BİR-İKİ FƏDAKAR İNSANIN ÇİYNİNDƏKİ DİASPORUMUZ
Ukrayna azərbaycanlıları
haqda birinci yazı: Sevinmək də olar, sevinməmək də
I yazı
Ukraynaya ezam olunanda redaksiya
tapşırıqlarından biri də bu ölkədə yaşayan tanınmış azərbaycanlılar
və onların fəaliyyəti haqda yazmaq idi. 10 illik jurnalist təcrübəmdə
Azərbaycan diasporu haqda yazmasam da bu sahədə ümumi durum barədə
kifayət qədər anlayışa və faktlara malik idim. Bilirdim ki,
dünyanın hər tərəfinə səpələnmiş milyonlarla
soydaşımızı oxşar problemlər birləşdirir.
Amma “birləşdirir” ifadəsini burada
daha çox məcazi mənada işlətmək düzgün olardı. Çünki
soydaşlarımız çox nadir hallarda birləşib güclü diaspor formalaşdıra və
səslərini eşitdirə bilir. Baxmayaraq ki, sayca ermənilərdən
daha çoxdurlar və daha çox imkanlara malikdirlər. Bu baxımdan
Ukraynadakı Azərbaycan diasporu ilə məhdud çərçivədə
də olsa tanışlıq dünya azərbaycanlılarının necə təşkilatlandığı
haqda indiyədək formalaşmış təsəvvürlərimi kökündən
dəyişdirə bilmədi...
Əslində bu ezamiyyətin əsas
məqsədi Ukraynanın özəl hava yolları şirkəti olan
“Donbassaero”nun Azərbaycana yeni reys açması ilə bağlı idi. Lakin
hava reysinin açılması ilə Azərbaycan diasporu mövzusu arasında
birbaşa bağlılıq da vardı. Çünki bu reys məhz Dünya Azərbaycanlıları
Konqresinin (DAK) Ukrayna təşkilatının təşəbbüsü və səyləri
ilə açılırdı. “Donbassaero”nun Odessa-Bakı reysinin önəmi haqda ötən
saylarımızın birində bəhs olunub. Xatırladırıq ki, bu reys Ukraynada
yaşayan soydaşlarımızın vətənə gəlib-getməsini
asanlaşdırmaq baxımından çox mühüm idi. Belə ki, 500 mindən çox azərbaycanlının
yaşadığı ölkədən Azərbaycana cəmi iki aviareys var. Onların
hər ikisini Ukrayna hava yolları şirkətləri həyata keçirir.
Nə qədər təəccüblü olsa da öz imkanlarına görə həmin
şirkətlərdən xeyli üstün olan Azərbaycan Dövlət Hava
Yolları Şirkəti Ukraynaya uçuş təşkil etmir. AZAL-ın Bakı-Kiyev-Bakı
reysi kommersiya baxımından sərfəli sayılmayıb və iki ay əvvəl
bağlanıb. Belə bir vaxtda Ukraynanın o qədər də geniş
imkanlara malik olmayan kasıb “Donbassaero” şirkətinin hansısa rəsmi
dövlət qurumunun səyləri ilə deyil, DAK-ın Ukrayna təşkilatının
təşəbbüsü ilə Azərbaycana yeni reys açması diqqətəlayiq
hadisə sayıla bilər.
Şirkətin Donetskdə, köhnə binada
yerləşən ofisində olarkən əmin oldum ki, Azərbaycan
diasporunun önündə əsl vətənpərvər, təşəbbüskar
adamlar olsa, bir çox məsələləri həll etmək
mümkün olar. DAK-ın Ukrayna təşkilatının sədri kimi cəmi bir neçə
ay əvvəl fəaliyyətə başlayan tanınmış iş adamı,
“Ukrazmet-VM” şirkətinin baş direktoru Möhlət Hüseynov şirkət rəhbərliyini
Azərbaycana tezliklə daha bir reys - Donetsk-Gəncə reysini
açmağa inandırmaq üçün çox çalışır. İş adamı yeni reysi açmaqda tərəddüd
edən “Donbassaero”nun baş direktoruna kommersiya riskini yarıbayarı bölüşməyə
hazır olduğunu da bildirib: “Çəkinməyin, bu reys gəlirli olacaq.
Olmasa ziyanın yarısı mənlikdir. Amma bir şərtlə ki, gəlir
götürsəniz, bizim diaspora lazım olanda biletlərlə kömək edəsiniz”.
Belə görünürdü ki, Möhlət Hüseynov Gəncə
reysini də açılmasına nail olmaq üzrədir: “Əgər buna nail
ola bilsək, bilirsiniz necə mühüm hadisə olardı?! Donetsk vilayətində
Gəncə və ətraf rayonlardan on minlərlə adam var. Onlar
vətənə gedib-gəlmək üçün yollarda qalır. Tiflisə
uçurlar, oradan maşınla keçirlər Azərbaycana, sərhəddə
təzədən yoxlamalara məruz qalırlar, qışın soyuğunda, yayın
istisində saatlarla yollarda vaxt itirirlər. Bəzən
yaxınları vəfat edir, ancaq dəfnə yetişə bilmirlər”.
DOSYE: Möhlət Hüseynov əslən
Ağdam rayonundandır, Ağdam Üzüm Emalı Zavodunun direktoru olub. Özünün dediyi kimi,
rahat yaşamaq üçün hər cür imkanları var idi. Ancaq 1988-ci ildən
başlayaraq Qarabağda erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə
iştirakçı olub, maddi imkanlarını bu işə sərf edib. Özü haqda, istər
Azərbaycanda, istərsə də Ukraynada vətən üçün gördüyü
işlər haqda danışmağı xoşlamır. “Məni tanıyan onsuz da tanıyır”
deyir. Bu soydaşımız Ağdam işğal olunandan sonra 1 ilə yaxın Azərbaycanın
müxtəlif rayonlarında qaçqın həyatı yaşayıb, sonra əsgərlik
dostlarının olduğu Ukraynaya gedərək, özünün də dediyi kimi,
qaçqınçılığı davam etdirib. Çox çətinliklərlə üzləşib, amma
Ukrayna xalqından gördüyü hörmət və dostlarının sayəsində
bu ölkədə özünə nüfuz qazana bilib. İş qurub. Hazırda Ukraynanın
10 ən iri metallurgiya müəssisəsini özündə birləşdirən
“Donbass Sənaye İttifaqı” korporasiyasının Azərbaycan üzrə rəsmi
nümayəndəsidir. Metal və polad məhsullarının idxalı ilə
məşğuldur.
M.Hüseynov Ukraynaya gələndən
qısa zaman sonra diasor fəaliyyətlərinə qoşulub. 1999-cu
ildə Ukrayna Azərbaycanlıları Konqresinin yaradılmasında iştirak
edib, müntəzəm olaraq bu təşkilatın tədbirlərinə
qatılıb, bütün imkanları ilə dəstək verib. Bu ilin fevral ayında
isə DAK-ın Ukrayna təşkilatını təsis edərək ona rəhbərlik
etmək təklifi alıb. Azərbaycanda milli-azadlıq hərəkatının
fədakarlarından olan digər soydaşımız Məzahir Bağırovla birlikdə
təsis konfransına hazırlıq görüb. Nəhayət, mayın 16-da Kiyevdə
DAK-ın Ukrayna təşkilatının sanballı təsis konfransını keçirmək
mümkün olub. Həmin konfransda Möhlət Hüseynov təşkilata sədr
seçilib. Dediyinə görə, konfransda Ukraynada yaşayan nüfuzlu azərbaycanlı
ziyalılarla yanaşı, Ukrayna hökumətinin üzvləri, siyasi partiyaların
təmsilçiləri və deputatlar da iştirak edib. Hazırda təşkilatın
rəsmi qeydiyyatdan keçirilməsi məsələsi həll
olunur.
M.Hüseynovla söhbətləşmək asan
deyildi. Çünki söhbətləşməyə imkan tapdığı 15-20 dəqiqə
ərzində hər 1-2 dəqiqədən bir ona zənglər
gəlir və iş adamı da hər dəfə söhbəti yarımçıq kəsməli
olurdu. Zənglər isə əksər hallarda diaspor fəaliyyəti
barədə idi. Soydaşımız gah Kiyevdə 26 iyun - Azərbaycan
Silahlı Qüvvələri Günü münasibətilə bayram tədbirinin
təşkilini, gah Ukraynadan televiziya jurnalistlərinin Qarabağ
problemi haqda film çəkmək üçün Azərbaycana göndərilməsi
məsələsini həll edirdi. Başa düşmək çətin deyildi
ki, bütün bu təşəbbüslərin maddi yükü də əsasən
onun üzərinə düşür. Öyrənirik ki, ilk dəfə Ukrayna
televiziyalarında Qarabağ münaqişəsi haqda tarixi həqiqətlərdən
bəhs edən film göstərilməsi məsələsi həll
olunmaq üzrədir. Düşmənləri ayıq salmamaq üçün bu təşəbbüs
barədə detalları yazmırıq, ancaq gec də olsa xaricdəki Azərbaycan
icmalarının Qarabağ həqiqətlərini yaşadıqları ölkənin
ictimaiyyətlərinə çatdırmaq üçün bu vasitədən istifadə
etməyə başlamasını öyrənmək sevindiricidir...
Bir vaxtlar intriqalar və daxili çəkişmələr
girdabında olan DAK-dakı indiki durum haqda Möhlət Hüseynovdan soruşuruq. “Çox
şükür, intriqalar deyəsən, böyük ölçüdə arxada qalıb”- deyir.
DAK-da həmsədrlik institutunun yaranmasından sonra vəziyyət
sabitləşib, təbii olaraq dünya azərbaycanlılarını özündə
birləşdirən bu təşkilatın fəaliyyətində də
müəyyən canlanma yaranıb: “Mən həmişə deyirəm ki,
əgər kiminsə siyasi marağı varsa, qayıdıb Azərbaycanda
siyasətlə məşğul olsun. Azərbaycandan kənarda isə
iqtidar-müxalifət yox, dövlət və onun milli maraqları var”.
Bəllidir ki, Ukrayna Azərbaycanın ən
yaxın tərəfdaşlarından biridir, strateji ortağıdır. Uzun illərdir
bu dost ölkədə yaşayan biri kimi M.Hüseynov təsdiq edir ki,
hakimiyyətdə kimin olmasından asılı olmayaraq Ukrayna dövləti və
xalqı Azərbaycana həmişə dəstək verib. Bu münasibət
təbii ki, Azərbaycan diasporunun fəaliyyəti üçün də
yaxşı imkanlar yaradır. Soydaşımız deyir ki, güclü və azad Ukrayna digər
MDB ölkələrinin də azad və güclü olmasının başlanğıc nöqtəsidir:
“Bu xalq həmişə azərbaycanlılarla yaxın olub, tarixdə də
belə idi, indi də belədir. Ancaq bu ölkədə yaşayan hər
bir azərbaycanlı da bilməlidir ki, dostluğun güclənməsi
üçün onun da üzərinə məsuliyyət düşür. Bazarda ticarətlə
məşğul olan azərbaycanlılara həmişə deyirəm ki, mənə
1 kilo alma əvəzinə 800 qram versəniz də olar, amma
yerli xalqın nümayəndəsini, pensiyasını alıb bazara gələn
qocanı heç vaxt aldatmayın. Çünki sizin bundan qazandığınız hər qəpik
Azərbaycana və onun xalqına pulla ölçülə bilməyəcək
zərbədir”.
M.Hüseynovdan öyrənirik ki, “Donbass Sənaye
İttifaqı” korporasiyasının prezidenti, Ukraynanın ən varlı adamlarının
siyahısında yer alan Sergey Torota həm onun, həm də Azərbaycanın
yaxın dostudur. Bu dostluğun hesabına Torota Azərbaycana mal ixracına ən
münasib şərtləri tətbiq edir: “Deyir ki, əgər mən
Azərbaycanda 15-20 qaçqın ailəsinin dolanışığına kömək edə
bilirəmsə, vicdanım qarşısında az da olsa rahatlıq tapıram”.
Məlum olur ki, bu iş adamı M.Hüseynovla
dostluğun sayəsində Qarabağ problemi haqda hər şeyi bilir. Hər
fürsətdə Azərbaycanın mövqeyini müdafiə edir.
DAK Ukrayna təşkilatının sədri ilə
söhbətdən o da aydın olur ki, hazırda Kiyevdə “Azərbaycan
evi”nin tikintisi üçün danışıqlar gedir. Bu məqsədlə həm Azərbaycanın
bu ölkədəki səfirliyi, həm diaspor xətti ilə hökumət
qurumları ilə danışıqlar aparılır. İdeya baş tutsa, müntəzəm fəaliyyət
göstərəcək “Azərbaycan evi”ndə Azərbaycanla bağlı
tədbirlər, sərgilər və başqa mərasimlər təşkil
olunacaq. Lakin təşkilatın əsas hədəfi azərbaycanlıları
təşkilatlandırıb onların səslərinin parlamentdən eşidilməsinə
nail olmaqdır: “500 mindən çox azərbaycanlının yaşadığı ölkənin
parlamentində bir nəfər də olsun Azərbaycan türkü
yoxdur. Təbii ki, dağınıqlığın, təşkilatlanmamağın nəticəsində...
İndi əsas məqsədlərimizdən biri də əvvəlcə
prezident seçkilərində səs hüququ olan azərbaycanlıların
seçici kimi fəal iştirakını təmin etmək, sonra isə
parlament seçkilərində mandat əldə edə bilməkdir.
Bu məqsədlə Ukraynanın bütün əsas siyasi partiyaları ilə
danışıqlar aparılır. Ancaq hər şey ondan asılıdır ki, azərbaycanlılar
öz hüquqlarından nə dərəcədə istifadə edə
biləcəklər. Bizim imkanımız var ki, parlamentdə 3-4 mandat əldə
edək”.
Şübhəsiz ki, bütün bu təşəbbüsləri
və təşəbbüskarlığı görmək sevindiricidir. Ancaq söhbət
nəticəsində bu qənaət də hasil olur ki, diaspor
anlayışı Ukrayna azərbaycanlıları üçün də tam mənada keçərli
deyil. Diaspor bir və ya bir qrup fədakar insanın çiyinləri üzərində
qurulan fəaliyyət yox, saz mexanizm kimi çalışan şəbəkədir.
Bu şəbəkədə isə hər kəsin iştirakı olmalıdır.
Vaxtilə ABŞ-da olarkən Boston şəhərindəki erməni
məhəlləsində cəmi 2 kvadratmetrlik saatsaz dükanı olan
qoca erməninin diasporun hesabına ayda 500 dollar keçirdiyini öyrənəndə
ermənilərin Amerikada niyə bu cür güclü olduğunu dərk
etmişdim. Azərbaycan diasporu haqda isə bunu demək olmaz. Həm
Ukraynada, həm də belə görünür ki, digər ölkələrdə.
Möhlət Hüseynovu tanıyanlar deyirdilər
ki, o, sonuncu qəpiyini də vətən yolunda xərcləməyə
hazırdır. Ancaq diaspor təkcə fədakarlıq, yaxud hansısa vətənsevər
insanın təşəbbüskarlığı üzərində qurulursa, bununla çox
uzağa gedə bilməzsən. Söhbətlərdən öyrənirəm
ki, Ukraynda, eləcə də Donetsk vilayətində maddi
imkanları M.Hüseunovdan daha geniş olan soydaşlarımız az deyil. Ancaq onlar xərcə
düşməmək üçün diaspor fəaliyyətindən mümkün qədər
uzaq gəzir, səslərini çıxarmırlar ki, onları çox tanımasınlar. Sıravi
soydaşlarımızın çoxunda isə ümumiyyətlə belə təsəvvür
formalaşıb ki, diaspor təşkilatı onların məişət-dolanışıq
problemlərini həll etməli olan qurumdur. Azərbaycan dövləti
və onun milli maraqları üçün işləməyə, qazandığından
bacardığı qədər ümumi işə verməyə hazır olanlar isə
barmaqla sayılacaq qədərdir...
Fərhad
MƏMMƏDOV,
Bakı-Donetsk-Bakı
Yeni Müsavat.- 2009.- 30 iyun.- S. 11.