Müəllim adını şərəfləndirdin

 

(Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki

156 saylı tam orta məktəbin direktoru

Gülər İsmayılovaya həsr edirəm)

 

Müəllim adının şərəfi böyük,

Bəşər ilham alır sənin adından.

Bu yolda yorulmaq bilmədin nədir,

Dincəlmək söz kimi çıxdı yadından.

 

Gecəni gündüzə qatıb, eləcə

Yeni pöhrələrə qapı açmısan.

Onların işıqlı gələcəyinə

Sən bir Günəş kimi şəfəq saçmısan.

 

Bu gün öyrətdiyin hər bir məktəbli

Sabahın ən sadiq vətəndaşıdı.

Müəllim adının gör, neçə “barı”

Məktəbdən cəbhəyə zəfər daşıdı…

 

Məktəb sənin üçün ikinci evdir,

Sinif otaqları bağça-bağındır.

Səni şagirdlərə belə sevdirən

Büllur sular kimi saf olmağındır.

 

Hər addan ucadır müəllim adın,

Dahilər bu adı tarixə yazdı…

Heyranam səndəki qabiliyyətə,

Şəninə nə desəm, yenə də azdı!

 

Əzəl yaranışdan el adamıdır,

El ilə ağlayar, gülər müəllim…

Böyük bir ordendir sinəndə, adın,

Zəkan işıq saçır, Gülər müəllim!

 

Fərhad Əsgərov

 

Yeni Təfəkkür.- 2023.- 13 oktyabr,¹16.-S.3.