İrəvan məscidləri - unudulmayan miras
Azərbaycanın
qədim şəhərlərindən biri olan İrəvan əsrlər
boyu yalnız qala və sarayları ilə deyil, həm də
çoxsaylı məscidləri ilə tanınıb
Ermənistanda
səfərdə olan İran Prezidenti Məsud Pezeşkian
İrəvan şəhərində yerləşən qədim
Azərbaycan tarixi-memarlıq abidəsi - "Göy" məscidi
ziyarət edib. Prezident burada ibadət edib, namaz qılıb və
bu müqəddəs məkanda dini mərasimdə iştirak
edib. Məsud Pezeşkianın bu ziyarəti "Göy" məscidlə
bağlı məsələni yenidən gündəmə gətirib.
Xatırladaq
ki, İrəvanda mövcud olan yeganə məscid -
"Göy" məscid uzun illərdir ki, Ermənistan tərəfindən
İran mədəniyyətinə aid edilərək dünyaya
“fars məscidi” kimi təqdim olunur. Halbuki tarixi faktlar bunun əksini
sübut edir.
"Göy"
məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli
xanın əmri ilə inşa olunub. Azərbaycanın
memarlıq irsinin nadir nümunələrindən sayılan bu
tikili öz monumental quruluşu ilə diqqət çəkir:
məscidin eni 66 metr, uzunluğu isə 92,2 metrdir. O, həm də
İrəvan məscidləri arasında
ölçüsünə görə ən
böyüyü olub.
Çar
Rusiyası dövründə "Göy" məscid İrəvanda
fəaliyyət göstərən 8 məsciddən biri idi və
əsasən azərbaycanlıların ibadət yeri kimi
tanınıb. Bu məkan uzun illər şəhərin dini-mədəni
həyatının mərkəzlərindən biri olub.
Məscid
20-ci əsrdə iki dəfə böyük faciə ilə
üzləşib. İlk dəfə 1918-ci ildə İrəvanda
erməni silahlı dəstələri tərəfindən
yandırılıb. İkinci dəfə isə 1955-ci ilin
martında faciəli hadisə baş verib: həmin vaxt məsciddə
azərbaycanlı din xadimi Mahmud Aruzoğlu həyat
yoldaşı və 22 nəfər türk alimi ilə birlikdə
ibadət edərkən ermənilər tərəfindən
diri-diri yandırılıb. Bu hadisə azərbaycanlılara
qarşı törədilən dini və milli
soyqırımı aktlarının acı nümunələrindən
biridir.
1995-2006-cı
illərdə məscid İranın tikinti şirkətlərinin
köməyi ilə bərpa edilib. Lakin bu bərpadan sonra abidə
Ermənistan hökumətinin siyasəti nəticəsində
“İran mədəniyyət mərkəzi” kimi təqdim
olunmağa başlanıb. Bu, həm Azərbaycan tarixinə
qarşı saxtakarlıq, həm də mədəni irsin mənimsənilməsi
cəhdidir.
Ümumiyyətlə,
Azərbaycanın qədim şəhərlərindən biri
olan İrəvan əsrlər boyu yalnız qala və
sarayları ilə deyil, həm də çoxsaylı məscidləri
ilə tanınıb. XIX əsrə qədər bu şəhərin
simasını müəyyən edən əsas memarlıq
elementlərindən biri məhz möhtəşəm məscidlər
idi. Bu tikililər həm dini, həm də ictimai-mədəni
mərkəz funksiyasını daşıyır, şəhərin
memarlıq ruhunu formalaşdırırdı.
İrəvan
məscidləri barədə ən qiymətli məlumatlardan
birini məşhur fransız səyyahı və etnoqrafı
İvan Şopen (1798-1870) verib. XIX əsrin 20-ci illərində
Qafqaz canişinliyinin tapşırığı ilə
bölgəni araşdıran Şopen yazılarında İrəvan
və Naxçıvan əhalisinin tarixi, etnik tərkibi, dili,
folkloru, ədəbiyyatı və incəsənəti
haqqında ətraflı məlumat toplayıb. Onun 1832-ci ilə
aid qeydlərində yalnız İrəvan şəhərində
12 məscid qeydə alınır.
Şopenin
göstərdiyi məscidlər arasında "Came" məscidi,
"Şah Abbas" məscidi, "Zal xan" məscidi,
"Novruzəli bəy" məscidi, "Sərtib xan" məscidi,
"Hüseynəli xan" məscidi, "Hacı
İmamverdi bəy" məscidi, "Hacı Cəfər bəy"
məscidi və digərləri xüsusi əhəmiyyət kəsb
edirdi. Bu fakt bir daha sübut edir ki, İrəvan tarixi boyunca
müsəlman şəhəri olub və burada Azərbaycan
memarlığı üstünlük təşkil edib.
Tarixi sənədlər
göstərir ki, 1912-ci ilə kimi indiki Ermənistan ərazisində
- İrəvan qəzasında 42, Eçmiədzin qəzasında
33, Zəngəzur qəzasında isə 35 məscid fəaliyyət
göstərib. 1915-ci ildə bu say daha da artmış və
İrəvan-Zəngəzur bölgəsində ümumilikdə
391 məscid qeydə alınmışdı (382-si şiə,
9-u sünni məscidi). Təəssüf ki, 1918-ci ildən
etibarən erməni millətçilərinin həyata
keçirdiyi etnik təmizləmə və mədəni
soyqırımı siyasəti nəticəsində bu məscidlərin
böyük əksəriyyəti dağıdılıb,
yandırılıb və tamamilə məhv edilib.
İrəvanın
məşhur məscidləri aşağıdakılar olub:
"Sərdar"
məscidi - İrəvan məscidlərinin ən qədimi
sayılan bu məscid XVI əsrə aiddir. Tarixi mənbələrə
görə, bu ibadətgah Şah İsmayıl Xətainin
göstərişi ilə onun vəziri Rəvanqulu xan tərəfindən
inşa edilib. 1589-cu ildə Osmanlı türkləri məscidi
bərpa ediblər. Sərdar sarayının
yaxınlığında yerləşdiyi üçün məscid
"Sərdar" məscidi adlanırdı. 1918-ci ildə ermənilər
bu məscidə toplaqları müsəlmanları diri-diri
yandıraraq abidəni insanlarla birlikdə külə
çeviriblər.
"Şah
Abbas" məscidi - 1604-cü ildə 1-ci Şah Abbas İrəvan
qalasını Osmanlılardan geri aldıqdan sonra 1606-cı ildə
şəhərin ən möhtəşəm məscidlərindən
biri olan "Şah Abbas" məscidini inşa etdirdi.
Memarı məşhur Şeyx Bahəddin idi. Məscid
kompleksinə mədrəsə, kitabxana, mehmanxana və ictimai
yeməkxana daxil idi. Burada kasıblara gündə üç
dəfə yemək paylanır, ictimai toplantılar
keçirilirdi. XX əsrin əvvəllərində
yarıuçuq vəziyyətdə olsa da, 1918-ci ildən
sonra tamamilə məhv edilib.
"Dəmirbulaq"
məscidi - İrəvanın azərbaycanlılar yaşayan Dəmirbulaq
məhəlləsində XVII-XVIII əsrlərə aid bu məscid
ibadət yeri və dini mərkəz olub. Memarı Hacı
Müzəffər Ağa idi. Xalq arasında bəzən
“Günlüklü məscid” də adlandırılan bu tikili
1988-ci ilə qədər fəaliyyət göstərirdi.
Lakin həmin ilin fevralında erməni millətçiləri
tərəfindən hücuma məruz qaldı,
dağıdıldı və yandırıldı. Bu, İrəvan
azərbaycanlılarının sonuncu dini ocağının məhv
edilməsi demək idi.
"Rəcəb
paşa" məscidi - 1725-ci ildə Rəcəb paşa tərəfindən
inşa edilən bu məscid İrəvan qalasında yerləşirdi.
1827-ci ildə Rusiya qoşunları İrəvanı
işğal etdikdən sonra məscid dağıdıldı və
onun yerində pravoslav kilsəsi tikildi. Bu, İrəvan məscidlərinin
kilsəyə çevrilməsinin ilk nümunələrindən
idi.
"Abbas
Mirzə xan" məscidi - XVIII əsrdə Qacar şahzadəsi
Abbas Mirzə tərəfindən inşa edilən bu məscid
də 1827-ci ildə rus işğalı zamanı
dağıdıldı. Uzun müddət qalıqları
mövcud olsa da, 2008-ci ildə Ermənistan hakimiyyəti abidəni
tamamilə sökərək yer üzündən sildi.
"Şükürbəyli"
məscidi - İrəvanın daha bir məşhur məscidi.
1827-ci ildə rus qoşunları tərəfindən daxili dəyişdirildi
və “Svyatoy Boqoradiç” adı altında kilsəyə
çevrildi. Hazırda da bu məkan rus pravoslav kilsəsi kimi
fəaliyyət göstərir.
"Zal
xan" məscidi - XIX əsrdə tikilib. II Dünya
müharibəsindən sonra orijinal memarlıq üslubu tamamilə
dəyişdirilərək sərgi salonuna çevrilib. Beləcə,
abidə dini funksiyasını tamamilə itirib.
Bu tarixi
faktlar bir daha göstərir ki, İrəvan əsrlər boyu
Azərbaycan şəhəri olub və burada onlarla məscid fəaliyyət
göstərib. Lakin XX əsrdə həyata keçirilən
məqsədyönlü etnik təmizləmə siyasəti nəticəsində
bu dini abidələrin əksəriyyəti
dağıdılıb, bir qismi kilsəyə və ya muzeyə
çevrilib, çox az qismi isə izsiz məhv edilib.
Adıçəkilən məscidlər yalnız dini tikililər
deyildi. Onlar həm də Azərbaycan xalqının bu torpaqlardakı
varlığının, dövlətçilik ənənələrinin,
memarlıq məktəbinin və mədəniyyətinin
canlı şahidləri idi.
Azərbaycan
memarlıq irsinin İrəvanda və ümumilikdə Ermənistan
ərazisində məhv edilməsi faktları çoxsaylı
sənədlərlə sübut edilsə də, beynəlxalq
təşkilatlar bu məsələyə lazımınca diqqət
yetirmir. UNESCO uzun illərdir ki, bu barədə susur. Halbuki Azərbaycan
abidələrinin dağıdılması təkcə milli
deyil, həm də ümumbəşəri mədəni irsə
qarşı cinayət hesab edilməlidir.
Xalidə GƏRAY
Yeni
Müsavat.- 2025.- 20 avqust, ¹146.- S.14.