YENİ
ŞƏHADƏTNAMƏN MÜBARƏK,
GİYA
PAÇXATAŞVİLİ!
Dəfələrlə
demişik ki, poeziya zamanın ən qaynar hücrələrində
bir neçə həqiqətlə əks edir: mifik, real,
tarixi, mental əsaslı, şüurüstü,
yaradıcı, qismən də formal. İnsan (oxucu) qəlbi
bu həqiqətləri bir xarakterdə ehtiva etsə də,
dövr, mühit ayrı-ayrı səmtlər tapır. Lakin
poetik düşüncə sahibləri zaman boşluğunda
burulğanlara düşən gerçəkləri yox olmaq təhlükəsindən
qurtarır, bununla yeni bir ideoloji işin əsasını
qoyurlar. Yaddaşımızda Ağ Adam obrazında qalan
şair Giya Paçxataşvili də balanslaşmış
orbitlərdə fərqli atmosfer tapmaq üçün zamana,
real faktlara söykənərək leqal əhatəli fikirlər
kəsb edir, kodlaşmış mənaları zehni təfəkkürə
cəmləşdirir. Onun tutarlı, sanballı qələm
nümunələrində ən başlıca komponent
gerçəyə tapınmaqdır; o, mifik deyil, real fikrə
ekskurs edir, duyğusal məqamları belə
poetik-inandırıcı vahidlərə
uyğunlaşdırır. Bəlkə də bu səbəbdən
Allah onun görkəminə ağ rəngi daha çox
yaxıb…
Giya
Paçxataşvilinin fikir xəritəsində poetik an
duyğusal tərənnümlə deyil, gerçək
nüanslarla başlayır. Ağ şair pünhan məcralarda
təlatümə uğrayan çırpıntıları
bir anın içində daşlaşan gerçəklərə
yük edir. Onun adi fikirlərində belə ictimai mənalar
ürəkyaxıcı, mənəvi zərurətlərə
xasdır. Giyanın 2025-ci ildə “CN Poliqraf” MMC-də
çap olunan “Doğum şəhadətnaməsi” adlı yeni
kitabında da bu ədəbi rakurslar
düşündüyümüz təsnifatdadır. Müəllif,
seçilmiş əsərlərindən ibarət olan bu
kitabda səmimi-konkret fikirlərin kompozisiya və ictimai-ədəbi
məğzini maraqlı statuslar kimi təqdim edib, cəmiyyət
üçün (əsl zahirdə) yanlış kimi
görünən məcraları həqiqət libasında
göstərib. Belə deyək, Giya yeni kitabında ədəbi
proseslərə sözləri şifrələməklə
deyil, real təsəvvür verməklə nüfuz edib. Bu da
oxucuda belə bir təsəvvür yaradır ki, dil
ünsürləri bir çevrə daxilində (və xaricində)
tarixi həqiqətlərə sərrast
çıxışdır.
Əslində,
Giya Paçxataşvilinin yeni kitabındakı şeirlər,
oradakı zərrəvi zəmin bizə həyatın ədəbi-coğrafi
komponentləri barədə doğru-dürüst
düşünmək cəsarəti verir. O, bu şeirlərdə
insanı düşündürən bütün istiqamətləri
müfəssəl ehtiva edib. Biz bu kitabdakı şeirləri
müəllifin əvvəlki kitablarında da oxumuşuq. Nədənsə,
həmin şeirlər bu kitabda daha canlı və daha təravətli
görünür.
Kitabın
adı xüsusi diqqət çəkir: “Doğum şəhadətnaməsi”.
Bu kitabı biz də Giya Paçxataşvilinin ömür
gündəliyi kimi xarakterizə edirik.
…Belə
anlaşılır ki, Giya eynən olduğu kimi, ağ
görkəmdə təzəcə doğulub və Allah ona
doğum haqqında şəhadətnamə verib. Burada
Giyanın ömür xətti, həyatı və taleyi
aşkar (şəkildə) əks edir.
Giya
Paçxataşvili, zənnimizcə, xəyalpərəst
deyil. Onun xəyal qatarı yoxdur. Lakin o, özü gerçək
nüansları təmiz, saf ənginliklərə aparan
lokomotivdir. Onun insan surətindəki doğmalıq ruhunun
işıqlı, qəlbinin saf, vicdanının bütöv
olmasını ifadə edir. İçindəki ləngər,
çılğın haray, dəlisov-düşüncəli
məmnunluq, bir də həqiqət hissi bizi ciddi olmağa təhrik
edir. Yeni kitabını oxuya-oxuya elə zənn edirik ki, o,
zülmətin işığından sıyrılmağa can
atan ağ sevdaların köçünə qoşulub.
Çöhrəsindəki Allah eşqi saf qəlbinə
işıq salır. Bu, o, anlama gəlir ki, o, pak
dualarının hənirində bir ömür cilalayır,
varlığında təcəlla edən həyat
duyğuları oxucularının yaddaş qapılarına
parıltı səpir.
İllər
keçib, zamanın köçü Giya
Paçxataşvilini ömrünün ən mükəmməl
çağına çatdırıb. Bu müdrik anın fəhmindəki
dürüstlük tarixlərin yaddaşında
çırpınan gerçəklərə
çağırışdır. Əslində,
çoxları ömrün bu yaşına yetişir, lakin hər
kəs bu həyat vadisində sərrast ifadə ilə diqqət
çəkmir. O isə ağ vücudundakı
ağlığı pərişan təlatümlərə
sipər edib, könül aləmini Vətən sevgisi ilə
rəngləyib.
Yeni
kitabındakı şeirlər də göstərir ki, Giya
Paçxataşvili “mən” iddiası etmir, Allah nə veribsə,
ona da “Amin” deyir…
Bu hal (isə)
onu uzaqdan görünən başı qarlı dağlar qədər
uca və məğrur göstərir…
Giya
Paçxataşvili doğrudan da aydın hücrədir, onun
geniş təqdimata zərrə ehtiyacı yoxdur. Biz də
onun yeni kitabındakı şeirləri məhz bu prizmadan tədqiq
etmədik. O şair ki, öz ovqatını qəfil bir
sıçrayışla görünməzliyə sövq edən
insan surəti kimi diqqət çəkir, onun
yazdıqlarını sadəcə, könül xoşluğu
ilə oxumaq gərəkdir.
Yeni
kitabın – yeni şəhadətnamən mübarək, Giya
Paçxataşvili!
Hikmət
MƏLİKZADƏ
Şair-ədəbiyyatşünas
Yeni Təfəkkür.-
2025.- 7 mart, ¹5.- S.4.