ZABİTLƏRİMİZ VƏ... GENERALIMIZ

 

Onlar arasında təyyarəçilər, gəmi kapitanları, tibb işçiləri də olub

 

Bir neçə gün öncə ABŞ-ın Avropa və Afrika üzrə Dəniz Piyada Qüvvələrinin komandanı, general-mayor Treysi Qaret Azərbaycana gəlmişdi. Ailəli və 2 oğul anası olduğunu deyən xanım Qaret özü haqda məlumat verərək 18 yaşından hərbi karyerasına başladığını, hazırda 53 yaşı olduğunu və orduda müxtəlif vəzifələrdə çalışdığını deyib.

Bundan çıxış edərək Azərbaycan tarixində hərbi sahədə işləyən qadınların əldə etdiyi nailiyyətlər və gördükləri işlər haqda araşdırma aparmaq qərarına gəldik.

Azərbaycan tarixi qəhrəman qadınlarımızın şücaəti ilə zəngindir. Onların arasında diplomatlar, hökmdarlar, hətta sərkərdələr də olub. Qəhrəmanlıq rəmzi kimi tarixə düşən Massaget hökmdarı Tomris İran şahı Kirin Azərbaycana hücumunun qarşısını almaq üçün ağıl və mətanət göstərmişdi. Bərdə hökmdarı Nüşabə böyük fateh Makedoniyalı İsgəndərlə görüşmüş, öz müdrikliyi və dərin ağlı ilə onu sülhə çağırmış, dünya malı üçün qan tökməkdən çəkindirmişdi. XIII əsrin əvvəllərində Xarəzmşah Cəlaləddin Azərbaycana soxulanda Atabəylər dövlətinin sonuncu hökmdarı Müzəfərəddin Özbək Əlincə qalasına qaçmışdı. Onun Təbrizdə qalan arvadı Mehrican xatun 1225-ci ildə Təbrizli Şəmsəddinlə birlikdə Təbriz, Xoy, Naxçıvanın işğaldan azad olunmasında böyük hünər göstərmişdi.

Atabəy Şəmsəddin Eldəgizin zövcəsi, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın anası Möminə xatun ərinin və oğlanlarının hakimiyyətləri dövründə böyük siyasi nüfuza malik olmuşdu. Qaçaq Nəbinin ömür-gün yoldaşı Həcər əri ilə birgə əlində silah 25 ildən artıq at belində qaçaq həyatı keçirib, kəndli hərəkatında iştirak edib. 1776-cı ildə Dərbənd şəhərini idarə etmək Quba xanı Fətəli xanın arvadı Tuti Bikəyə tapşırılmışdı. O, ərinin döyüşdə öldürüldüyü haqda şayiələrə inanmayaraq şəhəri axıra qədər müdafiə etmiş, 9 ay düşməni Dərbəndə buraxmamışdı.

XX yüzillik həm dünya, həm də Azərbaycan  tarixində irimiqyaslı müharibələr əsri kimi iz buraxıb. I Dünya müharibəsindən sonra qadınların hərbi sahədə fəaliyyəti genişləndi. Müharibədən sonra Azərbaycanda hərbi sahədə yüksək rütbəli ilk qadın təyyarəçi, ilk qadın gəmi kapitanı meydana çıxdı. O vaxtdan bəri fəaliyyət göstərən yüksək rütbəli hərbçi qadınlarımızın siyahısını təqdim edirik.

Azərbaycan tarixində, Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi olan Leyla Məmmədbəyova aviasiya mayoru idi. O, təhsilini Bakı aeroklubunda alıb, ilk uçuşunu 1931-ci ildə yerinə yetirib. Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşütlə atılaraq Nina Kamnevadan sonra SSRİ-nin ikinci qadın paraşütçüsü yerini tutub. 1941-ci ildə artıq aviasiya mayoru olub. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirib. Yetkinlik yaşına çatmamış 4 uşaq anası (6 uşağı var idi) Məmmədbəyovanın Böyük Vətən müharibəsində iştirakından imtina edilib. O, müharibə illərində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayıb cəbhəyə yollayıb. Tələbələri arasında iki nəfər Sovet İttifaqı Qəhrəmanı adını alıb. Təyyarəçi karyerasını 1949-cu ildə başa vurub. 1961-ci ildə isə təqaüdə çıxıb. Böyük oğlu Firudin II Dünya müharibəsində, kiçik oğlu Xanlar isə Qarabağda vuruşub.

Dürrə Məmmədova-Kosmodemyanskaya II Dünya müharibəsi iştirakçısı, baş leytenant, SSRİ tibb xidməti əlaçısı olub. 1981-ci ildə Azərbaycan SSR əməkdar səhiyyə işçisi adını alıb. Müharibənin ilk günlərindən könüllü cəbhəyə gedib, Qara Dəniz Donanmasında hərbi hospitalda xidmət edib, Novorossiysk uğrunda gedən döyüşlərdə 18-ci ordunun tərkibində tibb işçisi kimi iştirak edib. 1948-ci ildə ordudan tərxis olunub. 1949-51-ci illərdə Leninqradda, 1951-61-ci illərdə Uzaq Şərqdə hərbi hospitallarda işləyib, ordenlərlə təltif olunub.

Sona Nuriyeva da ilk təyyarəçi qadınlardan biri olub. O, Bakı təyyarəçilər klubunda yetişib, 1936-cı ildə Bataysk təyyarəçilik məktəbini bitirib, Azərbaycan Mülki Aviasiya İdarəsinin təyyarəçisi olub. 1945-ci ildən beynəlxalq hava xəttində (Almaniya, Bolqarıstan, Yuqoslaviya, Polşa və s.) qulluq edib. 1949-68-ci illərdə Zabrat aeroportunda işləyib. SSRİ Ali Sovetinin deputatı olub. Ordenlərlə təltif edilib.

Rüstəmbəyova Aliyə Fətulla qızı II Dünya müharibəsi qəhrəmanı, partizan hərəkatı iştirakçısı olub. 1935-ci ildə 1-ci Leninqrad Tibb İnstitutunu bitirəndən sonra Özbəkistanda, 1938-ci ildən isə Moskvada Həkimləri Təkmilləşdirmə İnstitutunda  çalışıb. Müharibənin ilk günlərindən Moskva, sonra Smolensk yaxınlığında tibb-sanitar batalyonunda xidmət edib. 1941-də əsir düşüb, 1942-ci ilin əvvəllərində əsirlikdən qaçıb, Smolensk meşələrində fəaliyyət göstərən “Deduşka” partizan dəstəsinə qoşulub. Tibb-sanitar batalyonunun rəisi olub. Döyüşlərin birində həlak olub.

Züleyxa Seyidməmmədova kapitan rütbəli təyyarəçi olub. 1935-ci ildə Bakı aeroklubunu, 1936-cı ildə Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu, 1941-ci ildə N.Y.Jukovski adına Hərbi Hava Akademiyasını bitirib. II Dünya müharibəsində qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olub, 500-dən artıq döyüş uçuşu keçirib. 1952-75-ci illərdə Azərbaycan SSR ictimai təminat naziri, Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Dövlət təltifləri var.

Növbəti qəhrəmanımız təyyarəçi yox, gəmi kapitanı Şövkət Səlimovadır. 1940-cı ildə Bakı Dənizçilik Məktəbini bitirib. II Dünya müharibəsində Xəzər Gəmiçiliyi İdarəsində kapitan müavini və kapitan işləyib. Müharibədə dünyada iki qadın gəmi kapitanından biri olub. 1954-74-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda dosent, prorektor və kafedra müdiri, 1964-dən Azərbaycan Dövlət Konservatoriyasında kafedra müdiri işləyib.

Xaricdə yaşayan hərbçi azərbaycanlı qadınlar da var. Onların əksəriyyəti İranda polis qadın taborunda xidmət edir. ABŞ-da isə güney azərbaycanlı qadın təyyarəçi də var. Kapitan Səhər Sələhşur hazırda ABŞ-da yaşayır və onun ümumilikdə 10 min saat uçuş təcrübəsi var. Təbrizdə doğulan 27 yaşlı S.Sələhşur hazırda ABŞ-da mühacirət həyatı yaşayır və sərnişin təyyarəsinin pilotudur. Onun ailəsi 12 il əvvəl İran rejiminin zülmündən qaçaraq Amerikaya gedib.

Ən yüksək rütbəli azərbaycanlı qadın Natəvan Mirvətovadır. Hazırda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi işləyən Mirvətova dövlət başçısı İlham Əliyevin sərəncamı ilə general-mayor rütbəsinə layiq görülüb. Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda mayor, polkovnik-leytenant və polkovnik rütbələrində onlarla xanım xidmət edir. Onlar əsasən tibb və kargüzarlıq işləri ilə məşğuldur. Bilavasitə döyüş tapşırığı yerinə yetirən hərbi birləşmələrdə isə yüksək rütbəli qadınlar demək olar ki, yoxdur.

Silahlı Qüvvələrdə xidmət edən yüksək rütbəli qadın hərbçilərin çoxu mülki təhsillidir. lent.az-ın araşdırmasına görə, hərbi təhsilli qadın zabitlər hazırda baş leytenant və kapitan rütbələrindədir, onlar hərbi təhsili bir neçə il əvvəl Azərbaycan Ali Hərbi Məktəbində alıb, Təlim və Tədris Mərkəzində ixtisas kursu keçiblər. Qoşunlarda xidmət edən qadınlar arasında ən yüksək rütbəliləri polkovnik-leytenantdır. Hazırda Daxili Qoşunlarda (DQ) 4 qadın polkovnik-leytenant xidmət edir. DQ Baş İdarəsi katibliyinin rəisi, mətbuat xidmətinin rəisi polkovnik-leytenant rütbəli qadınlardır.

Qadın hərbi qulluqçularının sayına görə birinci yerdə dayanan Dövlət Sərhəd Xidmətində (DSX) 1 polkovnik, açıqlanmayan sayda polkovnik-leytenant və mayor rütbəli qadın var.

Müdafiə Nazirliyi (MN) strukturunda isə cəmi bir neçə polkovnik-leytenant rütbəli qadın var. Onlardan biri Baş Qərargahın poliklinikasının rəisidir. MN strukturunda 300-ə yaxın qadın hərbçinin çalışdığı, bunlardan yalnız 30-a yaxınının hərbi təhsilli olduğu bildirilir. Onlar əsasən tibb, rabitə, kargüzarlıq işləri və s. sahədə çalışır, çoxu da hərbi xidmətə ehtiyatdan çağırılıb. Bizdə hazırda təyyarəçi, gəmiçi, tankçı qadın yoxdur.

Polis idarələrində çalışan yüksək rütbəli xanımlarımız da var. Bakı Şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Qalib Arif qəzetimizə açıqlamasında dedi ki, iki polis qarnizonunda 231 qadın əməkdaş çalışır: “Onların 35-i polis zabiti, 20-si sıravi və kiçik rəis heyəti, 176-sı isə mülki əməkdaşdır. Onlar istintaq, ictimai təhlükəsizlik, kriminalistika, qeydiyyat, mühafizə sahələrində çalışır”.

 

 

Leyla İLQAR

 

Yeni Müsavat.- 2009.- 2 iyul.- S. 15.