Cənnətdə 40-cı gün və ya
and yerinə dönən torpaq
“Vaxt gələcək,
elə bir evə sahib olacağam ki, hər kəs onun kölgəsinə
yığışacaq”
Şəhid
mayor Anar Novruzov
Aprel qələbəsinin davamı kimi İyul döyüşlərindən sonra da Azərbaycan xalqı, dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız bir daha milli birlik, ordumuza, əsgər və zabitlərimizə həmrəylik nümayiş etdirdi.
Avqustun 22-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçumuz Novruzov Anar Gülverdi oğlunun vəfatının 40-cı günü idi.
Qeyd edək ki, iyulun 14-də Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan hərbçimizin nəşi doğulduğu ünvana gətirilib, Masallı rayonunun Ərkivan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatın məsul işçiləri, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları və sakinlər tərəfindən şəhidin məzarı ziyarət olundu, xatirəsi anıldı, məzarı üstünə əklillər qoyuldu, gül dəstələri düzüldü və ruhuna dualar oxundu.
Ziyarət zamanı koronavirusa qarşı zəruri profilaktik tədbirlər görülür, dezinfeksiya işləri aparılır, müvafiq qoruyucu tibbi vasitələr paylanırdı.
Eyni qaydada ictimaiyyətin nümayəndələri karantin qaydalarına əməl olunması şərtlərini gözləməklə səhər saatlarından başlayaraq mərhələli şəkildə ziyarətdə iştirak etdilər. Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov şəhidin ailəsinə, yaxınlarına başsağlığı verdi. Şəhidin ailəsi də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq etdilər.
And yerinə
dönən torpaq!
Hər qırmızı qərənfildə al qanı var şəhidlərin,
Yaz qoxulu, yaz ətirli gül ələnir məzarına.
Hər sabahın şəfəqində nur payı var şəhidlərin –
Zərrəsindən alov saçır, nur çilənir məzarına...
40 gün əvvəl on minlərlə masallılının 178-ci şəhidini gül-çiçəklə, üçrəngli bayraqlarla qarşılamağa toplaşdığı – Aprel və İyul döyüşlərinin qəhrəmanı Anar Novruzovun boya-başa çatdığı Ərkivan qəsəbəsinin Abbaslı məhəlləsindəyəm. Şəhidin yaşadığı evə gəlmişəm. Darvazanın yanında, hasarın kənarında abadlıq aparılmış kiçik bir ərazi diqqətimi çəkir. Məlumatlanıram ki, burada igid eloğlumuzun ruhuna hörmət əlaməti olaraq guşə yaradılacaq, Rəssamlıq Akademiyasının tələbələri Akşin və Müstəqil Ağayev qardaşlarının hazırladıqları şəhidin büstü qoyulacaq. Qürurverici, alqışalayiq təşəbbüsdür. Sanki bu an ürəyimdən kövrək bir hiss baş qaldırır: Anar hər birimizin qəlbində öz əbədi heykəlini ucaltdı. O, qanı ilə xoş sabahlara köklənən istəkləri, ümidləri cücərtdi…
Həyətə daxil oluram. Şəhidin qardaşları Sücəddin və Hidayət, oğlu Nihad, qohumu Subhan Şiriyev və digər yaxınları ilə görüşürəm. Ailə üzvlərinə başsağlığı verir, belə ağır gündə onları narahat etdiyimə görə üzr istəyirəm.
Öyrənirəm ki, Novruzovlar ailəsində 10 uşaq böyüyüb – 3 oğul, 7 qız. Zəhmətsevər ailənin başçısı Gülverdi kişi (1932-2004) uzun müddət rayonda bərbər kimi çalışıb. Qəhrəman ana Firuzə xanım (1936-2017) isə evdar qadın olub. Sücəddin, Hidayət, Anar, Nəfisə və Sevanə ali təhsilə yiyələniblər. Hamısı ev-eşik, ailə sahibidir...
Gəlişimin məqsədini bildirirəm. Razılıqdan sonra Nihad mənə bələdçilik edir. Onunla birgə evə qalxıb şəhid atasının şəxsi əşyaları toplanan otağına baxırıq. Masanın üzərinə səliqə ilə yığılmış sənədləri, təltifləri, qalaq-qalaq şəkilləri diqqətlə nəzərdən keçirirəm. Bir daha əmin oluram ki, əsl həqiqətdə Anar Novruzov gələcək nəsillərə -vətənpərvər, dövlətinə və xalqına sadiq gənclərimizə örnək, müqəddəs və şərəfli həyat yoluna sahib qəhrəmanlarımızdandır.
O, 12 may
1976-cı ildə Masallı rayonunun Ərkivan kəndində
anadan olub. Ailənin sonbeşiyi olan Anar C.Cabbarlı adına kənd
orta məktəbini (Ərkivan qəsəbə 1 saylı tam
orta məktəbi) əla qiymətlərlə qurtarıb.
1993-cü ildə Bakı Neft Texnikumuna (indiki Neft-Energetika
Kolleci) daxil olsa da 6 aydan sonra işğal altında olan
torpaqlarımızı geri qaytarmaq niyyəti ilə Orduya
yazılıb. Sonra təhsilini davam etdirib. 1999-cu ildə Ali
Birləşmiş Komandanlıq Məktəbini (indiki Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini)
bitirib, “Taktiki motoatıcı qoşunları komandiri”
ixtisasına yiyələnib. 1998-2013-cü illərdə
ön cəbhə bölgələrində, 2013-2018-ci illərdə
Sumqayıtda Vətənə xidməti borcunu ödəyib.
2016-cı ilin Aprel döyüşlərində şücaətlə
iştirak edərək qəlpə yarası alıb.
2018-2020-ci illər ərzində ən qaynar döyüş
bölgələrində olub. Türkiyədə mükəmməl
peşəkar təlim keçib. 25 ildən artıq hərb
sahəsində çalışıb. Siyasi işlər
üzrə tabur komandirinin müavini vəzifəsinə kimi
yüksəlib. Şəkillərdən aydın
görünür ki, hündür boylu, sağlam bədənli
Anar sanki hərb üçün doğulub. Xidmət etdiyi illərdə
hərbi texnikanın sirlərini dərindənmənimsəyib.
Snayperdən atdığı dəqiq atəşlə onlarca
düşmən əsgər və zabitini məhv edib. Ona
nahaq yerə AQS-17 silahının “atası” adı verilməyib.
“Akula” ləqəbli kəşfiyyatçı düşmənlərin
kabusuna çevrilib. Özünün dediyi kimi, ermənilərə
od qoyub, lap əfsanəvi “Mixaylo” kimi... Hətta onu
öldürənə pul mükafatı da
ayırıbmışlar.
Döyüş
dostlarının dediyinə görə tabeliyində olan əsgərlərlə
sanki dost, qardaş kimi davranan təcrübəli zabit çətin
məqamlarda yüz ölçüb-bir biçməyi
üstün tutarmış. Xidməti ərzində heç
kimdən təmənna ummayıb...
A.Novruzov
müxtəlif illərdə Azərbaycan Respublikasının
Prezidenti adından Müdafiə Nazirinin “Qüsursuz xidmətə
görə” I, II, III dərəcəli, “Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin” yubiley medalları, eləcə
də rəhbərlik tərəfindən döyüşlərdə,
ictimai-siyasi və mənəvi-psixoloji hazırlıqda
yüksək nailiyyətlərə görə Fəxri fərmanlarla
təltif edilib. Amma ən dəyərli ölümlə
mükafatlanan Anar kimi Azərbaycanımızın qəhrəmanlıq
tarixini yazanların keçdiyi şərəfli yol ümidlə,
həsrətlə yaşayan doğmalarına təsəllidir,
desək yanılmarıq.
2003-cü
ildə ailə həyatı qurub. Toy mağarına
“Vağzalı” musiqisi əvəzinə “Azərbaycan əsgəri”
marşının sədaları altında daxil olub, “Qarabağ
şikəstəsi” ilə məclisi yekunlaşdırıb.
Bilmirəm, təsadüfmü, yoxsa ... Anarın şəhid
olmasının 40-cı günü həyat yoldaşı
Nazilənin, 3 gün sonrakı tarix isə şəhidin toy
günü tarixi idi.
“Çətinlik
də, xoş günlər də görmüşük.
Deyib-gülən, zarafatcıl idi. Onunçün hər
şeydən əvvəl Vətən qarşısında xidməti
borc dururdu. Hər dəfə evə gələndə cəbhədə
atəşkəs rejiminin pozulduğunu eşidəndə bir
yerdə qərar tutmur, hərbi hissəyə qayıtmağa
tələsirdi. Elə sonuncu dəfə evə gələndə
də belə oldu. Səhhətindəki problemə məhəl
qoymadan, müalicə almadan döyüşə
qatıldı.” -deyərək, Nazilə xanım kövrəlir.
Bir müddət keçdikdən sonra əlavə edir: -Xidmətilə
əlaqədar onu çox sorğu-suala tuta bilmirdik. Narahat
olmamağımız üçün çox şeyi bizdən
gizlədərdi. Elə Aprel döyüşlərində yaralanmasını,
bir neçə gün hospitalda müalicə almasını
da sonradan bildik. Çox zaman məzuniyyətə gələndə
qəsəbədəki Şəhidlər xiyabanına, ya da məhəllə
qəbiristanlığına gedər, haqq dünyasına
qovuşanları ziyarət edərdi. Son dəfə, 26 iyun
Silahlı Qüvvələr günündə evə gələndə
isə Aprel döyüşləri zamanı şəhidlik
zirvəsinə ucalan kapitan Mühüd Orucovun doğulub
boya-başa çatdığı Qazax rayonunun Fərəhli
kəndindəki məzarını ziyarətə getdi. Şəkil
də çəkdirmişdi.
Otağa
bir neçə nəfər daxil olur. Anar haqqında nəsə
deyəcəkləri var, deyə, düşünürəm və
yanılmıram da.
- Mənə
ilk hərbi geyimi dayım alıb. Hərb sənətini
seçməyimizlə fəxr edərdi. Bu gün biz onunla fəxr
edirik. Mayor Anar Novruzov ölməyib, o, yenə də xidmətdədir.
Bu xidməti biz davam etdiririk,-deyə, Səbirə qürurla
ifadə edir.Afaq onun fikrini tamamlayır: “Hər dəfə bizə
gələndə süfrə arxasında dua edib deyərdi ki,
Allah köməyimiz olsun, qətiyyətli mövqedə duran
Prezidentimizi qorusun, Ali Baş Komandanımız tezliklə
döyüş əmri versin, dövlətimizin qüdrətini,
xalqımızın birliyini işğalçı
düşmənə layiqincə nümayiş etdirək,
torpaqlarımızı geri qaytaraq.”
Məmmədova
bacıları deyir ki, Nazilə hər zaman dayımıza mənəvi
dayaq olub. Ona görə də Anar həmişə evdən,
uşaqlardan arxayın olub. O da ailəsinə heç vaxt
güldən ağır söz deməyib.
Söhbətə
şəhidin digər bacısı qızı Könül Qənbərova
davam edir: – Hazırda müəllim işləməyimə
baxmayaraq vaxtilə mən də hərbçi olmaq istəyirdim.
Dayımın timsalında bu sənətə marağım
artmışdı. Lakin boyumun qısalığı bu istəyimə
nöqtə qoydu... Anar dayım uzun müddət hərb sahəsində
uğurlu fəaliyyəti ərzində qazandığı
dost-tanışdan öz şəxsi məqsədi naminə
yararlanmağı sevməz, özünü digər insanlardan
fərqləndirməyi xoşlamazdı. Amma ailənin sosial
problemləri heç də az deyildi. Hətta nə vaxtsa bunu
ona qınaq edərkən cavabında deyib ki, vaxt gələcək
elə bir evə sahib olacağam ki, hər kəs onun kölgəsinə
yığışacaq. Hidayət müəllimin oğlu Ramal
onun sözünə təkan verir: ”Təhsil aldığı
illərdə, xidmət etdiyi müddətdə, həmişə
başımızı uca edib əmim. Bu gün də həmçinin.
Mən və iki bibim qızı Anarın
davamçılarıyıq, hər üçümüz hərbçiyik.
Düşmənlərimiz də bilir:Gec-tez şəhidlərimizin
qisasını alacağıq!”
...İndi
hər kəs şəhidin ömür-gün yoldaşı
Nazilə xanıma təskinlik verməyə
çalışır. Lakin bütün bunlara rəğmən
onun sızlayan qəlbini ovutmaq elə də asan deyil. İndi
Novruzovların yaralarını sağalda biləcək
yalnız bir təskinlik var – Anar Vətən yolunda şəhid
olub, ən uca zirvəyə ucalıb. Bəli, bu Anarın
taleyidir. Müharibə dövrü olmasına, 25 ildən
artıq xidmət etməsinə baxmayaraq o döyüş
meydanından geri çəkilmədi. İrəliyə, gələcəyə
inamla, ümidlə baxdı. Əbədiyaşarlıq
qazanmağa can atdı və buna nail oldu. Övladları da
atalarının arzusunu göyərtmək niyyətindədirlər.
13 yaşlı Nihad hərbi-həkim, onbirinci sinif şagirdi
Firuzə isə isə polis olmaq istəyir. Bu gün Anarı
bütün xalq tanıyır, onunla fəxr edir. Qürurluyuq
ki, sinəsini Vətənə sipər edən Anar Novruzov
sağlığında düşməndən
intiqamını aldı.
Bu gün
hər birimiz təskinlik tapırıq ki, igid eloğlumuzun
uyuduğu bu müqəddəs məkan, bir parça torpaq
bütün azərbaycanlıların, Vətənimizi,
xalqımızı sevən hər kəsin and, ziyarət yerinə
çevrilib.
Bu gün hər bir masallılı qürurludur ki, xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazdı Anar. Hər bir ərkivanlı fəxr edir ki, uluların bizə miras qoyduğu torpaqlarımız uğrunda son damla qanına kimi vuruşub, müqəddəslik zirvəsini fəth etdi Anar. Novruzovlar ailəsinin ümid çırağını yandırmağa müvəffəq oldu. Nə ölümdən qorxdu, nə də düşməndən...
Akif AĞAYEV
Masallı
Yeni Təfəkkür.- 2020.- 4
sentyabr.- S.4.