Müşfiqli
dünyanın təntənəsi
“Böyük şair Mikayıl
Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən
layiqincə bəhrələnməklə yaratdığı dərin
lirizmə malik və doğma
dilin bütün gözəlliklərini özündə
ehtiva edən bənzərsiz poetik nümunələrlə
Azərbaycanın çoxəsrlik
bədii fikir xəzinəsini daha da zənginləşdirmişdir.
Forma yeniliyi, məzmun genişliyi,
romantik əhval və yüksək həyat eşqi
bu söz sənəti incilərinin başlıca keyfiyyətləridir.
Müşfiqin adı
1930-cu illər totalitarizminin
qurbanına çevrilmiş məsum insanların xatirəsinin
rəmzi və nakam şair obrazı kimi xalqın
yaddaşında yaşamaqdadır”.
İlham Əliyev
İnsan həyatı təlatümlərlə,
eniş-yoxuşlarla, sevinc və kədərlə doludur. Hər bir bəşər
övladı bu təzadlı həyat yollarından keçərək
ya özünü təsdiq edir, ya da ki, hər bir mənada iz
qoymadan yox olur.
...1908-ci
il iyun ayının 5-də Bakı şəhərində, məşhur
Dağlı məhəlləsində dövrünün
görkəmli maarifpərvər ziyalılarından olan,
pedaqoq, şair, dramaturq Mirzə Əbdülqadır
İsmayılzadə Vüsaqının evində dünyaya
yenicə göz açan körpə
çığırtısı gəldi. Təbii
ki, hər bir çağa dünyaya ilk dəfə göz
açanda belə çığırtı labüddür.
Lakin, bu körpənin
çığırtı səsi, bağırtısı fərqli
idi, kəsmək birmirdi durmadan, daha da ucadan gəlirdi. Sanki bu körpə oğlan uşağı həyata
gəlməsinə üsyan edirdi. Sanki hiss edirdi ki, onu
qarşıda çox məhrumiyyətlər,
haqsızlıqlar, işgəncələr və dünyadan
nakam köçmək gözləyir. Bəli,
o, yanılmamışdı. Bütün
sadaladığımlar onun alın yazısı idi. Uşaqlıqdan yetim qalmaq, ata-ana nəvazişindən
məhrum olmaq, həbs, işgəncə, ölüm.
Baxmayaraq ki, həyatının az da olsa
xoşbəxt anları, misilsiz yaradıcılığı,
həyat eşqi onu əbədiyaşar etdi. Qədim
el misalında deyildiyi kimi, xeyirlə şər
qardaşdır, qoşa irəliləyirlər.
Haqqında
söz açacağım bu körpə sonralar 29 il
ömür sürüb, ədəbiyaşarlıq qazanaraq, XX
əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli,
ən qüvvətli klassiklərindən birinə çevrilən,
uşaqdan böyüyə, ahıllara qədər sevilən,
hörmət və ehtiramla anılan şair, pedaqoq, tərcüməçi
Mikayıl Müşfiqdir. Bu arada görkəmli nasir, əməkdar
elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal
Paşayevin şair haqqında dedikləri sözləri
xatırlamaq istəyirəm: “Mikayıl Müşfiq Azərbaycan
poeziyasında parlayan, çağlayan bir dağ şəlaləsidir.
Onun dərin lirizmə malik poetik, romantik sənət
inciləri milyonlarla insanın qəlbinə hakim kəsilərək,
onu XX əsr Azərbaycan ədəbiyyatının ən
qüdrətli klassiklərindən birinə
çevirmişdir”.
Bəli, o, heç də hər bir ədibə nəsib
olmayan klassik zirvəsinə yüksəlib. Özü də
29 yaşında. Bu, şair xoşbəxtliyi
deyilmi?
Ədəbiyyata 1926-ci ildə “Bir gün” şeiri ilə
gəlib. Əsərləri ilə o zaman yenicə
formalaşmağa başlayan Azərbaycan sovet ədəbiyyatına
yeniliklər gətirməklə böyük hadisəyə
çevrildi. Sağlığında 10 kitabı -
“Küləklər”, “Buruqlar arasında”, “Pambıq”,
“Günün səsləri”, “Vuruşmalar”, “1 may”, “Şəngül,
Süngül, Məngül ”, “Şerlər”, “Qaya”, “Kəndli
və ilan” kitabları işıq üzü görüb. Sonuncu “Çağlayan” kitabının əlyazmalarından
ibarət qovluq çap üçün nəşriyyatda
olduğu zaman Müşfiq həbs olunduğu
üçün bu kitab işıq üzü görə
bilmir. O zaman nəşriyyatda çalışan bir əməkdaş,sonralar özü də repressiyaya məruz
qalaraq həbs olunacaq gənc şair Əlirza
Xızılı kitab qovluğunu aradan çıxarır və
saxlamaq üçün dövrünün görkəmli
ziyalılarından olan Şəmsəddin Abbasova
ötürür. Ş.Abbasov Müşfiqin bəraətindən
sonra onu nəşriyyata təqdim edir və 11-ci
“Çağlayan” kitabı işıq üzü
görür.
M.Müşfiqin yaradıcılığı çox
geniş və rəngarəngdir. Yaradıcılığının
ən məhsuldar dövrü keçən əsrin otuzuncu
illərini əhatə edir. Onun lirik, romantik şeirləri,
eləcə də vətən, torpaq, əmək, təbiət
və s. şeirləri, həmçinin, uşaqlar
üçün yazdığı əsərləri, tərcümə
nümunələri oxucuda maraq doğurmaqla, onları
düşündürür, şairin səslədiyi sənət
dünyasına səyahətə aparır. Hər bir
şerində, hər bir misrasında böyük məna, hikmət,
fəlsəfə var. Onun əsərlərini oxuyanda bir daha əmin
olursan ki, qəlbin, ruhun dili məhz Müşfiq şeirlərində,
onun şeirlərinə yazılmış mahnılardır.
Müşfiq ilk növbədə gənclik şairi, məhəbbət,
eşq şairidir. Onun sevgidən doğan romantik şeirləri,
lirik hiss və duyğulardan yoğrulmuş misraları
ülvi hisslərdən, dərin məhəbbətdən,
tükənməz və sağlam eşqdən xəbər
verir. “Həyat sevgisi”, “Gecə düşüncəsi”,
“Yenə o bağ olaydı”, “Məhəbbət”, “Qurban
olduğum” və s. şeirləri ülvi məhəbbəti
tərənnüm edən ən qiymətli sənət inciləridir.
Xalq şairi Nəriman Həsənzadənin təbirincə
desək, təkcə Azərbaycan ədəbiyyatında deyil,
heç bir xalqın ədəbiyyatında sevgiliyə “Qurban
olduğum” ifadəsi işlədilməyib. Bu tapıntı məhz Müşfiqə məxsusdur.
Çünki Müşfiq öz sevgisini, öz
yarını saf, təmiz, ülvi məhəbbətllə
sevir, onu sevə-sevə tərənnüm edirdi.
Uşaqların mənəvi dünyasına, onların
psixologiyasına dərindən bələd olan şairin
uşaq şeirləri ədəbiyyatımızda xüsusi
yer tutur.
Keçən əsrin 30-cu illərindən bu yana neçə-neçə
nəsil, biz hamımız da Müşfiqin qələmə
aldığı “Şəngül, Süngül, Məngül”,
“Kəndli və ilan”, “Yağış”, “Qaya”,
“Sındırılan saz” və s. şerləri ilə
böyümüşük. Onlar uşaq ədəbiyyatının
ən nadir incilərindəndir.
Öncə görməlik qabiliyyətini Müşfiqin
şeirlərində görmək mümkündür. Onun “Telefon söhbəti”
şeirində deyilir:
Əvət
böylə qalmaz yarın bu ölkə
Fikrimi
telefonda açarkən sənə
Həsrətlə
baxdığım üzün də bəlkə
Uzaqdan-uzağa
görünər mənə
Fikir versək
görərik ki, məişətimizə daxil olan hazırda
“video telefon ”, “Skayp” tərənnüm
edilib.
Klassik ədəbiyyatımızı,
mütərəqqi dünya və rus ədəbiyyatını
əzbər bilməsi, ərəb, fars,
türk, rus dillərinə mükəməl yiyələnməsi,
onu bədii tərcümənin mahir tərcümanlarından
birinə çevirib. Ə. Firdovsinin “Şahnamə”
poemasında bəzi parçalar, Ö. Xəyyamın
rübailəri, A.S.Puşkinin “Poltava” poemasından parça,
“Qaraçılar” poeması, M.Y.Lermontovun “Şairin
ölümünə”, “Demon” poeması, M.F.Axundovun”, A.S.
Puşkinin ölümünə “Şərq” poeması”,
T.Şevçenkonun “İşçi qadın” poeması,
“Qafqaz”, “Vəsiyyət” və s. S.Y.Marşakın “Huşsuza
bax huşsuza”, İ.P.Utkinin “Gecə çeşməsi” və
s., əsərlər Müşfiqin yaratdığı qiymətli
sənət inciləridir.
M.
Müşfiq həm də nəğməkar şair kimi də
sevilir. Gözəl musiqi duyumu olan, tar və
pianoda gözəl ifa etmək bacarığına malik olan
şair sanki şeirlərini musiqi üçün yazıb.
Bu heç də təsadüfi deyil.
Çünki ulu babası Aşıq Əliqulu, “Şah
İsmayıl”, “Aşıq Qərib”, “Seyfəlmülk”, “Yusif
və Züleyxa” operalarının müəllifi olmuş
atası şair, dramaturq, pedaqoq Mirzə Əbdülqadir
İsmayılzadə Vüsaqi də dərin musiqi duyumuna malik
olub. Görünür, genetik kodlarla həm
şeiriyyat, həm də musiqi Müşfiqə irsən
ötürülmüşdür.
Zəmanəmizin
görkəmli bəstəkarları Hacı Xanməmmədov,
Səid Rüstəmov, Cahangir Cahangirov, Ramiz Mirişli, Ələkbər
Tağıyev və başqaları Müşfiqin şeirlərinə
ən gözəl mahnılar bəstələmişlər.
Dünya şöhrətli müğənni Zeynəb
Xanlarova, Şövkət Ələkbərova, Gülağa Məmmədov,
Elmira Rəhimova, Məmmədbağır Bağırzadə,
Nisə Qasımova və başqaları, eləcə də gənc
müğənnilər sevə-sevə öz repertuarlarına
Müşfiq şeirlərinə yazılmış
mahnıları salmışlar. “Yenə o bağ olaydı”,
“Oxu tar”, “Arzuya bax, sevgilim”, “Yadına düşdü”, “Qurban
olduğum”, “Məhəbbət”, “Gözünə qurban”,
“Yaşa könül”, “Səninçün” və s. ən
çox sevilən, ifa olunan mahnılardır.
1929-cu ildə,
yanvar ayının 12-də Bünyazadə adına Dövlət
Türk Teatrosunda tarın ləğv edilməsinə dair məhkəmədə
baş verənlərdən təsirlənən şair
tarın müdafiəsinə qalxdı və “Oxu tar”
şeirini yazdı:
Oxu tar,
oxu tar!
Səni kim Unutar!
Ey
geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti.
3 ay sonra
1929-cu ildə aprel ayının 29-da elə həmin bu binada məşhur
tarzən Qurban Primovun 25 illik yaradıcılıq gecəsində
vaxtilə tarı tənqid edənlər, Qurban Primovu Milli
musiqi alətimiz olar “tarın atası” adlandırdılar.
M.Müşfiq şair kimi doğulmuşdu. O, başdan-ayağa istedad
sahibi idi. Söz üçün kasadlıq
çəkməzdi. Hazırcavab və zəngin
dünyagörüşlü idi. O, sənətə gələn
istedadsız şairləri qəbul etmirdi:
Şairə
ilhamdan maya gərəkdir,
Anasız cocuğa daya gərəkdir.
Şairəm
söyləyir yerindən duran
Adamın üzündə həya gərəkdir.
və
ya
İstər
bəstəkar ol, istər nəqqas ol,
Şair
ol, rəssam ol, heykəltaraş ol!
Yaratdığın
şeyi sevərək yarat
Hamıdan
yüksək ol, hamıdan baş ol!
Müşfiq
belələrinə deyirdi: “ Ya sənətkar
ol, qal meydanda, Ya da ki, birdəfəlik tərk et!”
M.Müşfiq əsl türkçü idi. Onun məfkurəsində
türkçülük, azad, müstəqil Azərbaycan
dövləti və böyük Turan yuva salmışdı.
Hüseyn Cavid, Əhməd Cavad kimi ustadlarla yaxınlıq
Müşfiqi bu ideologiyaya yönəltmişdi. Hər iki ustad sənətkar Müşfiqə gələcəyin
böyük şairi kimi baxır, onu sevirdilər. Hüseyn Cavidə Müşfiq həm bir müəllim,
həm də ki, bir peyğəmbər kimi baxırdı.
Ədəbi məclislərin birində H.Cavid fars
dilində qəzəl söyləyərkən, Müşfiq
həmin andaca onu Azərbaycan türkcəsində söyləyir.
Bunu görən Cavid əfəndi deyir: “Müşfiq sən
od-alovsan. Bir gün özün-özünü
yandıracaqsan. Mən sənin
üçün çox narahatam”. Söz
Caviddən düşmüşkən bir tarixi epizodu
xatırlamaq yerinə düşər. Günlərin
birində H.Cavidlə Müşfiq nərd oynayır. Müşfiq oyunda Cavidi udur. Müşfiqin
sevincək olduğunu görən Cavid əfəndi
üzünü ona tutub təbəssümlə deyir:
“Müşfiq, sen elə bilmə ki, Cavid əfəndi oyun
bilmir, bilirəm. Lakin gələcək
şeirimizin tacidarı olacaq bir şairə qalib gəlmək
istəmədim”. Bəli, bu ən
böyük ustad Cavid əfəndinin Müşfiqə verdiyi
böyük qiymət idi.
Təbii ki, Müşfiq ətrafında baş verən
hadisələrə biganə deyildi. ətrafında nələrin
baş verdiyindən xəbərdar idi. Qara yellərin əsərək
ona tuş gəldiyini hiss edirdi. Lakin o, öz yolundan, öz əqidəsindən
dönmürdü:
Mən gəncəm, bilirəm istiqbalım var.
Hələ bədə olmamış bir hilalım var.
Yelkənim
açılır, qara yel əsmə,
Mənim bu dəryada bir sandalım var.
Və ya
Ah, mən
gündən–günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə
çarpışan, göylə əlləşən
Dostdan, aşınadan, necə əl çəkim?
deyirdi
Müşfiq. O həm daxili, həm də xarici düşmənlərlə
mübarizə aparırdı. “Tərtərhes” nəğmələri
şerində şair daşnak ermənlərin sərsəm xəyallarını
ifşa edirdi:
Bu nə
yoldur, daşnaq yolu
Hər dərəsi qanla dolu.
Nə
acıdır bunun adı
O dənizdən
bu dənizə.
Deyib
çıxdı sinəmizə
Bir
tapdadı, bir doğradı
... Nə
bağ qaldı, nə də bağban,
Qurşun,
ölüm, atəş, duman
Yaxamızı parçaladı.
Bilən
bilir, bu zülmətə,
Bu
uğursuz fəlakətə
Kim əl
çaldı, kim ağladı.
Əlbəttə ki, bu misralar da Müşfiqə baha
başa gəldi. Ermənilər bunu şairə
bağışlamadılar. 1 il sonra
NKVD-də çalışan erməni daşnaklar şairin
ölmünə fərman verdilər.
Müşfiqə ittahamlardan biri, onun Hüseyn Cavid,
Əhməd Cavadla əlbir olması idi. Istintaq
zamanı “Hüseyn Cavid onsuz da gedir. Onun əleyhinə nəsə
yaz qurtul”- təklifinə Müşfiq: “Əgər sağ əlimlə
Cavid əfəndinin əleyhinə nəsə yazsam, sol əlimlə
onu baltalayaram”- deyə cavab verib. Bununla da o,
öz ustadını, müəllimini satmadı, ona
dönük çıxmadı. Müşfiqin
bu hərəkəti Azərbaycan ədəbiyyatında,
ictimai fikir tarixində bir mərdlik, kişilik mücəssiməsi
kimi qalmışdır. Bugünki gənc
nəsl üçün bu bir örnəkdir, deyilmi?
Tanrının verdiyi ömrü şərəflə
yaşayan, adını əbədiyyətə yazan
Müşfiq kimsəyə əyilmədi, ölümün
üzünə dik baxdı, heç kimi satmadı, mərdi-mərdanə
işıqlı dünyanı tərk etdi. Ürəklərdə
və yaddaşlarda özünə məskən saldı.
Bu arada Müşfiqin bacılarının da fədakarlıqlarından,
dəyanətindən söz açmaq yerinə düşər. Böyük bacısı
Böyükxanımı aparmağa gələn NKVD
işçilərindən paltarını dəyişmək
bəhanəsilə izn istəyərək mətbəxə
keçir, lampadakı ağ nefti
üstünə tökərək, özünü
yandırır. Ölüm ayağında olan
Böyükxanım belə deyir: “Canım qurban olsun
Müşfiqə. Mən özümü Sizə
təslim etmərəm. Mən
Müşfiqin bacısıyam”- deyə gözlərini əbədi
yumur.
Kiçik bacısı Balacaxanımı istintaq
zamanı “Xalq düşməninin bacısı adlandıran”
müstəntiqin üstünə masa üstündəki
mürəkkəb qabını atır. Sonucda 8 il
həbs cəzası alaraq, Sibirə sürgün edilir. Həyat yoldaşı və uşağı həlak
olur. Özü isə
ömürünün son günlərini psixi
sarsıntılarla keçərərək, Müşfiq deyə-deyə
həyata vida edir.
... Bədxahları elə bildilər ki, Müşfiqi
fiziki məhv etməklə, onu xalqın yaddaşından, ədəbiyyat
tarixindən silə biləcəklər. Amma,
yanıldılar. Özləri tarixin
zibilliklərində məhv olurkən, Müşfiq
yaşadı, insanların qəlbinə, xatirələrə
köçdü.
Şairin adı əbədiləşdirildi. Böyük
bir qəsəbə, neçə-neçə məktəb,
küçə şairin adını daşıyır.
Bakıda, Xızıda, Siyəzəndə şairə abidə
qoyuldu. Kitabları yenidən çap edildi,
neçə-neçə film, televiziya və radio verilişi
ona həsr olundu.
Mən də bir jurnalst olaraq Milli televiziya və radiosunda
verilişlər hazırladım, qəzetlərdə saytlarda
yazılar dərc etdirdim.
Mikayıl Müşfiq xoşbəxt bir sənətkardır. Çünki,
ona ümumxalq məhəbbəti, dövlət
qayğısı vardır.
Azərbaycana rəhbərliyi dövründə
ümummilli lider Heydər Əliyev Müşfiq sənətinə
və şəxsiyyətinə böyük dəyər verərək,
onun yubleylərinin keçirilməsi üçün sərəncamlar
vermişdir.
Azərbaycan ədəbiyyatına, mədəniyyətinə,
elminə, incəsənətinə, sənət, sənətkara
böyük qiymət verən respublika Prezidenti, cənab
İlham Əliyev Mikayıl Müşfiqin adının əbədiləşdirilməsi
üçün mühüm işlər görmüş və
görməkdədir. Hələ 10 il öncə
Müşfiqin anadan olmasının 100 illiyinin keçirilməsinə
dair sərəncam verib. Həmin sərəncamla
mühüm işlər görülmüşdür. Xızıda “Müşfiq ocağında” fəaliyyət
göstərən xatirə muzeyinə dövlət statusu
verilmiş, əsərləri çapdan
çıxmış, marka işıq üzü
görmüşdür və s.
2017-ci ilin fevral ayında cənab Prezidentin göstərişi
ilə şairin Bakının, Yasamal rayonundakı,
İnsaatçılar prospektindəki abidəsi ətrafında
yenidən qurma, abadlıq işləri görülmüş,
böyük bir ansambl yaradılmışdır.
2018-ci il may ayının 17-də M. Müşfiqin 110
illik yubleyinin keçirilməsi haqqında cənab Prezident sərəncam
imzalamışdır.
Bir müddət öncə kütləvi-informasiya vasitələrində
yer almış Müşfiqin sümüklərinin
qalıqları ilə bağlı materiallara biganə qalmayan
dövlət başçısı məsələnin
araşdırılması üçün əlaqədar
qurumların nümayəndələrindən ibarət
işçi qrupunun yaradılması haqqında göstəriş
vermişdir.
Bütün bunlar cənab Prezidentin Müşfiq şəxsiyyətinə,
onun sənətinə verilən ən yüksək dəyərin
bariz nümunəsi deyilmi?
Prezident sərəncamına
uyğun olaraq, respublikanın demək olar ki, bütün
bölgələrində, o cümlədən, Bakıda,
Xızıda, Siyəzəndə, Xaçmazda, Qusarda,. Qaradağda, Naxçıvanda
yubiley tədbirləri keçirilmişdir. Azərbaycan Texniki Universitetində və digər elm
təhsil, mədəniyyət ocaqlarında tədbirlər
davam etdirilmişdir. Mənim təşəbbüsüm,
aparıcılığımla Qaradağ rayon mədəniyyət
mərkəzində, Rəşid Behbudov adına
Mahnı teatrında keçirilən tədbirlər
bütövlükdə videolentə alınaraq, AzTV-də
yayımlanmışdır. Prezident Sərəncamına
uyğun olaraq, Azərbaycan Televiziyasında 5, Milli radioda 3
veriliş işıq üzü görmüşdür.
İlin son günlərində, dekabrın 26-da Azərbaycan
Televiziyası çox böyük bir yubiley tədbirinə
imza atdı.
AzTV-nin təşkilatçılığı ilə Heydər
Əliyev adına sarayda “Müşfiqli
dünya”adlı ədəbi-bədii gecə keçirildi. Qətiyyətlə söyləyə bilərəm
ki, bu tədbir möhtəşəm olmaqla, indiyə qədər
keçirilən tədbirlərin zirvəsi oldu. Azərbaycan Televiziyası Müşfiqə Respublika
Sarayını bəxş etdi. Müşfiq özünə,
adına, şəxsiyyətinə haqq
etdiyi və layiq olduğu qiyməti aldı. Çünki
bu günə qədər Müşfiqin heç bir yubiley tədbiri
və ya ona həsr olunmuş heç bir tədbir Respublika
Sarayında keçirilməyib. Ona rəva
bilinməyib.
Məhz,
bu tarixi ədalətsizliyi AzTV aradan qaldıraraq, cənab
Prezidentin sərəncamına, ölkə
başçısının Müşfiqin sənətinə,
şəxsiyyətinə bəslədiyi münasibət,
verdiyi böyük dəyərə uyğun olaraq, belə bir
möhtəşəm, maraqlı, gərgin və böyük
zəhmət bahasına ərsəyə gələn tədbir
düzənlədi. Dövlət
adamlarının, ictimaiyyət nümayyəndələrinin,
Müşfiqsevərlərin, şairin doğmalarının,
hətta xarici ölkədən gələn qonaqların
qatıldığı bu tədbir təxminən 3 saata
yaxın davam etdi. Bu gözəl və rəngarəng
tərtibat, peşəkar rejissor və yaradıcı kollektiv
işi diqqət çəkirdi. S. Rüstəmov
adına xalq çalğı alətləri orkestrı və
Ə.Dadaşov adına xalq
çalğı alətləri ansamblının
müşayiətilə ifa olunan mahnılar bir harmoniya təşkil
edirdi. Şairin 34 şeir nümunəsi və sözlərinə
yazılmış 21 mahnı AzTV-nin gənc solistlərinin və
xalq artistlərinin ifasında tamaşaçılarda xoş təəssürat
yaratmaqla, onları sanki Müşfiqli dünyanın sehrinə
apardı. Onlar, eləcə də bir
tamaşaçı kimi mən poeziya ilə musiqi kəhkəşahında
səyahətdə olduq. AzTV
tamaşaçılara Müşfiq işığında
poeziya və musiqi buketi ərməğan etdi. Zalda müxtəlif nəslin nümayəndələri,
eləcə də gənc nəsl bir daha Müşfiq
dünyasına baş vurdu. Tədbirin bir
özəlliyi də o idi ki, heç bir müğənni təqdim
olunmurdu. Təqdimat yalnız Müşfiq
şeiri, şerlərinə yazılmış mahnılar
oldu.
Tədbir efirdə yayımlandıqdan sonra milyonlarla
tamaşaçı Müşfiq sənətinin sehrinə
düşəcək. Bu isə şairin şeirlərinin təbliğinə,
gənc nəslə çatdırımasında və onlarda ədəbiyyata,
sözə, sənətə, musiqiyə maraq yaranmasında
xüsusi əhəmiyyət kəsb edəcək. Həm də gənc nəsildə vətənpərvərlik
duyğularının, öz vətəninə, xalqına məhəbbət
və sevgi duyğularının aşılanmasında,
onların estetik mədəniyyətinin yüksəldilməsində
əhəmiyyətli rol oynadı. Tədbir
poeziya, ədəbiyyat bayramı idi. Müşfiq
sənətinin təntənəsi idi.
Məncə, Müşfiqin ruhu o əzəmətli
sarayı dolaşırdı. AzTV Müşfiqi
Müşfiqanə yad etdi. Ona bir növ mənəvi
borcunu qaytarmağa çalışdı. Gənc həyatını bizim xoşbəxt gələcəyimiz
üçün qurban verən Müşfiq məhz, belə
hörmət, ehtirama, məhəbbətə layiqdir.
Müşfiq işığında Azərbaycan
Televiziyasına, onun rəhbərliyinə, şəxsən
Arif Alışanova, yaradıcı heyətə, zəhmət
çəkən hər bir kəsə dərin minnətdarlıq,
təşəkkür düşür...
Yazıya nöqtə qoymaq istədiyim zaman xoş bir xəbər
eşitdim.
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq adına 18-¹-li orta məktəbin həyətində
şairin abidəsinin və xatirə löhvəsinin
açılışı gözlənilir. Bir
anlığa xəyalımdan bunlar keçdi. “Xəlqilə titrəyən, xəlqilə gülən,
vətənçün yaşayan, vətənçün
ölən bəxtiyar bir şair olan Müşfiq həqiqətən
də xosbəxt bir sənətkardır. O, ən
çox xatırlanan, ən çox oxunan, sevilən, ən
qüdrətli, ən qüvvətli ustad sənətkardır”.
Yazımı
Müşfiqin ölməz fikirləri ilə bitirmək
istiyirəm: “İnsanın ömrü bir çiçəyin
ömründən daha qısadır. Çiçək solur
və tökülürsə, bu gün gülən, sevinən
və sevdiyinin xəyalı ilə yaşayan bir insan da sabah bütün istək və arzularına əlvida
edərək həmişəlik gözlərini yummağa məhkumdur.
Kim bilir, bəlkə də qəbrinin üstündə
yaşıl otların belə göyərmə ehtimalı
yox! Lakin bu heç də qorxulacaq şey
deyildir”.
Həyatda əbədi və daimi yaşamaq hər kəsin
öz əlindədir. Cəmiyyət həyatı əbədi və
ölməzdir. O, dalğalanan, daşan və inkişaf
edən bir seldir ki, getdikcə yeni dalğalar əskilərini
basaraq köpüklənir. Bu sel
ölümsüz və sonsuzdur. Bu selin
ağuşuna atılanlar və öz xüsusi həyatlarını
cəmiyyət həyatına fəda edənlər
üçün həyat əbədi və daimidir.
Ey
böyük ustad, ölməz sənətkar ruhun şad olsun!
Qafar Əsgərzadə,
“Müşfiq” mükafatı
laureatı, əməkdar jurnalist,
Pedaqogika üzrə fəlsəfə
doktoru,
“Tərəqqi medalçısı”
Yeni Təfəkkür.- 2019.- 11
yanvar.- S.3.