Cəbrayıla böyük köç
“Biz cəbrayıllılar qürurla,
fəxarətlə deyirik
ki...”
Qarabağa “Böyük qayıdış
planı” istiqamətində
görülən işlər
durmadan sürətlənir.
Sonuncu köç karvanı Cəbrayıl şəhərinə oldu.
Bu etapda 42 ailə
- 205 nəfər Cəbrayıla
köçürüldü. Yenidən qurulan şəhərə respublikanın
müxtəlif ərazilərində
yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdən
ibarət növbəti
köç karvanı
Bakı şəhərinin
Qaradağ rayonundan yola salınıb.
"İllər sonra böyük sevinc və qürurla ana vətənim Cəbrayıla
qayıdıram".
Bu sözləri Cəbrayıl
şəhərinə köç
edən keçmiş
məcburi köçkün
Nazim Rüstəmov deyib.
“Cəbrayılla bağlı
xatirələrim çoxdur.
Uşaqlığım, cavanlığım
orada keçib.
İndi 30 illik həsrətdən
sonra yenidən ora qayıdıram. Allah övladlarımıza, gələcək
nəsillərə bir
daha bizim illər əvvəl yaşadığımız həyatı
- köçkünlüyü, ağrı-acını nəsib
etməsin”, - deyə
o vurğulayıb.
Vətən uğrunda canlarını
fəda etmiş şəhidlərimizə Allahdan
rəhmət, qazilərimizə
şəfa diləyən
sakin doğma yurduna qayıtdığına
görə Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevə
və birinci xanım Mehriban Əliyevaya
da minnətdarlığını bildirib.
"İllərlə əziyyətlər
çəkdik, bir çox yer dəyişdik. Bu günə
şükür, arzumuza
çatdıq və doğma yurdumuza qayıdırıq".
Bu sözləri isə Cəbrayıla köç
edən daha bir keçmiş məcburi köçkün
Yusifov Yusif bildirib. Cəbrayıllı
günlərindən bəhs
edən sakin illərlə bu günün həsrətini
çəkdiyini deyib:
“Beş yaşımdan
Cəbrayıldan çıxmışam.
Otuz ildir qayıtmaq həsrəti ilə yaşayıram. Düzdür, hər yer vətəndir, ancaq düşünürəm
ki, yurda qayıtmaq, orada yaşayıb-yaratmaq lazımdır”.
"Doğma yurdumuz Cəbrayıla qayıtmaq
hissi əvəzolunmazdır".
Bu fikirlər isə Cəbrayıl sakini Rüstəmli Rəhminəyə
məxsusdur. Onun sözlərinə görə,
1 yaşında məcburi
şəkildə tərk
etdiyi Cəbrayıla indi artıq müəllim kimi qayıdır: "Allah şəhidlərimizə
rəhmət eləsin,
qazilərimizə cansağlığı
versin, Allah Prezidentimizi
var eləsin.
Uzun illər həsrətini çəkdiyimiz Cəbrayıla
dönmək bizə sevinc və qürur yaşadır".
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda,
ora köçürülən
keçmiş məcburi
köçkünlərlə yanaşı, bu bölgədə aparılan
layihələrin icrasında
çalışan, həmçinin
ayrı-ayrı dövlət
qurumlarının yerli
bölmələrində xidməti
vəzifələrini yerinə
yetirən, yenidən fəaliyyətə başlamış
səhiyyə, təhsil,
mədəniyyət, turizm,
sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə,
30 mindən çox insan yaşayır.
Əslən Cəbrayıldan olan,
AĞ Partiya başqanının
müavini Rəhim Əhmədzadə doğma
yurduna ard-arda yola salınan köç karvanlarının
bütün cəbrayıllıları
sevincə qərq etdiyini söylədi: “Bu gün şükürlər
olsun ki, rəşadətli
ordumuz, igid oğullarımız sayəsində
arzularımız çin
olur. Hələ aprel döyüşlərində
itirilmiş Cəbrayılımızın
Cocuq Mərcanlı kəndinin azad edilməsi bu böyük qayıdışın
ilk işartıları idi.
Artıq bu gün biz cəbrayıllılar
qürurla, fəxarətlə
deyirik ki, Cəbrayıl
azaddır, bütöv
Qarabağ bizimdir və biz qayıtmışıq.
"Dəmir yumruq"
öz gücünu bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı öz torpaqlarını azad etməyi bacaran xalqdır. Sevindirici haldır ki, artıq işğaldan azad edilmiş torpaqlarımızda yenidən
bərpa və quruculuq işləri sürətlə davam edir. Və böyük
köçün növbəti
ünvanı məhz Cəbrayıl şəhəridir.
Onu da qeyd edim ki, işğaldan azad edilmiş şəhərlərimizdən Laçın, Şuşa,
Zəngilan, Xankəndi
və Cəbrayıla
bu yaxınlarda getmişəm və artıq şəhərin
böyük hissəsinin
abadlaşdırıldığının
canlı şahidi olmuşam. Artıq Qarabağı yenidən dirçəltmək bir xalq olaraq bizim
ən əsas vəzifəmizdir. Vətənim
Cəbrayıl rayonunda
əsasən taxılçılıq,
üzümçülük, maldarlıq, qoyunçuluq
geniş yayılmışdı.
Yerli sakinlər səbirsizliklə geri dönüb o əvvəlki
təsərrüfatı yenidən
qurmağı planlayırlar.
Cəbrayıl erməni
vəhşiliyinin daha
çox qurbanı olmuş, tamamilə dağıdılmış şəhərlərimizdəndir.
Şəhərin mərkəzindən
başlayan geniş quruculuq işləri çərçivəsində mərkəzlə bərabər
kəndlərin də
bərpası qarşıya
qoyulan məqsədlərdəndir.
Təkcə Cəbrayıla
deyil, artıq işğaldan azad etdiyimiz bütün Qarabağ torpaqlarına həmin ərazilərin həqiqi sakinlərinin geridönüşü reallaşmaqdadır.
Bu prosesin uğurla davam edəcəyinə inamımız tamdır.
Biz illərlə bu günləri arzuladıq.
Və hər zaman inandıq ki, dünyaya gözümü açdığımız
ana torpağa mütləq
bir vaxt qayıdacağıq. Çox
ağrılı, çətin
günlərdən keçdik,
amma sonunda buna da şükür edirik. Biz artıq Qarabağa əbədi qayıdırıq".
Cavanşir ABBASLI
Yeni
Müsavat.- 2025.- 19 fevral, №31.- S.15.