Yaradanım
hamımızı sevir. Amma biz
bir-birimizi başa
düşüb sonacan sevə bilirikmi?..
O, fərqli bir düşüncə və əxlaq
sahibidir. Dostluqda etibarlı, etdiyi xeyirxahlıqda təmənnasızdır.
O həm də müəllifi olduğu mahnılarla
hamının sevimlisinə çevrilib. Təbiəti
çox sevir və adındakı “Novruz” kəlməsi də
elə dünyaya gəldiyi 22 mart günü ilə - ən
böyük təbiət bayramımız olan Novruzla əlaqəlidir.
Beləliklə, 1001info.az Milli məclisin
deputatı, AzQAC-ın prezidenti Novruz Aslanov ilə müsahibəni
təqdim edir.
Kəmalə Mirzəyeva: - Novruz müəllim,
Siz Qızıl Aypara Cəmiyyətinin
prezidentisiniz, fəal millət vəkilisiniz və çox
böyük populyarlıq qazanan mahnıların müəllifisiniz.
Maraqlıdır, bunların hamısı Sizə eyni dərəcədə
doğmadırmı? Yoxsa arada özünüz-
özünüzlə qalanda bir ayrı-seçkilik edirsiniz?
Novruz Aslanov: -Təşəkkür edirəm. Təbii ki, bütün yazdığım əsərlər, o cümlədən mahnılar mənim üçün çox doğmadır. Məncə, yaradıcılıqla məşğul olan hər bir insan mənimlə razılaşar ki, onun yaratdığı nə varsa, istər şeir, istər musiqi olsun, onun üçün çox doğmadır və əzizdir. Bu, bir növ, övladlarımıza olan münasibətə bənzəyir. Sən övladların arasında heç vaxt seçim etmirsən və onlardan hansısa biri sənin ehtimadını doğrultmadıqda və yaxud gələcəklə bağlı planlarına uyğun gəlmədikdə, təbii ki, səbəbləri özündə axtarmalı olursan. Mən də yaradıcılığımda hansısa çatışmazlıqları görəndə, ilk növbədə, bu səbəbləri özümdə axtarıram. Və qeyd etmək istəyirəm ki, özümə qarşı çox tənqidi yanaşıram. Həyat tərzim də belədir. Hər bir işimdə özümü mühakimə edirəm, təhlillər aparıram ki, harda nəyi düz və yaxud düz etmədim. Əlbəttə ki, özüm-özümlə danışaraq, mübahisə edərək... Bu proses, mənə elə gəlir ki, normal bir prosesdir. Bəziləri qıraqdan baxıb başqa cür də fikirləşə bilərlər. Mən onlara da haqq qazandırıram, fikirləşirlər ki, sən niyə onlar kimi deyilsən? Əslində, hər bir insan ayrılıqda bir fərddir,bənzərsizdir. O, həyata bir dəfə gəlir, onun öz qisməti, öz həyatı var və öz həyatını da, öz taleyini də özü qurur, özü müəyyənləşdirir. Yaradan qüvvələr də bu işdə ona yardımçı və köməkçi olurlar. Özümə gəldikdə isə, bəzi müsahibələrimdə də qeyd eləmişəm ki, mənim əvvəllər yaratdığım elə musiqi əsərləri və mahnılar var ki, bu gün onları yenidən yazası olsaydım, tamam ayrı cür yazardım, daha güclü, daha təsirli edərdim. Bu da, təbii ki, əldə etdiyin təcrübəyə bağlı bir məsələdir. Məlumdur ki, ilk addımlarınla sonrakı yerişin, duruşun və qaçışın arasında fərq böyük olacaq. Yəni bu, balaca bir uşağın ayağa durub yeriməsinə bənzəyir - addımları gah əyri, gah düz olur, gah yeriyir, gah yıxılır... Yaradıcılıq da bu cürdür. Mənə elə gəlir ki, vaxt, zaman keçdikcə sən qıraqdan baxıb həm qələminə, həm fikirlərinə daha çox tənqidi yanaşırsan və beləliklə, daha çox kamilləşirsən.
-İllər
öncə daha çox məhəbbət mövzusunda
mahnılarınızı eşidirdik. Xüsusilə yada
salmaq istərdim: “Səni sevmək üçün gəldim
dünyaya”, “Unuda bilməzsən”, “Yaşın nə fərqi
var”, “Qaragilə”... Bu mahnılar səslənən kimi dillər
əzbəri oldu. Yəni bu gün də o mahnılar
yaşıdlarımız arasında, demək olar ki, eyni həvəslə,
duyğuyla dinlənilir. O dövrün dinləyicisi ilə
bugünkü arasında fərqləri necə hiss edirsiniz?
Novruz Aslanov: - Çox yaxşı sualdır. Qeyd etmək istəyirəm ki, sevgi, məhəbbət əbədi bir mövzudur. Insanlıq var olduqca bu mövzu olub, bundan sonra da olacaq və şairlər, yazıçılar daima ilhamlanaraq bunu qələmə alacaqlar. O ki qaldı Sizin o dediklərinizə ki, keçmişdə bu əsərlər dinləyicilər tərəfindən daha yaxşı qəbul olunurdu, dinlənilirdi, efirlərdə tez-tez gedirdi, tamamilə haqlısınız. Bilirsiniz, nəyi demək istərdim. Mənə elə gəlir ki, bu gün cəmiyyətdə hansısa düzgün olmayan proseslər gedir. Bunun bəzisi bizdən, cəmiyyətən asılıdırsa, bir qismi nə bizdən, nə də cəmiyyətdən asılıdır. Sanki ümumi bir axındır, ümumi bir seldir. Buna qlobalizasiya deyirlər. Və o selin, o axının qarşısında, demək olar ki, hər şey batıb gedir –mədəniyyət anlayışı dəyişir, zövqlər korlanır, əxlaqda da müəyyən çatlar yaranır, insanlar arasındakı münasibətlər də tam pozulur. Mən Sizə bir misal çəkim: bu gün sosial şəbəkələr, sözün əsl mənasında, hər birimiz üzərində hökmranlıq eləyir. Bir yandan baxanda çox lazımlı bir şeydir. Açığı çox vaxt tıxacda dayanarkən vaxtımın boşa getməməsi üçün xeyli iş görürəm -yazıları yerləşdirirəm, sayta baxıram, orda müəyyən göstərişlər, təlimatlar verirəm, dəyişikliklər edirəm... Yəni vaxtım boşa getmir. Amma başqa bir tərəfdən baxanda əksini də görürürsən. Bir dostum var, keçmişdə müdirim olub. İndi də çox yaxın münasibətlərimiz var. Yazıram ona: “Salam.” Yazır: “Əleyküm- salam.” Yazıram: “Bayramın mübarək.” O da mənə yazır: “Bayramın mübarək.” Yəni görünən budur ki, hər şey normaldır. Ardınca zəng elədim ki, səsini eşidim. Soruşuram: “ Qardaş, nə var, nə yox? Necəsən?” Deyir: “Qanım qaradır, bacım rəhmətə gedib.” Soruşuram: “Nə vaxt rəhmətə gedib?” Deyir ki, 1 həftədir. Deyirəm: “Ay əzizim, axı səninlə bu müddət ərzində hər gün danışmışıq, hər gün yazışmışıq...” Deyir: “Sən mənə yazırsan: “Sabahın xeyir” . Mən də sənə yazıram. Yazırsan: “Bayramın mübarək”. Mən də cavab verirəm ki, bayramın mübarək. Mən durub sənə orda yazmayacağam ki, bilirsən, bacım rəhmətə gedib...” Gördüyünüz kimi, bəlkə də sosial şəbəkə ünsiyyət üçün yaxşı bir vasitədir. Amma mükəmməl deyil. Doğrudur, bu gün ən azı yazaraq bildim ki, o adam sağdır, salamatdır, dünyasını dəyişməyib. Amma hansı haldadır –məlum deyil? Bilə bilmirsən ki, sən ona yazdığın anda o hansı dərdin içindədir, yas məclisindədir?.. Yəni bir mənalı olaraq canlı ünsiyyət, əlaqə çox vacibdir. Yaradıcılıq da belə bir şeydir, ona da bir motivasiya lazımdır. O da diqqət tələb edir. O vaxt yazmağa, yaratmağa can atırsan ki, sən özünü lazımlı hiss edirsən, yəni hiss edirsən, görürsən ki, səni oxuyurlar, səni dinləyirlər. Əksi də olur: Bir də görürsən ki, səni nə oxuyan var, nə dinləyən... Efirdə də sənə yer vermirlər. Fikirlərin qarışır, düşünürsən ki, yəqin cəmiyyətdə sənin yazdıqlarına tələbat yoxdur... Gəlin baçqa bir tərəfdən də baxaq: Bu gün bizim musiqi nə üzərində qurulub ? Diqqət yetirsəniz, görəcəksiz orda fkir, düşüncə yoxdur. Bildiyiniz kimi, hər mahnının kupleti və nəqarəti olur. Hər bir kupletdə də yeni bir fikir olmalıdır. Birinci kupletdə bir fikir söylənilir, nəqarət təkrarlana bilər. Bu. mümkündür, lazımdır, belə də olmalıdır. İkinci kupletdə isə ayrı fikir getməlidir. Amma bu gün nə baş verir? Birinici kuplet eyni söz və nəqarət, ikinci kuplet həmin birinci kupletin təkrarı və nəqarət... “Səbəb” də çox sadədir: müğənnilər oxuduqlarını yadda saxlaya bilmirlər. Ona görə təkrarlanma olur. Birincisi, bu, normal hadisə deyil. İkincisi, deyirlər ki, musiqi asan olmalıdır. Əksinə, belə olmamalıdır. Musiqi düşündürməlidir. Əgər mənim musiqim bu gün kimisə düşündürmürsə, deməli, mən heç nə etməmişəm. O ritmlərdən ki bu gün bəzi bəstəkarlar istifadə edirlər, texniki elementlərdir. Onlar çox vaxt komputer qrafikasından və yaxud komputerdəki bir sıra musiqi yazma proqramlarından istifadə edərək “musiqi” yaradırlar. Onu mən də “yarada” bilərəm. Özü də onlardan yüz dəfə yaxşı “yarada” bilərəm. Amma o, populizmdir. Düzgün deyil, zövqlərin korlanmasıdır. Mən hesab edirəm ki, insan musiqiyə qulaq asanda düşünməlidir. O musiqi onu harasa aparmalıdır, onun əhval-ruhiyyəsinə təsir etməlidir. Qarabağ müharibəsi vaxtı vətənpərvərlik mövzusunda aparılan təbliğat işlərini olduqca yüksək qiymətləndirirəm. Bu 44 gündə, həqiqətən, televiziyalarımız, mətbuatımız, ümumən, bizim mediamız əvəzsiz işlər gördü. Bütün mahnılar, şeirlər də vətənpərvərlik, müharibə mövzusunda idi. Bu, çox unikal bir hadisə idi. Mən bunula fəxr edirəm. Azərbaycan dövlətinin bu sahədə gördüyü işlər və cəmiyyətin ona verdiyi dəstək, bir vətəndaş kimi, məni də olduqca qürurlandırdı. Hesab edirəm ki, biz bütün dünyaya bir nümunə göstərdik. Mən bu gün adlarını çəkmək istəmirəm, bəzi ölkələrdə hələ də müharibə gedir və gündə ən azı 200-300 nəfər ölür və orda hər gün çal-çağırdır, konsertdir. .. Yəni bu, normal hal deyil. Amma bizdə 44 gün ərzində bir müğənni belə konsert vermədi, bir şən musiqi eşitmədik, biz görmədik ki, kimsə toy eləsin. Yəni cəmiyyət o qədər birləşib bütövləşdi ki... Həmin vaxt fəhləmiz də, nazirimiz də bir olmağı bacardı, bacardıq. Ona görə Cənab Prezidentin apardığı uğurlu siyasət belə parlaq bir qələbə ilə nəticələndi.
Kəmalə Mirzəyeva: -Müharibədən söhbət açdınız... Bu məqamda mən də bir faktı xatırlatmaq istəyirəm: Həmin günlərdə döyüşlərə yollanmaq üçün müraciət edən millət vəkilləri arasında Siz də vardınız.
Novruz Aslanov: - Qeyd etmək istəyirəm ki, bu, bir vətəndaşlıq borcu, bir vətəndaşlıq mövqeyi idi. Hətta bir nazir müavini tanıyıram ki, tanımasınlar deyə idman forması geyinib hərbi komissarlığa gəlmişdi ki, onu qeydiyyata alsınlar. Hazırda o, nazir müavini deyil, icra başçısıdır. Yəni demək istəyirəm ki, belə hallar çox idi. Vətənin çağırışına hər kəs cavab verməlidir. Hər kəs öz sahəsində lazımi addımları atmalıdır. Özümlə bağlı isə heç danışmaq istəmirəm. Çünki bu, normal bir haldır.
-Novruz
müəllim tanınmış şair-
yazıçı Davud Aslanın ocağında dünyaya gəlsəniz
də, nədənsə şeir yazdığınızı
eşitmədik... Şair Davud Aslanın bu yolunu, ənənəsini
yaşatmaq üçün heç cəhd etdinizmi ?
Novruz Aslanov: -Yox, qətiyyən. Heç bir şeirim yoxdur. Olmayıb da. Ənənəni isə qızım davam etdirir - Gülnur Aslan. Artıq 5 kitab müəllifidir. Yaxşı romanları, şeirləri var. Mənim yadımdadır ki, onun 14 yaşı olanda rus dilində ilk kitabı çıxdı. İndi də çox yaxşı romanlar üzərində çalışır. Maraqlı düşüncələri, fəlsəfi fikirləri, elmi tədqiqatları, axtarışları var. Qeyd edim ki, onun son əsərlərindən olan “Sarı paltarlı gəlin” kitabı məhz Sarı gəlin mövzusuna həsr olunub. Özü də bu mövzuya çox böyük bədii və elmi bir münasibətlə yanaşıb. Qızım olduğuna görə demirəm, həqiqətən çox maraqlı bir romandır. Hətta Gülnurun sözlərinə bir neçə mahnı da bəstələmişəm. Misal üçün, Heydər Əliyev Fonduna həsr olunan ilk işimiz çox maraqla qarşılandı. Lazım olanda, bəzən “çətin vəziyyət”ə düşəndə deyirəm ki, Gülnur, bir mahnı yazmışam, sən sözləri yerləşdir, gör necə alınır.
Kəmalə Mirzəyeva: -Belə demək
olar ki, yaradıcı ruhu ailədə atanız Sizə, Siz də
qızınıza ötürmüsünüz.
Novruz Aslanov: -Bəli, elədir. Amma musiqi sahəsində mənim arxamca gələn yoxdur. Hər kəs öz işi ilə məşğuldur.
Kəmalə Mirzəyeva: -Novruz müəllim,
insanlar var ki, tənhalıqdan qorxur. Yaradıcı insanlarda isə,
bu, bir az fərqlidir. Mənə elə gəlir ki, onlar
özləri-özləriynən baş-başa qalanda daha
rahat olurlar...
Novruz Aslanov: - Mən çörək yeyəndə də heç vaxt tək olmuram. Qaldı tənhalığa -bu söz çox kədərli səslənir. Nə deyə bilərəm...Təklik o halda gərəkdir ki, özünə qapılmaq,düşünmək istəyirsən. Əgər düşünə bilirsənsə, bu, böyük bir xoşbəxtlikdir, yəni təhlillər aparırsan, keçmişinə baxırsan, gələcəyə boylanırsan. Etiraf edim ki, mənim həyatımda hansısa bir problem yarananda səbəbkarı kənarda axtarmıram. İlk növbədə bunu özümdə görürəm, özümdə axtarıram. Düşünürəm ki, məsələn, mənim bu vəziyyətdə olmağımın səbəbi 5 il əvvəl hansısa məqamda etdiyim haqsızlıqdır ki, indi qarşıma çıxıb. Mən bu səbəbi tapıram, gec də olsa, “düzəldirəm”. “ Qurani -Kərim”də də belə bir fikir var : Yaradanımız Peyğəmbərə müraciətində deyir ki, sizin həyatınızda yaxşı nə varsa, onları mən sizə vermişəm. Amma hansısa çətinliklər varsa, səbəbi özünüzdədir. Mən də həyatımdakı səhvləri özümdə axtarıram. Məsələn, filan vaxtı filankəsin xətrinə dəymişəm və indi də onun əziyyətini çəkirəm. Bəzən görürsən biri xəstələnib gedir həkimə. Müalicə kömək etmədikdə başlayır səbəbini kimdəsə axtarmağa. Bu, düzgün deyil. Vaxtında həkimin məslətinə qulaq assaydın, pəhriz saxlaya bilsəydin, belə problem olmazdı. Bu mənada, təklik, tənhalıq imkan verir ki, daha çox düşünəsən. Amma mən cəmiyyətdən ayrılıb tək yaşayan insanları başa düşmürəm. Biri var ki, cəmiyyətdən uzağa çəkilib cəmiyyət üçün nəsə yaradasan. Bu, ayrı bir şeydir. Allah rəhmət eləsin Musa Yaquba. O, əzəldən kənddə yaşadı. Elə o kənddə də dünyasını dəyişdi. O, ruh adamı idi, təbiət adamı idi. O, şəhərdə yaşasaydı, o cür yarada bilməzdi. Bir də var ki, sən cəmiyyətdən küsüb kənara çəkilirsən, bu, artıq bir acizlik əlamətidir. Mən kitablarımın birində oxucuya belə bir sual verdim: Sizcə, hansı insan daha çox günahkardır -hər gün araq, şərab içən, hər gün öz canına, qanına, ruhuna qəsd edən, amma heç kimə pislik etməyən, yoxsa gündə beş dəfə namaz qılıb özünü mömin göstərməyə çalışan? Əlbəttə, ikisi də günahkardır. Amma daha çox həmin o “dindar” günahkardır. Çünki öz adından, statusundan istifadə edərək o, cəmiyyətə də, insanlara da daha çox ziyan verir.
Kəmalə Mirzəyeva: -Ömər Xəyyamın
da bir sözü var. Deyir:
Biz şərab içirik, sən xalq
qanını,
İnsaf et, hansımız daha qəddarıq?..
Novruz Aslanov: -Mən, ümumiyyətlə, içki içən deyiləm. Amma heç bir məclisdə heç kim deyə bilməz ki, mən içki içmirəm. Çünki mən içkisiz də onlardan şən, pozitiv ola bilirəm.
-İnsani
keyfiyyətlərə toxundunuz. Ədalətli, mərhəmətli,
vicdanlı olmaq. .. Ümumiyyətlə, hər günün sonunda insan
olaraq qalmaq çətin deyil?
Novruz
Aslanov: -Bu, sənin borcundur –insanlıq borcun. Sən insan olaraq
qalmalısan. Harda olursan-ol. Bir misal gətirim. Hansısa bir
şahlıqda belə bir problem çıxır meydana: iki
oğlan uşağı olur. Səhv salırlar, bilmirlər
ki, bunlardan hansı şah oğludur? Bu iki uşağı
salırlar çətin bir vəziyyətə. Meşənin
içində bir bulağın başında iki qarpız
qoyurlar. Biri ac olduğuna görə dərhal qarpızı
vurur daşa, əliylə paralayıb yeməyə
başlayır. O biri uşaq isə qarpızı
götürüb əvvəlcə suda yuyur və dilimləyərək
yeyir. Bilinir ki, bu uşağın qanında kübarlıq.
zadəganlıq var... Yəni əsl insan hər bir şəraitdə
özünü qoruyub saxlamağı bacarmalıdır.
Ümumən insan elə bir varlıqdır ki, o, mütləq
özünü tanımalıdır. Bunun üçünsə
daima öz üzərində çalışmalıdır.
Hər birimiz günün sonunda özümüzə hesabat
verməliyik ki, bu gün mən nə etdim? Mən çox təvazökar
bir insanam. Amma deyim ki, bu gün Siz gələnə qədər
iki yaxşı iş görmüşəm. Günün
sonuna, inşallah, belə işlərim daha çox olacaq.
Düzdür, bu dediyim işin birini məcburən
görmüşəm, ürəyimcə olmayıb. Təbii,
kimin üçün etdimsə, onun üçün bu,
yaxşıdır. Amma mənim üçün o qədər
də yaxşı bir iş deyildi. Özü keyfiyyətli bir
insan olmasa da, çətin bir vəziyyətə
düşdüyünə görə kömək etdim. Amma o
adamı dostluğumdan çıxardım. Çünki o, həmişə
məni işi çətinə düşəndə yada
salır. Belə dostluq, yoldaşlıq olmaz axı. Bu
hesabatı mən özümə verdiyim kimi, o adam da bunu etməlidir,
azından səhvini anlamalıdır ki, bu gün nəyi
düz etmədim?
Kəmalə
Mirzəyeva: -Həyat ağ və qara zolaqlıdır...
Ağ zolaqlı uzun, xoş bir yola çıxmaq
hamının istəyidir. Amma bəzən o, hamıya qismət
olmur... Bu xoşbəxtlik ancaq çətinliyə təslim
olmayanlara, ruhdan düşməyənlərə nəsib
olur... İnsan o gücü, iradəni hardan, kimdən
almalıdır ?
Novruz
Aslanov: -Ancaq və ancaq cəmiyyətdən. Təbiət də
kömək ola bilər. Gedirsən dəniz
qırağına, dalğaları görürsən, sənə
ruh verir, qanad verir, qida verir. Amma ən əsası insani
münasibətlərdir. Bu da sənin işlədiyin yerdən
başlayır. Açığı deyim ki, sənin
müdirin yaxşı bir insan deyilsə, sən orda işləyə
bilməyəcəksən. daha çox əziyyət çəkəcəksən.
Məcburən işləyəcəksən, çünki ailəni
saxlamalısan, amma mənən iztirab çəkəcəksən,
daima haqsızlıqla üzləşəcəksən. Sən
özün də elə bir rəhbər olmalısanki, işə
gələnlər sevinclə gəlsinlər, bilsinlər ki.
onların müdiri sabah problemləri olsa, diqqətlə qulaq
asacaq və imkan daxilində onlara kömək olacaq. .. Bir
anlığa təsəvvür edin ki,
düşmüsünüz ağılsız insanların
arasına. Sizin onlardan öyrənəcəyiniz nə olacaq?
Ya da düşmüsünüz yaxşı insanların
arasına. Orada isə Sizi gözəl münasibət,
şirin, əxlaqi söhbətlər gözləyir. Bayaq
yaxşı bir şeir eşitdim. Götürdüm, aldım
və ruhlandım. Söhbət bundan gedir. Özün də həmin
o ruhun bir mənbəyi olmalısan. Almaqla bərabər, verməyi
də bacarmalısan.
Kəmalə
Mirzəyeva: - Kimdir illərdi Sizə o dediyimiz mənəvi
gücü, inamı verən ? Sizin həyatınızdakı
uğurların, yaxşı mənada, “səbəbkarı”
kimdir ?
Novruz
Aslanov: -Təbbi ki, ancaq Yaradan. Hər şey Ondan
başlayır. Ailə, kollektiv, cəmiyyət. Hər şey
Ona bağlıdır - mənim dünyaya gəlişim də,
sənin istedadın da. Öyünmək lazim deyil qabiliyyətinlə,
istedadınla. 8 milyard insan var yer üzündə. Sən də
onlar kimi ola bilərdin. Əgər bu istedad verilibə, onu verən
verib. Və sonra sən başlayırsan onun üzərində
işləməyə. Yəni özün-özünə
kömək edirsən. Misal üçün, musiqiçisənsə,
gedirsən konservatoriyaya qəbul olursan. Amma mənbə birdir,
səni yaradan qüvvədir. Kimsə ona Allah deyir, kimsə
Tanrı deyir... Mən ona ancaq Yaradıcı qüvvə deyirəm.
Bu, enerji də ola bilər, bu, hər şey ola bilər. Bir
yaradan qüvvə var və səni bu dünyaya o gətirib.
Sonra isə sən hara istəyirsən, ora da gedirsən.
Kəmalə
Mirzəyeva: -İnsanın Allaha olan sevgisi... İnsan
üçün Allahın onu sevməsindən daha qiymətli
mükafat varmı?!
Novruz
Aslanov: - Açığı deyim ki, bu, övlad-ata
münasibətidir. Yaradanım hamımızı sevir. Amma biz
bir-birimizi başa düşüb sonacan sevə bilirikmi? Mən
ata görmüşəm ki, hətta oğlunun
ölümünü istəyir. Amma o, uşağı
dünyaya gələndə istəmirdi ki, belə olsun. Mənim
də, Sizin də valideynlərimiz istəyiblər ki,
uşaqları yaxşı bir insan olaraq cəmiyyətə
xeyirli olsun. Amma, əfsuslar ki, bəzən belə olmur...
Kəmalə
Mirzəyeva: - Bəziləri zəmanədən çox
şikayət edirlər... əxlaqi dəyərlər, adət-ənənələr
itir, ailələr dağlır... milli mənəvi dəyərlər
yox olur... Günahkar zəmanədir, yoxsa zəmanənin
insanları?
Novruz
Aslanov: -Bu, çox böyük bir fəlsəfi fikirdir. Zəmanə
haqqında alimlərimiz, filosoflarımız çox
danışıblar. Bəzilərinə görə zaman bizdən
daha irəlidədir. Bəziləri deyir ki, hətta zaman
yoxdur, keçmiş və gələcək var. Bəziləri
düşünür ki, heç hazırkı vəziyyət
də yoxdur. Hər saniyə hər an dəyişir. Yəni
biz də bir an bundan öncəki adamlar deyilıik. Yəni
indiki zaman anlayışı yoxdur, əslinə qalsa,
yalnız keçmiş və gələcək var. Bəzi
alimlər deyirlər ki, zaman bizim beynimizdə,
düşüncəmizdə olan fikirlərdir. Yəni biz
dünyanı dərk etdikdə bilirik ki, zaman var. Amma mən
hesab edirəm ki, zamanın bizim problemlərlə bağlı
heç bir günahı yoxdur. Bizim cəmiyyətimizin problemləri
elə biz özümüzük. Düzgün
yaşamırıqsa, bunu zamanın üstünə atmaq
doğru deyil. Zaman elə həmin zamandır. Amma biz dəyişirik.
Deyirlər ki, bu gün zaman bir az tez gedir, bəziləri deyirlər
ki, bu, qiyamət gününün əlamətidir. Doğrudur,
zaman o qədər tez keçir ki, sanki həftəmiz 1
gün, ayımız isə 1 həftədir. Bunu ancaq onunla əlaqələndirirəm
ki, informasiya yükümüz yaman çoxalıb. ... Təsəvvür
edin ki, kənddə yaşayırsan, həyat yoldaşın,
uşaqların var. Səhər 4-də durursan, heyvanları
aparırsan otlamağa və yaxud başlayırsan həyət-bacanı
belləməyə və gözləyirsən ki, bircə
axşam gəlsəydi, dincələrdim. Vaxt isə
uzanır. Amma biz burda o qədər informasiya qəbul edirik ki,
bir də görürük ki, artıq axşamdır. Sanki
zaman başlayır sürətlənməyə. Mənə
elə gəlir ki, zamanın bizim işimizə, həyat tərzimizə
heç bir mənfi təsiri yoxdur. Zaman öz yerindədir.
Biz yerimizi tapmağa çalışmalıyıq.
Kəmalə
Mirzəyeva: -Bütün canlılara qarşı Sizdə həssas
bir münasibət var. Novruz müəlim, görünən
odur ki, təbiətə bağlılığınızla,
bütün canlılara incə, həssas münasibətinizlə
də diqqət çəkirsiniz. Bu, insanda xüsusi bir əhval-ruhiyyə,
ovqat yaradır... Bu, necə gözəl bir missiyadır ...
Xüsusilə, təbiətin ayrılmaz hissəsi olan
heyvanlarla bağlı humanist yanaşmanız da çoxuna bir
örnəkdir. Mən “heyvan” sözü işlədə
bilmirəm. “Balaca dostlarımız”, “Əziz
dostlarımız” deyirəm...
Novruz
Aslanov: -Bilirsiniz, Yaradan bizi elə yaradıb, bizə elə
bir güc verib ki, biz bütün canlılara qarşı
çox diqqətli olmalıyıq. Mənim həyatımda da
çoxlu “balaca dostlarım” var və deyim ki, mən bununla fəxr
edirəm. Canlı aləmə diqqətlə yanaşmaq
lazımdır. Bəzən girirəm bazara. Vəhşi təbiətə
məxsus canlıları qəfəsin içində görən
kimi ürəyim ağrıyır, pul verib alıram
onları. Bizdə bağda “azadlıq günləri” olur.
Uşaqlar da bunu bilirlər. Həmin gün qəfəsdə
olan həmin canlıları açıb azadlığına
qovuşdururuq. Əvvəllər Ucar yolunda çoxlu belə
heyvan satılırdı. Dayanıb onları alır, elə o
satanların yanındaca sərbəst buraxırdım. Elə
satıcılar var idi ki, görürdülər quş
uçub yaxınlıqda düşdü, tutub onu ikinci dəfə
satmağa çalışırdılar. Qayıdıram,
satıcı ilə danışıram ki, mən pul vermişəm,
quşu alıb buraxmışam, sən niyə gedib yenidən
onu tutursan? Bu cür münasibət düzgün deyil. O heyvan
azadlıq istəyirsə, biz onu niyə qəfəsə
salıb həyatını məhdudlaşdırırıq.
Bu, böyük günahdır. Mən 12 yaşımdan
ovçuluq edən adamam. İndi hər gün Yaradandan
üzr istəyirəm. Deyirəm: məni
bağışlayın. Mən nəyə görə
onları qırmışam, nə səbəbə? Onları
təbiət yaradıb. Hər gün Allahımdan üzr istəyirəm
ki, məni bağışla. Ona görə indi mənim
canlılara münasibətim tam başqadır. Hesab edirəm
ki, onlara düzgün münasibət savabların,
yaxşı işlərin içindədir.
-Mən
sizi şəbəkələrdən də izləyirəm.
Öz şəxsi müşahidələrimə görə
deyə bilərəm ki, orada belə cəmiyyət
üçün faydalı olan o qədər mesajlar verirsiniz,
çağırışlar edirsiniz. Dahi insanlardan
paylaşılan sitatlar, hətta onları tərcümə edərək
paylaşmağınız... Buna qədər
düşünürsünüz. Bəzən söz
tapmıram...
Novruz
Aslanov: -Təşəkkür edirəm. Biz müsahibədən
öncə də Sizinlə fikirlərimizi
bölüşdük. Gözümü açıb- yumdum,
bu gün - sabah 61-dir. Bilmirəm hələ bundan sonra nə
olacaq, nə qədər yaşayacam. Amma bura, bu dünyaya gəlməyimizin
bir səbəbi var. Biz nə isə etməliyik. Əgər
elə olmasaydı, Yaradanımız bizi elə o biri bioloji
varlıqlar kimi yaradardı, düşünməyə
ehtiyacimiz da olmazdı. Bizə dil, təbəssüm,
şüur, ağıl, zəka da verməzdi. Bunların bizə
verilməsinin bir səbəbi olmalıdır. Səbəb də
ondan ibarətdir ki, biz nə isə etməliyik. Mən hesab
edirəm ki, ən azı sən bu dünyada
yaşadığın müddətdə xeyir verə bilmirsənsə,
ziyan da verməməlisən. İkincisi, bacardığın
qədər yaxşı fikirləri dilə gətirməlisən.
Bizim babalarımızın, nənələrimizin, əcdadlarımızın
söylədiyi elə atalar sözləri var ki, onlar indi də
yararlıdır. Bu gün biri sosial şəbəkədə
özünü çəkib göstərir, o biri nəyisə
reklam edir. Mənim fikrim isə ancaq
yaxşılığı, insanlığı təbliğ
etməkdir. Çalışıram ki, insanlar bu
paylaşımlardan nə isə götürsünlər, nə
isə ala bilsinlər. Çox sağ olun, Siz, yəqin bunu ala
bildiniyiniz üçün belə qiymətləndirirsiniz. Deməli,
mən öz istədiyimə çatmışam. Mən,
düzü, milyonlarla insanın Sizin kimi, mənim kimi
düşünməsini istəmirəm də. Amma bizim kimi
fikirləşənlər varsa və sən onu görə
bilirsənsə, bu, çox gözəl bir haldır. Sizə
bir misal gətirim. Dediyiniz kimi, mən sosial şəbəkədə
çox fəalam. Bir dəfə dostluğumda olan bir
insanın həyatında hiss elədim ki, problem var. Onun
statusuna baxanda anladım ki, bu gün-sabah o insan intihar edəcək.
Mən dərhal onunla danışdım. Və ona həyat
haqqında bir status göndərdim. Artıq öz statuslarımı
ona uyğun qurmağa başladım. Hiss eləyirdim ki, o, pis
vəziyyətdədir. Şadam ki, onu bu fikrindən döndərə
bildim. İndiyə qədər də yadımdan
çıxara bilmirəm: açıq pəncərə, əsən
pərdələr, külək və yerdə bir dənə
ləçəkləri tökülmüş
qızılgül. Bu, ölüm, son deməkdir. Mən onun
paylaşdığını belə anladım. Sonra
gördüm bu adam mənim statuslarımı izləyir. Məncə,
belə şeylərə fikir vermək, həssas yanaşmaq
lazımdır.
Kəmalə
Mirzəyeva: -Gəlin ürəkaçan mövzulardan
danışaq. Ölkəmizdə bir çox sahələrdə
böyük irəliləyişlər göz önündədir.
Xüsusilə mədəniyyət sahəsində nəzərəçarpacaq
dərəcədə yeniliklər var: Ciddi mədəniyyət
əsərləri yaranır, forumlar düzənlənir, tədbirlər
keçirilir... Siz Milli Məclisin Mədəniyyət Komitəsiniz
üzvü olaraq bunu necə dəyərləndirirsiniz?
Novruz
Aslanov: - Doğrusu, Milli Məclisin Mədəniyyət Komitəsinin
üzvü olaraq qeyd etmək istəyirəm ki,bu sahədə
həm keçmişdə , həm də hazırda çox
böyük işlər görülüb və görülməkdədir.
Bu işə MM-in Mədəniyyət Komitəsi də
qanunvericilik sahəsində öz töhfələrini verir
-istər qanunların işlənməsi, istər onların qəbul
olinmasında. Ən sevindirici hal odur ki, Mədəniyyət
Komitəsinə həmişə dəyərli
ziyalılarımız, insanlarımız rəhbərlik ediblər
- Nizami müəllim, Rafael müəllim, rəhmətlik Qənirə
xanım. Hazırda bu sahəyə hörmətli Fazil müəllim
rəhbərlik edir. Çünki dəyərli, bilikli insanlar
rəhbər vəzifədə çalışanda
görülən işlər də keyfiyyətli olur.
Çox sevinirəm ki, bu gün Mədəniyyət Nazirliyi
ilə yaxşı münasibətlərimiz var. Adil müəllim
bir neçə dəfə bizim iclaslarımıza
qatılıb, təqdimatlar edib, gələcək perspektivlər
haqqında öz fikirlərini söyləyib. Adətən, mədəniyyət
üzrə konsepsiya -strateji planlar 2-3-5 ili əhatə edərdi.
Amma bu gün hazırlanan konsepsiya 10 ili yox, 20 ili, 30 ili əhatə
edir. Bu da çox vacib bir addımdır. Deməli, biz bu
gün 20-30 ildən sonrakı cəmiyyətimizdə mədəniyyətin
səviyyəsinin necə olacağını müəyyənləşdirməyə
çalışırıq. Əsas olan budur ki, bunun
üçün hansı addımlar atılmalıdır? Bu,
çox unikal yanaşmadır, baxışdır. Mən
fürsətdən istifadə edib Mədəniyyət
Nazirliyinə, xüsusilə Adil müəllimə, onun
komandasna dərin minnətdarlığımı bildirmək
istəyirəm. Bu yaxınlarda dinləmələr oldu və
orda Fazil müəllimin bütün təklifləri nəzərə
alındı. Yəni açıq dinləmələr,
açıq təkliflər, ictimai müzakirələr
çox vacbdir. Əgər biz işimizin yaxşı
olmasını istəyiriksə, insanlara qulaq asmalıyıq,
onları dinləməyi bacarmalıyıq. Hesab edirəm ki,
bu istiqamətdə, bu səpkidə işlərimiz davam etsə
və Mədəniyyət Komitəsi ilə Mədəniyyət
Nazirliyi tərəfindən işlənən bu konsepsiya əsasında
çox yaxşı nəticələr əldə edə biləcəyik.
Çünki mədəniyyət elə bir sahədir ki, daima
onun üzərində çalışmaq və
boşluqları doldurmaq lazımdır. Deyirlər ki, niyyətin
hara, mənzilin də ora. Mən görürəm ki, Mədəniyyət
Nazirliyinin niyyəti çox yaxşıdır, sabaha
yaxşı nəzərlərlə baxır. Gələcəkdə
daha effektiv nəticələr əldə etmək
üçün Mili Məcliin Mədəniyyət Komitəsinin
hər bir üzvü Mədəniyyət Nazirliyi ilə birgə
əlindən gələni edəcəkdir.
Kəmalə
Mirzəyeva: -AzQAC öz missiyasını və xoş niyyətini
həyata keçirmək üçün ölkənin hər
yerində, o cümlədən Qarabağ iqtisadi zonasında,
eləcə də Xankəndidə “həssas təbəqəyə”
yaxın fəaliiyətini davam etdirir. Nələrlə
qarşılaşırsınız ? Necə
qarşılaşırsınız ?
Novruz
Aslanov: - Mən Sizə deyim ki, humanitar fəaliyyət
çox ağırdır. Bu gün dünyanın bir
çox ölkələsində bizim könüllülərimiz
çalışmaqdadır. Yeri gəlmişkən, bizim
dünya üzrə 27 milyon könüllümüz var var.
Onlar çox vaxt təzyiqlərə məruz qalır, hətta
həyatların itirirlər. 44 günlük müharibədə
bir işçimiz - Mustafayev Məhərrəm öz humanitar
fəaliyyətini yerinə yetirərkən
dünyasını dəyişdi . 2 işçimiz də
yaralandı. Çox ağır bir işdir. Elə vaxtlar olur
ki, insanlar üstünə hücum edirlər. Artıq sənin
həyatına da qəsd edə bilərlər. Əfsuslar
olsun ki, dünyada bu cür hadisələr baş verməkdədir.
O ki qaldı Qarabağ iqtisadi zonasına, bu günlərdə
Xankəndiyə gedib oradakı insanlarla görüş
keçirdik, şəraitlərilə tanış olduq,
hümanitar yardım etdik, müvafiq söhbətlər
apardıq. Onlar bizim torpağımızda, bizim dövlətimizin
ərazisindədirlər, bizim sakinlərimizdirlər.
Çalışırıq ki, onlara diqqətlə
yanaşaq. Deyim ki, hər zaman, hər an bizim işimiz müsbət
qarşılanır, təəssüf ki, belə deyil. Misal
üçün gedirsən hansısa problemli bir sahəyə,
orada yardım edirsən. Bəzi insanlar fikirləşir ki, ona
nə üçün yardım edirsən, mənə yox? Yəni
çox ağır və çətin bir işdir. Amma mərhəmət
- mərhəmətdir. Onun nə ağı, nə də
qarası olur. Hesab edirəm ki, heç bir çətinliyə
baxmadan biz öz işimizi görürük və görməliyik.
-Novruz
müəllim, mart ayı Qızıl Aypara Cəmiyyətinin
yarandığı aydır və eyni zamanda Sizin də
doğum tarixiniz bu aya təsadüf edir. Humanist təşkilatın
humanist rəhbəri. Sizi ayırmaq istəmədim. Təbrik
edirəm və uğurlar arzulayıram.
Novruz
Aslanov: -Təşəkkür edirəm, Cənab Prezidentın
Sərəncamına əsasən hər il martın 10-u Aypara
günü kimi qeyd olunur. Qeyd etmək istəyirəm ki,
Qızıl Aypara Cəmiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin
bir varisi olaraq artıq 104 ildir öz fəaliyyətini davam
etdirir. Düzdür, 1920-ci ildə fəaliyyəti az oldu, amma
sonrakı illərdə Cəmiyyətimiz çox yüksək
səviyyədə fəaliyyət göstərə bildi. Bu
gün mən arzu edirəm ki, Qızıl Aypara Cəmiyyəti
əvvəlki illərdə olduğndan da güclü olsun. O
zamanlar hər il dövlət büdcəsinin 1 faizi
Qızıl Aypara Cəmiyyətinin hesabına keçirdi.
Hazırda biz üzvülük haqları, insanların ianələri,
donor vəsaitləri, vergilər hesabına fəaliyyətimizi
həyata keçiririk. Təbii ki, bütün bu işlərdə
bizə dəstək dövlətimizdəndir. 2004-cü ildə
Cənab Prezident Qızıl Aypara Cəmiyyətinə
dövlət dəstəyi haqqında Sərəncam
imzaladı. Bunun nəticəsi olaraq 2007-ci ildə
“Qızıl Aypara Cəmiyyəti haqqında” Qanun qəbul
olundu. Ölkədə yeganə qeyri-hökumət təşkilatıdır
ki, əməkdaşlarımız dövlət tərəfindən
təltif olunurlar. Martın 10-da bizim 104 yaşımız tamam
oldu. Biz öz strateji planımıza uyğun olaraq Beynəlxalq
Qızıl Xaç və Aypara hərəkatının tərkib
hissəsi kimi fəaliyyətimizi davam etdirməkdəyik. Onu
da qeyd edim ki, regionumuzda ən aktiv, ən yaxşı fəaliyyət
göstərən milli cəmiyyətlərdəndən
biriyik.
NOVRUZ
ASLANOV
Müsahibəni
apardı:
Kəmalə
Mirzəyeva
Yeni Təfəkkür.-
2024.- 29 mart, ¹6.- S.3.