AZƏRBAYCANLI LAL-KARLARIN SİRLİ DÜNYASI
Onlara iş verməsələr də,
məşğuliyyətsiz də deyillər...
Əməkdaşlarımız
eşitmə, danışma problemi olanların yataqxanasına
getdilər; onların istəklərini öyrəndilər
Ümumdünya
Səhiyyə Təşkilatının məlumatına
görə, dünyada hər 10 nəfərdən biri əlildir.
Statistik məlumatlara görə,
hazırda Azərbaycanda 400 mindən çox əlil var. Fiziki
cəhətdən qüsurlu insanların isə cəmiyyətə
inteqrasiya olunmalarında daim problemlər olur. Bəs dil və
eşitmə qüsuru olan əlillərə qayğı və
diqqət hansı səviyyədədir? Onların eşidən,
danışan adamlarda nələr xoşuna gəlir, nələr
gəlmir? Lal və karlar üçün xüsusi məktəblərdə
vəziyyət necədir? Onların dünyası ilə
maraqlanmaq qərarına gəldik.
Karlar cəmiyyəti “Yeni Müsavat”ı “eşitmək”
istəmədi
Qeyd edək ki, hələ ötən
ildən bu suallara aydınlıq gətirmək
üçün Karlar Cəmiyyətinə müraciət
etmiş, lakin cəmiyyətin sədri Tapdıq Xalıqov
“Yeni Müsavat”dan olduğumuzu biləndə “danışmaq”
istəməmişdi. Danışa bilən köməkçisi
də səbəbini belə izah etmişdi ki, sədr
müxalifət qəzetlərinə açıqlama verməkdən
ehtiyat edir. Bu yaxınlarda isə cəmiyyətə təkrar
müraciət etdik. Sədr müavini Nizami Xalıqov
müsahibə verəcəyini vəd etsə də, nədənsə
sonradan o da vaxtının olmadığını bəhanə
gətirdi.
Odur ki, paytaxtın Nizami rayonunda
lal və karlar üçün yataqxana olduğunu eşidib
ora üz tutduq. Məlum oldu ki, 9 mərtəbəli
yataqxananın yalnız 5 qatında əlillər
yaşayır, digər qatlarda isə köçkünlər
məskunlaşıb.
“Binamızda qaz yoxdur, işıqpulu borcumuz da kəlləçarxa
çıxıb”
Yataqxanada yaşayan ailələrdən
biri ilə - Dadaşovlarla danışığımız
baş tutdu. Ailənin böyük qızı Gülər
anası Tovuzla aramızda dilmanclıq etdi. Gülərin
dediyinə görə, anası anadangəlmə laldır,
atasının dili isə sonradan tutulub: “Bir dəfə atam
babası ilə harasa gedəndə qorxub dili tutulub. Atam vaxtilə
boksçu olub, məktəbdə oxuyanda onları Moskvaya
yarışlara da aparıblar, vaxtilə çox rayonları gəzib,
anamla da elə Cəbrayıl rayonuna gedəndə
tanış olub”.
- Atan işləyir?
- Yox.
Burdakı lal kişilərin əksəriyyəti işləmir.
Kişilər ya banan, ya da
siqaret satmaqla ailələrini dolandırırlar. Əksər
qadınlar isə varlıların evini təmizləyib,
paltarlarını yumaqla qazanc əldə edirlər. Amma anam
heç yerə getmir, dibçək gülləri becərir,
onun da alıcıları az olur. Atam da alver etməyi
bacarmır. O, inadkar adamdır. Ümumiyyətlə, lallar
çox inadkardılar, dediklərindən dönmürlər.
Atam yaxşı şəkil çəkir, özü sərbəst
rus dilini də öyrənib, amma iş tapa bilmir. Əvvəllər
istəyirdi ki, boksçu yetişdirsin, xəstəliyi imkan
vermədi, böyrəkləri onu çox incidir.
Üçüncü qrup əlil kimi 30 manat müavinət
alır. Bu da çox azdır. Deyirlər, 200 manat versək,
atama ikinci qrup verilər, pulsuz mümkün deyil. Anam da
üçüncü qrup əlildir. Bizə verilən pensiya
yeməyimizi ancaq ödəyir. Əvvəllər
birtəhər yaşayırdıq. Amma indi vəziyyət
çox çətinləşib.
Ötən ilin oktyabrından işığa sayğac
qoyublar. İndi 300 manat işıqpulu borcumuz var. Bu binada qaz
yoxdur. Qış olanda donuruq, çünki
işığı da qənaətlə işlətməyə
məcburuq. Sayğacı da elə quraşdırıblar ki,
çox pul yazır.
- Lallar Cəmiyyətinin
üzvüsünüz? Onlar sizə kömək edir?
- Yox.
“Yardım pulumuz mənimsənir”
- Ünvanlı sosial
yardım da almırsız?
- Əvvəllər 160 manat
alırdıq, sonradan məbləği 80 manata endirdilər.
Dedilər ki, ata-ananın iş qabiliyyəti var, gedib, işləsinlər.
İndi verilən 40 manatdan da hər il 3 ayı mənimsənir.
Biz ailədə üç uşağıq, üçümüz də adi məktəbə
gedirik. Bacım Günellə mənim hər birimizdən 60
manat məktəbli geyimi üçün pul istəyirlər,
avqustda bu pulu çatdırmalıyıq, haradan
tapacağıq, bilmirik. Otağımızın vəziyyətinə
də baxın.
Gülərgilin ikiotaqlı
mənzili təmirsizdir, divarların sementi uçub
tökülüb. Anası Tovuz xanım otağa nəzər
saldığımızı görüb əlilə bizə
nəsə başa salmağa çalışdı. Gülər
yenə surdo-tərcüməçılik etdi: “Anam deyir ki, mənzil
alınan vaxtdan təmirsizdir, təmir etməyə gücləri
catmayıb”. Sonra qadın «Bakıelektrikşəbəkə»dən
onlara verilən bir neçə “işıqpulu” qəbzlərini
uzadıb, carəsiz-carəsiz çiyinlərini çəkdi.
- Gülər, bəs
ananın başqa məşğuliyyəti yoxdursa,
bütün günü evdə darıxmır?
- Bunu mən də valideynlərimdən
soruşmuşam, onlar deyir, biz buna alışmışıq.
Bizim ailədə ən çox “danışan” atamdır. O,
işləmədiyi üçün çox əsəbidir, əl
hərəkəti, mimikalarla hər mövzudan söz
açır. Ümumiyyətlə, onlar diqqəti çox
sevirlər, onları söhbətə qoşmayanda inciyirlər.
Odur ki, hər şeyi onlara izah etməyə
çalışıram. Anam serialları izləyir, başa
düşməyəndə məndən soruşur..
“Anam Röyanı bəyənir, Aygünü yox”
- O hansı müğənnini
xoşlayır?
Gülər
sualımızı anasına
izah edəndə gülərək, çiyinlərini çəkib,
fikrə getdi. Sonra əlilə qıvrım saçlı,
arıq qız təsvir etdi, “əla” işarəsini göstərdi.
İri dodaqlı, kök fiquranı təsvir edəndə isə
əksinə, “kafi” işarəsini.
Gülər:
- Anam deyir ki, Röyanı bəyənir,
Aygünü yox. Burada bir qız da var, Röyaya oxşayır,
elə onun kimi şıltaqdır, anam onu da həmişə əzizləyir.
Telekanallar surdo-tərcüməçilərə
niyə yer vermir?
- Anan eşidən adamlarda
daha nədən narazıdır?
Sualımızın
cavabını yenə də çiyinlərini çəkməklə
cavab verdi. Sonra yenə müxtəlif mimikalarla bizi anlatmağa
cəhd etdi.
Gülər:
- Anam deyir ki, bu üç
uşağı Allah mənə verib, onların danışan
dili, eşidən qulağı varsa bu, mənə bəsdir.
Amma televiziyalarda onlar üçün verilişlər verilməməsindən
narazıdır. Deyir ki, əvvəllər televizorda onlar
üçün xəbərləri “tərcümə” edirdilər,
amma indi yox. Xahiş edir ki, telekanallar bunu nəzərə
alsınlar.
- Bəs sizə
danışmağı kim öyrədib?
- Mən doğulandan sonra
xeyli müddət dayımgildə qalmışam. Onlarda dil
açıb danışandan sonra valideynlərimə
qaytarılmışam. Sonra qardaşımla bacıma
danışmağı mən öyrətdim. Lal valideynlər
uşaqlarının danışan
olub-olmadığını uşaqlıqdan müəyyənləşdirirlər.
İki nəlbəkini bir-birinə çırpırlar, əgər
səsə körpə diksinirsə, demək eşidir və
lal-kar olmayacaq.
Karlar məktəbində uşaqları döyürlər
- Bu yataqxanada həbsxanaya
düşən varmı? Onlarla necə əlaqə
saxlayırlar?
- Var. Onlarla əlaqə məktubla,
bir də mobil telefona mesaj yazmaqla mümkündür. Lallar
mobil telefondan biri-birilərinə videgörüntülər də
yollayırlar. Onlar bu məşğuliyyəti çox sevirlər,
ümumiyyətlə, onlar arasında savadlı adamlara az
hallarda rast gəlmək olar. Onlar üçün məktəblərdə
dərslər yaxşı keçilmir. Tez-tez onların məktəbinə
gedirəm, müəllimlər uşaqları döyürlər,
uşaqların təhsilinə, təlim-tərbiyəsinə
məhəl qoyulmur. Rayondan gələn uşaqlar məktəbdə
qalırlar, valideynləri ilə yaxınlıqda kirayədə
yaşayanlar da var. Amma şagirdlər arasında rəssamlığa,
idmana meyl edənlər də az deyil. Onlar beynəlxalq
yarışlarda da iştirak edirlər.
- Onlar daha çox hansı sənətlə
məşğul olurlar?
- Dərziliklə məşğul
olanlar çoxdur. Qadınlar isə daha çox saç
ustası olurlar, onlar arasında gözəllik salonlarında
işləyənlər var, amma ali təhsil alan lal
tanımıram, çünki Azərbaycanda onlara ali təhsil
verilmir.
Xanımın “danışan” gözləri
Bayaqdan söhbəti rəfiqəsi
Günellə izləyən, sanki gözləri ilə
danışan Xanımı da
söhbətə çəkirik:
- Bəs Xanım
böyüyəndə kim olacaq?
Qızcığazın kədərli
baxışları dəyişib, şənlənir, əli
ilə saçını və dırnaqlarını göstərir,
sanki saç kəsir, dırnaqlarını manikür edir.
Anladıq: o da gözəllik salonunda işləmək istəyir.
Sonra Xanım bizə muncuqdan düzəltdiyi gülləri
göstərdi. Günel dedi ki, muncuqdan gül düzəltməyi
onlara Gülzadə adlı qadın öyrədir: “Onların əl
işlərini ”Xəzər TV" də göstərib".
“Turistlər bizə muncuqdan Amerika bayrağı düzəltməyi
sifariş veriblər”
Bir qat yuxarıda yaşayan
Gülzadənin qapısını döydük. Qapını
iki qadın üzümüzə açdı, bizi təbəssümlə
qarşılayıb içəri dəvət etdilər.
Darısqal otaq muncuqdan düzəldilmiş fiqurlar, qablar, muncuqlar və güllərlə
doludur. Gülzadə Verdiyeva və Gözəl Qurbanova həvəslə
bizi əl işləri ilə
tanış edirlər. Onlar muncuqlardan Azərbaycanın,
Türkiyənin bayraqlarını əks etdirən
çörəkqabları da düzəldiblər. Dedilər
ki, Amerikadan gələn turistlər onun əl işi ilə
tanış olub, bir neçə fiqur alıblar və onlara
Amerikanın bayrağını hazırlamaq da sifariş
edilib.
Şikayətçi valideynin uşaqları məktəbdən
çıxarılır
Yataqxanadan bir az kənarda
yerləşən kar uşaqlar üçün 1 saylı və
3 saylı respublika internat məktəblərinə də
baş çəkdik. 1 saylı internat məktəbində qəzetdən
olduğumuzu biləndə qapıda dayanan qadınlar məktəb
direktorunun və müavinlərinin orada
olmadığını dedilər. 3 saylı məktəbdə
isə təmir gedirdi. Məktəbin direktoru Bahar xanıma
özümüzü ora şagird gətirmək istəyən
valideyn kimi təqdim etdik və məktəbin vəziyyəti
ilə maraqlandıq. Bahar müəllimə şagird qəbulu
ilə əlaqədar tələb olunan sənədləri bizə təqdim etdi və bildirdi ki, orada təhsil
bütün ölkə məktəblərindəki vəziyyətə
uyğundur: “Bizim məktəbdə 360 şagird təhsil
alır. İndi tətildir, uşaqları valideynləri
aparıb. Məktəbdə 150-dək uşaq qalır,
qalanları valideynləri axşam saat 6-dan sonra gəlib
aparırlar. Bir lal uşağın valideyni yoxdur, uşaq evindən
gətirilib, onu da başqa bir valideynin istəyi ilə ona
verdik. O, həmin uşağı da öz övladı ilə
birgə apardı ki, uşaqlar məktəbdən öyrəndikləri
mimika vərdişini yadırğamasınlar”.
Direktor məktəbdə
uşaqların döyülməsi ilə bağlı
faktın olmadığını dedi: “Bizim məktəbdə
uşağının döyülməsindən şikayət
edən bir valideyn vardı, lakin onun əvvəlki direktora bu
yolla hədə-qorxu gəlməklə pul aldığı məlum
oldu. Növbəti dərs ilindən valideyn-müəllim
kollektivi həmin valideynin iki uşağının məktəbdən
çıxarılmasını tələb edəcək.
Sizin uşağınızın məktəbdə
döyülməsi ilə bağlı narahatlığa
heç bir əsas yoxdur”.
Lallar informasiya blokadasında
Sonda onu da qeyd edək ki, Azərbaycanda
7 mindən çox lal-kar qeydiyyatdan keçib. Bu, Karlar Cəmiyyətinin
köhnə statistikasıdır. Onların sayı rəsmi rəqəmlərin
sayından qat-qat çox olsa da, problemləri ilə məşğul
olan yoxdur. Həmin həll olunmayan problemlərdən biri də
onların informasiya blokadasında yaşamalarıdır.
Əldə etdiyimiz məlumata
görə, eşitməsi zəif uşaqlar üçün
əyani vəsaitlər də qıtdır. Qüsurlu
uşaqların deffektoloq, loqaredlər sarıdan da bəxti gətirməyib.
Əvvəllər belə müəllimlər Moskva və
Sankt-Peterburq şəhərlərində
hazırlanırdı. Artıq ADPU-da bu ixtisaslar üzrə
kadrların hazırlanmasına başlanıb. Ancaq bu
fakültəni bitirənlər də sonradan
ixtisaslarını dəyişib, başqa peşəyə yiyələnirlər.
Əlavə edək ki,
özəl kanalların heç biri fiziki cəhətdən
qüsurlu insanların ehtiyacını nəzərə
almır. Azərbaycanda fəaliyyət göstərən
telekanallar surdo-tərcüməçilərə ehtiyac
görmürlər. Məlumatlara görə, Azərbaycan
Dövlət Pedoqoji Universitetinin “İbtidai təhsilin pedoqogikası
və psixologiyası” fakültəsində surdo-tərcümə
fənni tədris olunsa da, mütəxəssis
hazırlığı aparılmır. Bu, o deməkdir ki,
respublikada surdo-tərcüməçi hazırlayan tədris
müəssisəsi yoxdur.
Sevil HİLALQIZI,
Leyla İLQAR
Yeni müsavat.- 2009.- 12 iyun.- S. 13.