Xatirələrdə əbədiləşən şair
Əlirza Abdullayev – 100
Son zamanlar müxtəlif dövrlərdə yaşayan şair və yazıçılarımızın ədəbi irsi araşdırılmaqda, təbliğ edilməkdə və xalqın istifadəsinə verilməkdədir. Çünki onların bizə miras qoyub getdikləri ədəbi irs gələcək nəsillərə hökmən çatdırılmalıdır.
Bir anlığa tarixin səhifələrini vərəqləyib 30-cu, 40-cı illərə, nəzər salırıq. Hərçənd, bu illərlə bağlı çox material dərc olunub. Lakin bunlar təbii ki, kifayət deyil. Nə qədər qurbanlar gətirib bu qanlı-qadalı, dəhşətli illər. Bu qurbanlar içərisində şair, yazıçı, alim, dövlət və ictimai xadimi və s. olmuşlar. Bir sözlə, böyük əvəzsiz itkilər, məhrumiyyətlər, yarımçıq qalmış ailələr. Bu illərin ağır yaraları, günahsız qurbanları heç şübhəsiz gənc nəsli düşündürür və düşündürməkdədir. Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Seyid Hüseyn kimi ədiblər məhz bu illərin qurbanları olmuşlar. Onların “günahları” doğma vətənini hürr, müstəqil görmək istəmələri, özlərinin isə türk əsilli olmaları ilə əlaqələndirilmişdir.
1936-1942-ci illərdə yazıb yaradan, ədəbiyyat tariximizdə maraqlı əsərlərilə hələ kifayət qədər tanınmağa macal tapmayan, amma çox böyük istedada malik olmuş gənc şair Əlirza Abdullayev (Xızılı) də bu dəhşətli illərin qurbanlarındandır. Bu şairin yaradıcılığını o zamankı dövri mətbuatda araşdırarkən dövrün tanınmış tənqidçi alimlərinin tənqid və biblioqrafiyalarında şair Əlirza Abdullayevin adına da rast gəlmək olur.
“Gənc işçi” qəzetinin 1940-cı il 9 may tarixli 104-cü nömrəsində , “Gənc şairlər” məqaləsində tənqidçi-alim, filologiya elmləri doktoru, professor Əkbər Ağayevin aşağıdakı qeydlərini oxuyuruq: “Biz son dövrdə ədəbiyyat sahəsinə gəlmiş və müvəffəqiyyətlə inkişaf edən Ə. Ziyatay, B. Qasımzadə, Z. Xəlil, Ə. Tələt, İ. Soltan, M. Sona, A. Əlirza kimi gənc şairləri xüsusilə nəzərdə tuturuq. Çünki, bunlar ədəbiyyatımızın başqa (nəsr, dramaturgiya) sahələrində həvəs göstərən və yeni yazmağa başlayan gənclərə nisbətən daha tez inkişaf etmişlər. Bu gənclərin çoxu artıq respublikamız miqyasında tanınırlar. Bunların böyük gələcəyi vardır...”
Əlirza Cəfər oğlu Abdullayev 1916-cı ildə Bakı şəhərində, məşhur Dağlı məhəlləsində fəhlə ailəsində anadan olmuşdur. Orta və ali təhsilini də Bakıda almışdır. Ədəbiyyat aləminə fəhləlikdən gələn və ədəbiyyata, poeziyaya böyük maraq göstərən Əlirza Abdullayev təhsil aldığı illərdən şeirlər yazmağa başlamışdır. Belə ki, onunla bir məhəllədə qonşuluqda yaşayan böyük dramaturq Cəfər Cabbarlının, ölməz şair Mikayıl Müşfiqin Əlirzanın yaradıcılığına böyük təsiri olmuşdur. O, mətbuatda, “Ə.Abdullayev”, “Əlirza”, “A.Əlirza”, “Əlirza Xızılı” imzaları ilə müntəzəm çıxış etmişdir. O, “Azərnəşrdə”, “Kommunist” qəzetində və “Vətən uğrunda” jurnalında əməkdaşlıq etmişdir. Şairliklə yanaşı, mahir redaktor kimi çalışaraq, bu sahəyə öz töhfəsini vermişdir. Lakin onun bu çağlayan, qaynar həyatına son qoyulur. Şair 1943-cü ildə, günahsız həbs olunduqdan sonra, saxta ittihamlarla qətlə yetirilmişdir. Müasirlərinin dediklərinə görə onun həbsi qurama işlə əlaqəli olmuşdur. NKVD işçiləri şairin iş yerindəki masasının siyirtməsində oxunmamış bir məktub aşkarlamışlar. Guya bu məktub Əlirzaya ünvanlanıb və orada Sovet Ordusunun tezliklə məğlub olmasından, arxada insanlarda ruh düşkünlüyünün olmasından, hətta evində ailəsinin ac olmasından bəhs edilir... Bəli, belə saxta, qurama üsulla bu gənc, istedadlı şairi də həbs etdirib, həyatına son qoyublar.
Günün aktual məsələlərini məharətlə qələmə alan və üslubu ilə ədəbiyyatda özünü tanıdan Ə. Abdullayev əsərlərində xalqımızın nailiyyətlərini, insanpərvərliyi, vətənpərvərliyi, xalqlar dostluğunu və s. özünəməxsus tərzdə tərənnüm etmişdir.
O, dövri mətbuatda müntəzəm olaraq şerləri ilə çıxış etmiş və “Döyüşçünün səsi”, “Qaraçı”, “Çin qızı, “Həqiqət aynası” və s. əsərlərilə oxucuların diqqətini cəlb etmişdir. Yaradıcılığının ən məhsuldar dövrü isə 1937-1938-ci illərə təsadüf edir.
“Məhkəmə”, “Doloress İbarruriyə”, “Çin qızı” və s. şairin siyasi mövzuda yazdığı əsərlər içərisində xüsusilə seçilir. “Doloress İbarruriyə” şerində İspaniyanın görkəmli partiya xadimi Dolores İbarrurinin fəaliyyəti, “Məhkəmə” şerində partiya və dövlət xadimi S.M.Kirovun qətli təsvir olunur. “Çin qızı” poemasında Çin xalqının yapon işğalçılarına qarşı apardığı mübarizə əks olunur.
Deyəydim- Çin qızı hələ çiçəkdir.
Onu budağından
qoparmaz hər yel!
Çin xalqı
ölməmiş ölməyəcəkdir
Qoy buna inansın, hər oba, hər
el.
Dövrün ən məhsuldar əsərindən sayılan
“Çın qızı”
poeması geniş oxucu kütləsi tərəfindən böyük
rəğbət hissi
ilə qarşılanıb. Bu günki
prizmadan baxanda əslində şair sətiraltı məna ilə Azərbaycan xalqının Rus
imperiyasına qarşı
apardığı mübarizəni
təsvir edir.
Şair, VIII Ümumittifaq
fövqəladə Sovetlər
qurultayına həsr etdiyi “Raport” şerində əmək adamlarına, onların əməyinə böyük
qiymət vermişdir
Bizik, ağ
qızıl dərən
zəngin çöllərdən
Yerin damarını soranlar bizik.
Bizik işıq alan coşqun
sellərdən
Yeni bir kainat quranlar
bizik.
Qəlbi daim eşq atəşi,
gənclik ehtirası ilə alovlanıb-yanan şairin əsərlərində
məhəbbət mövzusu
xüsusilə, diqqəti
cəlb edir. Bu səpkidən olan şerlərdə sevgi və ona inam,
hörmət hissi oxucuda xoş əhval-ruhiyyə, saf və səmimi məhəbbət hisslərini
aşılayır. “Bəxtəvərlik
deyilmi?”, “Könlümü”
kimi şerlərində
saf sevgi motivi əsas yer tutur:
Əssə də üstümdə ölüm
rüzgarı
Sönməz içimdəki
sevda odları:
Əlirza, canandan
soraydın barı
Nə vaxt güldürəcək
vüsal könlümü.”
Əlirza Abdullayevin yaradıcılığında
Böyük Vətən
müharibəsi də
xüsusi yer tutur. O bu illərdə
“Gəlirəm, bala!”
(Cəbhəyə məktub),
“Qaraçı”, “Qızıl
Moskva”, “Döyüşçünün
səsi” və s. kimi gözəl şerlər yaratmışdır:
Gəlirəm, içimdə
od var,
alov var;
Önümdən sağ qaçsa faşist övladı,
Məni qucağına
almasın məzar,
Mənə haram olsun kişilik adı!..
Şairin müharibə mövzusunda
yazdığı şeirlər
bu gün də öz aktuallığını saxlamaqdadır. Belə ki,
bu əsərlər ölkəsində müharibə
gedən vətən oğullarının hərbi
vətənpərvərlik ruhunda, səfərbərlik
ruhunda, tərbiyəsində
mühüm rol oynayır.Şair həmçinin,
yaradıcılığında bədii tərcüməyə
də böyük əhəmiyyət vermiş
və bu sahədə müəyyən
müvəffəqiyyət qazanmışdır.
Bu tərcümələr içərisində M.Qorki,
İ.Aratovski, Y.Raynis,
İ. Frankonun sənət
nümunələrinə də
rast gəlirik.
Şairin tərcüməçilik fəaliyyətində
kalmık eposu “Canqar” dan etdiyi
tərcümələr xüsusilə
diqqətə layiqdir.
Şair Əlirza Abdullayevin məzmunlu, mənalı, ahəngli, emosional, səmimi, orijinal şerləri XX əsr Azərbaycan sovet şerinin inkişafında
müəyyən rol oynamışdır.
Tanınmış şair,
Ağasəfanın söylədiklərinə
görə, görkəmli
yazıçı, ədəbiyyatşünas,
filologiya elmləri doktoru, professor Əzizə
Cəfərzadənin 2001-ci ildə qələmə aldığı “Rübabə-sultanım”
adlı tarixi romanının “Şair Əlirza” bölümü
cəmi 26 il ömür sürmüş
gənc şair Əlirza Abdullayevə həsr olunmuşdur.
Şairin yaradıcılığı zəngin,
çoxşaxəli olduğundan
ədəbiyyatşünaslarımız tərəfindən araşdırılmağa
layiqdir.
Qafar Əsgərzadə
Əməkdar jurnalist,
pedaqogika üzrə fəlsəfə doktoru
Yeni Təfəkkür.- 2017.- 22 dekabr.- S.3.