Bəxti üzünə gülməyən gözəl...
Zöhrə Hüseynzadənin əziz
xatirəsinə...
Bu
dünyaya milyon oğul, qız gəlir,
Sevinc
gəlir, kədər
gəlir, naz gəlir.
Əsl insan az tapılır, az gəlir,
Vaxtsız əcəl yaxşılara
qıymasın.
Hüseyn Arif
Bir
ildir, əlimə qələm alıb bu yazını yazmaq istəyirdim.
Amma, nədəndirsə bunu edə bilmirdim. Bu, heç də
o demək deyildir ki, yazmağı bacarmırdım. Lakin,
yazmağa əlim gəlmirdi. Dərindən köks
ötürüb, qələmi yerə qoyurdum. Hər dəfə
ürəyimlə danışırdım. Əslində, o
xanımın ölümünü qəbul edə bilmirdim,
onunla heç cür barışmırdım. Amma qəlbimdə
daim bir hiss vardı. Sanki, yazını yazmadığım
üçün onun ruhu məni nəhayət ki, qələmi
götürüb buna son qoymağa
çağırırdı...
Yazını qələmə alarkən,
ilk növbədə bu gözəl, nəcib xanımın
ruhu qarşısında baş əyərək, yazını
gecikdirdiyim üçün ondan əfv diləyirəm.
Oxucularımı intizarda qoymaq istəmirəm.Bayaqdan
haqqında söz açdığım xanım xalq şairi
Hüseyn Arif ailəsinin üzvü Zöhrə xanım Hüseynzadədir.
Zöhrə Hüseynzadə çox
şərəfli, eyni zamanda nisgilli, qəmli
bir həyat yaşadı. Bəxti üzünə gülmədi.
Taleli ikən talesiz bir ömür yaşadı. Vaxtsız
qardaş dağı, dərd çəkən ana-ata
acısı, bacı itgisi. Bu ağrı-acıları qəlbində
yaşadı. Güldü, amma dərdini içərisində
boğdu. Həyat sürdü, amma xiffəti içərisinə
çəkdi. Gecələr yatarkən, göz yaşları
ilə acısını azaltmağa çalışdı, həyatından,
bəxtsiz taleyindən gileyləndi. Nə qədər acı
olsa da, bu, onun həyat salnaməsi idi...
Zöhrə xanımı keçən
əsrin 80-ci illərindən
tanıyırdım. O zaman Oktyabr (indiki Yasamal) rayonunun səhiyyə
şöbəsinin müdiri Tahirə xanım Hüseynova təqaüdə
çıxdıqdan sonra onun yerinə gənc bir həkim –
rayonun 3 №-li poliklinikasının kardioloqu Zöhrə xanım
Hüseynzadə təyin olundu. Səhiyyə şöbəsinə
gəlişi ilə orada yeniliyə imza atdı, bir canlanma
yaratdı. Rayon tədbirlərində
çıxışları, gözəl nitqi ilə diqqət
çəkdi. Adı dildən-dilə düşdü. O zaman
eşitdik ki, öz təbii, bənzərsiz gözəlliyi, ədəbi
nitqi ilə hamını heyran qoyan bu xanım, şair Hüseyn
Arifin qızıdır.
O zamanlar mən, Azərbaycan Politexnik İnstitutunda təhsil
alırdım. Gənc bir oğlan idim, qəlbində gənclik
eşqi olan bir gənc. Həm də gözəllik vurğunu.
Tədbirlərin birində Zöhrə xanımı
gördüm. Gözəlliyi ilə məni heyran elədi.
Sonralar demək olar ki, hər gün keçmiş Qubanov
küçəsində yerləşən səhiyyə
şöbəsinə Zöhrə xanımı uzaqdan da olsa
görməyə gedərdim. Sözün əsl mənasında
ona valeh olmuşdum. Baxmaraq ki, aramızda təxmini 10 yaş fərq
vardı...
İllər beləcə keçdi.
Mən ali məktəbi bitirib müxtəlif sahələrdə
çalışmağa başladım. Azərbaycan
televiziyasında jurnalist kimi fəaliyyətə
başladım. Ədəbi verilişlər, xüsusilə, ədiblərimizə
həsr olunmuş portret verilişlər
hazırlayırdım. Günlərin birində baş redaktor
Mailə Muradxanlıya müraciət edərək, xalq
şairi Hüseyn Arif haqqında veriliş hazırlamaq istəyimi
ona bildirdim. Razılıq aldıqda çox sevindim.
Çünki, Zöhrə xanımla birbaşa canlı
ünsiyyətdə olacağıma görə çox
sevinirdim. Nəhayət, vaxt təyin edib, Hüseyn Cavid
prospektində yerləşən Yasamal rayon səhiyyə
şöbəsinə getdim, Zöhrə xanımla
görüşdüm.Verilişlə bağlı
büütün detalları, ssenarini onunla müzakirə
etdik. O gündən etibarən, ömrünün sonunadək
onunla dost kimi ünsiyyətdə olduq. Sonradan bu dostluq ailəvi
dostluğa çevrildi.
Verilişin hazırlanmasında və
çəkilişində Zöhrə
xanım çox köməklik etdi. O, demək olar ki, H.Arifin
bütün şeirlərini əzbər bilirdi. Çəkilişlə
əlaqədar, biz Ağstafaya H.Arifin ev-muzeyinə getməli
olduq. Zöhrə xanım Bakı-Ağstafa qatarında bizi
müşayiət edirdi. Qatarda çəkiliş qrupu ilə
yanaşı, Akademik Teymur Bünyadov, fəlsəfə elmləri
doktoru, professor Camal Mustafayev bizimlə bir yerdə idi.
Ağstafadakı ev-muzeyinin həyətində bir poeziya gecəsi
keçirildi. Aşıqlar, şairlər bir-birini əvəz
edirdilər. H.Arifin ömür-gün yoldaşı, gözəliyi
ilə ad çıxarmış Məleykə xanımın
sevinc göz-yaşlarını görməmək
mümkün deyildi. O, o qədər sadə, utancaq idi ki,
müsahibəni güclə verirdi.H.Arifin qızı Səhər
xanım da xüsusi fəallıq göstərirdi. Orada H.Arif
ailəsinin digər üzvləri ilə yaxından
tanış oldum. Veriliş məni həm də Hüseyn Arif
yaradıcılığına daha da
yaxınlaşdırdı, başqa sözlə ona vuruldum,
onun şer dünyasına baş vurdum.
Əslində efirə gedən
bu veriliş bizi Zöhrə xanımla
daha da yaxınlaşdırdı. Zöhrə xanım ailəmin
ən əzizlərindən biri oldu.
AzTV-də Hüseyn Arifə
həsr olunmuş “Dünya fikir
dünyasıdır” adlı veriliş efirə getdikdən
sonra Zöhrə xanım bütün yaradıcı heyəti
Füzuli küçəsində yerləşən mənzilinə
dəvət etdi, orada ziyafət təşkil olundu. Hüseyn
Arif ocağında gözəl bir unudulmaz görüş
baş tutdu. Görüşdə mənimlə yanaşı,
Mailə Muradxanlı, Məhərrəm Bədirzadə və
xanımı iştirak edirdi. O gecə yaddaşlara həkk
olunan bir tarixə döndü...
Tez-tez Zöhrə xanımla müxtəlif tədbirlərdə,
efirlərdə bir yerdə olur, çıxışlar edərdik.
Əməkdar rəssam Hacıağa
Nəzərli və professor Ədalət
Nəzərliyə, eləcə də bacım Gültəkin
Qafarova-Əsgərzadəyə həsr olunmuş televiziya
verilişlərində etdiyi çıxışlar hamı tərəfindən
rəğbətlə qarşılanmışdı. Zöhrə
xanım aşıq yaradıcılığını,
musiqisini mənə sevdirdi desəm, yəqin ki, yanılmaram.
Zöhrə xanım hər
zaman qayğıkeş və diqqətcil idi. O, Akademik
M.Mirqasımov adına Respublika klinik xəstəxanasında
çalışanda da, ona müraicət edənlərə təmənnasız
köməklik edərdi.
Toy və yubiley məclislərində gözəl rəqsi ilə
də diqqət çəkirdi. Hər zaman üzündə
ciddilik ifadəsi olurdusa belə, təbəssümü də
heç zaman əskik olmazdı. O, dərdini ürəyində
çəkərdi, ətrafındakıları sezdirməzdi.
O, möhkəm, polad iradəli, həyatda şux, dik
durmağı sevərdi. Bu, onun həyat kredosu idi.
Zöhrə xanım Hüseyn
Arif yaradıcılığını əzbər
bilirdi.O, sözün əsl mənasında
bir ədəbiyyaçı-tənqidçi kimi H.Arif əsərlərinə
münasibət bildirərdi. Onun yazıları əslində bir elmi məqalə, dissertasiya
işi idi. Yadımdadır ki, onunla birlikdə 2 elmi-təhsil
ocağına müraciət etdik. Zöhrə xanım
atasınının yaradıcılığından
dissertasiya işi yazmaq fikrində idi. Lakin, həmin
ocaqların elmi katibləri mədənicəsinə Zöhrə
xanıma “yox” cavabı verdilər. Məncə, onlar çox
bir böyük tarixi səhv etdilər. Çünki,
dissertasiya işində Zöhrə xanım nə qədər
elmi yenilikləri ilə Hüseyn
Arifşünaslığına böyük töhfələr
verə bilərdi. Heyhat...
Qardaşının avtomobil qəzasında vaxtsız
vəfatından sonra Zöhrə xanım birdəfəlik ailə
qurmaq məsələsinin üstündən xətt çəkdi.
Ailə qurmadı, özündən sonra bir nişanə
qoymadı.
Allahtəala Zöhrə xanıma
gözəl tale nəsib eləmişdi.
Gözəl bir monolit ailə, gözəllik, nəciblik, ali təhsil,
müqəddəs həkimlik peşəsi, rəhbər vəzifə,
hörmət, populyarlıq,Yeni Azərbaycan Partiyası
İdarə Şurasının üzvü, Yasamal rayon təşkilatının
sədr müavini... Lakin, bununla bərabər, Ulu Yaradan ona qəlbində
sağalmaz ağri-acılarla dolu bir həyat
yaşamağı da nəsib etmişdi. Taleli ikən talesiz,
faciəvi bir həyat, başqa sözlə desəm, əks-qütblülük.
Təzadlarla dolu bir ömür...
Hər dəfə efirdə
SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ifasında Hüseyn
Arifin şerinə bəstələnmiş “Heyifim gəldi”
mahnısı səsləndikdə, Zöhrə xanım-“Söyün qağama olan oldu”-deyib, kövrələr,
dərindən köks ötürərdi...
Sonucda
da ağır xəstəliyə
düçar olub, ağrı-acılar çəkərək,
həyatını sonlandıran bir ömür. Həyatının
son günlərində o, heç kimlə görüşmək
istəmirdi. İstəmirdi ki, onu solğun vəziyyətdə
görsünlər.Mən onun vəziyyəti ilə H. Arif
yaradıcılığı ilə bağlı dissertasiya
yazan filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib
Mirzəyevdən xəbər alırdım. O, ailəyə
yaxın idi. Onun həyat yoldaşı Zöhrə xanımla
tez-tez ünsiyyətdə olurdu. Sonuncu dəfə mən ona
telefonla zəng etdim. O, zəngə cavab verdi. Hal-əhvalını
soruşdum – “yaxşıyam” dedi. Dilə gətirdiyi
“yaxşıyam” kəlməsi bir daha bu mətin,
dözümlü, möhkəm iradəli xanımın xəstəlik,
ölüm qarşısında əyilmədiyini, ona təslim
olmadığını, həmişəki kimi şuxluğunu, qürurunu
qorumağını göstərirdi. Az sonra o, gözlərini
əbədi yumdu. Onun ölümünün mənə necə
təsir etdiyini söz ilə ifadə etməyə çətinlik
çəkirəm. O, ölümü ilə illərdir,
yaşadığı o acı, əzablı həyatı son
verdi. Hər yay o, Ağstafaya öz ata-baba ocağına,
oradan da ata-anasının, bacı-qardaşının dəfn
olduğu məzarlığa baş çəkərdi. Bu dəfə
də belə oldu. Lakin bu, onun son və əbədi gedişi
oldu. O öz doğmalarının yanında dəfn olundu, əbədi
hüzura qovuşdu. Yan-yana 5 məzar-Arif, Hüseyn, Məleykə,
Səhər, Zöhrə Hüseynzadələrin nəhayət
ki, tam tərkibdə hüzur tapdıqları,əbədiyyətə
qovuşduqları məkan...
Allah hər birinə rəhmət eləsin, ruhları şad olsun.
Yazıma
xalq şairi Səməd Vurğunun aşağıdakı
misraları ilə bitirirəm:
“Ölüm
sevinməsin qoy! Ömürünü vermir bada,
El qədrini
canından daha əziz bilənlər.
Şirin
bir xatirətək qalacaqdır dünyada
Sevərək
yaşayanlar, sevilərək ölənlər”.
Qafar Əsgərzadə
Əməkdar
jurnalist, pedaqogika
üzrə fəlsəfə doktoru,
dosent
Yeni TƏFƏKKÜR.- 2025.- 7 fevral,
№3.- S.3.