Azərbaycanlılara qarşı erməni vəhşilikləri tarixin işığında

 

Erməni daşnaklarının bolşeviklərlə birgə soydaşlarımıza qarşı həyata keçirdiyi soyqırımından 92 il ötür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 30 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə nəticələnib.                                                                                                            

Erməni daşnaklarının bolşeviklərlə birgə soydaşlarımıza qarşı həyata keçirdiyi soyqırımından 92 il ötür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 30 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə nəticələnib. Bu münasibətlə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, Dünya Azərbaycanlıları Konqresi dünya ictimaiyyətinə, eləcə də müxtəlif beynəlxalq qurumlara müraciət və bəyanatlar ünvanlayıblar. Bəyanatlarda erməni cəlladların əməllərinə beynəlxalq hüquq müstəvisində qiymət verilməsinin vacibliyi öz əksini tapıb.

 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı  ölkəmizin şəhər və kəndləri  ilə yanaşı, Qazaxıstan, Rusiya, Türkiyə, Belarus, Litva, Türkmənistan, Gürcüstan, Hollandiya, Çexiya, Moldova, Ukrayna, Estoniya, Rumıniya, Macarıstan və digər ölkələrdə tədbirlər keçirilib. Bu tədbirlərdə iki əsrə yaxın bir müddətdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım və etnik təmizləmə siyasətini ifşa edən çıxışlar edilib. Bildirilib ki, bəşəri cinayətlərə münasibətdə siyasi ikili standartlar mövqeyindən yanaşma yolverilməzdir. Cəzasızlıq erməniləri yeni cinayətlərə sövq edir. Ermənistanın cəzasızlıqlardan istifadə edərək Azərbaycanın 20 faiz ərazisini işğal etməsini, dinc əhalini qətlə yetirməsini, milyondan artıq insanı öz doğma yurdundan didərgin salması buna əyani sübutdur.

 

Qubadakı soyqırımı məzarlığı kütləvi tədbirlər mərkəzidir

 

Son günlər Qubadakı kütləvi məzarlıqda müxtəlif tədbirlər keçirilir. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif hökumət və qeyri-hökumət təşkilatları, azərbaycanlı və əcnəbi tələbələr, Xocalı soyqırımı qurbanlarının qohumlarının iştirakı ilə düzənlənən anım mərasiminda Milli QHT Forumunun sədri Rauf Zeyni bir sıra ölkələrin parlamentlərinin uydurma “erməni soyqırımı”nı tanımaq üçün təşəbbüs göstərdiklərini xatırladıb: “Əsl həqiqət isə bütün dünya ictimaiyyətindən gizlədilir. Fakt budur ki, Azərbaycan xalqı iki əsrdir erməni soyqırımına məruz qalır. Bu həqiqəti Qubadakı soyqırımı məzarlığı əyani şəkildə sübut edir. Biz bütün dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara öz bəyanatımızı ünvanlayaraq ermənilərin işğalçı və cinayətkar siyasətini ifşa edəcəyik”. Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alan 8 əcnəbi tələbə də soyqırımı məzarlığının timsalında erməni vəhşiliyinin əyani sübutu ilə rastlaşdıqlarını açıqlayıblar.

Quba rayon prokuroru Nazim Hacıyev bizimlə söhbətində Baş prokurorluğun 15 mart 2010-cu il tarixli əmrinə əsasən artıq soyqırımı qurbanlarının şəxsiyyətinin müəyyənləşdiriliməsinə başlanıldığını bildirdi. Onun sözlərinə görə, rayonun müvafiq dövlət qurumlarına siyahının tərtib olunmasına köməklik göstərilməsi üçün məktublar göndərilib. Təxminən aprel ayının 15-20-də araşdırmalar nəticəsində əldə olunan məlumat ictimaiyyətə çatdırılacaq. Bununla belə, rayon prokuroru bildirib ki, əvvəlcə 1918-ci il mayın 1-dən 10-dək Quba qəzasında vəhşicəsinə qətlə yetirilən 16 mindən artıq dinc sakinin adlı siyahısı tərtib ediləcək. Artıq bir neçə gündür rayon prokurorluğu bu istiqamətdə işə başlayıb. O, bir neçə gündə qiymətli tarixi faktlar əldə edildiyini söylədi: “Biz bilirdik ki, təkcə Quba şəhərində 2 min adam öldürülüb. Amma indi əlimizdə daha tutarlı fakt var. Məlumata görə, Qubada təkcə 3 mindən çox uşaq öldürülüb. Məncə, bu daha dəqiq faktdır. Əldə edilmiş tarixi faktlar və tərtib edilən tarixi siyahı erməni vəhşiliyinin canlı sübutu olan 2007-ci ildə Qubada aşkar edilmiş kütləvi məzarlıqda yaradılacaq xatirə muzeyində əyani və tarixi eksponat kimi nümayiş etdiriləcək.

Qeyd edək ki, yaxın vaxtlarda Quba rayonundakı kütləvi məzarlıqda “Soyqırımı memorial kompleksi”nin bünövrəsi qoyulacaq.

Milli vətənpərvərlik şüurunun formalaşmasını dəstəkləyən və bu istiqamətdə mühüm addımlar atan “Azərsun Holdinq”in əməkdaşları da dünən Qubadakı kütləvi məzarlığı ziyarət edərək əklil qoyublar. Bununla yanaşı, “Azersun Holdinq” Bakı Müharibə Əlil və Veteranlar İctimai Birliyinə də məzarlığı ziyarət etməkdə təşkilati yardım göstərib.

 

Kədər motivləri üstünlük təşkil etsə də...

 

Dünən Naxçıvan şəhərindəki Gənclik mərkəzində bu münasibətlə rəsm sərgisi təşkil olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və tədbir iştirakçıları sərgidəki əsərlərə maraqla baxıblar. Qeyd edək ki, rəssamların soyqırımı gününə həsr olunmuş əsərlərinin ümumi ruhunda kədərli motivlər, qara və tünd rənglər üstünlük təşkil etsə də, xalqımızın və ölkəmizin işıqlı sabahına ümid və inam hissi açıq ifadə olunub.

 

Qəbirlər unudulur...

 

1918-ci il mart soyqrımı respublikamızın cənub bölgəsindən də yan keçməyib. Araşdırmalar zamanı məlum olub ki, ermənilər həmin dövrdə Lənkəran və ətraf rayonlarda 40-a yaxın kəndi yandırıb, 100-lərlə  günahsız insanlar qətlə yetirib, talanlar törədiblər. Həmin dövrdə türk ordusunun zabiti Camal Paşa öz əsgərləri ilə Astaraya gələrək, bu bölgənin əhalisinə kömək edib. Həmin hadisələr zamanı Camal Paşa ermənilər tərəfindən qətlə yetirilib. O, Astaranın Pensər kəndində silahdaşı və yaxın dostu Hacı Osmanla yanaşı dəfn olunub. Bu qəbiristanlıqda Camal Paşa ilə yanaşı, xeyli türk əsgərinin də qəbri var. Lakin baxımsızlıqdan bu qəbirlər tanınmaz hala düşüb.

 

“Soyqırıma aid tarixi faktlar yetərincə araşdırılmayıb”

 

“Rus-erməni millətçilərinin Bakı, Şamaxı, Salyan, Quba, Göyçay və digər yerlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımından 92 il keçməsinə baxmayaraq bu faktlar hələ də yetərincə təhlil olunmayıb”. Bu sözləri isə millət vəkili Həvva Məmmədova Qafqaz Universitetində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı söylədi. Bu məsələdə tədqiqatçıları fəal olmağa çağıran millət vəkili soyqrımı haqqında kifayət qədər fakt və məlumatların olduğunu dedi: “Bunun üçün 1918-ci ilin iyul ayında soyqırımının araşdırılması məqsədilə qurulan Fövqaladə Təhqiqat Komissiyasının tərtib etdiyi 36 cildlik sənədlər toplusuna baxmaq kifayətdir”. Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov da bu barədə kifayət qədər ciddi əsərlərin yazılmamasından gileyləndi. Qırğınlar nəticəsində 50 mindən çox insanın qətlə yetirilməsindən danışan millət vəkili Məlahət Həsənova isə bu faktların dünya içtimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyini və bu istiqamətdə səylərin artırılmasının önəmini vurğuladı. Tədbirdə  “Haqqın səbri” adlı sənədli film nümayiş etdirildi.

 

Soyqırım bu gün də davam edir...

 

Zaqatala şəhərindəki “Azərbaycanlıların soyqırımı” xatirə-kompleksinin önündə də  tədbir keçirilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımıdan, törətdikləri vəhşiliklərdən danışıb. O, ilkin məskunlaşma arealı dəqiq bilinməyən, hər yerə səpələnən, yalnız bəd əməlləri hesabına bir yerə cəmləşən ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin indi də davam etdiyini nəzərə çarpdırıb. Natiq güclü iqtisadiyyata və orduya malik olan Azərbaycanın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı yadelli işğalçılardan azad etməyə hər zaman hazır olduğunu da vurğulayıb.

 

Daha sivil yolla

 

Dünən Sumqayıt Dövlət Universitetində (SDU) elmi-nəzəri konfrans keçirildi. Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə düzənlənən tədbirə məktəblilərin soyqırımı ilə bağlı əl işlərindən ibarət sərgi ilə start verildi. SDU-nun rektoru Nadir Qəhrəmanov öz çıxışında Qubadakı kütləvi məzarlığın, eləcə də Xocalıda yaşananların ermənilərin bizə qarşı törətdikləri soyqımının sübutları olduğunu bildirdi. O, bütün bunları daha sivil yolla dünyaya çatdırmağın vacibliyini vurğuladı. Konfransda ermənilərin törətdikləri soyqırımını faktlarla əks etdirən sənədli kadrlar və slaydlar da nümayiş olundu.

Gəncə Dövlət Universitetində keçirilən tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Ələkbərov Qərbin haqq səsimizə səs vermədiyini qeyd etməklə yanaşı, onların ermənipərəst mövqelərini tutarlı faktlarla açıqlayıb.

 

 

Zaman.- 2010.- 1-2 aprel.- S. 11.