Heyrət doğuran Bibiheybət...

 

Rəhmətlik nənəm həmişə deyərdi ki, ziyarətgaha gedəndə kimdənsə yox, müqəddəslərin xatirinə Allahdan istəyin. Uca Yaradan sevib-seçdiklərinə məhəbbət bəsləyən bəndələrini hər zaman mükafatlandırar. İnsanların ümid, pənah yeri olan müqəddəs məkanlardan biri də Bakının Bibiheybət kəndindəki Bibiheybət ziyarətgahıdır. Qeyd edək ki, Həzrəti Peyğəmbər nəslindən olan Əhli-Beyt məzarlarının sayına görə Bibiheybət ziyarətgahı üçüncü yeri tutur. Sovet dövründə rejimin dinə olan düşmən münasibətinin nəticəsi olaraq Bibiheybət dagıdılmış,on illər boyu baxımsız vəziyyətdə qalmışdı.

 

Nə inam öldü, nə iman

 

1934-cü ilin sentyabr ayında kommunist rejimi tərəfindən ziyarətgah dağıdılaraq yerlə-yeksan edilib.Amma qadağalara  baxmayaraq, inanclı  insanlar yenə  bu yerləri unutmayıblar. Elə bunu nəzərə alan dindarlar dağıdılmış ziyarətgahla üzbəüz, pilləkənlərlə dağın zirvəsinə gedən yolun kənarında namazgah  inşa etdirirlər.Uzun illər sonra- 1994-cü ildə isə  əsası 13-cü əsrdə Şirvan şahı tərəfindən qoyulan məscidin qalıqları aşkar edilir. Həmin il mayın 21-də, Qurban bayramı münasibətilə  mərhum prezident Heydər Əliyev bu qədim ziyarətgah yerinə gəlir və «Qələbə tağları» adlanan tikilinin yerində məscid tikilməsi haqqında göstəriş verir.  Həmin ərazidə  aparılan  qazıntı işləri zamanı Həzrəti Həkimə xanımın və yanındakı qardaşı uşaqlarının qəbirləri aşkar edilir. İki il ərzində geoloji qazıntı işləri aparılaraq yerin tərkibi öyrənilir. Yerin tərkibini öyrənməkdə məqsəd onun nə qədər yük götürə bilməsini müəyyən etmək idı. Sonra isə məscidin layihəsi hazırlanır. 1997-ci il iyulun 23-də Həzrəti Peyğəmbərin mövludu günü məscidin təməli qoyulur. Tikinti işləri bir ilə başa çatır və məscid möminlərin ixtiyarına verilir.

 

Bibiheybət tarixi...

 

Bibiheybət piri haqqında mənbələrdə müxtəlif fərziyyələr irəli sürülür. Mərhum akademik Ziya Bünyadov «Dinlər, təriqətlər» kitabında Bibiheybət piri haqqında məlumat verərək yazır ki, Bakının cənub-qərbində yerləşən Şıxlar (Şeyxlər) adlanan kənddəki məscidin içində vaxtilə şiələrin yeddinci imamı Musa əl-Kaziminin qızı 8-ci imam Əli ibn Musa ər-Rizanın bacısı Həkimə (Hükeymə) xanımın məqbərəsi var idi: «Məscidin binası üzərindəki kitabələr və əlavə məlumatlar təsdiq edir ki, bina hələ 13-cü əsrin ikinci yarısında mövcud idi. Rəvayətlərə görə, Həkimə xanım xəstələnib, öz yaxın adamları və nökərləri ilə 9-cu əsrdə həmin kəndin içində axan nazil suyuna möhtac olduğu üçün buraya gəlmişdi. Lakin xəstəlik qəfil gəldiyinə görə Həkimə xanım vəfat edib və elə burada da dəfn olunub. Onunla gələnlər isə bu yeri tərk etməyib, burada kənd salıblar. Burada müqəddəs məqbərənin xeyrinə vəqflər (gəliri dini idarənin xeyrinə verilən torpaq mülkiyyət forması) yaradıldı. Vəqfə mütəzəlli şeyx təyin olunur. Həmin Bibiheybət məqbərəsinin vəqfinə qədimdə «Əmlak və sərvətilə», Zığ kəndi,  üç neft quyusu, bəzi torpaqlar, o cümlədən Badamdar adlanan yer, qoyun sürüləri və s. daxil idi. Bu vəqflərə nəzarət edən mütəvvəllilər var idi».

Lakin Ziya Bünyadovun yazdıqlarının əksinə olaraq, ziyarətgahın özündə Həzrəti Həkimənin Bakıya gəlməsi başqa cür izah edilir. Bildirilir ki, qardaşı səkkizinci imam Rza Əleyhisalam indiki Məşhəd şəhərində şəhid olduqdan sonra Museyi Kazimin qızı Həzrəti Həkimə təzyiqlərdən qurtulmaq üçün 3 qardaşı uşağı ilə İranın Ənzəli şəhərindən Bakıya gəlir. Qeyd edək ki, yeddinci İmam Museyi Kaziminin 17-18 qızı olub. O, zəmanəsinin imamı olsa da, çox kasıb yaşadığına görə qızlarına elçi gəlmirdi. Gələn elçilər isə Xəlifənin qoyduğu casuslar tərəfindən təqib edilirdilər. Ürəkyandırıcı olsa da, qeyd etmək lazımdır ki, imamın evində cəmi bircə köhnə yamaqlı çarşab olduğuna görə azan vaxtı namaz qılmaq  üçün onun qızları növbə gözləmək məcburiyyətində qalırdılar. Bu kimi  səbəblərdən Həzrəti Həkimə xanım ailə qura bilməmiş, ömrünü qardaşı balalarına həsr etmişdi. Həkimə xanımın bacılarından biri - Mənsumə xanım İranın Qum şəhərində, Həzrəti Rəhimə xanım Bakının Nardaran kəndində, digər bacı - həzrəti Leyla xanım isə  Bakının Bilgəh kəndində dəfn olunub. Pirdəkilər bildirirlər ki, Həkimə xanımı və üç qardaşı uşağını Bakı şəhərinə gətirən gəmiçinin adı Baba Süjad olub. Onun Bakıda etibar etdiyi adam isə Hacı Bədir adlı bir şəxs olub. Tarixi məlumatlara görə, İçərişəhər taciri olan Hacı Bədir zəngin bir tacir imiş. Həkimə xanımı tanımasınlar deyə Hacı Bədir gizli bir ad qəbul edir. Yəni əlifba sözü ərəb dilində birinci və ikinci hərfin adından ibarət olduğu kimi (əlif və ba), Hacı Bədir də adının birinci hərflərini birləşdirərək Heybət adını qəbul edir. (Hacı sözünün birinci hərfi ərəb dilində həy, bəbir sözünün birinci hərfinin adı isə bə-dir). Həkimə xanıma insanlar «Heybətin bibisi» deyə müraciət edirmişlər. Əslində Hacı Bədir və Heybət eyni adamdır. Xanım və üç uşaq burada yaşadıqdan sonra vəfat ediblər və indiki Bibiheybətin ərazisində yaşayış məskəni olmadığı bir yerdə dəfn ediliblər. Hacı Bədir Heybət isə öz arzusu ilə xanımın ayaq tərəfində dəfn edilib. Bu, azərbaycanlı Hacı Bədirin xanım həzrətlərin, imam və İslam dünyasına olan sədaqət və məhəbbətinin təzahürü idi. 

İmamzadələrin adı nə qədər gizli saxlanılsa da, sonradan bu sirr Bakı əhalisinə və Şirvan şahına aşkar oldu. Odur ki, həmişə bu müqəddəs məzarların ziyarətinə gəlir, onların başına dolanırdılar. Üç yüz il ərzində ziyarətgaha çevrildikdən sonra 1257-ci ildə Şirvanşah ikinci Fərruxzadın əmri ilə burada ilk minarə, məscid və ziyarətgah kompleksinin əsası qoyulur.

 

Xurşudbanu Natəvana övlad bəxş edən pir

 

Bibiheybət zəyarətgahında olarkən diqqətimizi buradakı qələbəlik çəkdi. Havanın  isti olmasına baxmayaraq, ziyarətçilərin sayı həddən artıq çox idi. Yüzlərlə imanlı-inamlı  bu müqəddəs ocağı ziyarətə gəlmişdi.Xalq arasında bu ziyarətgaha hər zaman çox güclü inam olub. 19-cu əsrin ən görkəmli şəxsiyyətlərindən biri olan, Azərbaycan xalqının şairə qızı  Xurşudbanu Natəvan ailə qurduqdan sonra bir müddət övladı olmur. O, Bibiheybət pirinə nəzir edərək əhd edir ki, əgər övladı olsa, pirə yol çəkdirəcək. Xanımın nəziri qəbul edilir və övlad sahibi olur. Öz əhdinə sadiq qalan xan qızı pirə yol çəkdirir və övladını qucağına alıb nəzir dediyi yolla da pirə gəlir...

Quba xanı Fətəli xan isə vəsiyyət edir ki, vəfat etdikdən sonra onu ziyarətgahda olan qəbirlərin ayaqları altında dəfn etsinlər. Onun yaxınları xanın vəsiyyətinə əməl edirlər və Fətəli xan orada dəfn edilir. Lakin 1934-cü ilin sentyabrında  pir dağıdılarkən xanın da qəbri yerlə-yeksan edilir. Yalnız onun baş daşı Tarix Muzeyində saxlanılır.

 

Bibiheybət bu gün

 

Bibiheybət ziyarətgah-kompleksində aparılan növbəti yenidənqurma və bərpa işləri ötən il başa çatıb. Qeyd edək ki, 11 il davam edən bərpa işləri nəticəsində məscid Şərq memarlıq üslubu ilə təmir edilib. Hazırda Bibiheybət məscidinin iki minarəsindən biri H.Əliyevin adını daşıyır.

Məscidin birinci və ikinci mərtəbələrində, mərkəzi salonda, foyenin tavanında, zirzəminin divarlarında incə memarlıq nümunələri əksini tapıb, günbəzi də mükəmməl şəkildə işlənib. Burada smaltdan rəngbərəng şüşə, şüşə materiallardan ibarət mozaikada Qurani-Kərimdən «Ən-Nisa» surəsi yazılıb. Ümumiyyətlə, məscidin müxtəlif guşələrində Quranın müxtəlif surələri əksini tapıb. Ərazinin relyefinin mürəkkəbliyi nəzərə alınaraq, ziyarətgah və buradan keçən magistral yol genişləndirilib. Müsəlmanların digər möhtəşəm ziyarətgahlarında olduğu kimi, bu məsciddə də ilk dəfə muzey və kitabxana zəvvarların ixtiyarına verilib. Məscidin zirzəmi hissəsində aparılan yenidənqurma işlərindən sonra burada eyni vaxtda 3 min nəfər namaz qıla bilər. Qadın və kişilərin ayrı-ayrılıqda namaz qılmaları üçün müvafiq şərait yaradılıb. İnşaat və tərtibat işləri klassik Şərq üslubunda aparılıb. Kompleksdə çoxlu yardımçı otaqlar tikilib, hər cür şəraiti olan qurbangah yaradılıb. Bundan başqa, məscidin ayrıca qazanxanası, mükəmməl su təchizatı, havalandırma  sistemi qurulub. Kompleksdə tikilmiş geniş meydançada dini mərasimlər icra olunacaq, müxtəlif mədəni tədbirlər təşkil ediləcək. Yay aylarında ziyarətgaha gələnlərin istirahəti üçün hər cür şərait yaradılıb. Məscidin muzeyində Bibiheybət ziyarətgah kompleksinin tarixi eksponatlarda hərtərəfli əksini tapıb.

Allah ziyarətinizi qəbul etsin.

 

 

Həbibə Abdulla

 

Yeni Müsavat.- 2009.- 22 iyul.- S. 13.