QANUN POZUNTUSUNDAN
KORRUPSİYAYA GEDƏN
YOL
(İxtisarla)
İnsan
yaşadığı həyatı boyu daim öz ləyaqət
hissini qoruyub saxlamağı bacarmalıdır. Elə insanlar var ki, müxtəlif vəziyyətlərdə
hansı səbəblərdənsə, nəyinsə xətrinə
bu ləyaqət hissini itirir, insana yaraşmayan xüsusiyyətlər
ilə - hiyləgərliklə,
fırıldaqçılıqla, adam
aldatmaqla, yaltaqlıqla öz məqsədlərinə
doğru gedirlər. Belə xüsusiyyətli adamlar çox
vaxt öz istədikləri məqsədlərə nail olurlar.
Lakin onlar başa düşmürlər ki, onların insana
yaraşmayan xüsusiyyətləri ətrafdakılar tərəfindən
heç də müsbət qəbul olunmur. Sənətindən,
savadından, vəzifəsindən asılı olmayaraq hər
bir insan öz həyatını ləyaqətlə, şərəflə
başa vurmalıdır. Mənim zənnimcə
insan ləyaqətini alçaldan xüsusiyyətlər
insanı İNSAN olmasından çıxarır. Öz məqsədinə çatmaq
üçün hər addımda əqidəsini dəyişən
adamın ətrafdakılar yanında hörməti olmaz.
İnsanlıq uca zirvədir. Hamı o zirvəyə qalxa bilmir. Kişilik, insanlıq təkcə var-dövlət,
pulla ölçülmür. Doğrudur, gözəl
yaşayış üçün maddi təminat
olmalıdır və ömrü boyu insanın bu arzusu onu
rahat buraxmır, amma onun əsirinə çevrilmək
insanı artıq məhvə aparır.
Hər gün
rastlaşdığım insan selində hər cür insan
var. Qarşıma çıxanlara ucadan demək istəyirəm:
ey insan, özünü ələ al, özünə bir də
ayıq nəzər sal, özünü tarazlaşdır. Bu çətin zamanda həyat yolunu doğru,
düzgün müəyyənləşdir,
sözünün, səsinin, haqqının sahibi ol.
Zamanın qasırğası, tufanı qarşısında
möhkəm dayan.
Mənim
öz iç dünyam var. Bu iç dünyamdan gələn
səslər mənim həyat yolumu müəyyənləşdirməkdə
böyük rol oyanayıb. Bu səslər həyatda məni ədalətsizlik
etməkdən, yaltaqlıq etməkdən, təkəbbürdən,
ləyaqətsiz iş tutmaqdan, özünü gözə
soxmaqdan, başqalarının ayağının altını
qazmaqdan, paxıllıqdan çəkindirib. Əgər mən
bu iç dünyamın səsinə qulaq asmasaydım,
bəziləri kimi müəyyən bir “mövqe” tutardım. Düşünürəm ki, hər bir şəxs
öz işində məsuliyyətlə
çalışmalı, özünü gözə
soxmağa can atmamalıdır. Öz mənəvi,
əxlaqi xüsusiyyətlərini itirməklə hansısa
“mövqeyə” çatan insanlar ətrafdakıların
gözündə öz dəyərlərini itirirlər.
1990-cı illərin əvvəllərində Azərbaycanda
ticarət və ictimai iaşə obyektləri, həmçinin
müxtəlif özəl obyektlər açılmağa
başlayırdı. Mənə də tanışlarım hər
hansı bir obyekti açmağı təklif edirdilər.
Düzü, ya ticarət, ya ictimai-iaşə
obyekti, ya da aptek aça bilərdim. Eləcə
də bir neçə sərnişindaşıma nəqliyyat
marşrutuna sahibkarlıq etməyə gücüm
çatardı. Lakin daxilimdən gələn
o səs məni bu işlərdən çəkindirirdi.
Düşünürdüm ki, mən jurnalistəm,
mənim vəzifəm informasiya, məqalə yazmaqdır.
Düşünürdüm ki, hər hansı
obyekt sahibi olmaq mənim jurnalist, yazıçı, müəllim
nüfuzuma xələl gətirər. Artıq
o vaxtdan neçə illərdir ki, keçib. Azərbaycanın hər yerində saysız-hesabsız
müxtəlif obyektlər açılıb. Biz obyektlərin olmasının əleyhinə
deyilik. Müstəqillik dövründə
sahibkarlıq da inkişaf etdirilməli, zəhmətsiz gəlirlərlə
deyil, halal qazanılmış pulla müxtəlif obyektlər
açılmalıdır. Lakin iş də ondadır
ki, fəaliyyət göstərən obyektlərin əksəriyyətinin
sahibkarları vəzifəli şəxslərdir. Onlar isə
bu obyektləri yaxın qohumlarının və
tanışlarının adına sənədləşdiriblər.
Bunların içərisində icra
başçıları, hüquq mühafizə
orqanlarında çalışanlar, məktəb
direktorları, baş həkimlər, idarə müdirləri
çoxluq təşkil edir.
Dostlarım,
tanışlarım içərisində məni yaxşı
tanıyanlar və mənə ərki çatanlar mənə
deyirlər ki, siz zəmanə adamı deyilsiniz, siz çox
şeyə nail ola bilərdiniz, siz
çox qazanc əldə edə bilərdiniz. Mən
onları başa düşmürəm. Zəmanə
adamı olmaq üçün mən nə etməliydim ki?
Və yaxud nə etməliyəm ki?
Dövlətin möhkəm olması üçün
onun iqtisadi, siyasi və ictimai dayaqları möhkəm
olmalı, burada rüşvətxorluğa, korrupsiyaya yer
olmamalıdır. Buna nail olmaq üçün isə
həm dövlət orqanlarında çalışanlar, həm
də xalqın hər bir vicdanlı nümayəndəsi
öz sahəsində düzgün işləməklə bərabər,
ətrafdakılardan da düzgün işləməyi tələb
etməlidirlər. Bu mövqedən kadrların
düzgün yerləşdirilməsi vacib məsələlərdən
biridir. Kadrları yerləşdirərkən
qohumbazlıq, tayfabazlıq, yerlibazlıq, rüşvət
kriteriyaları kənara qoyulmalı, daha səriştəli,
savadlı, bacarıqlı, öz işinin ustası olan,
işinə məsuliyyətlə yanaşan və millətin
təəssübünü çəkən kadrlara
üstünlük verilməlidir. Rəhbər
vəzifədə çalışanlara daim
aşağıdan və yuxarıdan nəzarət olunmalı,
onların işində rüşvət və korrupsiya
halları olduğu anda dərhal bu şəxslər vəzifələrindən
uzaqlaşdırılmalıdırlar. Belə
olduqda korrupsiya halları getdikcə azala bilər.
Son aylarda Azərbaycanda baş verən hadisələr arasında
korrupsiyaya qarşı mübarizə mühüm yer tutur. Belə ki,
Dövlət Təhlükəsizlik Xidməti tərəfindən
5 rayonun İcra hakimiyyəti başçısı, Mədəniyət
nazirinin müavinləri və başqaları korrupsiyada
günahlandırılaraq məsuliyyətə cəlb
olunublar. Məsuliyyətə cəlb olunan
şəxslərin əmlakı və var-dövləti üzə
çıxarılmışdır. Məlum
olmuşdur ki, bu şəxslər ölkəmizdə və
xarici ölkələrdə xeyli bahalı mülklərə,
obyektlərə malikdirlər. Bu faktlardan
belə nəticəyə gəlmək olar ki, həmin
rayonların müəssisələrinin rəhbərləri rüşvət
və korrupsiyaya çulğalanmışlar. Yəni müəssisə rəhbərləri
fırıldaq yollarla qazandıqları pullardan icra
başçılarına rüşvət veriblər. Bütün bunlar bəzi insanların
tamahkarlığının çox yüksək həddə
olduğunu göstərir.
Yəqin
ki, korrupsioner, rüşvətxor icra başçıları
ancaq bu beş nəfərdən ibarət
deyil. Başqa rayonlarda da bu yolla bahalı
mülklərə, böyük varidata sahib olan icra
başçıları yox deyildir. Elələri
də vardır ki, neçə illər ya İcra hakimiyyəti
başçısı, ya da yüksək bir vəzifənin
sahibi olub. Sonra isə ya vəzifədən
uzaqlaşıb, ya da təqaüdə çıxıb.
İllərlə əyri yollarla
qazandıqları pullar hesabına ölkəmizdə və
xaricdə mülklər və obyektlər almışlar.
Və indi də həmin obyektlərin
hesabına böyük gəlir götürürlər.
Bizcə belələri də məsuliyyətdən
kənarda qalmamalıdırlar. Düşünürəm
ki, tədricən korrupsiya ilə məşğul olmuş
bütün vəzifəli şəxslər ifşa
olunmalıdır.
Jurnalistlik fəaliyyətim ilə əlaqədar olaraq
deyə bilərəm ki, Azərbaycanın bütün
bölgələrində olmuşam. Həmçinin
Bakının bütün qəsəbələri haqqında məlumata
malikəm. Bu sahədə fəaliyyətim
dövründə bir neçə məsələ məni
daim narahat etmişdir. Keçən əsrin
90-cı illərin ortalarından başlayaraq, Azərbaycanın
bütün rayonlarında, o cümlədən Bakı şəhərində
və onun qəsəbələrində torpaqların fərdi
evlər tikmək üçün satılması
böyük vüsət aldı. Bu proses dayanmadan getdi və
əsasən Bakı şəhərinin bütün qəsəbələrində
boş sahələr satıldı. Həmin sahələrdə
evlər tikildi və əhali məskunlaşdı. Deyək ki, burada heç bir pis hal yoxdur. Lakin bu məsələnin digər problemləri də
var. Boş sahələr qalmadığı üçün
heyvandarlıqla məşğul olan əhali bu işdən əl
çəkməyə məcbur oldu. Çunki
qoyun-quzunu otarmaq üçün otlaq yeri
qalmamışdı. Və yaxud başqa
bir məsələ. Əhalinin
sayının artmasına baxmayaraq, qəsəbələrdə
qəbiristanlıqlar üçün torpaq sahəsi
ayırmaq nədənsə yaddan
çıxmışdır. İstifadəsiz
torpaq sahələrinin əhaliyə satılması
yaxşı haldır. Lakin bu məsələdə
bir qanun mexanizmi olmalı idi.
Yuxarıda qeyd etdiyim məsələni daha çox Xəzər
rayonunda müşahidə etmişəm. Bu rayonun sakini
olduğum üçün bu rayon haqqında müşahidə
etdiyim və nəticədə aşkarladığım
faktlar daha çoxdur. Qeyd edim ki, bu rayonun qəsəbələrinin
boş torpaq sahələrinin satılması ilə
yanaşı, əsasən 1995-2017-ci illər ərzində
ayrı-ayrı müəssisələrin əraziləri də
satılmışdır. Görəsən,
bu ərazilərin satılması zamanı hansı qanunlara
istinad olunub? Xəzər rayonunun
aidiyyatı şəxsləri deyə bilərlər ki,
baş verən hadisələrdən xəbərsizdirlər.
Buna isə inanmaq çox çətindir.
Çünki aidiyyatı şəxslərdən
icazəsiz daşı daş üstünə qoymaq
mümkün deyil, yəni hər hansı bir tikinti olduqda həmin
şəxslər dərhal özlərini hadisə yerinə
yetirirlər. 1995-2017 –ci illər ərzində
Xəzər rayonunun Mərdəkan, Şüvəlan, Binə,
Buzovna qəsəbələrində bəzi müəssisələrin
ərazilərinin satılması faktı mənə məlumdur.
Həmçinin Mərdəkan qəsəbəsində
üç zibilxananın ərazisinin satılması da
düşündürən məsələlərdən
biridir.
Deməyim odur ki, torpaqların və müəssisələrin
ərazilərinin satılmasında qanunsuzluğa yol verən
şəxslər məsuliyyətdən kənarda qalıblar. Hər bir
xırda qanunsuzluq isə cəzasız qaldıqda, o
böyük qanunsuzluqlara, cinayətlərə, korrupsiyaya yol
açır.
Mən keçmiş İttifaqın dövründən
indiyədək mətbuat sahəsində
çalışıram. Həm o illərdə,
həm də respublikamızın müstəqilliyi illərində
tərifli məqalələrlə bərabər yüzlərlə
tənqidi məqalə ilə mətbuatda
çıxış etmişəm. Keçmiş
İttifaqın dövründə mətbuatda gedən tənqidi
məqalələrə aidiyyatı orqanlar tərəfindən
operativ reaksiya verilər və obyektiv tədbir görülərdi.
Yəni, qəzetdə obyektiv tənqid olunan
şəxs cəzalandırılardı. Onu
da qeyd edim ki, müəllifi olduğum neçə-neçə
tənqidi məqaləyə aidiyyatı qurumlar tərəfindən
reaksiya verilmiş, tədbir görülmüş,
günahkarlar cəzalandırılmışdır. Son illərdə isə tənqidi məqalələrə
obyektiv reaksiya verilmək əvəzinə, bu məqalələrə
başdansovdu yanaşılır. Bu da tədbir
görməli olan şəxsin bir kadr kimi öz yerində
olmamasından, bacarıqsızlığından, işə məsuliyyətsiz
yanaşmasından xəbər verir.
Tənqidi
məqalələrə aidiyyatı qurumlar tərəfindən
heç bir tədbir görülməməsinə misal olaraq,
“Nüanslar” qəzetinin 06-12 may 2017-ci il tarixli sayında dərc
edilmiş “Məhkəmənin çıxardığı qətnamənin
icra şöbəsi tərəfindən həyata
keçirilməməsinin səbəbi nədir?”
başlıqlı məqaləmi göstərə bilərəm.
Məqalədə qeyd olunur ki, Kürdəmir “Aqrotexservis”
ASC-nin sədri Zamiq Abışov ASC-nin 8,7
hektar torpaq sahəsini sotlara bölərək saxta sənədlə
ayrı-ayrı şəxslərə satmışdır. Ərazidə xeyli evlər tikilmişdir və orada əhali
yaşayır. Zamiq Abışov isə ailəliklə
idarənin ikimərtəbəli inzibati binasını zəbt
edib. Əldə olunan sənəddən məlum
olur ki, Zamiq Abışovun “Aqrotexservis” ASC-nin
torpağını satmağa heç bir ixtiyarı yoxdur.
Belə ki, Kürdəmir rayon İcra hakimiyyətindən
Yolçuyeva Dürdanə Məmməd qızına
ünvanlanmış 12 yanvar 2017-ci il tarixli 2/37-2 nömrəli
məktubda deyilir: “Rayon Polis şöbəsinin
araşdırması nəticəsində müəyyən
edilmişdir ki, Kürdəmir “Aqrotexservis” Səhmdar Cəmiyyətinə
məxsus Kürdəmir şəhəri ərazisində yerləşən
8,7 hektar torpaq sahəsinin dövlətə qaytarılması
barədə məhkəmə qətnaməsi olmuş və
məhkəmə qətnaməsinin icrası Kürdəmir
rayon icra şöbəsinə
tapşırılmışdır”.
Məqalədən
belə bir nəticəyə gəlirik ki, dövlətin 8,7 hektar torpaq sahəsini qanunsuz satan şəxs
məsuliyyətə cəlb olunmayıb. Sual olunur: rayonun səlahiyyətli
orqanlarının qanun pozuntusundan xəbərləri
olmayıb? Görəsən onlar niyə
susmağa üstünlük veriblər?
Son illərdə belə hallara da rast gəlmək olur
ki, haqlı tənqidin qarşılığında jurnalist ya
məhkəməyə verilir, ya ona hədə-qorxu gəlinir,
ya da şantaj olunur. Mən şəxsən özümlə
bağlı bir hadisəni qeyd etmək istəyirəm.
Təxminən
beş il bundan əvvəlin söhbətidir.
Beyləqan Meşə Mühafizəsi və Bərpası
idarəsinin rəisinin iş fəaliyyətində yol verdiyi
nöqsanları qələmə alıb qəzetdə məqalə
dərc etmişdim. Həmin qəzeti məqalədəki
faktlara tədbir görmək üçün Ekologiya və Təbii
Sərvətlər Nazirliyinə (o dövrlərdə nazir
Hüseynqulu Bağırov idi), eləcə də Beyləqan
rayon prokurorluğuna göndərmişdim. Məqalə
dərc edildikdən altı ay sonra adıçəkilən
idarənin rəisi məni məhkəməyə verdi. Onun iddiası bu idi ki, mən
ona yüz min manat təzminat ödəyim, üzr istəyim, həm
də göstərdiyim faktlara qarşı qəzetdə təkzib
verim. Üç dəfə məhkəmə
iclası oldu. Məhkəmə
iclaslarına o, öz nümayəndəsini göndərirdi.
Mən isə öz mövqeyimi özüm
müdafiə edirdim, müəssisə rəhbərinin etdiyi
qanunsuzluqları faktlarla sübuta yetirirdim. Üçüncü məhkəmə iclasında
işi aparan hakim qaldırılmış iddianı rədd
etdi.
Bəzi məmurlar öz işlərində qanunsuzluqlara
yol verdikdə cəzadan qorxmaq, çəkinmək əvəzinə,
onlarda bir arxayınçılıq, özünə güvənmək
hissi yaranır. Bu isə onların qanunlara nə qədər
hörmət etmədiklərini, harınladıqlarını
sübut edir. Bəs, görəsən
bunun səbəbi nədir? Yəqin ki,
onlar qanunsuzluqlara yol verdikdə yerli hakimiyyət orqanlarına
və tabe olduqları nazirliklərdə, baş idarələrdə
kiməsə arxalanırlar.
Qanunsuzluqlarla, korrupsiya ilə bağlı çox misal
çəkə bilərəm. Demək olar ki, əksər
sahələrdə qanunsuzluqlar və korrupsiya mövcuddur.
Bu qanunsuzluqların və korrupsiyanın aradan
qalxması üçün tutduğumuz demokratiya yolunu daha da
genişləndirməli, müxtəlif təşkilatlara vətəndaşlar
tərəfindən edilən şikayətlərə obyektiv
tədbir görülməli, qanunsuzluq və korrupsiya
faktları üzə çıxarıldıqda
qanunsuzluğu üzə çıxaran deyil, qanunsuzluğu edən
şəxslər qınaq obyekti olmalıdır. İcra orqanlarıa, bələdiyyələrə,
idarələrə, təmir-tikintiyə, nəqliyyata
ayrılan maddi vəsaitin xərclənməsində şəffaflıq
gözlənilməlidir. Bu barədə cəmiyyətə
hesabat verilməlidir.
Son olaraq onu demək istəyirəm ki, qanunsuzluqlar,
nöqsanlar olmasa və yaxud tez aradan qaldırılsa, bu
korrupsiyaya gedib çıxmaz. Hər bir şəxs
qanunsuzluq, nöqsan gördükdə buna qarşı
narazılığını bildirməlidir. Lakin təəssüflər olsun ki, belə deyil.
Qanunsuzluq gördükdə etinasız
ötüb keçir, beləliklə də qanunsuzluğun
mövcud olduğu bir şəraitə uyğunlaşaraq
yaşayırıq. Qanunsuzluq törədən
şəxs də cəmiyyətdə özünə
qarşı əks reaksiya görmədiyindən öz qanun
pozuntularına davam edir və getdikcə bunu genişləndirir.
Ona görə də hər bir şəxs
qanunsuzluq, nöqsan gördükdə buna etinasız
yanaşmamalıdır. Əfsuslar olsun ki,
bu belə deyil.
Fərhad Əsgərov (Ramizoğlu),
Azərbaycan Jurnalistlər Birliyinin,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü
Yeni Təfəkkür.-
2020.- 19 iyun.- S.3.