Zəfərlər qazanmış

mələk qanadlı bayrağımız

 

Hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət bayrağı günü kimi qeyd olunur. 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfndən qəbul edilən bu bayraq hazırda Azərbaycan Respublikasının dövlət rəmzlərindən biri olmaqla yüksəklərdə dalğalanır.

Bu gün qeyd olunarkən fikrimdən bayraq haqqında yazı yazmaq keçdi. Bu məqsədlə, müəyyən mənbələri, ədiblərimizin yaradıcılığına nəzər saldım...

Tarix boyu müxtəlif adlarla fəaliyyət göstərən Azərbaycan dövlətlərinin, xanlıqlarının özlərinin dövlət bayraqları olmuşdur. Döyüşlərdə də ordunun önündə məhz, bayraq dalğalanardı. Mən o dövrün deyil, müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş bayraq haqqında, onun ədiblərimizin dili ilə təsvir edilmiş əsərlərindən söz açmaq istəyirəm. Bu əsərlərə nəzər yetirəndə ədiblərimizin Azərbaycanın müstəqil olmasından, onun dövlət rəmzlərinin, xüsusuilə də dövlət bayrağının qəbul olunmasından fərəhləndiklərini qurur duyduqlarını görmək olur.

Mavi, qırmızı, yaşıl rənglərdən ibarət, ağ aypara və səkkiz bucaqlı ulduzdan ibarət olan bayrağımızın müəllifi olmuş Əli bəy Hüseynzadəyə görə bayrağın mənasını “Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı” olması təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin ilk iclasını açan Məhəmməd Əmin Rəsulzadə milli bayrağımızın rənglərini “türk hürriiyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı-əhraranəsini” (demokratiyası) kimi ifadə etmişdir. Daha sonrakı çıxışlarında o bu rəngləri “Türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvolu” adlandırmışdır. Hazırda bu rənglər hər bir vətəndaşımızın dilində “Türkçülük, müasirlik, islamçılıq” kimi ifadə olunur.

Dahi drammaturq Cəfər Cabbarlı “Sevdiyim”, “Azərbaycan bayrağına” adlı şerlərində milli dövlətimizlə, onun rəmzləri ilə qürur duyan, iftixar hissi keçirən milli məfkurəyə malik, vətənpərvər gənclərimizin dilində səslənən sevgi nəğmələri, sonsuz məhəbbət təranələri kimi təsvir edirdi.

Ədibin bu mövzuda qələmə aldığı ilk şer “Sevdiyim” adlanır. Şeirdə yüksəkliklərdə dalğalanan, milyonlarla insanın sevgisinə səbəb olan, qürur hissi yaşadan, qəlblərə sevinc toxumu səpən Şahdağının zirvəsində işıq saçaraq aydınlıq gətirən, böyük Turan ellərini qucmaq istəyən bu əsrərəngiz bayrağımızın rənglərini rəssam gözü ilə təsvir edir. Həmçinin, “Gözəlliklər tanrısı” tək müqəddəs və əziz olan qədim və ulu xalqın əzəmətini göstərirdi:

 

Altun köksün hilal-yıldız işıqları öpüncə,

Zirvəsindən Şah dağının gündoğuşu dinilür,

Rəhm Allahi gözəlliklər tanrısı tək pək incə,

Bir siyaqla könüllərə hey salamlar söylüyür,

O yerlərdə qardaşları, dostları var, pək sevir,

Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdiyim.

 

Nə qədər, mənalı, poetik düşüncəli misralardır deyilmi?

Daim türkçülüyü vəsf edən ədib bayrağa tamam başqa tərzdə yanaşaraq onu “Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevgilim” kimi dilə gətirir, Altun köksünün, hilal-yıldız işıqların öpüşünə qərq olunmasını” sevgi ilə ifadə edir. Digər tərəfdən, bu şeirində C.Cabbarlı tarixi qərinələr, keçmiş şanlı tarixə malik Turan ellərinə işıq saçaraq öz sevgisinin, bir arada olmasını nümayiş etdirir:

 

Rəmuz ilə dörd bir yanə işıq saçmaq istiyor,

Ara-sıra tərpəniyor, bu kəsik uçmaq istiyor.

Qollarilə türk ellərin bütün qucmaq istiyor,

Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.

 

C. Cabbarlının  bayrağa həsr etdiyi “Azərbaycan bayrağına” şeri məna dərinliyinə, rənglərə verilən izahlar baxımından daha da diqqət çəkir. Tarixi həqiqətlərə söykənən bayrağı təsvir etməklə, rənglərə öz baxış bucağından baxır. Ədəbiyyatda bayrağımızı bu qədər dolğun təsvir edən başqa poeziya nümunəsinə rast gəlinmir. Məhz, C.Cabbarlı ilk dəfə olaraq bu şeirilə milli bayrağımızın simvolikasının açımını poeziyaya gətirib, özü də böyük məntiqlə. Alimlərimiz “Azərbaycan bayrağına” şeirini milli rəmzlərimizin ilk poetik əlifbası adlandırılar. Ədibin digər əsərləri kimi bu şeiri də bilavasitə milli ruhlu Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, maariflənməsində, ictimai şüurunun oyanışında və təşəkkülündə əhəmiyyətli rol oynayır:

 

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,

Şu sevimli üç boyalı, üç mənalı bayrağı.

Mələklərin qanadımı üzərinə kölgə salan?

Nə imiş bu, Aman Allah! Od yurdunun yarpağı!

 

Bu ay, yıldız, boyaların qurultayı nə demək?

                               Bizcə böylə söyləmək! :

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,

                                  Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,

                                  Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

                                  mədəniyyət bulmalı.

Səkkiz uclu şu yulduz da səkkiz hərfli -“Od yurdu” !

Əsarətin gecəsindən fürsət bulmuş quş kibi

                                    səhərlərə uçmuşdur

Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,

Yurdumuzu qucmuşdur!

 

İlahi, sanki, rəssam tabloda, bəstəkar notda bayrağımızı belə gözəl təsvir edib.

Azərbaycan Xalq Cümhuriyyətinin mübariz, yorulmaz təbliğatçısı, Turançılığın, türkçülüyün fəal ideoloqlarından olan, istiqlal nəğməkarı, şair Əhməd Cavadın milli bayrağımıza həsr olunan şeri böyük maraq kəsb edir. Yaradıcılığı dövlətçiliyə sədaqət və tərənnüm üstə köklənən Əhməd Cavad Cümhuriyyətin ilk al rəngli, səkkiz güçəli, ağ rəngli ulduz və aypara həkk olunmuş bayrağını ilhamla, qələmə alır, onu sanki şəhid qanlarından rəng almasını təsvir edirdi:

 

Gül rəngində bir yaprağın

Ortasında bir hilal!

Ey Al Bayraq, sənin rəngin

Söylə, neyçün böylə al!?!

 

Nədən gözüm,bu bənzəyiş

Şəhidlərin qanına?!

O qurbətdə can verənlər

Neyçün qıyar canına?

 

Az sonra bayrağımız dəyişdiriləndən, mavi, qırmızı, yaşıl rənglərdən, ağ aypara və səkkiz guşəli ulduzdan ibarət rəsmi bayraq qəbul edildikdən sonra, Əhməd Cavadın xalqının, millətinin milli mənliyinə, milli şüuruna, mənəviyyat və məfkurəsinə vətənpərvərlik hissləri aşılayar bayraq sevdalı şerləri onun poeziyasının parlaq sənət incilərini təşkil edir:

 

Türküstan yelləri öpüb alnını

Söyləyir dərdini sana, bayrağım!

Üç rəngin əksini Quzğun dənizdən

Ərməğan yollasın yara, bayrağım!

 

Köksümdə tufanlar gəldim irəli,

Öpüm kölgən düşən mübarək yeri!

Allahın yıldızı, o gözəl pəri,

Sığınmış qoynunda Aya, bayrağım.

 

Türküstan yelləri öpüb alnını

Söyləyir dərdini sana, bayrağım!

Üçrəngin əksini Quzğun dənizdən

Ərməğan yollasın yara, bayrağım!

 

Əhməd Cavadın dövlət bayrağına sevgisi o qədər böyük idi ki, o, Azərbaycan Respublikasının dövlət himnində belə bayrağımızın ucalığını iftixarla vurğulayırdı.

 

Azərbaycan! Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa!

 

Milli bayrağımıza sevgiyə lirik və romantik şairimiz Mikayıl Müşfiqin yaradıcılığında da rast gəlinir. Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndə şairin hələ 12 yaşı vardı. Hətta, şair uşaq ikən belə müstəqilliyi görmüş, milli bayrağımıza sevgini yaşamışdır. Bütövlükdə, onun yaradıcılığı Sovetlər dönəminə təsadüf etsə də müstəqillik, milli bayraq, vətənpərvərlik hissləri şairin qəlbində dərin izlər buraxmışdı. Qanında, genində dövlətə, dövlətçiliyə, müstəqilliyə, azadlığa sevgisi  olan Mikayıl Müşfiq təhlükəyə baxmayaraq, Əli bəy Hüseynzadəyə xitabən yazdığı “Düşüncə” şerində Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi ilk bayrağı məhəbbətlə təsvir edir. Əslində o bayrağı oxşar olduğu üçün, həm də Türkiyə Cümhuriyyətinin bayrağı kimi də qəbul etmək olar:

 

Dilbər sullar dalğasına dənizlərdə, göllərdə,

Oxuyuram yeni həyat sevdasilə çırpınan

Əskiliyə üsyan edən könülləri hər zaman.

 

Yorğun-arğın karvanilə səhralarda, çöllərdə

Bəzi gecə-yarı yolda qalanları dinlədim,

-Hankı şeydir yolçulara nicat verən?- söylədim.

 

Bir ağızdan dedilər ki, dan yeri, dan ulduzu!

Sordum, bundan gözəl yoxmu parlayanların?

Dalğalandı qarşımda o vaqit bu diyarın

Al bayrağa sığınmış könül açan ulduzu.

 

Sovet dönəminin  şairləri S.Rüstəm, M.Rahim, R.Rza və digərləri bayrağa xitabən şerlərində bayraqları təsvir etsələr də, əslində sətiraltı mənasını məhz, ilk milli bayrağımız olan al bayraq nəzərdə tutulur. S.Rüstəm şerlərinin birində yazır:

 

Al bayraqlar altında zəfərlər çalmaq,

Bütün nəsillərə vəsiyyətimdir.

 

Xalqının zəfərlərindən vəcdə gələn S. Rüstəm bayrağa olan sevgisini (qəlbində daim gəzdirdiyi milli bayrağımıza olan sevgisini) şerində həvəslə vurğulayr:

 

Şeirimdəki rəngləri,

Ahəngi, hərarəti.

Döyüşlərdə cürəti,

Süfrəmdəki neməti.

Bakıdan, Naxçıvandan,

Qarabağdan almışam.

Şamaxıdan, Gəncədən,

Qarabağdan almışam

Bayrağımdan almışam.

 

Gözəl bənzətmədir, deyilmi?

Azərbaycan respublikası 2-ci dəfə müstəqillik qazandıqdan sonra, 3 rəngli, ay- ulduzlu bayrağımız yenidən dalğalanmağa başladı. Ədiblərimiz yenidən milli bayraımızı vəsf edən şeirlər yazdılar. Bu baxımdan, “Bayraq mənliyimdir, bayraq kimliyimdir”- deyən Xalq şairi Bəxtiyar Vahabzadənin “Bayraq” şeirini xüsusilə vurğulamaq istərdim. Onun bu misrası dillər əzbəri olaraq, aforizmə çevrilmişdir. Bu şeir keçən əsrin 60-cı illərində yazılmasına  baxmayaraq, müstəqillik illərində yenidən həyata vəsiqə qazandı:

 

Üçrəngli bayrağın kölgəsində mən

Qaraca torpağı vətən görmüşəm.

Zəfər güllərini dövri-qədimdən

Bayraq işığında bitən görmüşəm.

Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq-öz yurduma öz hakimliyim.

 

Daim ucalasan! Savaş günündə

Əsgər silahıyla səni tən görüm.

Yalnız zəfər çalmış şəhid önündə

Səni alqış üçün əyilən görüm.

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azadlıq yolunda canlarından keçən qəhrəman şəhidlərimizə həsr etdiyi “Şəhidlər” şerində Bəxtiyar Vahabzadə göz yaşlarıyla, ürək ağrısı ilə şəhidlərin qanları bahasına üç rəngli bayrağı vətən torpaqlarında qaldırılmasını təsvir edir:

 

Qatil gülləsinə qurban gedərkən,

Gözünü sabaha dikdi şəhidlər.

Üçrəngli bayrağı öz qanlarıyla

Vətən torpağına çəkdi şəhidlər.

 

Rəşad Məcid “Bayrağım” şeirində milli bayrağımızın yüksəklərdə dalğalanmasından qurur duyduğunu, onun əbədi olaraq dalğalanmasına ümidvar olduğunu, inandığını poetik boyalarla təsvir edir. Keşməkeşli yollardan keçən  qürurverici bayrağımıza həsr olunmuş bu şeirdə xalqımızın azadlıq, müstəqillik  uğrunda, bayrağımız uğrunda mübarizəsi gözlərimiz önündə canlanır. Şair hətta məqamı gəldiyi zaman bayrağımız uğrunda ölümə getməyə belə hazır olduğumuzu önə çəkib:

 

Səni ən çətin

günlərimdə qorudum,

beynimə həkk edib

ürəyimə sarıdım.

Mahnımda,

nəğməmdə gizlədim.

Aya baxıb xatırladım,

ulduzunu sevdim.

Üç rənginə öyrəndim,

hər üzünü sevdim.

Hücumdan, həmlədən qorudum,

küləkdən, tufandan keçirdim,

Bir gün qaldırdım başımın üstünə,

Saxladım,

əymədim.

 

Ədəbiyyatımızda Vahid Əzizin, Ağalar Mirzənin, Ramiz Qusarçaylının və s. bu mövzuda şerlərinə rast gəlinir.

 “Bir kərə qalxan bayraq, bir daha enməz”- deyiblər aqillərimiz. Bəli, müstəqilliyimiz əbədidir, dönməzdir. Deməli, bayrağımız da əbədi olacaq. Bizimsə bir arzumuz vardır. O da bu üç rəngli, ay-ulduzlu milli bayrağımız Vahid, bütöv Azərbaycan üstə açılsın.

Ps. 1918-ci ildə qəbul olunmuş üç rəngli, ay, ulduzlu bayrağımız Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra endirildi. 70 il yasaq edildi. Məhz, ulu öndər Heydər Əliyevin sədri olduğu Naxçıvar Muxtar Respublikası Ali Məclisinin sessiyasında ilk dəfə olaraq, 1990-cı il noyabrın 17-də dövlət bayrağı kimi təsdiq olundu. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti onu rəsmi dövlət bayrağı elan etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2010-cu ildən etibarən hər il noyabr ayının 9-u “Azərbaycan Dövlət bayrağı günü” kimi qeyd olunur. Bu gün bayrağımız möhtəbər ali məclislərdə, beynəlxalq qurumlarda dalğalanır. Ən qürurverici hal bir də odur ki, Milli bayrağımız işğaldan azad olunmuş Qarabağ torpaqlarında əbədi dalğalanır. Müzəffər xalqın bayrağı kimi.

 

Qafar Əsgərzadə

Əməkdar jurnalist,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 

Yeni Təfəkkür.- 2022.- 9 dekabr.- S.4.