Əli Vahid Çaylı - həqiqi Şirvançı, həqiqi Şamaxıçı

 

 

Nə qədər ki, Günəş uca dağların arxasındadır - hələ dan yeri qızarmayıb, ətrafda zülmət hökm sürür. Elə ki, Günəşin al şəfəqləri səmada qızartı yaradır, zülmət yavaş-yavaş əsir aldığı yerləri aydınlığa təhvil vermək məcburiyyətində qalır...

Yaxşı insanlar da eynən bu timsalda ruhumuzu aydınladırlar. Onların varlığından qürur duyur, Allaha minnətdarlıq edirik...

Fövqəl anlayışlarda «yaxşı» da, «əla» da Allaha aid komponentlərdir. Ancaq sürətlərində Allah işığı, qəlblərində Allah sevgisi gəzdirənlər də bu ali komponentləri qismən ehtiva edirlər...

Heç şübhəsiz, təəssübkeş insan, sağlam düşüncəli, geniş erudisiyalı ziyalı, səmimi hislərin fövqündə ali gerçəklər tapan şair və ünvanına daha neçə-neçə layiqli-ütülü söz deyə biləcəyimiz Əli Vahid Çaylı da yaxşı insanların sırasındadır. Açığı, onun çöhrəsindəki aydınlıq bizə qaranlıq hücrələrdən çıxmaq cəsarəti verir. Nə üçün? Çünki bir çoxları şəxsi mənfəət, maraq güdərkən o, hamı üçün düşünür, hamının ali mərtəbələrə çıxmasını, yüksək əhvalda olmasını istəyir...

Əli Vahid Çaylı Xaqanilər, Nəsimilər, Füzulilər, Seyid Əzimlər, Sabirlər, Abbas Səhhətlər, Hadilər, Əzizə Cəfərzadələr... yurdu Şamaxıdandır. Doğulduğu Çaylı kəndi Şamaxının əsrarəngiz təbiət gözəllərindən biridir. Bu kənd Azərbaycana böyük insanlar bəxş edib. Onların timsalında Əli Vahid Çaylı da böyük məcrada görünür. Yəni elitar insanlıq fövqü, özünəməxsus düşüncə tərzi onu da böyük anlamda ifadə edir. Həqiqi Şirvançı, həqiqi Şamaxıçı, bütövlükdə, inandırıcı Vətənçi olması onun yüz ildən bir yetişən böyüklər sırasında olması anlımına gəlir. Biz bunu 2 aprel 2023-cü il tarixdə «Quzu» restoranında təşkil etdiyi mərasimdə də aşkar gördük. Həmin gün ətrafında cəm olan dostlar, qələm adamları, sənət inciləri və s. bir daha Əli Vahid Çaylının hansı yüksəklikdə bərq vurduğuna şahidlik etdilər. Özü və şeirləri haqda səslənən inandırıcı fikirlər o gün Əli Vahid Çaylı kimi salxarlı bir insanın gerçək rəsmini çəkdi, duyğularımızda titrəyiş yaradan hislər onu bizə əlçatmaz kimi göstərdi. Bəlkə də, həmin an yaxşı mənada, ona «paxıllıq» da etdik, ancaq içimizdəki qibtə hissi onun şəxsiyyət simasından bir orden kimi asıldı. Belə deyək, bizə həmin gün onu öz səmimi baxışlarımızla təltif etdik.

«Quzu» restoranında təşkil olunmuş tədbir Əli Vahid Çaylının 65 illik yubileyinə və yenicə çapdan çıxmış «Ömürdən izlər» kitabına həsr olunmuşdu. Dühalı Aşıq Ağamuradın, ləngərli səsi ilə qəlb titrədən Zeynalın, iç dünyamızda təlatüm qoparan Xətainin, qızıl barmaqlı Nizaminin... ifaları, eləcə də qələm dostlarının və ətrafının səmimi sözləri Əli Vahid Çaylıya xüsusi təşəkkür nidaları idi. Biz bu ahəngdarlıqda həm də özümüzü tapırdıq. Bir növ, tarix yaşayırdıq; - bizə bəlli olurdu ki, yaxşı insanlar hansı əlamət və xüsusiyyətlrinə görə el üçün doğulurlar...

Əli Vahid Çaylı el üçün doğulan, el üçün yaşayan ziyalılarımızdandır. 65 illik yubileyinə azacıq da olsa, töhfə verə bildiyimiz üçün biz də qürurluyuq.

Biz bu yazıda sadəcə, Əli Vahid Çaylının yüksək insanlıq qayəsi barədə kiçicik fikirlər çırpındırdıq. İnşallah, növbəti yazımızda şairin «Ömürdən izlər» kitabı barədə geniş təfərrüatlı hislərə aludə olacağıq.

Bütün hallarda Əli Vahid Çaylı bizim üçün qaranlıqları aydınlığa çevirməyi bacaran şəxsiyyətdir.

65 illik yubileyiniz mübarək, əziz insan! Allah sizə bundan sonra da sağlam ömür nəsib etsin! Sağlam olun ki, qaranlıq dünyamızın daha çox istiqamətlərinə şəfəq saça biləsiniz.

 

Hikmət Məlikzadə,

Yeni Təfəkkür.- 2023.- 21 aprel. S. 4.