Bu gün Mehriban Əliyevanın doğum günüdür
Bu gün
Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun Prezidenti, İSESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın
doğum günüdür.
“Yeni
Musavat”ın məlumatına
görə, Mehriban Arif qızı Əliyeva 1964-cü ilin avqustun 26-da Bakı şəhərində anadan
olub.
1982-ci ildə Bakı şəhəri 23 ¹-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.
1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan-İrs” jurnalını təsis edib.
2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.
Mehriban Əliyeva, həmçinin, Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da fondun rəsmi açılışı olub. Heydər Əliyev Fondu xeyriyyəçilik tədbirləri görür, təhsil, mədəniyyət, incəsənətlə bağlı layihələr həyata keçirir. Bu layihələr təkcə Azərbaycanla məhdudlaşmır. Mehriban Əliyevanın həyata keçirdiyi humanitar layihələr bütün dünyada məşhurdur. Onun təşəbbüsü ilə Pakistanda qızlar üçün yeni məktəb tikilib, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar keçirilib. Versal sarayının bir hissəsinin və Strasburqda orta əsrlərə aid kilsənin, Luvr muzeyi qalereyasından birinin, Roma katakombalarının bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması və digər layihələr Heydər Əliyev Fondunun xeyriyyəçilik işləri sırasındadır.
2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Lakin 2022-ci ilin noyabrında Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verib və bu barədə UNESCO-nun baş direktoruna məktub ünvanlayıb.
Birinci vitse-prezident bu vəzifədən imtinanı Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsindən sonra özünün genişmiqyaslı bərpa və quruculuq işlərinə yaxından cəlb olunması və bu xüsusda UNESCO çərçivəsində xoşməramlı səfir vəzifəsinə diqqət ayrılmasının imkan xaricində olduğu ilə izah edib.
2004-cü il dekabrın 28-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinin üzvü seçilib.
2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən, Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.
2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyevaya ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatı verilib.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb.
Mehriban Əliyeva Azərbaycan və Polşa arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə 14 sentyabr 2009-cu ildə Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilib.
Yeni
Müsavat.- 2025.- 26 avqust, ¹150.- S.2.