“XOCALI SOYQIRIMININ TANINMAMASI ŞƏHİDLƏRİMİZƏ HÖRMƏTSİZLİKDİR”

 

“Bu cür münasibət Qarabağ məsələsinin həllində Azərbaycanın mövqelərini zəiflədir

 

Bu gün Xocalı soyqırımının 17-ci ildönümü tamam olur. Dünyada yaşayan soydaşlarımız 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-rus silahlı birləşmələrinin törətdiyi faciənin növbəti ildönümünü qeyd edəcəklər. Soyqırımın 17-ci ildönümündə Xocalı ilə bağlı Milli Məclisdə geniş müzakirələrin keçirilməməsi təəssüf doğurur.

Qeyd edək ki, ölkə parlamenti Xocalı məsələsini iki dəfə müzakirə etsə , hələlik bu dəhşətli aktın soyqırımı kimi tanınması barədə qərar yoxdur. Bir neçə il əvvəl parlamentdə vitse-spiker Ziyafət Əsgərovun sədrliyi ilə yaradılmış komissiya Xocalı soyqırımı barədə elə bir sənəd hazırlamışdı ki, onunla tanış olanda soyqırımı ermənilərin deyil, eks-prezident Ayaz Mütəllibov hakimiyyətinin AXC-nin törətdiyi qənaəti yaranırdı. Elə çoxsaylı təpkilərdən sonra qərar layihəsiyenidən işlənilməsiadı ilə geri qaytarıldı, ancaq bir daha Milli Məclisin müzakirəsinə çıxarılmadı. Dəfələrlə məsələ qaldırılmasına baxmayaraq, parlament rəhbərliyi Xocalı soyqırımının hərtərəfli müzakirəsinə soyqırımın tanınması ilə bağlı qərar verməyə maraq göstərmir. Milli Məclisin Xocalı müzakirələrinə yer ayırmaması fonunda Türkiyədə analoji müzakirələrə qadağa qoyulmasına əslində təbii yanaşmaq lazımdır. Azərbaycan hökuməti parlamenti öz dərdinə biganədirsə, qonşu ölkələrdən ummaq olar?

Qeyd edək ki, millət vəkili Pənah Hüseyn Milli Məclisin ötən iclasında Xocalı soyqırımının hər il qeyd olunması parlamentin bununla bağlı xüsusi iclasının keçirilməsini zəruri sayıb. Həmçinin o, baş prokuror hərbi prokurorun Milli Məclisə dəvət ounmasını, erməni işğalı dövründə Azərbaycan vətəndaşlarına qarşı törədilmiş digər soyqırım, terror aktlarının nəticələri barədə təhqiqatların dinlənilməsi məsələsini qaldırıb. Qəzetimizə açıqlaması zamanı P.Hüseyn dedi ki, bu məsələ istər iqtidaryönümlü, istərsə müxalifətçi deputatlar tərəfindən dəfələrlə qaldırılsa da, nəticəsiz qalıb: “Bunun yanlış olduğu qənaətindəyəm. Bu, Azərbaycanın Qarabağ məsələsinin həllində mövqelərini zəiflədən hərəkətdir. Eyni zamanda şəhidlərimizə hörmətsizlik və biganə münasibətin təzahürüdür. Çıxışımda bunu parlament rəhbərliyinin və YAP çoxluğunun da diqqətinə çatdırdım. Bundan əlavə, ümumiyyətlə, Qarabağ məsələsinin ayrıca müzakirə olunması ideyası mövcuddur ki, bunu da diqqətdən kənarda qoymaq olmaz. Nəhayət, Xocalı soyqırımı ilə bağlı hazırladığım, Müsavat deputat qrupu adından təqdim olunan Xocalı soyqırımı haqqında qanun layihəsi də təəssüf ki, bir ilə yaxındır müzakirəyə çıxarılmadan qalır. Baxmayaraq ki, Xocalı soyqırımı haqqında Milli Məclis səviyyəsində qərar qəbul olunub, xarici ölkə parlamentlərinə və beynəlxalq təşkilatlara hadisəyə qiymət verilməsi barədə müraciətlər göndərilib. Amma Azərbaycanın özündə bunun qanun formasında təsbit olunmaması bizim çağırışlarımızın uğur qazanmasını da mümkünsüz edir. Azərbaycan özü Xocalı soyqırımına ən yüksək formada, qanun səviyyəsində yanaşmalıdır”.

P.Hüseyn bu iş üçün külli miqdarda maliyyəyə ehtiyac olduğu barədə fikirləri qəbul etmədi: “Bunun üçün çox böyük maliyyə vəsaitinə ehtiyac yoxdur”. Millət vəkili bildirdi ki, xüsusilə Xocalı soyqırımının əsas təşkilatçısı və iştirakçısı olan Robert Köçəryanla Serj Sərkisyanın əməllərinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb müvafiq hüquqi tədbirlərin görülməməsi yolverilən deyil": Bu şəxslərin barəsində İnterpol səviyyəsində axtarış elan olunmalıdır. Atılan addımların beynəlxalq aləmdə hansı hüquqi nəticələrinin olacağını söyləmək çətindir. Amma atılan addımlar ən azı bizim Xocalı soyqırımına münasibətimizin göstəricisi olacaq. Hüquq-mühafizə orqanları gərək hüquqa istinad etsinlər, bu, onların vəzifə səlahiyyətinə daxildir. Elə bu yaxınlarda Türkiyədə İsrail prezidenti haqqında cinayət işi qaldırılmışdı". Deputat qeyd etdi ki, Xocalı məsələsi Azərbaycana qarşı daim davam edən təcavüzün bir hissəsi olduğundan bu məsələ həmişə qaldırılacaq: “Mən Xocalı şəhidlərinə Allahdan rəhmət, millətimizə isə səbr və milli qeyrət diləyirəm ki, Xocalı qurbanlarının qanı yerdə qalmasın”.

 

 

Elşad PAŞASOY

 

Yeni müsavat.- 2009.- 26 fevral.- S. 10.