ŞUŞANIN İŞĞALINDAN 17 İL KEÇDİ
Yaqub Məmmədov: “Bu
işğalla birinci zərbə mənə dəydi”
Yavər Hüseyn: “Əlimdə silah tutan şəxs kimi
şəhəri qoruya bilmədiyimə görə məsuliyyətimi
hiss edirəm”
Əfqan Muxtarlı: “Az qüvvə ilə də belə,
Şuşanın müdafiəsini təmin etmək
mümkün idi”
Bu gün Azərbaycan tarixinin qara səhifələrindən
biri - Qarabağın gözü sayılan Şuşanin
işğal olunmasının 17-ci ildönümüdür.
Əslində,
Şuşanın işğalından danışmaq və ya
yazmaq yox, erməni tapdaginda olan bütün
torpaqlarımızın azad edilməsi istiqamətində əməli
addım atma vaxtıdır. Şuşa işğal olunan zaman
anadan olan uşaqların artıq əsgər getmək
vaxtıdır.
Bir də ki, sabah düşmən Şuşanın “azad
olunması” münasibətilə növbəti qələbə
paradını keçirəcək.
Hələliksə
Şuşanın işğal günündə şəhərin
müdafiəsində şəhid
olanların ruhunu anmaqla təskinlik
tapırıq. Elə bizim həmsöhbətlərimiz də həmin ağrılı günlərə
qayıtmağa çətinlik çəkdiklərini dedilər.
Xatırladaq ki, Şuşa İranın vasitəçiliyi ilə
Tehranda Azərbaycan, Ermənistan və İran rəhbərliyinin
bir araya gəldiyi dövrdə işğal olundu.
O dövrdə Ali Sovetin sədri
və prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov
dedi ki, Şuşanın işğalının İran və
Ermənistanın anlaşması kimi xarakterizə edilməsi
düzgün yanaşma deyil: “Bu, həm də İranın
vasitəçiliyinə zərbə
oldu. Burda maraqlı olan dövlətlər və daxildəki
qüvvələr, İranın vasitəçiliyi ilə məsələnin
nizamlanmasını istəməyənlər bu zərbəni
vurdular”. Y.Məmmədov qeyd etdi ki, Tehranda ötən il
Rusiyada imzalanmış Moskva bəyannaməsinə bənzər,
hətta bir az da artıq Azərbaycanın xeyrinə olan sənəd
imzalanmışdı: “Həmin görüş mayın 7-si və
8-i davam etdi. Bir neçə gün əvvəl Vəfa Quluzadə
Tehranda belə bir sənədin imzalandığını,
ancaq maraqlı qüvvələrin həmin sənədin icra
olunmasına imkan vermədiyini dedi. Həmin sənəddə
məsələnin sülh yolu ilə, atəşkəs
rejiminə əməl olunmaqla həlli
razılaşdırılmışdı. Ter-Petrosyan, Rəfsəncani
və mənim qol çəkdiyim həmin bəyannamədə
Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi
göstərilmişdi”. Y.Məmmədovun sözlərinə
görə, Şuşanın işğalı barədə
yalnız Tehranı tərk edərkən xəbər tutub:
“Hava limanında təyyarəyə minən vaxt məlumat
verdilər ki, ermənilər Şuşaya hücum edib. Hələ
onda şəhər işğal olunmamışdı. O zaman
Petrosyan İsfahana getmişdi, mən də Bakıya
qayıdırdım. Rəfsancani bizi yola salmağa gəlmişdi.
Bu xəbəri ona çatdıranda dedi ”ola bilməz".
Sonra da bu barədə Ter-Petrosyanla telefon əlaqəsi
yaradıb danışdım. Onun da bu işdən xəbəri
yox idi və təcili tədbirin görüləcəyini
bildirdi. Petrosyan keçənilki
seçkiqabağı çıxışında da etiraf etdi
ki, o vaxt Dağlıq Qarabağdakı separatçılar -
Köçəryanın dəstəsi və onun arxasında duran qüvvələr
- o, Rusiyaya işarə vururdu - bizim
danışıqlarımıza, məsələnin sülh
yolu ilə həllinə razı deyildilər. Bu mənada
həm daxildən, həm də xaricdən vurulan birinci zərbə
mənə dəydi. Bu, böyük oyun idi".
Həmsöhbətimiz
xatırlatdı ki, o zaman Şuşanın müdafiəsi
yüksək səviyyədə qurulmuşdu: “O qüvvələrlə
Şuşa heç vaxt işğal oluna bilməzdi. Həm də
orda kifayət qədər silah-sursat var idi. Sadəcə,
pərakəndəliyin hökm sürməsi, hər batalyonun
öz sahibinin olması, Müdafiə Nazirliyinə tabe olmaq
istəməməsi şəhərin itirilməsinə şərait
yaradırdı. Daxildə bəzi proseslər gedirdi, müəyyən
qüvvələr münaqişənin həllini istəmirdilər.Çünki
hakimiyyət başında mən idim. İstəyirdilər
ki, məni aradan götürsünlər.
Y.Məmmədov
bütün olub-keçənlərə rəğmən
Şuşasız Qarabağ probleminin həllini görmədiyini
bildirdi: “Şuşa qaytarılmadan Dağlıq Qarabağ
probleminin həlli mümkün deyil. Ümumiyyətlə,
Şuşasız Azərbaycanı
təsəvvür eləmirəm”.
Könüllülərdən
ibarət Şuşa özünümüdafiə batalyonunda qərərgah
rəisi olmuş Yavər Hüseyn bildirdi ki, keçmiş
döyüşçü kimi özünü günahkar
sayır: “Təbii ki, əlimdə silah tutan şəxs kimi
Şuşanı qoruya bilmədiyimə görə məsuliyyətimi
hiss edirəm. Amma son günədək orda qalmış
silahlı qüvvələlərlə Şuşanı
qoruyub-saxlamaq qeyri-mümkün idi. Düşmən kifayət
qədər hazırlıqlı idi. Mənim məlumatıma
görə, Şuşaya hücumda
16 min nəfərdən çox silahlı qüvvə,
texnika istirak edib0. Özü də bizimlə döyüşən
tək Ermənistan yox, Rusiya, həmçinin bütün
dünya erməniləri idi”. Y.Hüseyn dedi ki, indiki durumda 17
il əvvələ baxmaq daha ağırdır: “Müharibə
gedəndə bilirsən ki, ölüm-itim, torpaq itkisi olur.
Amma 17 il ərzində torpaqların azad olunması
üçün dövlət səviyyəsində kifayət
qədər səy göstərilməməsi adamı
ağrıdır. Düzdür, mən Şuşanın
qayıdacağına olan ümidimi üzməmişəm.
Amma fakt budur ki, bu gün Şuşanın azad olunması
heç danışıqlarda müzakirə mövzusu da
deyil. Söhbət ancaq Dağlıq Qarabağın ətraf
rayonlarından gedir. Təbii ki, erməni ətraf rayonları
bu gün bazarlıq etmək üçün işğal
edib. Ən ağrıdıcı odur ki, ötən müddət
insanların təslimçi sülhə hazırlanması məqsədi
güdüb. Fakt budur ki, keçən hər gün bizim
ziyanımıza işləyir. Getdikcə insanların
müqaviməti zəifləyir.
Amma hesab etmirəm ki, imzalanan təslimçi sülhün
ömrü uzun çəkə bilər. Nə vaxtsa
torpaqların təəssübünü çəkən
insanlar hakimiyyət başına gəlib
torpaqlarımızı işğaldan azad edəcək”.
Azərbaycanın Milli Qəhrəmanı
Ramiz Qəmbərovun batalyonunda döyüşən həmkarımız
Əfqan Muxtarlı isə dedi ki, Şuşada yetərincə
hərbi qüvvənin olmaması işğala zəmin
yaratdı: “O zaman hərbi qüvvələr siyasi qüvvələrə
və ayrı-ayrı şəxslərə tabe idi. Batalyon
komandirləri arasında da normal münasiətlər
mövcud deyildi. Postlar arasında düzgün
rabitə sistemi qurulmamışdı. Şuşa şəhəri
vahid komandanlıq tərəfindən müdafiə olunmurdu.
Şəhərin müdafiəsinin əsas
ağırlığı pis silahlanmış
könüllülərin üzərinə
düşmüşdü. Könüllülər batalyonunda
ağır texnika və tank əleyhinə silahlar mövcud
deyildi. Aprelin 30-da batalyonumuzun komandiri Ramiz Qəmbərov
həlak olduqdan sonra Şuşada məqsədli şəkildə
şayiə yayılırdı ki, yaxın günlərdə
şəhər təslim ediləcək. Bu da əsgərlər
və yerli əhalinin döyüş ruhunu aşağı
salan faktlardan biri idi. Digər tərəfdən, Şuşa
qarnizonuna komandan təyin olunan Elbrus Orucova batalyon komandirləri
tabe olmaq istəmirdi. Elbrus Orucovun komandirlik etdiyi
motoatıcı briqada isə hələ Şuşaya gəlib
çıxmamışdı. Belə bir şəraitdə
ermənilərin şəhərə hücumu
üçün tam zəmin yaranmışdı”. Ə.Muxtarlı
Şuşaya hücumu belə təsvir etdi: “Hücum mayın
7-dən 8-nə keçən gecə intensiv artilleriya atəşinə
tutulmaqla başladı. İlkin olaraq erməni hərbi birləşmələri
«Manuçarovun karyeri" adlanan mövqeyə hücum etdi. Həmin
mövqe bizim batalyon tərəfindən mühafizə
olunurdu. Burada tank əleyhinə silahlar mövcud deyildi. Lakin
uşaqlar son damla qanlarına qədər həmin mövqeni
müdafiə edib. 35-dən çox əsgərdən
yalnız 3-ü yaralı vəziyyətdə mövqedən
sağ çıxa bilib. Onları da Şuşadakı tanklar
çıxarmışdı. Mayın 8-i ermənilər
Şuşa həbsxanasının aşağısında yerləşən
tar sexi istiqamətindən şəhərə girə bildilər.
Ancaq onlar əsgərlərimiz tərəfindən məhv
edildi. Günorta artilleriya zərbələri
zəifləmişldi və hücum səngimişdi. Ancaq belə bir şəraitdə gözlənilmədən
Ayaz Mütəllibova bağlı olan Xüsusi Təyinatlı
Polis Dəstəsi şəhəri özbaşına olaraq tərk
etdi. Onun ardınca digər batalyonlar şəhərdən
çıxdı. Ümud yenə də könüllülər
və özünümüdafiə dəstələrinə
qaldı. Ramiz Qəmbərovun batalyonunda olan təqribən 120
əsgərdən 80-i döyüş meydanında həlak
oldu. Qalan döyüşçülərin də demək
olar ki, hamısı yaralandı. Yaralanmayıb sağ qalanlar
isə Laçının müdafiəsinə qoşuldu. Digər
batalyonlar isə sadəcə olaraq, Bakıya istiqamət
götürdülər. Faktiki olaraq mayın 8-i Şuşa
ermənilər tərəfindən işğal olunmayıb.
Şəhər bir gün boş qalandan sonra düşmən
Şuşaya soxulub. Ordakı az qüvvə ilə də belə,
Şuşanın müdafiəsini təmin etmək
mümkün idi".
Qeyd edək ki, bu gün Şuşanın işğalı Şəhidlər Xiyabanında anılacaq.
Elşad PAŞASOY
Yeni müsavat.- 2009.- 8 may.- S. 5.