26 avqustda güllələnən
Cəmşid
Naxçıvanski kim olub?
Avqustun 26-sı milli hərb tariximizin görkəmli
nümayəndəsi general-mayor Cəmşid
Naxçıvanskinin anım günüdür.
Cəmşid Cəfərqulu xan oğlu Naxçıvanski 1895-ci il avqustun 10-da Naxçıvan şəhərində anadan olub.
Cəmşid Naxçıvanski 43 illik ömrünün 26 ilini hərb sənətinə sərf edərək sıravi əsgərdən general rütbəsinə qədər yüksəlib. O, təşəbbüskarlığı, təşkilatçılığı ilə hərb işini ətalətdən çıxararaq, zamanın ən nüfuzlu peşəsinə çevirib. Cəmşid Naxçıvanski Azərbaycanda, həmçinin Zaqafqaziyada bir çox ilklərə imza atıb. Belə ki, sərkərdə Azərbaycanın ilk “Milli Atıcı Diviziyası”nı yaradıb, ”Sərhəd işinin təşkili və idarəolunması”nı həyata keçirib, əsgər və zabitlərin hərbi-taktiki hazırlıqları ilə yanaşı, ideya-siyasi hazırlıqlarının yüksəldilməsi məqsədilə “Hərbi bilik” jurnalını təsis edərək dərginin həmredaktoru kimi ən aktual mövzularla mətbuatda çıxışlar edib. Həmçinin Zaqafqaziya Hərbi Dairəsində ilk dəfə “Hava hücumundan kimyəvi vasitələrlə müdafiə”ni təşkil edib, M. V. Frunze adına Moskva Hərbi Akademiyası kimi nüfuzlu tədris ocağında ilk azərbaycanlı hərbçi-pedaqoq olaraq rus və fransız dillərində mühazirə oxuyub.
Cəmşid Naxçıvanski akademiyada Ali Pedaqoji Şuranın üzvü, həmçinin tədris korpusunun və yataqxananın yoxlanılmasına müstəsna səlahiyyətli 4 nəfərdən biri olub. Sərkərdə döyüş vaxtı cinahların yerdəyişməsi və kordinasiyası konsepsiyasını yenidən işləyib hazırlayıb. Naxçıvanskinin bütün incəliklərinə qədər işləyib hazırladığı bu hərbi doktrinadan İkinci Dünya müharibəsində Sovet hökuməti məharətlə yararlanıb və yüksək nəticələr əldə edib. Naxçıvanskinin akademiyada dərs keçdiyi müdavimlərdən 3 nəfər Sovet İttifaqı Marşalı adına layiq görülüb, onlarla general, yüzlərlə yüksək rütbəli hərbçi yetişib.
Xan nəvəsinin yüksək zəkasını, elmi potensialını, ən əsası isə vətənpərvərliyini və yurdsevərliyini xalqımızın düşmənləri (şaumyanlar, mikoyanlar, beriyalar və s.) həzm edə bilmirdilər. Cəmşid Naxçıvanski daim təqib olunaraq məqsədli ittihamlara məruz qalırdı. O, irtica qüvvələri tərəfindən 3 dəfə həbs olunub, iki ölüm hökmündən son anda qurtulub. 1938-ci il may ayının 20-də sonuncu - üçüncü dəfə həbs edilən Cəmşid Naxçıvanski saxta ittihamlarla SSRİ əleyhinə gizli silahlı təşkilat yaratmaqda və ona birbaşa rəhbərlik etməkdə günahlandırılır. 1938-ci il avqustun 25-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Naxçıvanskinin saxlandığı Lefertova zindanında səyyari, qapalı dinləmələr keçirir. Bir gün sonra - avqustun 26-da Hərbi Kollegiya Cəmşid Naxçıvanskiyə ölüm hökmü çıxarır və qərar icra olunur. O, Moskva yaxınlığında gizli kod adı “Kommunarka” olan kütləvi məzarlıqda dəfn edilir.
Yeni
Müsavat.- 2025.- 27 avqust, ¹151.- S.3.