“UŞAQLIQDA ƏN BÖYÜK
ARZUM BOSTANÇI OLMAQ İDİ”
Deputat Əkrəm Əylislinin uşaqlığı
ondan daha çox bilirmiş
“Bir qızı sevə-sevə şəhərdən gələn
bütün qızlara vurulurdum”
Hansımız
“mən uşaq olanda...” deyə başlayan söhbətləri
sevmirik? Uşaqlıq
şəkillərimizi evə qonaq gələn
dost-tanışa göstərməyi, şirin-şirin xatirələri
danışmağı... Axı hamımız uşaqlıqda
“ən ağıllı”, “ən dəcəl” və “ən
şirin” olmuşuq...
...Onun
uşaqlığına digərlərindən daha çox bələdik.
Məktəbə ağlaya-ağlaya gedən, nənəsinin
tikdiyi şalvarı ilk dəfə 4 yaşında
ayağına keçirib, qürrə-qürrə gəzən,
sevdiyi qıza görə yumruq davalarına girişən o
balaca kənd oğlanını deyirəm. Hardanmı tanıyırıq? Əsərlərindən...
O kənd qoxuyan, dağ havasının, bulaq
şırıltısının sətirlərə
süzüldüyü Əkrəm Əylisli əsərlərini
deyirəm. Hər nə qədər bələd olsaq da, maraq
bizi rahat buraxmır: bəs o, uşaq olanda nəyə görə,
harda, kimə görə... Bu sualların cavabı
üçün 71 yaşlı yazıçı “Mən
uşaq olanda...”nın qonağı olur. Məlum
olur ki, Milli Məclisin o ciddi deputatı, ədəbiyyat
dünyasının nəhəng sütunu uşaqlıqda az aşın duzu deyilmiş. Bunu mən yox,
özü deyir...
“İlk gün dərsdən qaçdım və bir il məktəbə
getmədim”
- Yazıçı Əkrəm
Əylislinin uşaqlığı deyəndə adamın
gözünün qabağına palçıqlı yollar,
bulaq və nəyə görəsə illər yox, əsrlər
öncəsi gəlir.
- Yaşlandıqca o
keçmiş zaman adama o qədər yaxınlaşır ki.
Hər gün,
hər saat o dövr bizə yaxınlaşır. Məsələn,
təsəvvür edin ki, məktəbə getdiyim gün sanki
dünən idi. Özü də
oturammadım. O qədər azadlığa öyrəşmişdim
ki. Adam çoxluğu məni sıxdı,
qaçdım.
- İlk gün
qaçdız... Bəs sonrakı günlər?
- Nə sonrakı gün?
Birinci il məktəbə getmədim. Müəllimlər ha çalışdılarsa,
evimizə gəlib söhbət apardılarsa, məni məktəbə
apara bilmədilər. Çünki məndə
çoxluqdan qorxmaq kimi qəribə bir xüsusiyyət var
idi. O hiss məndə indi də qalır. İnsan
ömrü əlin beş barmağı
kimidir. Çeçələ barmaqdan baş
barmağa kimi sadə və son dərəcə, həddən
ziyadə qısa bir şeydir.
- Deyirsiz,
yaşlaşdıqca uşaqlığınıza daha
çox yaxınlaşırsınız. Məsələn,
indi uşaqlıqla bağlı nəyi
xatırlayırsınız?
- Mən özümü
yaradıcı mühitdə hiss edəndə hər şeyi
xatırlayıram. Bütün ömrüm bir
mahnı kimi yadımda olur. Əvvəldən-axıra
kimi oxuna bilən mahnı... Uşaqlıq
heç vaxt yaddan çıxmayan bir nəğmədir.
Kiminsə uşaqlığı yadından
çıxıbsa, deməli, o, həyatı dürüst
yaşamayıb.
- O uşaqlıq
mahnınız qəmli notlara köklənib deyəsən. Ən azı əsərlərinizdən boylanan balaca
Əkrəm elə deyir.
- Qəmlidir. Elə
ordan deyim ki, mən balaca vaxtımda da çoxluqdan qorxub,
uzaqlara çəkilmişəm. İndi
uşaqlıqdan danışırıq və
gözümün qabağına gələn, məni çox
qorxudan bir mənzərə var. Uşaq vaxtı bir gün mənə
elə gəldi ki, kosmosdayam, kosmik genişlikdə. Özü də evin içində olub bu əhvalat.
Bu genişliyin içində birdən
ağlıma yerləşdi ki, mən bir vaxt yox olacağam.
Bu, bir az qəribə, fantastikdir.
“Ən böyük arzum oydu ki, bostançı
olaydım, qovun-qarpız yetişdirəydim”
- “Əylisdən Əylisəcən”
kitabınızı vərəqləyib, uşaqlıq illərinizdə
“gəzişəndə” nəyə görəsə məndə
sizin “nənə uşağı” və ya “ana
uşağı” olmanızla bağlı təəssürat
yarandı...
- Burda bir həqiqət var
ki, mənim anam həddən ziyadə uşaqcanlı olub. 3 oğlan olmuşuq. Anam cavan
vaxtı - 25 yaşında ərini itirib. Atam
əsgər gedib və qayıtmayıb. Bu,
mənim yazılarımda da var. Anam atamı o qədər də
sevməyib. “Adamlar və ağaclar”da belə
bir yer var ki, müharibə qurtardı və qadının əri
gəlir. Qadını bu xəbərin
vahiməsi basır. Anam bütün həyatını
uşaqlara həsr edib. Onun bir qaydası
olub ki, uşaqları incitmək, onlara təzyiq etmək olmaz.
Ömründə uşağa bir çırtma
belə vurulmasını başa düşməyib. Mənim yadımdadır ki, gəlinlər nəvəyə
qışqıranda bunu başa düşmür, əsəbləşir
və qəbul eləmirdi. Uşağı
vurmaq onun üçün ağlasığmaz bir zalımlıq
idi. Doxsan neçə il
yaşadı və ölənə qədər də dərk
etmədi ki, uşağı vurmaq olar. Bir də
anam kitab oxuyan idi. Sabiri əzbər bilirdi.
- Əvvəldən də təxmin
etdiyim kimi uşaqlıq şəkilləriniz yoxdur. Yəqin
ki, bu, kənd yeri, dövrün xüsusiyyətləri və
sairlə bağlıdır. Bəs
uşaqlığınızda şəkildən başqa nələriniz
əskik olub, nəyin həsədini çəkmisiniz?
- Mən təsəvvür
eləyə bilmirəm ki, uşaqlığımda nələr
çatışmayıb. Uşaqlıq
özü elə bir dünya idi ki, o dünyada
çatışmayanın özü də insana kifayət qədər
çatışan kimi görünürdü. Çox şeydən məhrum olmuşam.
“Adamlar və ağaclar” əsərində qışda
ayaqyalın gəzən qız uşağı obrazım var. Dişlərini
sıxıb, sinfə girirdi və müəllimə uzun
müddət dərs keçə bilmirdi...(gözü
yol çəkir)
- Bəs siz? Ayaqqabısız
məktəbə gəldiyiniz günlər olurdu?
- Ayaqqabısız gəlmirdim.
Bir şey tapıb keçirirdim ayağıma.
Çətinlikdə, o zülm içində
arzular daha tez yaranır. Hesab elə ki,
günəşli havada nə qədər ot-çiçək
bitirsə, o cür sıxıntılı, o cür
ağır uşaqlıqda da külli miqdarda arzular olur. Məsələn, uşaqlıqdakı ən
böyük arzum o olub ki, bostançı olaydım,
qovun-qarpız yetişdirəydim. Çünki
mən qovunun dəhşətli dəlisiydim (gülür).
Bizim də kənddə yaxşı bostanlar,
bostançılar vardı.
“Tarzan kimi budaqdan- budağa tullanmaqda əvəzim yox idi”
- Maraqlıdı, necə
şagird olmusunuz?
- Çox yaxşı
oxumuşam, seçilən idim. Bizdə bir
qız var idi, ən yaxşı oxuyanlardan
sayılırdı, həmişə onunla
yarışırdım. Müəllim evə beş məsələ verəndə mən on
beşini edirdim. Biləndə ki, o, on beşini
edəcək, mən iyirmisini edirdim. Sırf
seçilmək üçün. Ağacdan-ağaca,
budaqdan-budağa tullanmaq məsələsində mənim əvəzim
yox idi. Xüsusən də “Tarzan” filmi
çıxandan sonra. Hündür yerdən
aşağı da tullanırdım. Seçilmək
üçün əlaçı oxudum. Bunlar
da mənə bəs eləmədi, başladım şeir
yazmağa.
4-5-ci sinifdə
bir şeir göndərmişdim “Pioner” jurnalına. Ordan bir
standart məktub yazıb göndərmişdilər ki, “sən
əməkdə, dərsdə, intizamı gözləməkdə
bütün şagirdlərə nümunə olmalısan.
Gələcəkdə bizə yeni şeirlər
göndərərsən". İlahi, o məktub
bizə nə boyda sevinc idi? 50 adama göstərmişdim
onu.
- Ən
çox nəyə görə danlanardınız, valideyninizi
nəyə görə məktəbə
çağırardılar?
-
(gülür) Bizdə valideyn çağırmaq yox idi. Məktəbin
direktoru evinə gedəndə bizim qapıdan keçib, anama
deyə bilərdi ki, uşaq yenə də özünü
yaxşı aparmayıb. Bir müəllim
vardı və mənim ondan heç xoşum gəlmirdi.
Onun bacısı oğlu da bizim sinifdə
oxuyurdu. Bacısı oğlunu bir dəfə
bir balaca şkaf kimi yer var idi, orda gizlətdim. Müəllim içəri girəndə
bütün uşaqlar gülməyə başladı və
müəllim bacısı oğlunu döydü. Bir də bir şey yadıma gəlir ki, kənddə
sinə döymək - şaxsey-vaxsey olurdu və o, çox
qadağan idi. Gecə kimin səsi
batırdısa, müəllim bilirdi ki, bu səsi batan gecə
şaxsey- vaxseydə olub. Ya müəllim,
ya da direktor çıxarırdı lövhəyə, həmin
şagirdi danışdırırdı.
“Müəllim təpik atanda ayağından tutdum, kəllə-mayallaq
yerə yıxıldı”
- Əsərlərinizdəki
müəllimin oturduğu stula yumurta qoyan məktəbli
sizsiniz?
- Olub elə şeylər. Desəm ki, bunu xatırlayanda böyük xəcalət
hissi keçirirəm, yanılaram. Uşaqlığın
məziyyətlərindən biri kimi qəbul edirəm bunu.
Yadıma gəlir ki, bir dəfə bir müəllimim
mənə təpik atdı, ayağından tutdum, kəlləsi
üstə yıxıldı (gülür). Bunlar məndə
qəribə təzad yaradır: bir tərəfdən tamamilə
özünə qapanan, öz dünyasını
yaşamağa meylli bir uşaq, o biri tərəfdə isə
bir az xuliqanlıq. Biri o
birini kompensasiya etmək üçün idi. “Kür qırağının meşələri"ndəki
Qədir var ha, kəndə qayıdır və hamıya dəyişdiyini
deyir. İnsanlar bunu qəbul eləmək
istəmir və o, məcburən dönüb əvvəlki
kimi olur. Bax, o xarakter mənim öz
xarakterimdir. Yəni, mən pislik etmək
istəmirəm, əgər siz bunu başa
düşmürsünüzsə, mən başqa şey
olursunuz.
- Yəqin ki, uşaq
vaxtı da balaca olmusunuz. Nəyə görəsə
adamda sizin sinifdəki böyüklər tərəfindən
daim döyülmənizlə bağlı təəssürat
var.
- Ən qəribəsi
budur ki, mən balaca ola-ola məni döyə bilməyiblər. Ya
çeviklikdən, ya nəsə başqa şeydən. Elə uca yerlərdən tullanırdım ki, adamlar
çaşıb qalırdı. Belə-belə
şeylər çox olurdu. Amma təkqollu
bir nəfər Bakıdan kəndə gəlmişdi, o, bircə
qoluyla hamını əzirdi. Çevik bir
bakılı balasıydı. Bir dəfə
ona məğlub oldum.
“İlk sevgimi 50 yaşında da gördüm və...
vuruldum”
- Davalarınızın səbəblərini
xatırlayırsınız?
- Çox vaxt qızlar
olurdu. Tutaq ki, sən ürəyində kimisə
gözaltı eləmisən, ordan ona bir başqası göz
qoyurdu. Ya da sadəcə olaraq, sən istəyirdin
ki, o qız səni görsün və bilsin ki, sən igid
adamsan. Onda özün bir şər
qarışdırırdın ki, ortalığa dava
düşsün. Gözün hansısa
adamı yeyirdi ki, onu döyə bilərsən. O zaman
davaya girişirdin.
- Uğruna davalara
girişdiyiniz o qızı, ilk sevginizi
xatırlayırsınız? Boy-buxunu, üz cizgiləri, səsinin
tonu...
- İlk sevgim
bəlkə də anadan olanda olub. Yəni, uşaqlıq
sevgimi 50 yaşında da görmüşəm və yenə
ona vurulmuşam. Bəlkə o sevgi
olmasaydı, inanmıram ki, hansısa başqa bir səbəb
məni qızışdırıb yazmağa məcbur edə
biləydi. İlk sevgi qəribə bir
şeydir, ömrü boyu insanı qidalandırır. Məktəbə getməmişdən sevmişəm
onu, öz kəndimizdə.
- Lap tez başlamısız
ki...
-
(gülür) Amma qoy sənə bir
satqınlığımı da deyim. O qızı daha çox sevə-sevə
şəhərdən kəndə gələn bütün
qızlara vurulmuşam. Mən indi o sevgim barədə
danışanda fikirləşirəm ki, bu,
ağlasığmayan, fantastik nağıl idi. Mənə elə gəlirdi ki, o qızın getdiyi
yol başqa yoldu, onların evinin üstündə ay
çıxanda həyətlərinə ayrı cür
işıq düşür. Qəribə,
anlaşılmaz bir şeydir.
- Bəs niyə sonu xoşbəxt
sonluqla bitmədi? Nə mane oldu?
- Onunla birinci dəfə tam
yaxınlaşmaq imkanı olanda mən Füzulini, onun Məcnununu
başa düşdüm. Mən qaçdım.
Onun mənə yaxınlaşdığı
yeganə məqamda qaçdım. Orda da qəribə
şeylər vardı. Bəlkə də o
vaxt onun barəsindəki bəzi söhbətləri
eşitmişdim. Murdarlanmışdı mənim
gözümdə, o alilikdən enmişdi.
- Sizi vurulmuş uşaq kimi
təsəvvür edə bilirəm. Yəqin, məktəbdən
çıxanda onun dalınca düşər,
qapılarının qabağında
dolanarmışsınız...
- Yox, məndə elə
“naxallıq”lar yox idi. Sadəcə,
məktəb olmayanda eyni yerdən fırlanırdım ki, bəlkə
bir dəfə görüm. Məktəbdə
isə bütün dərsi otururdun ki, tənəffüs
olsun, gedib qıraqdan ona baxım. Bütün
ömür bundan ibarət idi. Nə qədər
sadə və nə qədər qəribədir.
- Sevgi məktubları?
- Məktublaşmamışam.
Amma o yeganə görüşdüyümüz
məqamda o mənə xəbər göndərmişdi ki,
görüşək. Özü də kənddən
kənarda. Mən onunla görüşəndə
qəribə bir şey oldu. Bəlkə də mən
hiss elədim ki, o məni sevmir. Ərlik
vaxtı çatmışdı, fikirləşirdi ki, bu,
yaxşı variantdır, madam ki, məni bu qədər sevir.
Hər halda, məndə o hissiyyat yarandı ki,
o, məni sevmir.
“4 yaşına qədər tumançağ gəzmişəm”
- Əkrəm
bəy, bəs geyim-geciminiz necəydi? Həmişəmi
köhnə, yamaqlı paltarlar geyinmisiniz?
- “Adamlar və
ağaclar”ın əvvəlində bu haqda
yazmışdım: uşaqlar tumançağ gəzirdilər.
İlk dəfə nənəm qədəfdən
bircə şey tikib və deyib ki, artıq bu, böyük
uşaqdır, geyinməlidir. Amma söhbət
bundadır ki, ilk geyimim bəlkə də o qədəfdir.
4 yaşım olardı onda.
- Bəs böyük
dünyaya - Bakıya gəlişinizi necə
xatırlayırsınız?
- Mən özümdən elə
Bakı uydurmuşdum ki, artıq onu tanıya bilmədim və
sevmədim. Çünki mənim xəyalımda
yaratdığım Bakı o deyildi. Bəlkə
mən Bakını sevməmişəm.
- Kənd uşağı
Bakıya yəqin ki, doyunca dondurma yemək, bulvarda gəzmək
kimi arzularla gəlir... Tanışdır sizə?
- Yox, bizimki doyunca
çörək yemək idi. Mən Bakıya
54-cü ildə gəlmişəm. O vaxt hər bir
uşağın doyunca çörək yemək arzusu
vardı. Krantdan bir banka su doldururduq, içinə
azca qənd tozu töküb, qarışdırırdıq. Bir parça çörəklə, böyük ləzzətlə
onu yeyirdik. Hamısı ac-yalavac uşaqlar
idi. Ən böyük bayramımız o
olurdu ki, kartoşka qızardaq, isti xörəyimiz olsun.
***
Söhbətin
bundan sonrakı hissəsi diktafonsuz keçir. Yazıçı
Əkrəm balaca Əkrəmi o ki var, tərifləyir, vəsf
edir. Onun təmizliyindən,
gözünün işığından, arzularının
fantastik sürətindən danışdıqca
danışır. Sonra bu
günümüzə qayıdıb, pessimist ovqata köklənir.
71 yaşlı deputatdan çox, bəlkə də çox
maraqlı bir etiraf səslənir: “Mənim
uşaqlığım dünyada məndən çox şey
bilirmiş. Onun üçün dünya bəlkə
mənim indi gördüyümdən qat-qat obyektiv, sehrli
dünyaymış. Amma sonradan biz o
uşaqlığın dünyasını korlamaqla məşğul
olduq.
Nəticə.... Gördüyünüz kimidir".
Sevinc TELMANQIZI
Yeni müsavat.- 2009.- 20 fevral.- S. 7.