Dürüstlüyün qiymətini bilən aparıcı

 

Ağıllı adamla dost olsan əgər,

Elmi, mərifəti sənə keçər.

 

N.Gəncəvi

 

2015-ci ildə İctimai TV-nin 10 illiyinə həsr etdiyim yazıda bir abzası uzun illər yaxından tanıdığım, ünsiyyətdə olduğum, aparıcılığına heyran qaldığım, dostluq etdiyim bir gəncə ünvanlamışdım. Etdiyim qeydlər həcmcə az olsa da, məzmunca dolğun idi. Həmin abzas gənc aparıcının kimliyini təsvir edirdi. Yazılanlara diqqət yetirdikdə onun kimə aid olduğunu yəqin ki, əziz oxucularım biləcəklər. Beləliklə, həmin qeydləri oxucuların nəzərinə çatdırıram:

“Bu gün İTV- çox gözəl, peşəkar aparıcılar var. Gənc aparıcı Azər Süleymanlı isə öz dərin biliyi, intellekti, yüksək etik mədəniyyəti, nitqi, ecazkar səsi, estetik görünüşü ilə diqqət çəkir. TV aparıcısına xas olan bütün müsbət keyfiyyətlər məhz, Azərdə cəmləşib. O bu sənətə yenicə qədəm qoyanlar üçün bir örnəkdir. Onun parlaq gələcəyinə inanıram”.

Bəli, bu fikirləri qələmə aldığımdan nə az, nə çox düz 8 il keçir. Həyat göstərdi ki, heç də yazdıqlarımda yanılmamışam. Çünki, bu illər ərzində Azər Süleymanlı Azərbaycan TV məkanında tanınan, sayılıb-seçilən, sevilən, həsəd aparılası bir aparıcı kimi həm özünü təsdiq edib, həm də kifayət qədər püxtələşib. Ustadlarından öyrəndiyi bilik və təcrübəni sevə-sevə gənclərə aşılayır, özü də inkişaf edir.

Azərlə tanışlığımın tarixi onun  Mədəniyyət TV-dəki çıxışlarlı ilə başlamışdı. Bu, əslində qiyabi tanışlıq idi. Sonralar İTV-nın “Yeni gün” səhər proqramının aparıcısı kimi fəaliyyəti həm onun aparıcı kimi həyat və yaradıcılıq yoluna işıq saçdı, həm də ona çox sayda dost, həmkar qazandırdı, tanıtdırdı, populyarlıq qazandırdı.

Hər dəfə efiri izləyəndə, Azərin qonaqlarla həmsöhbət olduğunu görüncə onun qonağı olmağımı arzulayırdım. Özüm televiziya jurnalisti və aparıcısı olduğum üçün efirdə görünən aparıcılara peşəkarcasına yanaşırdım. Azərdə olan efir mədəniyyəti, səs tembri, aydın, səlis nitqi, görünüşü, həmsöhbətləri ilə maraqlı, səmimi dialoqu mənə xüsusi zövq verirdi. İstəyirdim ki, onun bütün bu keyfiyyətlərini virtual olaraq efirdə yox, həm də həyatda, canlı olaraq görüm.

Günlərin birində İTV-nin ”Yeni gün” səhər proqramının o vaxtkı rəhbəri Rauf Rəcəbov məni qonaq qismində efirə dəvət etdi. Həmin gün verilişin aparıcısı məhz, Azər Süleymanlı idi. Çox maraqlı söhbətimiz alındı. O, özünəməxsus nəzakətli davranışı, baxışı, maraqlı söhbəti ilə məndə xoş təsir bağışladı. Həm də onun verilişə tam hazırlıqlı gəlməsinin, qonağı haqqında müfəssəl məlumata malik olmasına şahidlik etdim. Onun bu keyfiyyətlərə malik olması diqqətimi çəkdi..

O gündən aramızda yaranan dostluq 15 ilə yaxındır ki, davam edir. Bu illər ərzində dəfələrlə efirdə Azərin qonağı olmuş, Azərbaycanın mədəniyyət və ədəbiyyat xadimlərinin həyat və yaradıcılığından, eləcə də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətindən söhbət etmişik. Bu, efirdə olan görüşlərə aiddir. Lakin, efirdən kənarda da biz tez-tez görüşür, həm ədəbiyyat, mədəniyyət barədə, həm də televiziyamızın, bütövlükdə, mətbuatımızın aktual problemlərinə, ədəbi dilimizin inkişafına dair fikir mübadiləsi aparırıq. Bu, görüşlər gənc və orta nəsil televiziya aparıcıları kimi müqayisənin doğru yöndə olmasına imkan verir.

Azərlə hər bir görüş böyük maraq doğurur. O, ensiklopedik biliyə sahibdir. Daim öz üzərində çalışır. Mütaliəni çox sevir. Xüsusən, kitab və qəzet oxumağa dəyər verir, ondan böyük zövq alır.

O, efirə çıxmaq xatirinə çıxmır. Tamaşaçısını maarifləndirmək, təəccübləndirmək üçün var qüvvəsi ilə çalışır.

Nurlu siması, qulağa yatan həlim səsi, şirin nitqi ilə milyonların qəlbinə nüfuz etməyi bacarıb. Tək efirdə deyil, müxtəlif səpkili tədbirlərdə də tamaşaçısını, dinləyicisini, iştirakçıları intizarla diqqət mərkəzində saxlayır.

Onunla ünsiyyətdən xüsusi zövq almaq olur. Azər həm də çox sadə, səmimi, təvazökar bir aparıcıdır. Azər TV aparıcısına xas olan bütün keyfiyyətlərə malikdir, desəm, yanılmaram. 

Ləhcəsiz, Azərbaycan ədəbi dilinə yiyələnib. Həm şifahi, həm də yazılı nitqi inkişaf edib. Bütün bunlarla yanaşı Azər həm də çox gözəl natiqdir. Bu da onun xüsusi bir özəlliyidir.

Məsuliyyətlə deyə bilərəm ki, bu gün Azər Süleymanlı təkcə televiziya aparıcısı deyil, sözün əsl mənasında həm də Televiziya jurnalistidir. Hərçənd, o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirib. Lakin, onun savadı, biliyi, intellekti, dünyagörüşü və müxtəlif telekanallarda-“Xəyal TV”, “Regional TV”, “Space TV”, “Mədəniyyət kanalı” və nəhayət İctimai TV-dəki məhsuldar, uğurlu fəaliyyəti onu sözün əsl mənasında mahir, televiziya jurnalisti kimi də formalaşmasına səbəb olub. Odur ki, mübaliğəsiz demək olar ki, Azər Süleymanlı həm istedadlı, peşəkar TV aparıcısı, həm də televiziya jurnalisti kimi özünü təsdiq edib, həyata vəsiqə alıb.

Efirdə Azərlə həmsöhbət olmağın özgə bir gözəlliyi, özəlliyi var. Müşahidələrim bunu deməyə əsas verir.

Azər Süleymanlı həm öz səmimiyyəti, nümunəvi davranışı ilə gənclərin sevimlisinə dostuna çevrilib. Ayrı-ayrı təhsil ocaqlarında tələbə gənclərlə keçirilən görüşlər buna bariz nümunədir. Belə görüşlərin birində şəxsən özüm də iştirak etmişəm. Azərbaycan Texniki Universitetində tələbələrlə keşirilən görüş onların xatirələrində unudulmaz, müsbət hisslər yaradıb.

Azər Süleymanlı el-obasını, Vətənini, xalqını, millətini sevən əsl vətənpərvərdir, azərbaycanlıdır.

Bütün bu insanı yaradıcı keyfiyyətləri ilə yanaşı, Azərdə çox mükəmməl və gözəl şeir qiraət etmək istedadı da vardır. Azərbaycanın klassik və müasir ədiblərinin şeirlərini qiraət etməsi onun şeir, söz, sənət dünyasında sevgisinə də səbəb olub. Xüsusilə, onun şeirsevərlərə Mikayıl Müşfiqin şeirlərindən ibarət  poeziya çələngi bəxş etməsi xüsusi hadisəyə çevrilmişdir. Bir məsələyə də diqqət çəkmək məncə, yerinə düşər. Zahiri görünüşündən Azərin Müşfiqə çox bənzərliyi vardır. Bu səbəbdən, oxucu onu ifası ilə elə Müşfiqin özü hesab edir. Bu da onun başqa bir özəlliyi, xoşbəxtliyidir.

Azər mənim dərc olunan yazılarımın ilk oxucularındandır. Həmişə yazılarımla bağlı mənimlə fikir mübadiləsi edir, hərdən isə öz  verilişlərində o yazılara istinadlar edir.

Azər Süleymanlı həm gözəl ailə başçısı, oğul, qardaş, qayğıkeş atadır.

Oğlu Oğuza hədsiz dərəcədə bağlı olan Azər onun tərbiyəsinə, Vətəni, xalqı üçün dəyərli övlad kimi yetişməsinə böyük önəm verir.

Güclü yağışlı bir gündə - 2015-ci il noyabrın 12-də dünyaya göz açan balaca Oğuzun sevincini yaşayan Azərə ilk gözaydınlığı verənlərdən biri də mən olmuşam. Bu da bir tale yazısı idi. İkimiz həmin gün efirdə gözəl şairimiz Mirmehdi Seyidzadə haqqında söz açdığımız bir vaxtda Oğuzun doğum xəbərini alan Azərin gözlərindəki o sevinc hissi indiyədək xatirimdədir. Axı, Azər ilk dəfə idi ki, atalıq statusunu qazanmışdı....

Tez-tez Azərlə H.Cavid bağında görüşür, gəzir, fikir mübadiləsi aparırıq. Hər dəfə də bizə vaxt bəs etmir. Sanki, biz cild-cild kitabları, qalaq-qalaq qəzetləri, saysız  televiziya və radio verilişlərini müzakirə edirik. Ona görə də bizə vaxt çatmır. Bu dediklərimin əslində Azərin nə qədər hərtərəfli, bilikli, maraqlı olmasından xəbər verir.

Azər hazırcavabdır, çünki bilikli, məlumatlıdır. Azər gözəl natiqdir, çünki onun şifahi nitqi həm gözəl səs tembrinə, həm də Azərbaycan dilinin bütün qrammatik qaydalarına əsaslanır. O, hərtərəfli müsahibdir, aparıcıdır, çünki o, mütaliəni sevir, peşəkarlardan öyrənməkdən, onların tövsiyələrinə riayət etməkdən heç bir zaman usanmır.

Azərin həm fərdi yazıları, həm də müsahibələri böyük maraq doğurur. Saatlarla onun söhbətlərinə qulaq asmaqdan doymaq olmur.

Şitlik, riyakarlıq, paxıllıq, pislik kimi keyfiyyətlər Azərə tamamilə yaddır.

Sadəlik, nəciblik, kübarlıq kimi xüsusiyyətlər sanki Azərin uca boyuna biçilib.

Ədəbi dilə, klassiklərimizə, bütövlükdə, ədəbiyyat və mədəniyyət xadimlərimizə, milli-mədəni dəyərlərimizə, folklorumuza məhəbbətin aşılanması Azərin aparıcılıq fəaliyyətində dərin rişələrlə daxil olmaqla, özünün çox incə, çox zərif inikasını tapıb.

Azərin müsbət xüsusiyyətlərindən biri də onun orta və yaşlı nəsil həmkarlarına hörmət və ehtiramla yanaşmasıdır.

Uzun illər müxtəlif televiziyalarda “Buralar”, “Azər hər bazar”, “Azərkeş”, “Öyrənirəm”, “Mənim sevimli mahnım”, “1001 sual”, və s. verilişlərinin aparıcısı kimi geniş tamaşaçı rəğbəti  qazanan Azər Süleymanlı “Şərq ulduzları” uşaq mahnı müsabiqəsinin, “Səs Azərbaycan”, “Avroviziya” mahnı müsabiqələrini də yüksək səviyyədə çoxmilyonlu tamaşaçıya təqdim etməyə müvəffəq olub.

Buraya müxtəlif səpkili ədəbi-mədəni, kütləvi tədbirlərin aparıcılığını da əlavə etsək, Azərin istedadlı, bacarıqlı bir aparıcı olmasını görə bilərik.

Təbiətin nadir hadisələrindən, bir gül yarpağının tərpənişindən, bulaqlardan axan suyun şır-şır səsindən, quşların vurduğu cəh-cəhdən belə təsirlənmiş dərəcədə həssas olan Azər həyat eşqi ilə çalışaraq pərəstişkarlarının sevgisini qazanıb. O, daim hərəkətdə, axtarışdadır.

İnanıram ki, Azər Süleymanlı irəlidə bizi daha da böyük uğurları ilə sevindirəcəkdir.

Bu şərəfli yolda ona uğurlar arzulayıram.

 

Qafar Əsgərzadə

Əməkdar jurnalist,

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 

Yeni Təfəkkür.- 2023.- 9 iyun.- S.4.