İsmayıllı sakinləri Nəsiminin 650 illiyi

ilə əlaqdar 650 min ağac əkmək təşəbbüsünə

sevinclə qoşulub, 20 min 200 ağac əkilib

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə  2019-cu ilin “Nəsimi ili” elan edilməsi çərçivəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bir gün ərzində Respublika ərazisində 650 min ağac əkmək təşəbbüsünü irəli sürüb. Təşəbbüsə böyük sevinc və məsuliyyətlə qoşulan İsmayıllı sakinləri 20 min ədəd ağac əkməyi qərara alıb. Bu dəyərli, ekoloji tarazlığın yaradılması və möhkəmləndirilməsində çox əhəmiyyətli olan aksiyanın həyata keçirilməsi üçün bütün hazırlıq işləri vaxtında görülüb.

Bir ay öncədən ağacların əkilməsi üçün yerlər müəyyənləşdirilib, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 19000 tingin sifarişi verilərək ilkin hazırlıq işləri görülmüş və əkin işlərinə başlanılmışdır. Daha 1000 ədəd ting isə yerli imkanlar hesabına tədarük edilmişdir.

06 dekabr 2019-cu il tarixdə dövlət başçısının Sərəncamına, Birinci vitse-prezidentin təşəbbüsünə cavab olaraq İsmayıllı sakinləri mütəşəkkiliklə ağac əkininə çıxıblar. Aprel zəfər döyüşünə həsr olunmuş “Zəfər” parkında 700, Heydər Əliyev prospektində 300, Əbülhəsən Ələkbərzadə küçəsində 1200, və rayonun bütün kəndlərində, bələdiyyə ərazilərində çoxnövlü ağaclar əkilib. Bu nəcib təşəbbüs rayonun bütün idarə,müəssisə və təşkilatları, yerli icra və özünüidarəetmə strukturları, gənclər, ağsaqqallar, ümumi təhsil məktəbləri tərəfindən bəyənilib və həyata keçirilib. Nəticə olaraq rayon ərazisində 20000 ədəddən çox ağacın  əkilməsi başa çatdırılıb. Əkilən ağaclar sırasında tut, qoz, fındıq, akasiya tingləri üstünlük təşkil edib.

Bundan əlavə İsmayıllı Rayon İcra Hakimiyyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə razılığı əsasında İsmayıllıda olan meşə talalarında meşələrin bərpa olunması üçün plan hazırlanıb. Plana əsasən rayon ərazisində ağacəkmə kompaniyası davam edəcəkdir.

Eyni zamanda rayonda barama istehsalını inkişaf etdirmək və artırmaq üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 10000 ədəd tut tinginin də əkilməsi davam edir.

 

Azər Bədəlov

 

Yeni Təfəkkür.- 2019.- 13 dekabr.- S.2.