Xoş xatirələr
onu gözümüzdə daha da uca edir
(Professor Əlipaşa Əliyevin əziz
xatirəsinə)
2 həftə öncə “Yeni Təfəkkür”
qəzetinin baş redaktoru Əməkdar jurnalist Şəmsiyyə
Kərimova ilə söhbət əsnasında fəlsəfə
elmləri doktoru, professor Əlipaşa Əliyevin fevral
ayının 14-də tamam olacaq 90 illik yubileyi ilə əlaqədar
hazırlayacağımız yazının detallarını
müzakirə edirdik. Bu yazı tərəfimizdən
Əlipaşa müəllimə yubiley hədiyyəsi
olacaqdı. Lakin belə bir atalar sözü var: “Sən
saydığını say, gör, fələk nə
sayır”. Əcəl aman vermədi. Yubileyə
4 gün qalmış Əlipaşa müəllim haqq
dünyasına qovuşdu...
Əlipaşa müəllimi hələ Azərbaycan
Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universitetində)
təhsil aldığım illərdən (1981-1986)
tanıyırdım. O zaman Ə.Əliyev fəlsəfə
kafedrasının professoru idi. Şəxsən
mənə dərs deməsə də, onu çox savadlı,
tələbkar müəllim kimi tanıyırdım. Zahirən çox sərt, ciddi təsir
bağışlayırdı. Lakin onunla
ünsiyyətdə olarkən, necə sadə, səmimi,
mehriban biri olduğunu görməmək mümkün deyildi.
İnstitutda Həmkarlar İtiffaqı Komitəsində
çalışdığımdan ictimai işlərdə
tez-tez Əlipaşa müəllimlə görüşərdik...
2003-cü ildə tale bizi yenidən
görüşdürdü. Söhbət zamanı mənim
dissertant olduğumu, elmi iş üzərində
çalışdığımı öyrənən kimi mənə
bu işdə yardımçı olacağını,
lazımi məsləhətlər verəcəyini bildirdi.
Sonralar, onun məsələhətləri sayəsində elmi işimi
bitirib, müdafiə edərək pedaqogika üzrə fəlsəfə
doktoru oldum. Onun məsləhətləri, redaktələri,
elmi rəyi mənə bu işdə çox kömək
oldu.
Sonralar, Azərbaycan Texniki Universitetində müəllim
kimi işə başladım. Artıq müəllim
həmkarı kimi Əlipaşa müəllimlə tez-tez
görüşdük.
Əlipaşa müəllim təmənnasız,
çox gözəl qəlbli bir insan idi. Onunla
ünsiyyətdən, maraqlı söhbətlərdən, elmi
araşdırmalardan bəhs etməkdən xüsusi zövq
alırdım. 90 illik yubileyində qəlbimdən
keçən ürək sözlərimi şəxsinə
söyləmək istərdim. Lakin....
Hörmətli oxucularımız yəqin ki,
Əlipaşa Əliyev haqqında dolğun məlumat almaq istəyərlər. Gəlin, Ə.Əliyevin
parlaq həyat yoluna birgə nəzər salaq:
Ə.Əliyev hələ orta məktəbdə
oxuduğu illərdə öz
çalışqanlığı və zəhmətsevərliyi
ilə yoldaşlarından fərqlənir, tarix elmlərinə
xüsusi maraq göstərirdi. Ali məktəbə
daxil olmaq, biliklərə dərindən yiyələnmək,
elmi və pedaqoji fəaliyyətlə məşğul olmaq
arzusunda idi. Bu cür gözəl arzularla yaşayan,
öz fədakar əməyi və möhkəm iradəsi ilə
məqsədinə nail olan Əlipaşa Hacıvəli
oğlu Əliyev Azərbaycan Texniki Universitetinin professoru, fəlsəfə
elmləri doktoru, zəngin təcrübəli pedaqoq oldu...
Əlipaşa
müəllim bu illərdə zəngin elmi və pedaqoji təcrübə
toplayaraq hər iki sahədə gözəl nəticələrə
nail olmuşdur. 1967-ci ildə "İncəsənət
və din" mövzusunda namizədlik, 1985-ci ildə isə
"Mənəvi mədəniyyət və din"
mövzusunda doktorluq dissertasiyalarını müdafiə etdi.
Orta əsr islam mədəniyyətinin,
onun əsas xüsusiyyətlərini tədqiq edib
araşdırmaq, o dövr mədəniyyətinin əsas sahələri
ilə onun əlaqəsini açıb göstərmək
Əlipaşa müəllimin elmi fəaliyyətinin əsas
istiqamətini təşkil edir. Bu baxımdan, islam
dininin memarlıq, rəssamlıq, ornament sənəti, poeziya
ilə əlaqəsi, bu əlaqənin elmi təhlili və
ümumiləşdirilməsi xüsusilə maraqlıdır.
Eyni zamanda, alimin orta əsrin möhtəşəm müsəlman
Şərqinə, o cümlədən Azərbaycan mütəfəkkirlərinin
yaradıcılığına istinad etməsi, onların əsərlərində
dərin elmi-fəlsəfi fikirlə yanaşı, həm də
dini etik ideyaların mövcudluğu və bu ideyaların elmi
təhlili orta əsr islam mədəniyyətinin daha dərindən
öyrənilməsinə xidmət edir.
Əlipaşa müəllimin elmi fəaliyyəti təkcə
bununla kifayətlənmir, o, dini şüurun din və mədəniyyətin,
onun əxlaq, incəsənət, elmi idrak məsələləri
ilə qarşılıqlı münasibətinin
araşdırılması və bununla bağlı digər məsələlərlə
də müntəzəm məşğul olur. Onun "İncəsənət
və din", "Mənəvi mədəniyyət və
din", "Bədii mədəniyyət və islam" kimi maraqlı monoqrafiyalarında bədii
obrazlı və dini obrazlı təfəkkür, elmi və
dini uzaqgörənlik, müasir islam və onun xarakterik cəhətləri
və digər məsələlər ətraflı tədqiq
olunur. Bu məsələləri tədqiq edərkən
Əlipaşa müəllim islam dininə
xüsusi diqqət verərək, göstərir ki, bəşər
tarixi və mədəniyyətin yüksəlişində
xüsusi mərhələ təşkil edən islam dininin
milli-mənəvi dəyərlər sistemində dərindən
öyrənilib mənimsənilməsi çox mühüm əhəmiyyətə
malikdir. Çünki islam təkcə inam, etiqad və
dünyagörüşü deyildir, o, hər şeydən əvvəl
insan həyatı və fəaliyyətinin, onun mənəviyyatının
bütün sahələri ilə bilavasitə bağlı
olan çox mürəkkəb, ziddiyyətli, maddi və mənəvi
hadisələr kompleksini əhatə edən sosial-psixoloji, bədii
emosional hadisə kimi çıxış edir.
Əlipaşa Əliyev 10-dan çox kitabın, 2 metodik
vəsaitin və 200-ə qədər elmi məqalənin
müəllifidir. Son nəfəsindək öz tədqiqatlarını
davam etdirib, respublikamızda indiki dövrdə dini fəaliyyət,
xüsusilə islam dini, onun müasir vəziyyəti
və mövqeyi, milli və islami dəyərlər üzərində
ciddi iş aparıb.
Əlipaşa
müəllim Milli Elmər Akademiyasının bir çox
institutlarında, əsasən Fəlsəfə, Şərqşünaslıq
və Əlyazmalar institutları, həmçinin Bakı
Dövlət Universitetinin elmi seminar və dissertasiya
şuralarının üzvi kimi elmi kadrların
hazırlanmasında, aspirant və dissertantların elmi tədqiqat
işlərinin müzakirəsi və müdafiəsində
özünə xas olan obyektiv fikri, rəy və tövsiyələri
ilə fərqlənib.
Professor Ə.Əliyev 60 ilə yaxın Azərbaycan
Texniki Universitetində çalışıb, gənclərimizin
təhsili, tərbiyəsi ilə məşğul olub. Obyektiv bir
müəllim kimi universitetin professor müəllim və tələbə
kollektivinin böyük hörmətini qazanıb. Oxuduğu mühazirələr daim öz məzmunu
ilə fərqlənib. Fəlsəfə fənninin
tədrisinə dair bir neçə metodik vəsait
hazırlayıb çap etmişdir. Fəlsəfənin
problem məsələlərini daha dərindən mənimsənilməsi
və elmi fikrin son nailiyyətlərinin onunla əlaqələndirilməsi
üçün ənənəvi tədris formalarından fərqli
olaraq mühazirə və seminarlara yaradıcı
yanaşıb, tələbələri elmi işə həvəsləndirib,
fəlsəfəfi elmlərə dair müasir mövzular
seçib onlara verib, tələbələrin
hazırladıqları məqalə və referatlar seminar dərslərində
ətraflı müzakirə edilib, məsləhətlər
verilib və bu əsasda onların biliyi qiymətləndirilib.
Əlipaşa
müəllim hesab edib ki, ali təhsil
müəssələrinin proqram və tədris planlarında
həyatımızın müasir tələbləri ilə səsləşən
islamın dini-etik məsələləri ilə bağlı
müəyyən mövzular seçilərək daxil edilməli
və hər bir ali məktəbin konkret yönümü, məqsəd
və vəzifələri nəzərə
alınmalıdır. Əlipaşa müəllim
öz mühazirələrində məhz bu məsələlərə
xüsusi diqqət yetirib, köhnə tədris formalarından
uzaqlaşmağın artıq vaxtı
çatdığını bildirib. Ancaq
bir məsələni də unutmaq olmaz ki, bu məsələlərdə
ehtiyatlı olmalı, islamın tədqiqinə və öyrənilməsinə
birtərəfli deyil, obyektiv, olduğu kimi yanaşmaq
lazımdır. Çünki bu, olduqca həssas
məsələdir, hər hansı bir yanlışlıq
müəyyən xoşagəlməz nəticələrə
aparıb çıxara bilər.
Zəhmətsevər, səmimi insan olan Əlipaşa
Əliyev ömrünün ən müdrik və məhsuldar
çağlarında həyata vida etdi. Biz Əlipaşa müəllimi
anadan olmasının 80 illiyi, elmi pedaqoji fəaliyyətinin 50
illiyi münasibətilə ürəkdən təbrik edəndə,
bildirmişdik ki, o, fəlsəfi sahələrin uzman
bilicisidir. O isə ötəri təbəüssümlə -
bu sahənin əsas biliciləri mənim müəllimlərim
olub, - dedi. Təəssüflər olsun ki, gənclərimiz
üçün tükənməz və gözəl bir
nümunə olan, öz zəngin həyat təcrübəsi
ilə böyük bir elmi məktəb yaratmış
Əlipaşa müəllim bizi tərk etdi. Onun layiqli və şərəfli ömür yolu həmişə
xoş təəssüratlarla xatırlanacaq.
Onunla bir
kafedrada çalışan professor, f.e.d. Qabil Hüseynli
“Filosof ömrü” yazısında qeyd edir: “Əlipaşa
müəllim dərin zəkaya malik elm adamıdır. Onunla bir kafedrada çalışmaq səadəti mənə
nəsib olandan sonra bu hikməti daha dərindən,
bütün çalarları ilə görə bildim.
Qədimdə fəlsəfəni müdriklik sənəti
kimi təqdim edirdilər. Mən bu müdrikliyi,
onun uca xilqətini ilk dəfə Əlipaşa müəllimdə
gördüm. Təmkinli və səbrli
idi, əsl filosof kimi hadisələrin mahiyyətinə
varmağı, onun səbəb və nəticə əlaqələrini
üzə çıxarmağı hamıdan yaxşı
bacarırdı. Şəxsiyyət kimi
bütöv və mükəmməl idi, hər şeyin
fövqündə dayanırdı. Həm
də milli şəxsiyyət idi. Vətənin,
millətin dərd-qəmi şəxsi qayğılardan
çox ucada dayanırdı. Elə Vətən də
onun kimi müdirk insanların çiynində dayanır...
Bu, hər kəsə qismət olmayan bir zirvə yoludur. Əlipaşa müəllim o yolu gözəl alim, fitri pedaqoq və zəkalı bir tədqiqatçı kimi şərəflə addımladı. İndi onun zirvəsindədir. Nə qədər nailiyyətlərə imza atdı. Bir deyil, beş deyil... Bunları ölkə ictimaiyyəti yaxşı görür və yüksək qiymətləndirir. Texniki Universitetin İctimai fənlər kafedrasında qoyduğu xoş xatirələr də bunu sübuta yetirir”.
Allah rəhmət eləsin!
Qafar Əsgərzadə
Əməkdar
jurnalist
Yeni Təfəkkür.- 2023.- 24
fevral.- S.2.