəndir. Onun da bu millət qarşısında ən böyük xidməti Azərbaycan dövlətinin qurulmasında, AXC-nin süqutundan sonra müstəqilliyimizin bərpası uğrunda apardığı mücadilədədir. Bu xidmətlərin qarşılığını Rəsulzadənin məzarını Azərbaycana köçürmədən də vermək mümkündür. Çünki onun Ankarada dəfn edilməsi qürbətdə olması sayılmaz, qardaş Türkiyəmizin şəhid qanları ilə suvarılmış torpaqlarını məskən seçib. Azərbaycan dövləti Rəsulzadənin Ankaradakı məzarının rəsmi ziyarətlərin siyahısına salmaqla, yubiley tədbirlərini qardaş Türkiyədə də keçirməklə ruhuna sayğılarımızı ifadə edə bilərik".
Afaq
MİRAYİQ
Yeni Müsavat.-
2024.- 9 yanvar, ¹2.- S.6.