MÜXALİFƏT LİDERLƏRİ
XOCALI FACİƏSİNİ BİRGƏ ANDI
Azərbaycanda və dünyanın
müxtəlif ölkələrində
anım mərasimləri
keçirildi
İşğal zamanı dinc əhaliyə qarşı
vəhşi soyqırım
həyata keçirilib. Nəticədə 613 nəfər ödürülüb,
1000 nəfər müxtəlif
yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın,
63 azyaşlı uşaq,
70 qoca öldürülüb.
8 ailə tamamilə
məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən
birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc
sakin əsir götürülüb, onlardan 150 nəfərin
taleyi indi də məlum deyil.
Xocalı
soyqırımının 17-ci ildönümü dünən
Azərbaycanda və dünyanın əksər ölkələrində
qeyd olunub. Bakıda Xətai rayonu ərazisində Xocalı
soyqırımı qurbanlarının xatirəsinə
ucaldılmış abidənin qarşısında anım mərasimi
keçirildi. Səhər saatlarından əhalinin
ən müxtəlif təbəqələrinin abidə
önünə axını başlansa da, polis kordonu prezident
İlham Əliyevin mərasimə qatılacağını əsas
gətirərək əhalini yaxına buraxmadı. Saat 11 radələrində prezident İlham Əliyev
başda olmaqla dövlət və hökumət rəsmiləri
soyqırım abidəsini ziyarətə gəldilər.
Ölkə prezident adından abidənin
önünə əklil qoyuldu və İlham Əliyev
soyqırım qurbanlarının xatirəsinə
ehtiramını bildirib getdikdən sonra əhalinin abidəyə
sərbəst yaxınlaşmasına imkan verildi.
Qeyd edək ki, rayonlardan və Bakının müxtəlif yerlərindən gəlmiş məcburi köçkünlər ziyarətlə yanaşı, prezidentə öz problemlərini demək istəyirdilər. Amma bu, onlara müyəssər olmadı. Polis və təhlükəsizlik qüvvələri əksəriyyəti qadınlardan ibarət şikayətçiləri kobudluqla geri qaytardılar.
Saat 12-də isə Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasiminə müxalifət partiyalarının üzvləri və liderlər qatıldılar. Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ALP lideri Lalə Şövkət, ADP sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev başda olmaqla yüzlərlə müxalifətçi soyqırım abidəsini birlikdə ziyarət etdilər. Abidənin önünə Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı adından əklil qoyuldu. Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxundu.
Xocalı soyqırımının 17-ci ildönümü dünyanın əksər ölkələrində də qeyd olunub. Fevralın 25-də Vaşinqtonda yaşayan azərbaycanlılar Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında Xocalı faciəsinin ildönümü ilə bağlı etiraz aksiyası keçiriblər. 40-a yaxın etirazçı “Ermənistan, Azərbaycan torpaqlarını tərk et”, “Qarabağda erməni terroru”, “Biz qonşularımıza hörmət edirik, siz də qonşularınıza hörmət edin” və bu kimi şüarlar səsləndiriblər. Xocalıdakı qırğının günahkarlarının ədalət mühakiməsinə çıxarılmasını tələb ediblər. Ermənistan səfirliyi etirazçıların bəyannaməsini qəbul etməkdən imtina edib.
Nyu-Yorkda yaşayan azərbaycanlılar da Xocalı faciəsini anmaq üçün dünən BMT-nin qərargahının önündə və Kolumbiya Universitetinin qarşısında aksiya keçiriblər. Həmçinin Corc Vaşinqton Universitetində Xocalı qırğınının ildönümü ilə bağlı konfrans-sərgi keçirilib. Londonda isə azərbaycanlılar Britaniya parlamentinin önündə aksiya keçiriblər.
Dünən Azərbaycanın rayonlarında da Xocalı soyqırımının ildönümü qeyd olunub. Bütün mərasimlərdə dünya ictimaiyyətindən erməni vandalizminə cavab verilməsi və Ermənistanın terrorçu dövlət kimi tanınması tələb olunub.
Dünən Vətəndaş Həmrəyliyi Partiyası (VHP), “Demokratik Dirçəliş” Gənclər Hərəkatı və “Dirçəliş” Gənclər Birliyi Xocalı qətliamına başçılıq etmiş, minlərlə günahsız insanın qətlində şəxsən iştirak etmiş Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın, indiki prezident Serj Sərkisyanın, müdafiə naziri Seyran Ohanyanın, Qarabağdakı terrorçu qrupun rəhbəri Arkadi Qukasyanın və başqa cinəyatkarların beynəlxalq hərbi tribunala verilməsi üçün Azərbaycanın Baş Prokrorluğuna müraciət edib. Müraciətdə deyilir: “Qərb ölkələri bin Ladeni bir nömrəli terrorçu kimi tanısa da, tam məsuliyyəti ilə bəyan edirik ki, Köçəryan daha təhlükəli terrorçudur. Ermənistanın prezidenti olmuş bu şəxs hər vasitə ilə öz terror siyasətini həyata keçirir. Köçəryanın Qarabağdakı quldur dəstəsinə indi əlaltısı Arkadi Qukasyan başçılıq edir”.
Gənclər təşkilatları hesab edir ki, dünyanın ən təhlükəli terrorçuları R.Köçəryan, S.Sərkisyan, S.Ohanyan, A.Qukasyan barəsində beynəlxalq axtarış elan olunmalı və Azərbaycanın siyasi rəhbərliyi hər hansı bir danışıq aparmaq üçün terrorçu Sərkisyanla bir masa arxasına oturmamalıdır: “Köçəryan-Qukasyan-Sərkisyan-Ohanyan terror şəbəkəsi dünyanın ən dəhşətli faciəsini törədərək Xocalı şəhərini bir gecənin içində yerlə-yeksan ediblər”.
Gənclər təşkilatları bəyan edir ki, Azərbaycanın Baş Prokurorluğu bütün bu faktlara əsasən xüsusi komissiya yaratmalı və cinayəti törədənləri Haaqa Tiribunalına verməlidir.
Etibar SEYİDAĞA
Yeni müsavat.- 2009.- 27 fevral.- S. 4.