Şeyx Şamil - əbədi qəhrəmanlıq və cəsarət zirvəsi (1)

 

İnsanın bəzən öz niyyətlərinə çatması onun cəsarətindən və risk edə bilməsindən də çox asılıdır. Bu baxımdan məqamı yetişəndə cəsarət göstərərək tarixə adlarını əbədi həkk etdirən, dünyaya mərdlik və qəhrəmanlıq dərsi keçən insanlar unudulmurlar. Onlardan biri də  Qafqaz qartalı kimi tanınan Şeyx Şamildir. 19-cu əsrin əvvəllərindən başlayaraq, Rusiyanın Qafqazı işğal etməyə başlaması başı min bəla çəkmiş bu ulu  torpağın azadlıqsevər insanlarını da silkələyərək hərəkətə gətirmişdi. Rusiya 1828-ci ildə Cənubi Qafqazın işğalını başa çatdırdı  

İnsanın bəzən öz niyyətlərinə çatması onun cəsarətindən və risk edə bilməsindən də çox asılıdır. Bu baxımdan məqamı yetişəndə cəsarət göstərərək tarixə adlarını əbədi həkk etdirən, dünyaya mərdlik və qəhrəmanlıq dərsi keçən insanlar unudulmurlar. Onlardan biri də  Qafqaz qartalı kimi tanınan Şeyx Şamildir. 19-cu əsrin əvvəllərindən başlayaraq, Rusiyanın Qafqazı işğal etməyə başlaması başı min bəla çəkmiş bu ulu  torpağın azadlıqsevər insanlarını da silkələyərək hərəkətə gətirmişdi. Rusiya 1828-ci ildə Cənubi Qafqazın işğalını başa çatdırdı. İndi növbədə işğala boyun əyməyərək güclü müqavimət göstərən Şimali Qafqaz xalqları idi. Amma çeçenlər, inquşlar, avarlar və kumuklar məşhur azadlıq mücahidi İmam Şeyx Şamilin başçılığı altında işğalçılarla ölüm-dirim müharibəsinə başladılar. Bu müharibənin əslində hər dəqiqəsi, hər saatı, hər günü bir qəhrəmanlıq, cəsarət, şərəf səhnəsi idi. Tarix həmin dövrdə dağlı xalqlarını sınağa çəkmişdi. 1834-cü ildən başlayan və 25 il davam edən bu müharibədə onlar özlərindən 100 illər sonra gələn nəsillərə bir qəhrəmanlıq, azad yaşamaq, torpaq uğrunda qəhrəmancasına döyüşmək və kişi kimi ölmək nümunəsi qoydular. Çarizmə və onun işğalçılıq siyasətinə qarşı dağlı xalqlarının bu azadlıq mübarizəsinə isə İmam Şeyx Şamil başçılıq edirdi. Şeyx Şamil 1797-ci ildə Dağıstanın Gimri kəndində anadan olub.  Onun əsl adı Əlidir və uşaqlığında tez-tez xəstələnərdi. Valideynləri xalq arasında olan inanclara görə onu sağalması üçün dayısı Şamilin adı ilə çağırmağa başlayırlar. Onun atası Danqa Məhəmməd milliyyətcə Qafqazın ən qədim xalqlarından olan avarlardan idi. Anası isə Dağıstanda yaşayan türklərdəndir. Atası uşaq ikən Şamili əsl dağlılar kimi döyüşkən və cəsur bir cigit kimi tərbiyə etmişdi. Şamil 15 yaşına çatanda ona at çapmaqda, qılınc oynatmaqda, sərrast güllə atmaqda çatan yox idi. Məhəmməd eyni zamanda Şamilin o dövr üçün mükəmməl olan təhsil almasına da xüsusi  fikir vermişdi. İlk təhsilini dövrünün tanınmış maarifçisi Səid Xərakidən alan Şamil onun yanında nəinki təhsil, həm də qəhrəmanlıq dərsi keçdi. Daha sonra o, gələcək qayınatası Nəqşbəndi şeyxi Cəmaləddin Qazı Kumıkinin yanında təhsilini davam etdirdi. Qazı Kumıkinin yanında əsl həyat məktəbi keçən Şeyx Şamil bununla da özünü gələcək sınaqlara hazırladı. Qazı Kumıki Şamilə islamın əsaslarını, onu sevməyi və mühafizə etməyi öyrətdi. Qazı Kumıkinin yanında Şamil kamil bir insan kimi yetişdi və sonralar burada aldığı dərs onun qəhrəmanlıq mübarizəsinin zirvəsini təşkil etdi. Şamilin doğma  müəlliminə olan sevgi və məhəbbəti onun qızına evlənməsi ilə nəticələndi və bu qohumluq doğma ata-bala sevgisinə çevrildi. O daha sonra imaməti idarə edən Qazi Məhəmməd və Həmzət bəyin yanında onların müşaviri kimi çalışmağa başladı. Gələcək azadlıq mücahidi həmin dövrdə olduqca sadə bir həyat yaşamaqda idi və hər hansı bir daxili çəkişmələrə imkan verməməyə çalışırdı. Bu dövrdə o, 5 dəfə evlənmişdi. Onun Fatimat, Gövharat, Zahidət, Əminə və Şövanət adlı həyat yoldaşlarından Əhməd Cəmaləddin, Məhəmməd Qazi, Məhəmməd Səid, Məhəmməd Şəfi, Cəmaləddin və Məhəməməd Kamil adlı 6 oğlu və Fatimat, Nəfisət, Nəcabət, Bəhu-Məsadu və Safiyat adlı qızları dünyaya gəlmişdi. Şamil imam seçildikdən sonra rusların işğalçılıq siyasətinə qarşı yeni bir cəbhə açdı. O bu məqsədlə imamət daxilindəki qüvvələri yenidən qruplaşdırdı. Ruslara qarşı daha uğurlu müharibə apara bilmək üçün ölkəni naiblik və vilayətlərə ayırdı. İmamətdə iki və ya üç naiblik vilayət hesab edilirdi. Naibliklər vilayət rəhbərlərinə tabe idilər. Onlar da öz növbələrində mülki və hərbi işlər üzrə idarəetmələrə bölünürdülər. Hərbi idarəedicilər ruslara qarşı mübarizəni və əhalinin hərbi təlimlər almasını təşkil edirdilər. Bu naibliklərin başında dayanan rəhbərlər hərəsi bir orduya bərabər qəhrəmanlar idilər. Onlar - Əhvərdil Məhəmməd, Qabət Məhəmməd, Şuayıb Molla, Taşof Hacı, Danyal Sultan, Nur Məhəmməd, Xitinaf Musa, Sədullah, Düba Hacı, Hacı Murad və Şamilin böyük oğlu Məhəmməd Qazi ruslara qarşı döyüşlərdə misli görünməməiş qəhrəmanlıqlar göstərdilər. Döyüşlərin ən dəhşətlilərindən biri 1839-cu ildə Axulqoda baş verdi. Rusların 10 min nəfərlik ordusu Şamilin rəhbərlik etdiyi 3 min nəfər müridi mühasirəyə aldı. Ruslara general Qrabbe rəhbərlik edirdi. 80 gün ərzində Axulqoda şiddətli döyüşlər getdi. Ruslar hər gün arxadan yeni kömək alırdılar. Şamilə isə kənardan kömək yox idi. Buna baxmayaraq, müridlər son nəfəsə kimi döyüşürdülər. Bu döyüşlərdə Şeyx Şamilin həyat yoldaşı Cövharat, oğlu Səid və bacısı Məsudə şəhid oldular. Ruslar Şamilin müqavimətini qırmaq üçün əllərinə keçən bütün insanları orta əsrlərə xas olan qəddarlılqla, vəhşiliklə öldürür, kəndləri yandırır, hətta əlsiz-ayaqsız qocalara belə rəhm etmirdilər. Dağıstan və bütün Şimali Qafqaz od tutub yanırdı. Sonralar Axulqo döyüşlərinin canlı şahidlərindən olan general Milyutin yazmışdı: “Dağlılar qızğın müqavimət göstərir və ölümlərindən qorxmayaraq çılğıncasına döyüşürdülər. Bu, inanılası bir iş deyildi. Hətta qadınlar belə, cəsarətlə əsgərlərimizin üzərinə atılır və süngülərin üzərində can verirdilər. Onlar ölməyi təslim olmaqdan üstün tuturdular”.

Əlbəttə, Milyutin bunun səbəbini anlamırdı və anlaya bilməzdi də. Çünki dağlılar öz torpaqları, namus və şərəfləri uğrunda döyüşürdülər. Milyutin rusların dağlılara qarşı qeyri-insani vəhşiliklərə əl atmasından, qadınları, qızları, körpələri amansızcasına süngülərə keçirməsindən yazmayıb. Amma bu barədə kifayət qədər faktlar var.

Şamillə döyüşlərdə bacara bilməyən Çar I Nikolay uzun müddət fikirləşdikdən sonra özünün tanınmış generallarından birini şirnikləndirici təkliflə onun yanına göndərdi. Şamilə rus generalının onu görmək istədiyini xəbər verəndə o: “Qonağa necə lazımsa, eləcə də hörmət göstərin və yanıma gətirin”,-deyə  göstəriş verdi

 

 

Əziz Mustafa

 

Zaman.- 2010.- 1-2 aprel.- S. 12.