İpək kimi yumşaq, polad kimi əyilməz

 

Zərifə Hüseynova-70

 

Bəzən tanıdığın biri haqqında yazmağa çətinlik çəkirsən. Bu, o demək deyil ki, söz tapmırsan yazmağa. Yox, əksinə, nə qədər xoş, yaxşı söz varsa, onun barəsində deyə bilərsən. Sadəcə, çətinlik ondadır ki, yazdığın sözlər onu olduğu kimi göstərməyə çatarmı, deyə düşünürsən. Hə, bir də haqqında yazmaq istədiyin adamın özü də söz adamı olanda bu, ikiqat çətinləşir. Çünki hansı sözü isə yerində işlətməməkdən qorxursan.

Bu mənada, söz adamı haqqında söz demək çətindir. Amma bütün bunlara baxmayaraq, onun haqqında yazmağı qərara aldım. Çünki ömrünün ən müdrik çağını yaşayır və həyat nərdivanının 70-ci pilləsindədir. Həm də bu pilləyə çox əzablı, keşməkeşli yollarla gəlib çıxıb...

SöhbətXalq qəzetinin müxbiri, peşəkar jurnalist Zərifə Hüseynovadan gedir. Mən bu yazıda onun jurnalist fəaliyyətindən çox da ətraflı söhbət açmaq istəmirəm. Çünki onun yazılarını demək olar ki, hamı oxuyur... Həmkarları, oxucuları, haqqında yazdığı insanlar... Mən onun necə bir ana, iş yoldaşı, qohum, dost, rəfiqə və s. olduğunu bilməyənlərə tanıtmaq istəyirəm. Əvvəlcə onunla tanışlığımdan danışım. Zərifə xanımla bir rayondan (Tovuzdan), hətta bir küçədən olsaq da, əvvəllər bir-birimizi tanımamışıq. Demək olar ki, küçənin bir başında onların evləri olub, o biri başında bizim. Di gəl ki, tanış olmamışıq... Tanışlığımızın qəribə tarixçəsi var. “Azərbaycan gəncləriqəzetində müxbirlik edirdim. Yəni Azərbaycan RadiosununGənclikbaş redaksiyasında çalışsam da, bu qəzetdə yazılarım tez-tez dərc olunurdu (sonralar bu qəzetdə müxbir kimi çalışdım). Demək olar ki, hər günAzərbaycan gəncləriqəzeti redaksiyasına gəlib-gedirdim. Kollektiv məni redaksiyanın işçisi kimi qəbul edirdi. Burada uca boylu, yarlı-yaraşıqlı cavan bir oğlan vardı, adı Ələkbər idi - Ələkbər Hüseynov... Bir gün uşaqlardan biri məni ona göstərib dedi ki, Ələkbər, bu qız sənin yerlindir... O da təbəssümlə mənə baxdı, mən də ona eyni cür baxdım və soruşdum ki, siz də Tovuzdansınız? Güldü və eyni təbəssümlə “hə” dedi... Sonra da əlavə etdi ki, yox, mən Ucardanam, həyat yoldaşım Tovuzdandır... Başa düşdüm ki, zarafat edirlər... Belə bir zarafat var ki, oğlandan soruşurlar, haralısan, deyir hələ evlənməmişəm... Bəlli ki, Ələkbərlə də zarafat edirdilər. Ələkbər sonra həyatını komsomol işinə bağladı. Moskva Ali Komsomol Məktəbində təhsildən sonra Azərbaycan Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsində işlədi. 1984-89-cu illərdə Saatlı rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə göndərildi. Rayon sovetinin deputatı oldu. Yadımdadır ki, RadionunGənclikredaksiyasından Saatlıya ezamiyyətə getmişdim. Ələkbərlə köhnə iş yoldaşı kimi görüşdük. Hal-kef olandan sonra evdəkilərin vəziyyətini soruşdum. Üç qızı olduğunu bilirdim, gözəl qızların necədir, mənim yerlim necədir, - deyə suallar yağdırdım. Həmişəki təbəssümlə - hamısı yaxşıdır, - dedi. Sonra da əlavə etdi ki, bir oğlumuz da oldu... Həm də bu xəbəri elə sevinclə dedi ki, gözlərindəki parıltı açıq-aydın göründü. - Gözünüz aydın olsun, - dedim, nə xoş xəbər oldu. - Adını nə qoydunuz, - deyə soruşanda özünəməxsus təbəssümlə - Tural, - dedi. - Adı ilə böyüsün, atalı-analı olsun, - dedim... Təəssüf ki, Ələkbərin ömrü qısa oldu. Turalın iki yaşı olanda - 13 dekabr 1989-cu ildə 33 yaşında həyata vida etdi... Kiçiyi 2, böyüyü 9 yaşında 4 övladını Zərifə xanımın öhdəsinə buraxdı, getdi...

Taleyin kəmfürsətliyindənmi deyim, yoxsa Allahın təqdiri buymuş... Elə Ələkbərin hüzr yerində ilk dəfə Zərifə xanımı gördüm... Amma yaxınlaşıb nə təssəlli verə bildim, nə də tanışlıq... Kolektivlə getdiyim üçün onlarla da oradan ayrıldım, ürəyimdə dağ boyda bir yüklə... Anamı gözümün qabağına gətirdim. Eyni anam kimi qalmışdı Zərifə xanım da... Bircə fərqi oydu ki, anamın öhdəsinə daha çox uşaq qalmışdı - 11 övladın sonbeşiyi 3 yaşındaydı... Atam həyata vida edəndə anamın 46 yaşı vardı. 9 qız, 2 oğlanla meydanda tək qalmaq nədir, onu yaşayanlar bilir... “Qız yükü, duz yükü” deyirlər, ancaq oğlan uşağının yükü ondan da ağırdır bilənə... Gecəni gündüzə qatıb işləmək, körpə uşaqların tərbiyəsi ilə məşğul olmaq, oxutmaq... bunlar hamısı qəhrəmanlıq istəyir... Anam bizə atalıq etdi sözün həqiqi mənasında. Yeri gələndə, həddindən artıq sərt olurdu, bir yanlış hərəkətimiz olanda təhbeh edirdi, cəzası ağır olurdu. Hamımız ondan çox qorxurduq. Atamız olsaydı, bəlkə də ondan bu qədər qorxmazdıq, nəinki anamızdan elə qorxurduq. Hələ qardaşlarım... Hər birinin arxasınca addım-addım gəzirdi. Hara getdi, kiminlə getdi, nəylə məşğuldu, bunların hamısı ilə dəqiq maraqlanırdı. Hamısını oxutdu, əlini çörəyə çatdırdı, kimsə bizə əyri gözlə baxammazdı anamın qorxusundan. Qızlarını bir-bir köçürdükcə - yükümün biri də azaldı, - deyirdi...

Onu çox sonralar başa düşdüm. Sonralar onunla söhbət edəndə deyirdik, mama bizi yaman döyürdün ha... Deyirdi, heç peşiman da deyiləm, elə etməsəydim, indi belə olmazdınız... Namuslu, əxlaqlı, tərbiyəli övladlar böyütmək hər ananın işi deyil, özü də tək...

Bunu elə-belə xatırladım, tamam başqa söhbətdir. Sadəcə, Zərifə xanımın taleyində anama bənzərlik, həm də xarakterində oxşarlıq olduğu üçün yada saldım.

Təxminən 10 il bundan əvvəl, yəni Zərifə xanımın 60 illiyində öz facebook səhifəsində qızlarına ünvanladığı sözləri xatırladım. Onu olduğu kimi yazıram: “Qızlarım... Bu acımasız həyatda ilk dəfə sizi tərifləyəcəm. Atalı qızın özü, atasızın isə sözü böyüyər, deyirlər. Sizə əsəbim, sağlamlığım hesabına verdiyim tərbiyənin nəticəsini gördüm. Hər üç qızım dədə-baba adəti ilə telli-duvaqlı gəlin köçdü. Sentyabın 26-da sonbeşik qızımın da xeyir-duasını verdik. Allahım hər kəsə belə günü nəsib etsin. Siz mənə cəmiyyət içində öz əxlaqınız, tərbiyəniz, etika və mədəniyyətinizlə Cənnətin qapılarını açmısınız. Allah sizi bəxtəvər etsin. Başınızın üstündə Tanrı, yanınızda həyat yoldaşı olan bir ömrü ürəyinizcə yaşayın, mehriban olun. Məni sizə münasibətdə nəvazişdən çox zabitəli olmaqda suçlayıbsən bizə ana yox, ata olmusankəlmələrinizin bəhrəsi bugünkü gündü... İllər keçəndən sonra hər şeyə görə mənə haqq qazandıracaqsınız. Mən bəzən zalım oldum, bəzən qəddar. İçimdə sizi əzizlədim, üzdə acıqlandım. Peşiman deyiləm: sizdən nəvazişi mən kəsmədim, Rəbbimin məsləhəti idi. Allah hər birinizi öz evinizdə xoşbəxt etsin. Amin! Tanrının məsləhəti olsa mənə Tural bəs edər. Qız yükü hər mənada ağır olur. Siz məni bu yükdən tələsmədən və ağılla qurtardınız. Sizə 24 ildə təkbaşına çəkdiyim bütün əziyyətləri halal edirəm, halal edirəm, yenə halal edirəm. Sağ qalarsam, başqa... köç vaxtım çatarsa, Turala mən varam kimi toy edərsiniz - tək vəsiyyətim bu. O, sizin atanızın eynidi.”

Bu vəsiyyəti yazmasından 10 il ötüb, həyatda çox ağrılara-acılara sinə gərib dözən Zərifə xanım Turalına da toyu özü etdi, qızlarını bu yük altında tək qoymadı... Bax, bu sözlərinə görə deyirəm ki, onu anama bənzədirəm. Anam da eyni sözləri bizə deyib, yəni sərt, qəddar olduğunu, eyni zamanda hər birimiz üçün qayğısını, təlaşını gizlətmədiyini... Hər birimiz də ailə quranda yükünün azaldığını...

Zərifə xanımın ömür yoluna bir nəzər salaraq, onu yaxından tanımayanlara tanıtmaq üçün qısa tərcümeyi-halına nəzər yetirmək yerinə düşər:

- Zərifə Bəşir qızı Hüseynova (Namazova) 1954-cü il fevralın 9-da Tovuzda dünyaya göz açıb. Böyük Namazovlar nəslinin övladı olan Zərifə xanım 1972-ci ildə A.S.Puşkin adına orta məktəbi əla qiymətlərlə başa vurub. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olub və 1977-ci ildə təhsilini tamamlayaraq təyinatlaYazıçınəşriyyatında əmək fəaliyyətinə başlayıb. NəşriyyatınKlassik ədəbiyyat, folklor və çoxcildliklərşöbəsində kiçik redaktor, redaktor və böyük redaktor vəzifələrində çalışıb. Yüzlərlə kitabın redaktoru olub. Gənc şair və yazıçıların əsərlərinin işıq üzü görməsində böyük əməyi olub. Onların tematik plana salınması üçün rəylər yazıb. 1996-cı ilin may ayında nəşriyyatın bağlanma təhlükəsinin yaxınlaşdığını bildiyindən, “Xalq qəzetinə işə gəlib və həyatının qalan hissəsini həmin qəzetə bağlayıb. Müxbir ştatı olmadığından, onu qəzetdə məqalələrlə çıxış etmək şərti ilə, gündüz korrektorulyazmaları oxuyan) işinə götürürlər. Amma rəhmətlik Mahal İsmayıloğlu ona müxbir vəsiqəsi verir. Dörd ay sonra baş redaktorun müavini Məmməd Nazimoğlu ona görkəmli dövlət xadimi Əziz Əliyevin 100 illiyi ilə bağlı yazı hazırlamağı tapşırır. Qəzetin bir səhifəsində dərc olunan yazı Prezident Administrasiyasında müsbət qarşılanır. Həmin yazı ilə Zərifənin əmək kitabçasında yeni əmr yazılır: ”Müxbir vəzivəsinə təyin edilsin...” Elə o gündən qəzetin hər nömrəsində yeni - Zərifə Bəşirqızı imzası ardıcıl görünməyə başlayır. “Adın şərəflidirrubrikasında ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan qadınların taleyindən maraqlı və oxunaqlı yazılar qələmə alır. Xalq yazıçısı Əzizə Cəfərzadə, Xalq rəssamı Maral Rəhmanzadə, Şərqdə ilk opera yazan bəstəkar Şəfiqə Axundova, Rəhilə Həsənova, “Dan ulduzunun rəhbəri Gülarə Əliyeva, Səməd Vurğunun həyat yoldaşı Xavər Vəkilova və digər tanınmış simaların həyat və fəaliyyətini oxuculara oxunaqlı dildə təqdim edir. Qəzetin səhifələrində sosial həyata həsr olunan tənqidi məqalələrin, səhiyyənin uğurlarına aid müsahibə, oçerk, reportaj və digər janrlarda işıq üzü görən yazıların da müəllifi məhz o olub. İllərdir ki, sosial həyat şöbəsinin yükünü təkbaşına daşıyır. Onun üçün çətin mövzu yoxdur. Hər yazıya ürəyini qoyur, fikrini müxtəlif çalarda çatdıra bilir...

...Zərifə xanım 1977-ci ildə qrup yoldaşı Ələkbər Hüseynovla ailə qurur. Bu evlilikdən onların 4 övladı dünyaya gəlir. Və bu evliliyin ömrü cəmi 12 il sürür... Ələkbərin ömrü qısa olur - cəmi 33 yaşında dünyadan köçür... Dediyimiz kimi, Zərifə xanım taleyin hökmü ilə 4 körpə uşaqla tək qalır... İllər bir-birini əvəz edir. Fikir, problemlər məngənəsində qalan tək ana xəstəliklərlə çarpışır, dəfələrlə cərrahi əməliyyatlara məruz qalır. Amma övladlarının tərbiyəli, ləyaqətli yetişməsi üçün hər ağrıya sinə gərir, onların təhsil almaları üçün var gücüylə dözümlü olmağa çalışır. Ayların, illərin necə keçdiyini hiss etməyən Zərifə xanım gözünü onda açır ki, böyük qızı Günaya elçi gəlib, Günel də təhsil alıb. Lamiyə də, Tural da...

Çətinliklər arxada qalsa da, həmin günlər unudulan deyil. Zərifə xanım 4 övladına da ataları varmış kimi el adətilə nişan-toy edib. Bu gün sevgisini 7 nəvə arasında bölə bilir. Böyük nəvələri Nurcan Türkiyənin Kayseri şəhərində Erciyəz Universitetinin 3-cü, Qabil isə İstanbul Qebze Texnik Universitetinin bilgisayar mühəndisliyi fakültəsinin ingilis bölümünün tələbələridir. Digər nəvələri - İnci, Fəxrəddin, Fateh, Milana və Almina məktəblidirlər. Təbii ki, bütün bunların arxasında Zərifə xanımın yuxusuz gecələri, əzabziyyətləri durur. Çox şükür ki, çəkdiyi əməyi boşuna getməyib.

Zərifə xanım özü bu qədər problemin, dərdin, ağrı-acının içində qovrulsa da, yaxın çevrəsinə, iş yoldaşlarına, rəfiqələrinə bunu bildirməyib. Əksinə, həyat acılarının içində qovrulan rəfiqələrinin daim yanında olub, özünü o qədər tox tutub ki, kənardan elə biliblər dünyanın ən bəxtəvər qadınıdır. Hansı ki, öz içində hamıdan çox dərdə mübtəla olub...

Hətta ən çətin anlarında belə rəfiqələri, iş yoldaşları ona ürəyini aça bilib. Bu da Zərifə xanımın fədakarlığından, yaxşı sirdaş olmasından irəli gəlib.

Belə deyim, Zərifə xanım sanki həyatla, tale ilə savaşıb, mərdanəliyin fövqündə əsl Azərbaycan qadını - əsl qadın, ana olduğunu sübut edib. Bir sözlə, onun əzablı ömrü və həyatı çoxları üçün örnək götürülə bilər.

Zərifə xanım özü qədər, bəlkə də özündən daha çox başqalarının dərdinə yanıb, onlar bir çimdik ağrıyanda, o, Allah bilir, bəlkə də bir qucaq ağlayıb, acı çəkib. Heç kimin xeyrindən və şərindən qalmayıb. Yaxşı sirdaş, yaxşı rəfiqə olub... İndi də eynən belədir...

Bilmirəm bu yazıda Zərifə xanımın portret cizgilərini az da olsa göstərə bildimmi? Amma bircə onu bilirəm ki, onun çəkdiyi əziyyətlərin, əzabların, ağrıların ondan birini yaza bilmədim, onlar yazıya gələn, sözlə anladılan deyil.

Zərifə xanımın bir xüsusiyyəti də var ki, çəkdiyi ağrıları, ehtiyacıları dilə gətirməyib və gətirmir. Bildiklərimi deyirəm ki, ehtiyac anlarında ən yaxın qohumuna, hətta bacı-qardaşına belə ağız açmayıb, açmaq istəməyib. Bəlkə balaları da bilməyib ki, onların ehtiyaclarını ödəmək üçün Zərifə xanım öz zinət əşyalarını satıb, düşünüb ki, təki övladlarının ehtiyacı ödənsin... Zərifə xanım belə fədakar, əzabkeş qadındır... Həm də xoşbəxt qadındır ki, övladlarını yerbəyer edib, nəvələrini görüb, bu gün onlar da analarının ətrafında pərvanə kimi dolanırlar. Nəvələrinin ən şirin nənəsidir...

Zərifə xanımı 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı, işlərində uğurlar arzulayırıq.

 

Şəmsiyyə Musaqızı,

Əməkdar journalist

 

Yeni Təfəkkür.- 2024.- 9 fevral, ¹3.- S.3.