Ürəklərə yazılan əbədiyyət nəğməkarı
Mikayıl
Müşfiq-115
Özünəməxsus
poetik aləmi olan,
çılğın ,coşğun ehtiraslı, parlaq,
kövrək və nikbin təbiətli
şair Mikayıl Müşfiq az ömür yaşasa da, hər
zaman sevilən, oxunan, qüdrətli, qüvvətli ustad sənətkar
kimi ölməzlik qazanmışdır. Bu ölməzlik onun özündən
sonra real həyatı, gerçəkliyi müasirləşdirən,
daha da gözəlləşdirən, rövnəqləndirən,
son dərəcə incə, xəfif şair ruhlu
yaradıcılıq sevinci,
eşqi ilə dolu, zəngin alovlu, parlaq lirik sənət
incilərini bizə miras qoymasındadır.
Akademik
Məmməd Arif Dadaşzadənin təbirincə desək,
Müşfiqin siması qələm yoldaşlarının xəyalında
atəşin təbə malik səmimi bir şair,
çağlayan ilhamı ilə xalqa xidmət etməkdən
yorulmayan gözəl bir vətəndaş, nəcib bir insan kimi
yaşamaqdadır. Əlbəttə ki, bu fikirlər bəxtiyarlıqdan xəbər
verir:
Xalqilə
titrəyən, xalqilə gülən,
Vətənçin
yaşayan, vətənçin ölən
Səmimi bir
insan nə bəxtiyardır.
Klassik irsimizdən məharətlə
bəhrələnən, şeirimizin ənənəvi təsvir
və ifadə vasitələrindən ustalıqla istifadə
edən Müşfiq canlı, şux, şaqraq xalq dilində
sənət nümunələri yaradır və bu zəngin
melodik dilin incəliklərini, şirinliyini şeirimizə gətirərək
fikirlərinin bədiiliyini, təsir gücünü
artırırdı. Əsərlərində şifahi xalq ədəbiyyatı
ruhunda yazılmış bayatı janrından da məharətlə
istifadə etmişdir:
Bağçada güllər,
Sarı
bülbüllər,
Duyğusuz
ellər,
Bu balama qurban.
Dünyanın malı,
Cahı-cəlalı,
Şövqü-vüsalı,
Bu balama qurban.
Yeni məzmun
kəsb edən,yeni tərzdə cilvələnən əsərləri
ilə diqqət mərkəzində olan Müşfiq tükənməz
həyat eşqi ilə sənət elmi ilə daima
çırpınan, sanki köksündən çıxacaq
böyük bir ürək sahibi idi. O, xalqının sənətkarı
olmağı ilə fəxr edər, şeirlərində sevə-sevə
təsvir edərdi:
Ah, nə
böyük şərəfdir sənətkar olmaq,
Könüllər
dünyasından xəbərdar olmaq.
Nə xoşdur bir
hiss kimi qəlblərə girmək
səssiz-sorğusuz.
Bütün fənalıqları
yıxıb devirmək
qara-qorxusuz.
Yuxusuz gecələrin,
gərgin zəhmətin hesabına özündən artıq
sevdiyi xalqına zəngin və ölməz sərvət bəxş
edən Müşfiq sənətə gələnləri
öz peşəsinin vurğunu və ona layiqli olmasını
misralarının dili ilə onlara çatdırırdı:
İstər bəstəkar
ol, istər nəqqaş ol,
Şair ol, rəssam
ol, heykəltəraş ol.
Yaratdığın şeyi sevərək yarat,
Hamıdan
yüksək ol, hamıdan baş ol.
Təpədən dırnağa,
anadan şair kimi doğulan Müşfiq sənətə təsadüfi
gələnlərdən xoşlanmaz, baş vurduqları
meydandan çəkilmələrini tərcih edərdi:
Şairə
ilhamdan maya gərəkdir!
Anasız
çocuğa daya gərəkdir!
Şairəm
söyləyir yerindən duran,
Adamın
üzündə haya gərəkdir!
Çoxşaxəli
vəznə malik Müşfiq poeziyası bu baxımdan digər
qələmdaşlarından fərqlənirdi. Onun əruz,
heca vəznində yazdığı şeirlərlə
yanaşı, heca ilə sərbəst vəznlərinin vəhdətindən
doğan nümunələrə də rast gəlinir ki, bu da
onun novatorluğundan xəbər verirdi. Xalq
yazıçısı Gülhüseyn Hüseynoğlunun təbirincə
desək, bu vəzn Müşfiq vəznidir və bu vəznin
poeziya tariximizdə yeganə nümunələrini
Müşfiq yaratmışdır. Ona qədər belə
nümunələrə rast gəlinməmişdir:
Sən
varlığın eynisən,
buna sözmü var?
Ürəyisən,
beynisən, buna sözmü var?
Gecələr
ay sənindir, gündüzlər günəş
kainat kimi!
Hər şey
gözəlləşmədə, sən də gözəlləş
bu həyat kimi!
Büllur kimi saf, axıcı
misralar müəllifi olan Müşfiq Azərbaycan
poeziyasında şəfqətin, işığın, nurun,
sevincin,
şadlığın,sevginin, gözəlliyin rəmzi,
tərənnümçüsü kimi səciyyələndirilir.
Məhəmməd Füzuli Azərbaycan
ədəbiyyatında ən kədərli,
Mikayıl Müşfiq isə ən sevincli şair kimi dəyərləndirilir.
Keçən əsrin əvvəllərində klassik irsimizə,
əruza, qəzələ köhnəlik damğası vurub
hücum ediləndə Füzuli aşiqi olan Müşfiq sinəsini
qabağa verib, böyük cəsarətlə Füzulinin
müdafiəsinə qalxdı:
Özümüzü
öyməyəlim!
Füzuliyə
dəyməyəlim!
və ya
Füzuli
yüksəldi əsrinin fövqünə
Sığmadı dəhası Bağdadın
üfüqünə.
Hüseyn Cavid əfəndinin ,,Gələcək
şeirimizin tacidarı, ,,Poeziyamızın yetişən nəhəngi”
adlandırdığı Mikayıl Müşfiq klassik ədəbiyyatı,
xüsusilə də əruza daha çox bağlı olub, həm
də onu sazla, aşıq ədəbiyyatı ilə sintez edən,
ortaq nöqtəyə gətirən qüdrətli söz ustadıdır. Hiss olunmaz
keçidlərlə heca ilə əruzun sintezini yaratmaqla
Müşfiq ədəbiyyata
yenilik gətirmişdir.
M.Müşfiqin “Ana “ şeiri
öz lirizmi, zərifliyi, kövrəkliyi ilə diqqət
çəkir. Şair qəlbində
çağlayan, coşan, heç bir zaman hiss etmədiyi,
görmədiyi ana sevgisini qəlbinin atəşi ilə, məhəbbətlə
qələmə alır, həyatda ananın yerini verə biləcək
bir varlığın olmadığını xüsusi
vurğulayır:
Ana, ana!..
Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl
anlatamaz düşündüyüm satırlar.
Ana olmaz
bizə hər bir “yavrum” deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun
var.
İnandığım
bir qüvvə var, o da hər gün, hər zaman
Yorulmayan
qollarımla düşünərək yapdığım
Bir aləmdir,
bir aləm ki, səmaları qıpqızıl,
Yüksəkləri,
almaqları, fəzaları qıpqızıl!
Azərbaycan
ədəbiyyatında ən dəyərli lirik, romantik
şeir nümunəsi hesab edilən “Yenə o bağ
olaydı” şeirində bir daha Müşfiqin
çılğın, hər yeni söz üçün
qağayıtək dənizə şığıyan sənətkar
olduğunun şahidi olursan.
Şair
ustalıqla ülvi məhəbbət, unudulmayan sevgini, xoş
intizarı, sevgilisini təkrar görmək istəyini, mavi Xəzərin
şahə qalxan dalğalarını, qəlbində qopan
fırtınaları, qasırğaları, ləpələr
üzərində üzən yelkənləri, gecələr
ay işığında baş tutan gizlin söhbətləri
və s. böyük ustalıqla, ülvi hisslərlə,
romantik duyğularla, poetik notlarla qələmə
almışdır.
Şeirdə
diqqət çəkən məqamlardan biri Müşfiqin
lirik qəhrəmanının sevdiyi qızı
qısqanmasıdır. Şair poetik boyalarla bunu belə təsvir
edir:
Yenə o
bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın
kimi qıvrılan dalğalara dolaydım,
Dalıb ilham
alaydım.
Əndamını həvəslə qucaqlarkən
dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar
doğaydı,
Məni hirsim boğaydı;
Cumub
alaydım səni dalğaların əlindən,
Yapışaydım belindən,
Xəyalımız
üzəydi sevda dənizlərində,
Ləpələr üzərində
İlhamımın yelkəni zərrin saçın
olaydı,
Sular
xırçın olaydı.
Qərb
şeirin poetik forması olan sonetə biganə qalmayan
Müşfiq də sonetlər yazıb, özünün yeni
poetik formalarını yaratmağa müvəffəq
olmuşdur. M.Müşfiqin “ Gülüşlər” soneti Azərbaycan
poeziyasında ilk dəfə tətbiq olunan mükəmməl
kontaminasiya hadisəsi sayılır. Müşfiq bu sonetlə
ilk dəfə olaraq poziyamızda sonet çərçivəsində
rübai şeir şəklinin qafiyə xüsusiyyətlərinin
sintezinə, tətbiqinə nail olmuşdur. Bununla da
Müşfiq “sonet-rübai şeir tipinin kontaminasiya sayəsində
poeziyamızda ilk nümunəsini yaratmağa müvəffəq
olmuşdur. Məsuliyyətlə demək olar ki,
Müşfiqin sonetləri Qərb-Avropa mənşəli sonetin Azərbaycan
tipini təşkil edir:
Gülüş vardır səslərində tunc əkslər
yapdırır,
Gülüş vardır könülləri ruzgarlara
qapdırır.
Bəzi
tikər könüllərdə alovlardan bir məbəd,
İllər
boyu atəşinə insanlığı tapdırır.
Fəqət
onun gülüşləri bir qönçəyə yaslanan
Rəngsiz,
parlaq jalələrdən nümunədir, hər zaman
Gənc
ömrümə yüksəlyməkçin qanad verir, can verir.
Müşfiq
yüksək musiqi duyumuna malik bir sənətkardır.O
özü tarda, sazda, pianoda gözəl ifalar edirdi. Bəlkə
elə bu səbəbdəndir ki, o, milli musiqimizə, alətlərimizə
sevginin təzahürü kimi “Sındırılan Saz”, “Oxu
tar” şeirlərini yaratdı. Tara məhkəmə quraraq,
onu köhnəlik kimi dəyərləndirib, ləğv etmək
istəyənlərə qarşı çıxan 21
yaşlı Müşfiq “Oxu tar” şeirini yazaraq onun
müdafiəsinə qalxdı, həyatda qalmasına səbəb
oldu :
Oxu, tar, oxu, tar!
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu, tar, bir kadar !...
Çarparaq “Cahargah”ın divardan-divara
Yolçunu yolundan eyləmiş avara.
Çalxanmış dərələr, təpələr,
Səs
vermiş səsinə ləpələr.
Müşfiq
bu şeirində həm də əruz ilə hecanın
sintezini yaradıb. Bu, misralarda özünü
açıq-aydın biruzə verir.
Sovet hakimiyyətinin “humanist”
ideologiyasına sidqi ürəkdən inanan Müşfiq,
quruluşun canavar siyasətini görüncə şeirlərində
sətiraltı mənalarda azad, hürr bir cəmiyyətin
tezliklə Azərbaycanda bərqərar olunmasını
ustalıqla işarə edir:
Vaxtilə bir
kölgətək hürr yaşamaq istəyən
Bu insan oğlu bilsən
Azadlıq
ölkəsində daha şad olacaqdır,
Dünya dad olacaqdır.
Müşfiq Sovet rejimi adı
altında hakimiyyət orqanlarına sızıb daşnak siyasəti
aparan ermənilərə qarşı da haqq səsini
qaldırırdı. Bunu “Tərtərhes nəğmələri”
şeirində görmək olur:
Bu nə
yoldur, daşnak yolu...
Hər dərəsi
qanla dolu,
Nə acıdır
bunun adı.
O dənizdən
bu dənizə,
Deyib
çıxdı sinəmizə,
Bir
tapdadı, bir doğradı.
...Nə
bağ qaldı, nə də bağban,
Qurşun, ölüm, atəş,
duman.
Yaxamızı parçaladı.
Bilən
bilir, bu zülmətə,
Bu uğursuz
fəlakətə
Kim əl
çaldı, kim ağladı.
Şeirdən
görünür ki, burada hədəf ermənilər və
onları himayə edən Moskva hökumətidir.
Müşfiqin maraq doğuran şeirlərindən biri də onun 18
yaşında qələmə aldığı “Ölkəm”
şeiridir. Şeirdə maraq doğuran cəhət odur ki, o, əruzda,
sinəzən (dini) ritmində yazılıb. Bu ritm oynaq olmaqla
şeirin oxucular tərəfindən tez əzbərlənməsinə
imkan verirdi. Bu arada belə bir müqayisə etmək məncə
yerinə düşər. Dahi bəstəkarımız
Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasını
yazarkən əhali arasında əzbərdən deyilən mərsiyələrdən
istifadə etmişdir. Bu, çox uğurlu olmuşdur. Bu
baxımdan, Müşfiqin sinəzən
ritmindən məharətlə istifadə etməsi şeirə
uğur qazandırmişdır:
Dünyamızı seyr etdim min dürlü həvəslərlə,
Gördüm
coşuyor dillər pək nəşəli səslərlə,
Baxdım
doludur yerlər şən qəlbili kəslərlə,
Pək
şad olaraq güldüm abad olan ölkəmdə,
Qəmlərdən, ələmlərdən
azad olan ölkəmdə.
Mahir bir
dalğıc kimi özünü söz ümmanına atan,
yeni söz , yeni fikir və ifadə inciləri
sorağında olan Müşfiqin
yaradıcılığıını Vətən, torpaq, əmək,
təbiət və s. mövzularda yazılan şeirlər də
şairə uğur gətirmişdir.
Müşfiq doğma Qarabağa
uzanan o mənfur əlləri
görür, şeirlərində onu sevgi ilə vəsf
edirdi:
Gözünü
aç, dağlara bax,
Bir gözəldir bu Qarabağ
Təbiətin qucağında.
Doğmuş kimi ülviyyətin,
Gözəlliyin, məhəbbətin
Ən səfalı bir çağında .
Uzun saçlı qızlar kimi
Tərtər gümüş yatağında.
Burda versən can, yeri var
Qızılgülün yanağında.
Ürəyimdə sözüm qaldı,
Bu dağlarda gözüm qaldı
Bir maralın buxağında.
Və ya
Qarabağ
dağları döşündə bir yol.
Bir yol ki, upuzun bir yol ki , qıvrıq,
Zümrüd ətəklərdə qapalı sağ, sol...
Qəlbində
çağlayan söz sərvətini bizə ərmağan
edən Müşfiqin poeziyası olduqca ritmik, ahəngdar,
musiqili, emosional olmaqla həm də bəşəri hiss və
duyğuları özündə ehtiva edir. Bir çox
şeirində Müşfiqi həm də qəlblər
mühəndisi, bəstəkar, rəssam kimi də görmək
olur. Belə ki , “Yağış yağarkən” şeirini
oxuyanda ilk növbədə sanki şairin rəssam təxəyyülü
ilə çəkdiyi tablonu görmək olur. Eləcə də
yağışın yağmasını melodik səslərlə
duyur və mənzərənin şahidi olursan :
Yağış
yağır, rəqs eyləyir gur damlalar,
Sıra-sıra, inci -inci nur
damlalar.
Göydə iki qara bulud toqquşaraq
İldırımlar şaqqıldayır
şaraq-şaraq ,
Quşlar
uçur yuvasına fırıl-fırıl
Şırıldayır
navalçalar şırıl-şırıl.
Müşfiq
təbiət vurğunu idi. O, təbii mənzərələri,
lirik peyzaj yaradan ustad sənətkarlardandır:
Bəzimiz
qorxulu, bəzimiz qorxusuz,
Bəzimiz duyğulu, bəzimiz
duyğusuz,
Bəzimiz uyğulu, bəzimiz
uyğusuz,
Küləklər, küləklər, ey
sərin küləklər
Sizdə
var qoxusu hər yerin küləklər !
Və ya
Bəziniz
çox kəsif,
Bəziniz pək xəfif
Buludlar,
ey dolgun qədəhlər,
Göylərin ovcunda bir yel əsincə titrər,
Əsərsiniz Nədən siz?
Müşfiqin
maraq kəsb edən əsərlərindən biri də
“Yalnız ağac” şeiridir.O, olduqcafəlsəfi,
düşündürücü şeirdir. Şeiri həyəcansız
oxumaq mümkün deyildir. Əslində şeirdə şair
yalnız ağacın timsalında öz avtoportretini
yaradıb. Yalnız ağac rəmzi məna
daşıyır. Şeirdə şair dərin köklərə
malik nəhəng ağacın təkliyindən, ətrafında
heç bir ağacın qalmadığını təsvir
edir. Sovet hakimiyyəti şüarçı robot insan
yetişdirirdi. Azad fikirli Müşfiqin isə öz
dünyası, öz həyat tərzi vardı. 1934-cü ildən
başlanan təqiblər şairin ətrafında olan
dostların ondan uzaqlaşması ilə müşayiət
olunurdu. Müşfiq qarşıdan gələn repressiya
dalğasını hiss edirdi. O, çox qayğılı, qəmli,
sadə lakin nəhəng ağacın dağ başından
baxmasını poetik boyalarla təsvir edərək onu gah
sürüdən ayrılan ceyrana, anasından ayrılan
yavruya, gah da qasırğalardan
çıxmış yelkənə, səfalı
qalın ormana bənzədir. Burada nəhəng sözü
işlədərkən şairin klassik irsimizə
yaxından bələd olan
böyük söz ustadı, söz sərrafı
olmasını nəzərdə tutmaq olar. Şair şeir
yazılan zaman həqiqətən vaxtilə dost dediyi
insanların hazırda yanında olmamasını ehtiva edirdi.
Eyni zamanda təkliyin yaxşı əlamət olmamasına da
işarə edir, yalnız ağacla həmsöhbət olur:
Mən də
sənin kimi yalnız ağacdan,
Təklikdən usanıb axırda
qaçdım.
Qəlbimlə, ruhumla qoşuldum
elə,
Düşüncəm sakitdir o gündən belə.
Azad fikirlərə, azad quşlara
Qəlbimin hər gözü
bir aşiyandır.
Bədbəxt bu dunyada tək yaşayandır.
Müşfiqdə
həyat eşqi vardı. O, gözəllik şairi, sevgi
şairi, gənclik şairi idi.
Şeirlərində saf, ülvi sevgini, müqəddəs məhəbbəti
qəlbinin telləri ilə tərənnüm edirdi. O,
insanları hürr, firavan, azad görmək istəyirdi.
İstəyirdi insanların üzündən təbəssüm
hec bir zaman əskik olmasın. Qaraqabaq insanlara da yazıq kimi
baxırdı:
Cahan ki,
solmayan bir bağça-bağdır,
Burda rəvamıdır gülmədən
ölmək!
Yazıq
o şəxsə ki, qaraqabaqdır
Nə qədər yaraşır
insana gülmək!
“Həyat
həm gülməkdir, həm ağlamaqdır”- deyən
Müşfiqin ömrü gül ömrü kimi az oldu. Lakin
şərəfli, ləyaqətli, parlaq bir ömür. O, həyatsevər
idi. Mərd idi. Xalqını sevən əsl vətəndaş
idi. Nikbin, xoşbəxt gələcəyə inanan şair
idi. O, həyat ilə ölümün tərifini şeirlərində
qələmə almışdır:
Həyat
nədir? Sual verdim özümə,
Mənasını çiçəklərdən öyrəndim.
Yaşadıqca çarpışmayı, sevməyi
Qəlbimdəki diləklərdən öyrəndim.
Həyat
nədir, ölüm nədir? Boş sual!
Sevda nədir, hicran nədir? Bir xəyal!
Mən bunların əsasını,
iştə, al;
Həp çəkdiyim əməklərdən
öyrəndim
Akademik
Nizami Cəfərov deyirdi: “ …Müşfiq
şeirlərində dediyi kimi yaşamağa
çalışsa da, bacarmadı, daxilindən gələn təklik
kompleksi ona imkan vermədi. Onu son mənzilə taleyinin
özü heç kimlə məsləhətləşmədən
gətirib çıxardı”.
Müşfiq yaratdığı sənət
inciləri ilə əbədi ölməzlik
qazanıb. Əbədiyyət nəğməkarı kimi qəlblərə
köçüb. O, deyirdi:
Hər kəs
bilir həyatın sonu ölümdür,
Ah bu qəmli dəyişmə
yaman zülümdür.
Şeirim!
Bu günlünc oyun bəllidir yarın,
bizi də bəklər,
Sən də öl mənim kimi, fəqət məzarın
olsun ürəklər!
Ustad deyirdin :”Şair yeni-yeni sözlər
bulacaq, Kainat olduqca şeir
olacaq”. Mən isə bu sözlərə
aşağıdakıları əlavə etmək istəyirəm:”
Şeiriyyət olduqca Müşfiq olacaq! ”.
Ruhun şad olsun, ey böyük sənətkar.
Qafar Əsgərzadə
Əməkdar jurnalist
Pedaqogika üzrə fəlsəfə
doktoru, dosent
Yeni təfəkkür.- 2023.- 23 iyun.- S.4.