DÜNYANI ÜÇ DƏFƏ BOŞAMIŞ HƏZRƏT
ƏLİ (Ə)
«Allahım! Tutaq ki, mən cəhənnəmə
düşdüm, onun məşəqqətinə
dözdüm, bəs Səninlə ayrılığa necə
dözüm? Səndən ayrı düşməyimə necə
dözüm?» (Müsəlmanların əmiri Əli (ə))
Bismilləhir-Rahmənir-Rahim. Həmd olsun əziz Allaha ki, insanı xəlq edərək, onu bütün varlıqlardan fərqləndirib, onu şüur, ağıl iradə ilə zinətləndirib. Öz sonsuz lütfü ilə insana gözəlliyi, haqqı, ədaləti tanımaq və sevmək mərifəti nəsib etdi. Bəndələrinə eybəcərliyə, ədalətsizliyə, zülmə "yox!» demək ləyaqəti nəsib edib. Allahın salamı olsun kamillik və ləyaqət rəmzi olan əziz Rəsulullaha (s) və onun pak Əhli-Beytinə(ə)!
Bir arifin 3 dərsi
Həmd olsun Allaha ki, Onun
lütfü, inayəti ilə, Quranın nazil olma gecəsi
olan Qədr gecəsi dönəmini dərk edib yaşatmaq
tofiqatı bizlərə nəsib olub. Bu günlər Həzrət
Əlinin (ə) şəhadəti günləri, Əlinin (ə)
dünyadan getdiyi faciəli günlərdir.
Həzrət Əlinin (ə)
mübarək vücudu ilə bağlı, həyatının
müxtəlif səhnələri ilə bağlı bəhsə
keçməzdən öncə, buna müqəddimə olaraq
bir mətləbə toxunaq. Belə ki, bir nəfər arif
insandan soruşurlar ki, "sən niyə fiqh elminin arxası
ilə getmirsən?» Yəni bir alimdir, arifdir, yüksək mənəvi
dərəcəyə, mənəvi qurtuluşa
çatmış insanlardan biridir. Bundan sual edirlər ki,
"niyə sən fiqh elmi barədə biliklərini bundan
daha artıq dərəcəyə çatdırmağa
vaxtını sərf etmirsən?»
Cavabında həmin o əziz arif
buyurur: «Mən fiqhdən 3 məsələ öyrəndim,
onlar mənim üçün kifayətdir. Bu məsələlərdən
birincisi talaq bəhsindən, ikincisi nikah bəhsindən,
üçüncüsü isə alış-veriş bəhsindəndir».
Zahirdə çox qəribə səslənir, sanki çox
ibrətamiz bir məsələdir. Nə istəyir deyə o
arif?
Nikah, yəni evlənmə, ailə
qurma. Bu, fiqhin bir bölməsidir. Alim buyurur ki, nikah məsələsindən
bunu öyrəndim ki, iki bacı ilə nikah caiz deyil, buna icazə
yoxdur. Yəni mübarək şəriətimizin bir müddəası
var ki, bacı olan 2 xanımla ailə qurmaq olmaz. Həmin arif
deyir: "Dünya və axirət bacı hökmündə
olduğu üçün mən anladım ki, bunların
ikisini cəm etmək olmaz. Mən dünyadan etiraz etdim və
axirət bacısını seçdim».
Dünya deyəndə bu
dünyanın murdarlığı, zəlilliyi nəzərdə
tutulur. O şeylər ki, bu dünyada insanı kamala aparır,
bunlar axirət üçündür, bunlar burada işarə
olunan "dünya» anlamına aid deyil. Arif də deyir, mən
seçimimi etdim, anladım ki, bu iki bacıdan
üstünü axirət bacısıdır və mən
dünya bacısı ilə ailə qurmadım.
Talaq boşanmaya aid fiqhin bir bölməsidir. Arif deyir: "Mən talaqdan onu öyrəndim ki, Rəsulullahın (s) talaq verdiyi şəxslə heç kəs ailə qura bilməz». Bu da bir şəriət məsələsidir. Arif davam edir: "Mən anladım ki, dünya Allahın Elçisinin (s) və onun pak Əhli-Beytinin (ə), pak İmamlarımızın təlaq verilmişləridir». Yəni, dünya bir varlıqdır ki, özünü təqdim edib Peyğəmbərə (s), İmamlarımıza (ə), onlar isə ona talaq veriblər. Özü də rəvayətlərdə var ki, üç dəfə talaq veriblər. Yəni bir xanıma üç dəfə talaq verəndən sonra, o, insana haram olur. Onunla 4-cü dəfə evlənə bilməz. 3 talaqdan sonra istəsən də bu adamla ailə qura bilməzsən. Peyğəmbərimiz (s) və İmamlarımız da dünyaya 3 dəfə təlaq verməklə ondan tamamilə imtina ediblər.
Arif deyir: "Mən anlayanda ki, dünya Peyğəmbər (s) və onun Əhli-Beytinin təlaq verilmişləridir, fikirləşdim ki, bu istifadə olunmalı bir şey olsa idi, onlar bundan istifadə edərdilər. Bir şeyi ki, onlar boşayıb, demək bundan istifadə etmək olmaz. Mən anladım ki, mənim üçün dünyadan həyat yoldaşı çıxmaz».
Arif sonra buyurur ki, "Amma alış-veriş bəhsindən oxudum, öyrəndim ki, nisyə alış-veriş xeyirli deyil, nisyədən bir şey çıxmaz. Anladım ki, nisyə ilə adam çox uzağa getməz. Anladım ki, sərf edən alış-veriş nağd alış-verişdir». Arif deyir: "Həyatıma baxdım, gördüm mən bu gün, bu durumumda, bu vəziyyətimdə, bu şəraitimdə nisyə alış-veriş edə bilmərəm. Mən bu günümü sabaha, o biri günə, gələn aya, beş il sonraya, qırx yaşından sonraya, əllidən sonraya saxlaya bilmərəm. Bunlar nisyə alverlərdir. Mən alış-veriş bəhsindən nağd ticarətin üstünlüyünü anladım. Mən başa düşdüm: adam gərək nağd alış-veriş etsin. Ona görə ki, mən bilmirəm sabah var, ya yox. Odur ki, gərək baxım görüm bu gün nə edirəm».
***
Əhya gecələri dönəmində yaşayırıq. Gəlin nisyədən yox, nağddan yapışaq. Nağd odur ki, bax bu gün qurtarmaq lazımdır bütün günahlarla, tövbə etmək lazımdır. Nağd odur ki, bu gün Allahla rabitə yaratmaq lazımdır. Bu gün əlimizdə imkan var, əlimizdə şərait var, bu gün bəndə olma günüdür. Fikirləşən olar ki: "Hələ bir əhya gecəsi də var, Ramazan ayı gələn il də var». Axı o hələ bilinmir ki, var, ya yox. İndi fürsətdir həqiqi mənada adam olmaq üçün, bəndə olmaq üçün.
Beytül-mala münasibət
İnşəallah, indi keçək ömrünü nağd yaşamış bir insanın həyatına nəzər salaq. İki bacı (dünya və axirət) arasında seçimində, dünyaya "yox!» demiş bir insanın həyatına. Dünya özünü Həzrət Əliyə (ə) təqdim etdi. Əli (ə) dünya bacısına lyox» dedi, axirəti seçdi. Baxaq bir insanın həyatına ki, dünyanın özünü təqdim etməyinin müqabilində dünyaya üç dəfə «talaq» verdi. Yəni bundan sonra, 3 dəfə «talaq»dan sonra dünyadan Əliyə (ə) həyat yoldaşı çıxmaz.
Belə bir şəxsin şəhadət günlərindəyik. Sadə dillə desək, bir şəxsin şəhadət günləridir ki, şəhadəti ilə göstərdi ki, yaşamaq nə deməkdir, ölmək nə deməkdir və kamil insan nə deməkdir. Rəsulun (s) şagirdi, möminlərin əmiri olan Əli (ə) kimi bir insanın şəhadət günləridir.
Əlini (ə) tanımaq üçün bir səhnəni təsəvvür edək. Bu hadisə Rəsulullah (s) məktəbinin ən şərəfli şagirdi - Əlinin (ə) hökumət başında olanda baş verib. İbni Hədid nəql edir ki, zəmanənin ən nüfuzlu insanlarından olan Təlhə və Zübeyr günlərin birində, gecə vaxtı Əmirəlmöminin Əlinin (ə) yanına gəlirlər. Təlhə və Zübeyr kimdir? İslam üçün qılınc vuran, can qoyan bir insanlar. Sonradan dünya öz işini görür, bunlarda dəyişikliklər baş verir. İndi gəliblər Əlinin (ə) yanına. Gəlməklərində məqsəd odur ki, narazılıqlarını bildirsinlər: "Sən niyə öncəki xəlifələr kimi biz iki nəfərə xüsusi diqqət yetirmirsən? Niyə bizlərə başqalarından çox pul və ya mal vermirsən, bizləri başqalarından üstün tutmursan?»
Bunlar gəlirlər Əlidən (ə) gileylənələr, şikayət edələr, görürlər ki, İmam oturub, qarşısında bir şam və bir dənə də dəftər. Görürlər, bunlar ikisi içəri daxil olan kimi, Əli (ə) şamı söndürür. Onlar şamın söndürülməsinin səbəbini soruşurlar. İmam buyurur: «Bu şam müsəlmanların beytül-malındandır və bu dəftər də onların beytul-malının hesab-kitabıdır. Bu baxımdan, onların məsələsi ilə bağlı bu şamdan istifadə edirəm. Yəni bu şam beytul-malın işləri üçündür. İndi siz - Təlhə və Zübeyr isə gəlmisiniz mənə baş çəkəsəniz, mənimlə şəxsi işiniz var, bu baxımdan, onu söndürdüm, indi bir dənə də başqa şam - şəxsi şamımı, sizin üçün yandıracağam».
Təlhə və Zübeyr bu sözləri eşidəndən sonra başa düşürlər ki, Əlidən (ə) gileylənmək və şikayət etməyə yer yoxdur. Özləri çıxıb gedirlər və sonra da bu cür Əli (ə) ədalətindən narazıları yiğıb bir güruh halına gəlirlər və sonda vəziyyət Cəməl müharibəsi ilə nəticələnir.
«Mən gərək ölkəmdə
ən imkansız insan kimi yaşayam...»
Başqa bir misal. İbn Qeysdən nəql olunur ki, "Müaviyənin (lən) yanında idim. O qədər müxtəlif şirnilər gətirirlər, xidmətinə təəccüb edirəm. Sonra növbə çatır yeməklərə. Süfrə sərirlər, o qədər müxtəlif rəngarənglik olur ki, mən orada olan yeməklərin heç adlarını da bilmirdim. Bir-bir adlarını soruşuram, Müaviyə (l) də bir-bir mənə deyir: Bəs bu budur, bunun isə adı budur və s.» Məni birdən ağlamaq tutdu. Müaviyə (l) soruşur ki, lniyə ağlayırsan», dedim: "Yadıma Əli (ə) düşdü. Yadıma düşdü ki, bir gecə Əlinin (ə) qonağı idim. İftar vaxtı çatdı. Əli (ə) mənə təklif etdi ki, qal, bu gün mənimlə iftar et. Bir də gördüm ağzı bağlı halda yeməklər gətirdilər. Dedi ki, bu yemək arpadandır. Dedim: «nə əcəb ağzını bağlamısınız, üstündən yeyərlər, yoxsa başqa bir səbəbdən?» Əli (ə) dedi: Xeyr, əslində qorxum budur ki, Həsən və Hüseyn yeməyə yağ tökərlər». Dedim, "Məgər yağ yemək, yeməyə yağ vurmaq haramdır?» Dedi "xeyr, lakin İmamlara və adil rəhbərlərə vacibdir ki, dolanışıqlarını ən imkansız insanlara uyğun müəyyənləşdirələr ki, fəqirlər də yoldan çıxmasınlar».
Yəni Həzrət Əli (ə) deyir ki, ldüzdür, yaxşı yemək haram deyil, amma mən ki, Əliyəm və bu məmləkətin rəhbəriyəm, İmamam və Əmirəlmömininəm, demək, bu məhdudiyyət mənə aiddir. Mən gərək ölkəmdə ən imkansız insan kimi yaşayam». Niyə? Çünki imkansızlar da utanmasın. Bu, Əli (ə) dərsidir.
Onu şəhid etməsəydilər,
bu dünyadan gedən deyildi
Bu məsələlərə toxunmaqda məqsəd budur ki, bir qədər Həzrət Əlini (ə) tanıyaq. O, bir nurani şəxsiyyətdir ki, bir insandır ki, saatlar, günlər, həftələr, illər, əsrlər qadir deyil «Əli (ə) kimdir» sualına cavab verə. Bir neçə məsələyə də toxunaq və yekunlaşdıraq. Əli (ə) bir şəxsdir ki, tək müsəlmanlar onun haqqında danışmırlar. Bu gecə həmin şəxsin şəhadətidir ki, onun şəhadəti ilə bağlı Qərb alimlərindən biri deyir: «Əgər Əlini (ə) zərbətləməsydilər, əgər Əli (ə) mehrabda namazda dayanan vaxtı öldürülməsə idi, Əli (ə) bu dünyadan gedəsi deyildi». Deyirlər «Necə?» Həmin alimin hədislə, Quranla işi yoxdur. Müsəlman da deyil. Deyir: «Mən Əlinin (ə) həyatını mütaliə etmişəm. Onun həyatında bir dənə də olsun ifrat-təfrit yoxdur. Bu insan nə edib, kamillikdir». Bu insan döyüşüb haqq uğrunda. Bu insan yaşayıb haqq uğrunda. Bu insan daim durub haqq müstəvisində.
Gəlin Əlinin (ə) həyatının səhnələrinə nəzər salaq. İmam Əli (ə) Allah evində dünyaya gəlir, Allah evində də dünyadan gedir. O, kişilərdən Allah dinini ilk qəbul edən insandır. Bilavasitə Allah Elçisinin (s) tərbiyəsini görən insandır. Allah Elçisi (s) ilk müraciətini edəndə, o, "ləbbeyk!» deyən ilk insandır. Əli (ə) baxmayıb əməlləri kiminsə xoşuna gələr və ya gəlməz. Baxıb ki, Allah bu işdən razı deyilsə, onu etməsin. Əqil kimi qardaşı qapısına gələndə, Əli (ə) ona deyir ki, mənim özümün nəyi varsa, verim. Amma mən sənə görə Allahıma qarşı çıxmayacağam. Yaxud Təlhə və Zübeyr gəlirlər, vəzifə, məqam istəyirlər. Asan idi onları razı salmaq, əlində idi hər şey. Təlhə-Zübeyrkimilərə guya nə lazım idi ki? Deyə bilərdi ki, lhə, filan yerin valiliyini verdim sənə».
Söz demək asan məsələdir. Müaviyənin (l) etdiklərini ondan yaxşı da etmək olardı. Hoqqabazlıqları nə var etməyə, siyasətbazlıqları nə var etməyə? Nə var hoqqabaz olmağa, nə var zəlil yaşamağa? Amma Əli (ə) bunu edə bilməzdi, çünki o Əlidir (ə)!
Bu gün kimsə Əliyə (ə) baxıb deyə bilər ki: "Nə olardı ki?» Nə çətin iş idi ki, Əli (ə) Təlhəyə bir vəzifə verərdi, Zübeyrə də bir şey verərdi. Əqilə də bir şey verərdi. Sonra yavaş-yavaş, mərhələ-mərhələ digər məsələləri həll edərdi, İslamı bərqərar edərdi.
Amma, Əli (ə) onu edə bilməzdi. Əgər, Əli (ə) belə etsəydi, tarixdə Əli (ə) kimi qalmazdı. İndi soruşulanda ki, "Hanı təmiz İslam?», "Hanı ədalətli rəhbər?» deyirik, baxın Rəsulullaha (s), Əliyə (ə). Soruşanda ki, Hanı həqiqi vətəndaş mövqeyi?», deyirik, baxın Hüseynə (ə). Soruşanda: "Hanı mənəviyyat?», deyirik, baxın İmam Səccada (ə); "hanı dönməzlik» deyirik, baxın İmam Kazıma (ə); "hanı əziyyətlərə qarşı mətinlik, şücaət, dönməzlik?», deyirik baxın Həzrət Zeynəbə (s.ə).
Maşaallah, Rəsulullah (s) məktəbinin bolluca yetirməsi var. Biri elə Əbazər. Əbazər üçün asan olardı ki, danışmaya, asan olardı ki, haqqı müdafiə etməyə. Əbazərə asan olardı ki, Təlhə-Zübeyr kimi ola. Amma Əbazər onu etsəydi, daha Əbazər olmazdı ki! Əbazər seçimini edir, ona görə də Əbazər tarixdə qalır. Həmçinin Rəsulullahın (s) bütün digər yetirmələri də. Rəsulullah (ə) məhz Əli (ə) kimi insanları yetişdirmək üçün gəlib.
Əlini (ə) tanıtdırmaq üçün bir "Kumeyl» duası kifayətdir. "Allahım! Tutaq ki, mən cəhənnəmə düşdüm, onun məşəqqətinə dözdüm, bəs Səninlə ayrılığa necə dözüm? Səndən ayrı düşməyimə necə dözüm?». Budur Əli (ə)! Peyğəmbər (s) məktəbinin mübarək bir şagirdi!
Allah Təaladan istəyimiz budur ki, Əli (ə) zirvəsinə xatir, Əli (ə) şəhadətinə xatir, Əli (ə) həyatına xatir bizləri həqiqi bəndələrdən qərar versin!
Allahım,
bizə Səni tanımağı nəsib et! Allahım, bizi Sənin
sonuncu Peyğəmbərinin (s) və onun Əhli-Beytinin (ə)
yolunu getməyi nəsib et! Allahım, bizə Quranı
tanıyıb ona əməl etməyi nəsib et! Allahım,
bizi Hüseyndən (ə) ayrı salma! Allahım bizə Zəmanə
Sahibinin - Həzrət Mehdinin (ə.f.) zühurunu tezləşdirənlərdən
olmaq şərəfini nəsib et! Amin!
Hacı İlqar
İBRAHİMOĞLU
Yeni müsavat.- 2009.- 11 sentyabr.- S.
14.