“Əlisa Nicat o zaman yaşasaydı,
daha artığını yazardı” –
Səməd Vurğunun nəvəsindən olay kimi MÜSAHİBƏ
“Yeni Musavat”ın növbəti müsahibi mərhum xalq yazıçısı, 1990-cı ildə müstəqil Azərbaycanın ilk parlament üzvlərindən biri olan Yusif Səmədoğlunun qızı Humay Vəkilovadır.
- Yusif
Səmədoğlunu ilk növbədə bir ata kimi necə
xatırlayırsınız? Eləcə də onun ədəbiyyatla
bağlı söhbətləri evdə hansı mühit
yaradırdı?
- Həddən
artıq demokrat insan idi. Pozitiv, zarafatcıl idi. Düzünü
desəm, ədəbiyyatla bağlı bizimlə çox
söhbət etməzdi. Yalnız anamla ədəbiyyatla
bağlı danışıqlarına biz də maraqla qulaq
asardıq. Amma yadımdadır, “Qətl günü”
romanını yazanda bizə oxuyurdu. Çox uşaq idik deyə,
əsərin möhtəşəmliyini o qədər də dərk
etmirdik.
Çox
heyvansevər idi. Evimizdə çox heyvan
saxlamışıq. Akvariumda balıqlarımız var idi.
Yadımdadır, hər bazar günü yarmarkalar olurdu.
Gedirdik ora, balıqları seçirdik, onlara yem
alırdıq. Nəyə görəsə mən tez-tez bu
anları xatırlayıram...
- Hazırda
Vəkilovlar ailəsində nə kimi yeniliklər var? Yusif Səmədoğlunun
övladları, nəvələrinin nə kimi uğurları
var?
- Atam nəvələrini
hədsiz dərəcədə çox sevirdi. Hətta xəstəxanada
ağır vəziyyətdə olanda uşaqları apardıq
yanına, göz yaşlarını saxlaya bilmədi, dözmədi,
dedi uşaqları aparın. İndi nəvələrini
görsəydi, çox qürur duyardı, ali
savadlıdırlar, yaxşı ailə başçısıdırlar.
Mənim qızım, oğlum evlidirlər. Bacımın
kiçik oğlu evlidir. Nəticələri var, çox
şükür.
- Bəs
ananız Nəmidə xanım necədir? Bildiyim qədər,
Yusif Səmədoğlu ilə bir-birlərini çox seviblər...
-
Anamın indi 88 yaşı var. Son dövrlər atamı
tez-tez xatırlayır, ağlayır. Bəli, atamla çox
sevirdilər bir-birlərini. Anam çox gözəl qadın
olub. Atam da Səməd Vurğunun oğlu necə ola bilər,
çox yaraşıqlı idi. Atam onu görən kimi vurulub,
bir həftə ərzində elçi göndərmişdi.
Yaxşı əri, atanı itirmək çox
ağırdır. Bacımla çox xatırlamağa
çalışardıq ki, bizə qarşı mənfi
hansısa hərəkəti olub ki, özümüzü
sakitləşdirək, heç nə tapmırdıq. Ona
görə bizə, eləcə də anama çox
ağır idi...
- Sizcə,
bu gün Yusif Səmədoğlunun ədəbi irsi cəmiyyət
tərəfindən yetərincə qiymətləndirilirmi?
- Mən ədəbiyyatdan
uzaq adamam. Amma məncə, yetərincə qiymətləndirilir.
Bu yaxınlarda Moskvada kitabı dərc olunub. Bilirsiniz də,
çox az yazıb.
- Az
yazsa da, min bir əsərə dəyən əsərlər
qoyub gedib, elə “Qətl günü” romanı kifayət edər.
Bu gün ekranlaşdırmaq imkanınız olsa, Yusif Səmədoğlunun
hansı əsərini seçərdiniz?
- “Deyilənlər
gəldi başa” əsəri istərdim, düzdür,
tamamlanmamış əsərdir, amma
ekranlaşdırılsaydı, yaxşı olardı. Çox
təəssüf onu tamamlaya bilmədi...
-
İstərdim Yusif bəyin ədəbi çevrəsi barədə
söz açaq, kimlərlə daha sıx əlaqədə
idi, tez-tez danışırdı?
- Tez-tez
İsmayıl Şıxlı ilə danışırdı.
Yazıçılar İttifaqının sədri idi, həmişə
görüşürdülər. Bizə tez-tez gəlirdi.
Yadımdadır, çayı çox içərdilər,
bacımla ikimiz onlara çay aparanda söhbətlərini
eşidərdik. Vaqif əmim də gələrdi, söhbət
edirdilər. Anar və İsmayıl Şıxlı daha
çox yadımda qalıb.
- Vaqif
bəylə, iki qardaş ən çox nəyin üstündə
mübahisə edərdilər?
- Adətən
Vaqif əmim bizdə olanda oturardılar, iki qardaş çox
söhbət etməzdilər. Elə hey susardılar. Biz ortaya
girirdik. Yox, heç vaxt mübahisə etməzdilər. Bir dəfə
də xeyli oturublar, Vaqif əmi dedi ki, Yusif, xeyli susduq, indi mən
gedim. (gülür - red.) Yəni söhbətləri az
olduğuna görə də mübahisələri də
olmurdu.
- Bayaq
“Qətl günü”ndən söz düşdü, romanda
Yusif Səmədoğlunun baş qəhrəmanı sanki
üç zamanda, üç obrazla çıxış
edir. Elə təəssürat yaranır ki, birincisi Molla Pənah
Vaqifdir, ikincisi Hüseyn Caviddir. Üçüncüsü isə
qeyri-müəyyən bir şəxsdir. Sizcə, o şəxs
kimdir? Elə hesab etmək olar ki, orada özünü əks
etdirib, yoxsa başqa prototip var?
- Atam rəhmətə
gedəndən sonra bir dəfə oxudum o əsəri. Dediyim
kimi, atam da bunu bizə oxuyurdu. Bəli, özünə
oxşarlıqlar çoxdur. Amma bu suala özü daha
yaxşı cavab verərdi. Mən də
oxşarlıqları hiss etmişəm. Bilirsiniz, çox
kiçik idim. Heyfslənirəm ki, bəlkə atamla “Qətl
günü” romanı haqqında daha çox söhbət edərdim...
Atam
sintezatorda çox gözəl ifa edərdi. “Sarı gəlin”i
elə gözəl ifa edərdi ki. Mən elə bilirdim ki,
atam çox yaşayacaq. Bilsəydim, belə olacaq, yazardım
onları...
- “Qətl
günü” romanının sovet rejimi dövründə
çapı və yayımı necə
qarşılanmışdı? Rəsmi dairələrdən
reaksiya olmuşdumu?
- Atam
deyirdi ki, bu roman çap olunmasa, mən Vətənimi tərk
edib, gedəcəyəm. Bu söhbət yadımdadır.
Çətin olsa da, dostları dəstək verirdi. Amma
bütün detalları dəqiqliklə yadımda
saxlamamışam.
- Humay
xanım, son illər gənc yazarlar arasında klassikləri, ədibləri
gah ələ salır, gah da onların
yaradıcılığında qüsurlar axtarmağa
çalışırlar. Buna necə
yanaşırsınız?
- Məncə,
onlar gündəmə gəlmək istəyirlər, yəni
reklam xarakterlidir. Mən bilirəm ki, atam sağ olsaydı, bu
cür söhbətlərə heç diqqət etməzdi.
Atamın sağlığında Səməd Vurğunla
bağlı üzünə söz deyə bilməzdilər.
Amma atamla Vaqif əmi rəhmətə gedəndən sonra
görürsünüz, dilə gəliblər. Belə məqamlar
olur, adama pis təsir edir. Yəqin ki, belə söhbətlər
olub, olacaq da...
-
Yalnız gənclər deyil, yaşlılar arasında da belə
iddialar eşidirik. Yaxınlarda yazıçı Əlisa
Nicat Səməd Vurğun haqqında ifadələr səsləndirmişdi,
hətta onu yaltaq adlandırmışdı. “Hər
zövqü, səfası partiyamızdır” - bunu Səməd
Vurğun yazıb. Hələ bunu deyən adamın heykəlini
də qoyublar. Səməd Vurğun Cavidin, Müşfiqin əleyhinə
nə qədər yazılar yazıb?” deyib...
- Bu barədə
mənə xəbər verdilər, Anar müəllim onun
cavabını çox gözəl verdi. Əlbəttə, bu
fikirlərlə razı deyiləm, bunun sübutları
olmalıdır. O ki qaldı partiya ilə bağlı deyilənə,
indi danışanlar o zaman yaşasaydılar, onlar bəlkə
Səməd Vurğundan da artıq yazardılar. İndi oturub
filan zamanda, filan şair şeir yazıb demək düz deyil.
-
Babanızı təhqir etdiyinə görə məhkəməyə
müraciət etməyi heç
düşündünüzmü?
-
Heç vaxt verməzdim. Mən özümü onlardan
üstün hesab edirəm. Heç reaksiya belə vermirik.
Çünki Səməd Vurğun olub, olacaq da. Həmişə
onu istəyənlər daha çox olacaq. Məhkəməyə
vermək barədə söhbət belə ola bilməz,
çünki atam buna çox əsəbiləşərdi.
- Humay
xanım, istərdim, söhbətimizi xoş ovqatla bitirək.
Atanızın həyatında heç vaxt
danışılmayan, amma yaddaşınızda iz buraxan bir
hadisəni bölüşmək istərdinizmi?
-
Çox zarafatcıl idi. Uşaq idim, məktəbə də
hələ getmirdim. Atamın “QAZ-24”ü var idi. O,
sürürdü, mən də arxada oturub gedənlərə
dil çıxarırdım. Bir maşın
qırmızı işıqda dayandı, atama
acıqlanmağa başladı,
qışqıra-qışqıra dedi ki, uşağına tərbiyə
verməmisən, filan. Atam da qulaq asdı-asdı, axırda o
da dil çıxarıb, yola davam etdi. Atamla bağlı
xoş xatirələrim çoxdur, hansını deyim...
Afaq Mirayiq
Yeni
Müsavat.- 2025.- 8 may, ¹79.- S.12.