AZADLIQLARIN OLDUĞU ÖLKƏDƏ AZƏRBAYCANLILAR

 

Ukraynadakı soydaşlarımız haqda ikinci yazı: Biz niyə güclü ola bilmirik?

 

Ukraynanın Donetsk vilayətinə iyunun sonlarında baş tutan ezamiyyət zamanı Dünya Azərbaycanlıları Konqresinin (DAK) Ukrayna təşkilatının rəhbəri, nüfuzlu iş adamı Möhlət Hüseynov və onun fəaliyyəti haqda bəhs etmişdik. Lakin Ukrayna azərbaycanlıları DAK-dan daha əvvəl təşkilatlanıblar və özlərinə pis-yaxşı diaspor təşkilatı qura biliblər. Bura Donetsk Azərbayanlıları Konqresi (DAK) da daxildir.

Təbii ki, söhbət azərbaycanlılardan və onların təşkilatından gedirsə daxili ziddiyyətlər, liderlər uğrunda intriqalar və nəhayət, parçalanmalar da olmamış deyil.

Buna baxmayaraq Ukraynanın ən böyük vilayətlərindən olan Donetsk vilayətində soydaşlarımız zəif də olsa təşkilatlanaraq öz səslərini eşitdirə bilirlər. Vilayətdə ilk azərbaycanlı təşkilatını, yəni DAK-ı yaradan isə 30 ildir Ukraynada yaşayan həmyerlimiz Manaf İsgəndərov və bir neçə digər soydaşımız olub.

İş adamı deyir ki, onlar DAK-ın əsasını 1998-ci ildə qoyublar, bir il sonra təşkilat rəsmi qeydiyyatdan keçib. M.İsgəndərov nəql edir ki, həmin vaxtlar azərbaycanlıların durumu çox pis idi: “Az qala elə gün olmurdu ki, xüsusi təyinatlı milis bazarlara hücum edib azərbaycanlıları avtobusa doldurub aparmasın. Üzr istəyirəm, onlarla heyvan kimi davranırdılar, "PAZ" avtobusa üst-üstə doldururdular və aparıb döyür, pullarını alır və sutkalarla həbsdə saxlayırdılar". Belə vaxtda kortəbii də olsa, formalaşan diaspor təşkilatı yerli hakimiyyət orqanlarına davamlı müraciətlər edib, M.İsgəndərov öz əlaqələrindən istifadə edərək vilayətin vəzifəli şəxsləri ilə söhbətlər apararaq azərbaycanlılara qarşı münasibətin dəyişməsinə nail ola bilib. 20 minə yaxın azərbaycanlının yaşadığı vilayətdə soydaşlarımızın təşkilatının formalaşması öz işini görüb və onlara qarşı milis özbaşınalıqları kəskin azalıb. Ancaq burada da əsas rolu yerli diasporun bir və ya bir neçə nüfuzlu şəxsinin üzərinə düşüb. Yəni hər yerdə olduğu kimi, azərbaycanlılar təşkilatlanıb mütəşəkkil formada öz hüquqlarını qorumaqdansa, yaranan diaspor təşkilatının, daha doğrusu, bu təşkilatı quran bir neçə nəfərin onlar üçün nə iş görəcəyini gözləyiblər. Bu, güclü diasporun formalaşmasına mane olan ən ciddi psixoloji maneədir və belə görünür ki, ermənilərdən və yəhudilərdən fərqli olaraq azərbaycanlılar onu uzun müddət aşa bilməyəcəklər.

M.İsgəndərov indi peşman olmuş kimi görünür. Deyir ki, vaxtilə vilayətdə azərbaycanlılar arasında ən varlı adamlardan biri idi, neçə-neçə ticarət, iaşə obyektləri fəaliyyət göstərirdi. Onunla söhbətimiz Donetsk ətrafında bu iş adamına məxsus kafedə baş tutur. Kafedə hələ müştərilər-filan gözə dəymir. Manaf deyir ki, uzun müddət başı diaspor işlərinə qarışdığı üçün obyektə vaxt ayıra bilməyib, bir vaxtlar Donetskdə ən tanınan restoranlardan biri olsa da, indi buranın ciddi təmirə ehtiyacı var. “Məni bu günə bax o diaspor qoyub. DAK-ı yaradandan həm pullarımı, həm vaxtımın çoxunu ona sərf edirdim. Elə gün olmurdu ki, hansısa azərbaycanlının problemi ilə bağlı milisə, prokurorluğa, şəhər meriyasına və digər hakimiyyət qurumlarına getməyim. Nə tədbir təşkil olunurdusa, hamısının yükü bir neçə adamın çiyninə düşürdü. Nəticədə indiki vəziyyətə düşdüm, indi çalışıram ki, işləri yenidən quram”.

Manaf İsgəndərovdan öyrənirik ki, indi o, təşkilat işlərindən uzaqlaşıb. Dediyinə görə, Donetks Azərbaycanlıları Konqresinin fəaliyyəti də son 3-4 ildir zəifləyib. Təşkilatda liderlik çəkişmələri və xırda intriqalar öz işini görüb: “Ancaq vaxtilə bu təşkilat Ukraynada ən güclü diaspor təşkilatı idi. Biz ilk dəfə milli adət-ənənələri yaşatmaq və Ukrayna xalqına da tanıtmaq üçün işlər görməyə başladıq. Milli bayramlarımız qeyd olunmağa başladı, bu bayramlarda yerli əhalidən də iştirak edirdi. Azərbaycanlılar arasında izahat işləri apararaq onları həm yerli qanunlara hörmət etməyə, həm də öz hüquqlarını öyrənməyə çağırırdıq, başa salırdıq ki, hansısa azərbaycanlının etdiyi yaramaz hərəkət bütövlükdə bizim xalqın adına ləkə vurur”.

Bu soydaşımız bir vaxtlar ictimai-siyasi işlərdə o qədər fəal olub ki, Ukrayna Müsəlman Partiyasının siyasi bürosuna da üzv seçilib. Keçmiş prezident Heydər Əliyevin Ukraynaya səfərləri zamanı da yerli diaspor liderlərindən biri kimi onunla görüşüb: “Sonuncu dəfə 2002-ci ildə Yaltada Heydər Əliyevlə görüşdə iştirak etmişəm. O vaxt H.Əliyev çıxışında dedi ki, xaricdəki ən güclü diaspor məhz Ukraynadadır”.

Donetskdəki azərbaycanlı diasporunun “veteranlarından” biri də uzun illər Ukraynanın milis sistemində işləyən, istefada olan polkovnik Ələsgər Ələkbərovdur. Ələsgər müəllim indi dostu Manafın kafesində oturub samovar çayı içir və keçmiş günləri yadına salır. Deyir ki, 1969-cu ildə əsgərliyə çağırılıb və Ukraynada xidmət edib. Xidməti başa vurduqdan sonra doğulduğu Tovuz rayonuna qayıtmayıb, Donetskdə daş kömür şaxtasında işləyib, daha sonra işlədiyi müəssisənin partiya təşkilatının təqdimatı ilə Kiyev milis məktəbinə oxumağa göndərilib. Məktəbi bitirib və milis zabiti kimi xidmətə başlayıb. Donetsk şəhər milis idarəsinin cinayət-axtarış şöbəsinin rəisi vəzifəsinə qədər irəli gedib. 1998-ci ildə bu vəzifədən istefaya çıxıb. Ukrayna Daxili İşlər Nazirliyinin veteranıdır, xidməti vəzifələrini həyata keçirərkən yaralanıb və əlil olub. Özünün dediyi kimi vəziyyəti pis deyil, bir neçə növ pensiya alır, hörməti, nüfuzu da öz yerində.

“Azərbaycanlıları da həbs edirdinizmi” sualına bu bəmazə adam “diplomatik” cavab verir, “bir-iki dəfə olub” deyir: “Ancaq həmişə çalışırdım ki, azərbaycanlıları qoruyam”. Lakin polkovnikin azərbaycanlılara xeyri istefaya çıxıb Donetsk Azərbaycanlıları Konqresində fəaliyyət göstərəndə dəyib. Vəzifədə işlədiyi dövrdə qazandığı əlaqələr hesabına “dara düşən” həmyerlilərimizə kömək edib. İndi o da təşkilat işlərindən uzaq gəzir, “bu işlər artıq bizlik deyil, qoy cavanlar məşğul olsunlar” deyir.

“Veteranlarla” söhbəti başa vurub Donteskdən təqribən 100 kilometr məsafədə olan liman şəhəri Mariopula yollanırıq. Məqsədimiz Azov dənizinin sahilində yerləşən bu qədim yunan şəhərində tikilən məscidlə tanış olmaqdır. Deyilənə görə, o, Ukraynada ən yaraşıqlı məsciddir. Mariopula çatanda buna əmin oluruq. Minarəsinin hündürlüyü 40 metr olan bu məscid şəhərin ən görməli yerlərindən birində inşa olunub. 5600 kvadratmetr ərazidə yerləşir. Bu ibadət ocağının tikintisinin əsasını qoyan, Mariopulda yaşayan azərbaycanlı iş adamı, “Azovkorporasiya” şirkətinin rəhbəri, azərbaycanlıların “Ənvər” kimi tanıdığı Zurab Hətəmovdur. Z.Hətəmov Gürcüstanın Batumi şəhərində anadan olub, valideynləri isə Azərbaycandandır. Uzun illərdir Ukraynada yaşayan bu soydaşımızın kifayət qədər geniş imkanlara sahib olduğunu öyrənirik, şəhərdə onun çoxsaylı ticarət obyektləri və mülkləri var. Qazandığı pulların bir hissəsini məscid tikintisinə sərf etməyə 90-cı illərin sonlarında qərar verib.

Burada çox gözəl atmosfer var, gördüklərimiz bizi hətta təəccübləndirir. İlk dəfədir ki, müsəlman məscidinin həyətində başqa dinə mənsub olanların - yerli sakinlərin rahat şəkildə istirahət etməsinin şahidi oluruq. Məscidin ətrafı fəvvarələrə, hovuzlara malik gözəl istirahət məkanıdır və yerli əhali məmnuniyyətlə öz vaxtını burada keçirir. Məsciddə yerləşən Mariopul Müsəlmanlarının Dini İcması “Nur əl-İslam”ın rəhbəri, tikinti biznesi ilə məşğul olan Elxan Rüstəmov deyir ki, şənbə-bazar günləri adam daha çox olur: “Təzə evlənənlər, ad günləri qeyd edənlər gəlib məscidin həyətində xatirə şəkilləri çəkdirirlər, valideynlər öz uşaqlarını gətirib gəzdirirlər. Bura ancaq içki ilə daxil olmağa icazə verilmir, qalan hər kəsə qapılar açıqdır”. Minarədən eşidilən azan sədaları altında məscidin həyətindəki hovuzun ətrafında oturub “dərdləşən” xristian dininə mənsub qocaları, onların o tərəf-bu tərəfə qaçışan nəvələrini görəndə yada mədəniyyətlər ittifaqı düşür. Məlum olduğu kimi, 11 sentyabr terror hücumlarından sonra dünyada xristian və islam mədəniyyətləri arasında düşmənçiliyin qarşısını ala bilmək üçün başda BMT olmaqla, bir çox beynəlxalq qurumlar, dünya liderləri təşəbbüslər irəli sürüblər. Bu məqsədlə sammitlər, çoxsaylı beynəlxalq konfranslar keçirilib. Ancaq deyəsən, mədəniyyətlər ittifaqı elə burada - Mariopul şəhərindəki bu yaraşıqlı məscidin ətrafında formalaşıb. Əmin oluruq ki, əgər siyasət və başqa məkrli müdaxilələr olmasa din insanları bir-birinə düşmən etməzdi...

Bir azdan Zurab Hətəmov da gəlib çıxır. Onunla məscidin tarixçəsi haqda söhbətləşirik. Dediyinə görə, məscidi şəhərin bu yerində, dənizlə üzbəüz, beynəlxalq limanın yaxınlığında inşa etdirmək üçün çox səy göstərib. Tikinti üçün ərazi ayrılması üçün dəfələrlə rəsmi instansiyalara müraciət edib, bu məqsədlə ovaxtkı baş nazir Viktor Yanukoviçin də qəbulunda olub. Ərazinin ayrılması həll olunandan sonra yerli kilsə rəhbərliyi məscidin tikintisinə qarşı çıxıb. Kilsə narahat imiş ki, məscid hansısa ekstremist qüvvələrin məskəninə çevrilə və qarşıdurma yarana bilər. Ancaq kilsə rəhbərliyini məscidin dinc ibadət ocağı olacağına inandırmaq mümkün olub. Tikinti işlərinə 2000-ci ildə başlanıb və vəsait çatışmazlığı üzündən bir ara yarımçıq qalıb. Sonradan türkiyəli iş adamı Saleh Cihan və Donetsk vilayətindəki imkanlı azərbaycanlılar hesabına 2007-ci ildə tikinti başa çatdırılıb.

Məscid 10-cu Osmanlı padşahı Sultan Süleymanın şərəfinə inşa edilib, açılışına da Türkiyədən hökumət üzvləri qatılıb. İndi bu məsciddə Mariopulda yaşayan müsəlmanlar, ərəb tələbələri, türklər, o cümlədən azərbaycanlılar ibadətlə məşğul olur, dini bayramlar qeyd olunur. Hər həftənin cümə günü məsciddə ehsanlar təşkil olunur. Həm də təkcə müsəlmanlar üçün yox, imkanı olmayan hər kəs üçün. Mariopulda minlərlə müsəlman var, ancaq bir maraqlı detal diqqətimizdən yayınmır: bura ibadətə gələn müsəlmanların sayı məscidə tamaşa etmək və dincəlmək üçün gələn xristianların sayından qat-qat az olur.

Məsciddən yaxşı təəssüratla ayrılırıq. Yolumuz Bakıyadır. Qazanc dalınca Ukraynaya gələn soydaşlarımızla söhbətlərdən belə qənaətə gəlirik ki, onlar bu ölkədəki demokratiyanın və iqtisadi azadlıqların bəhrəsini görürlər. Dərk edirlər ki, azadlıqlar, demokratiya vətənlərindəki neft və qazdan daha qiymətli sərvətdir. Geriyə, vətənə qayıdıb iş qurmaq isə heç ağıllarından keçmir, yaxşı bilirlər ki, “krışa”ları olmasa, Azərbaycanda onları “yırtıcılar” necə parçalayar. Rüşvətin, korrupsiyanın, məmur özbaşınalıqlarının baş alıb getdiyi, qanunların ancaq məmurların maraqlarına xidmət etdiyi vətəni sevmək də onlar üçün asan deyil. Milliyyətindən, dinindən asılı olmayaraq biznes qurub vicdanla dövlətin vergisini ödəyən hər kəsin ən hörmətli adam kimi qəbul olunduğu bu ölkədə yaşamaq, onu ikinci vətən hesab etmək isə soydaşlarımız üçün çox rahatdır...

 

 

Fərhad MƏMMƏDOV,

Bakı-Donetsk-Bakı

 

Yeni Müsavat.- 2009.- 5 iyul.- S. 11.