Tükənməyən xəzinə

 

Çox şeyə sahib olmaq önəmli deyil; önəmli olan az şeylə də keçinə bilməkdir, çox şeyə ehtiyac hiss etməməkdir. “Çox sözdə yalan, çox malda haram ehtimalı çox olar”- deyiblər. Və bir də belə deyiblər: “Az aşım, ağrımaz başım”.

Çox şeyə sahib olmaq önəmli deyil; önəmli olan az şeylə də keçinə bilməkdir, çox şeyə ehtiyac hiss etməməkdir.

“Çox sözdə yalan, çox malda haram ehtimalı çox olar”- deyiblər. Və bir də belə deyiblər: “Az aşım, ağrımaz başım”.

“Qənaət tükənməz xəzinədir” buyurur Allah Rəsulu (s.ə.s.).

İsrafın haram olduğunu, ardınca ehtiyacı, qıtlığı doğurduğunu da buyurub Uca Peyğəmbərimiz.

Bu gün ən çox ehtiyac duyduğumuz məsələ, bəlkə də, elə budur: israfdan qurtara bilmək.

Həyatımızın hər səhifəsində israf və ehtiyac yan-yana gəlir.

Allah-Təala (c.c.) Qurani-Kərimdə İsraflə bağlı belə buyurur:

- Yeyin, için, ancaq israf etməyin! Allah-Təala israf edənləri, əlbəttə, sevməz. (Əraf-31)

- İsraf etmə! İsraf edənlər şeytanların qardaşlarıdır. (İsra 26-27)

- Mallarınızı səfehlərə verməyin! (Nisa-5)

- Xəsis olma, israf da etmə! (İsra-29)

Allah-Təala (c.c.) səxavətli, ağıllı insanları nişan verərkən belə buyurur:

- Onlar sərf etdikləri zaman nə israf edərlər, nə də xəsislik. İkisi arasında orta bir yol tutarlar. (Furkan-67)

Başımıza gələnlər yoxluqdan gəlmir, toxluqdan gəlir.

Peyğəmbərimizdən (s.ə.s.) soruşurlar: “Neçə çeşid xəstəlik var?”

Cavabında: “Yediklərinizin çeşidlərinə baxın”- buyurur.

Yəni xəstəliklərin sayı elə yediklərimizin sayı qədərdir.

Həyatı israf eləmək ömrü boş şeylərə həsr etməkdir.

Canını israf eləmək enerjisini, imkanlarını əhəmiyyətsiz işlərlə tükəndirməkdir.

Çox yemək bir tərəfdən nemətin israfı olduğu kimi, o biri tərəfdən də cana qəsddir, bədən əmanətinə əziyyət verməkdir.

Rəsulullah (s.ə.s.) buyurur: Qiyamətdə hər kəs bu dörd suala cavab vermədən hesabdan qurtula bilməyəcək:

- Ömrünü necə keçirdi?

- Öyrəndiyi elm üzrə taşaya ildimi?

- Malını haradan, necə qazandı və haralara xəclədi;

- Bədənini hansı işlərdə yordu, əldən saldı.

“Az yemək, az yatmaq, az danışmaq”- Peyğəmbərimizin (s.ə.s.) bizə qızıl tövsiyələrindən biridir.

Hər şey qarşılığı ilə müqayisədə görünür.

Qənaətin bir tərəfində israf var, o biri tərəfində xəsislik.

İsraf Allah-Təalanın (c.c.) verdiyi nemətlərin qədrini, dəyərini bilməməkdir, xəsislik Allaha (c.c.) güvənməməkdir.

Qənaət isə bütün nemətlərin Allahdan gəldiyini bilmək və onları Allah-Təalanı məmnun edəcək şəkildə sərf etməkdir.

Qənaət dünyaya olan ehtiyacı minimuma, zərurət səviyyəsinə endirməkdir.

Qənaət dünyaya sahib olsan da ona gözünün ucu ilə də baxmamaqdır, könül verməməkdir.

Qənaət könlünü dünyaya deyil, Allaha (c.c.) verməkdir.

Qənaət əxlaqdır, xüsusi mənəvi kateqoriyadır.

Sən malın-mülkün Sahibini tanısan, mal-mülkün bir əmanət olduğunu bilsən və təyinatına uyğun sərf etsən, Sahibi də o malın, sərvətin bərəkətini artırar.

Dünyaya könül verməyəni Allah sevər, başqalarının əlindəkinə göz dikməyəni insanlar.

Qənaət layiq olanı sevməkdir, layiq olmayana arxa çevirməyi bacarmaqdır.

Möminin gözü də, könlü də Allaha (c.c.) yönələr, dünyaya baxmaz, dünyaya bağlanmaz.

Qənaət azadlığın birinci mərhələsidir. Qənaət insanı azadlıq yoluna çıxarır.

Qənaət bəzən ən ucuz, ən bəsit bir şeyi itirməmək üçün mücadilə etmək, bəzən də gözünü qırpmadan Allah rizası təmənnası ilə  hər şeyini fəda etməkdir.

Allah-Təala bizə verdiyi hər şeylə bizi imtahan edir.

Udduğumuz sayı bəlli nəfəsin də bir gün hesab-kitabı varsa, gör indi qolundakı gücün, gözündəki nurun, ağzındakı dilin, cibindəki pulun, evindəki oğul-uşağın sorğu-sualı necə olacaq.

“Ya Rəbb, verdiyin ruziyə qarşı məni qənaətkar, ruzini də mənim üçün bərəkətli eylə!” - Bu da Könüllər Sultanı Həzrəti Məhəmmədin (s.ə.s.) bir duası.

Qənaət Allahın təqdirinə müqavimətsiz təslimiyyətdir. Yəni sən bir nəticəni əldə etmək üçün lazım olan nə varsa hamısını yerinə yetirəcək və qarşılığında Allah-Təalanın sənə verdiyi qismətə qane olacaqsan.

Qənaət əslində elə qane olmaqdır.

Qəni - Allah- Təalanın Əsmaül-Hüsnasından biridir. Yəni könüldən qənaətkar olan həqiqi mömindir.

Uca Peyğəmbərimiz (s.ə.s.) həqiqi zənginliyin çoxlu mal-dövlətə sahib olmaq deyil, könül zənginliyinə sahib olmaq olduğunu bildirib.

Sənin könlün zəngin olsun, onsuz da bu dünyada hərəni bir yerə oturdan Allah onlara mövqeyə görə yox, həmin mövqeyin şərtləri daxilində gördüyü xeyir və şər işlərə görə dəyər verər.

Sədəqənin də azı-çoxu olmaz. Allah qatında sədəqənin dəyəri onu verənin ixlası, səmimiyyəti ilə bərəkətlənər.

Bir sultan məscid tikdirmək istəyir. Memarları, işçiləri toplayır, məqsədini bildirir, lazım olan hər şeylə təmin edir və tapşırır ki, onun icazəsi olmadan kimsədən bir şey almasınlar. Onlar da “baş üstə” deyib işə başlayırlar. Günlər keçdikcə məscidin divarları yüksəlir. O ətrafda yaşayan bir qarı onların işinə baxıb fərəhlənir və çox istəyir ki, bu xeyir işə yardım eləsin. Amma neyləyəcək ki? Cibində pulu yox, daş qaldırmağa heyi yox. Birgünlük dolanışığı bir bardaq ayran idi, o da qonşudan gəlirdi. Bir gün dişini dişinə sıxdı, o ayranı içmədi və məscid tikənlərin yanına aparıb dedi:

- Balalarım, mən günlərdən bəri düşünürəm ki, sizə bu xeyir işinizdə kömək edim. Amma nə gücüm var, nə də sərvətim, amma bir bardaq ayranım var. Onu gətirdim sizə. Siz bu ayranı için, mənim də könlüm rahat olsun ki, heç olmasa, bu yolla əlimdən gələni elədim. Gənclər, əvvəlcə, qəbul eləmək istəmirlər, ancaq fikirləşirlər ki, bu xeyirxah nənənin qəlbini qırmaq da doğru olmaz.  Ayranı alıb içirlər.

Aradan bir müddət keçir və məscid hazır olur. Sultan sabah məscidi təhvil almağa gedəcəkdi ki, gecə qəribə yuxu görür. Görür ki, böyük bir tərəzi var, bu tərəzinin bir gözünə gözəl bir məscid, o biri gözünə isə bir bardaq ayran qoyulub, ayran məsciddən ağır gəlir. Yuxudan dəli kimi ayılır və səhərə qədər yata bilmir. Səhər olar-olmaz məscidi tikənləri sarayına toplayır, yuxusunu danışır və izah istəyir. Onlar təəccüblə bir-birinin üzünə baxırlar və o ayran məsələsini sultana danışırlar. Sultan fikrə gedir və sakitcə deyir:

- Mən bir məscid tikdirdim, o qarı isə bir bardaq ayranını sizə pay verdi. İndi başa düşürəm ki, o qarı o bir bardaq ayranı ilə Allah qatında məndən daha çox savab qazanıb.

Bəli, dəyərli oxucu! Allah-Təala mala-pula baxmaz, ürəyə baxar, niyyətə baxar. İstanbulda “Sanki, yedim” adında məscid var. Məhəllə sakinləri bir müddət üçün nahar yeməyindən imtina edir və pulunu bir yerə yığırlar. Həmin yeyilməyən nahardan bir məscid inşa etmək üçün lazım olan məbləğ toplanır. Məscidə ad verməkdə də çətinlik çəkmirlər. O məscid o camaatın yemədiyi naharın qarşılığıdır.

Qənaət həm də bərəkətin qapısıdır. Qənaət olan yerdə ehtiyac olmaz.

Əslində ehtiyaclarını doğru-düzgün sıralaya bilmək böyük istedad tələb edir və günümüzün ən mühüm, ən aktual məsələlərindən biridir.

Qənaət orta yoldur, dinimizin bizdən istəyi də elə orta yolu tutmaqdır.

Qənaət insanı təmənnasızlığa öyrədir. Qənaətin nə olduğunu bilən və onu həyatına tətbiq edən insan başqalarına dünyanı hədiyyə etsə də bir qarşılıq ummaz.

Qənaət yemək üçün yaşamaq deyil, yaşamaq üçün yeməkdir.

Bir nəfər Musa Peyğəmbərin (ə.s.) yanına gəlir və deyir:

 Ya Musa, mənim sərvətim o qədər çoxalıb ki, qorxuyram başım qarışa və ibadətimdə axsayam. Dua elə, Allah-Təala mənə verdiyi sərvətdən bərəkətini azaltsın.

Həzrəti Musa (ə.s.) ona belə deyir:

- Hər gün bir parça quru çörək götür və gəzə-gəzə ye.

Aradan bir müddət keçəndən sonra onlar yenə rast gəlirlər və həmin şəxs yenə şikayət edir:

- Ya Musa, sən deyəni elədim, amma sərvətim daha çox artdı.

Musa Peyğəmbər deyir:

- Bir göstər görüm, sən o dediyimi necə elədin axı?

Adam da əvvəlcə yaxasına bir ətəklik bağladı, sonra gəzə-gəzə quru çörəyi yedi, axırda da döşlüyün üstünə tükülmüş qırıntıları toplayıb ağzına atdı. Musa Peyğəmbər gülümsündü və:

- Bu ətəklik məsələsi mənim ağlıma gəlməmişdi, düşünmüşdüm ki, sən çörək qırıntılarını yerə tökdükcə evinin də bərəkəti çəkiləcək, amma sən daha həssas davranmısan.

Qənaət sədəqədir, sədəqə Allah-Təalanın əmanət verdiyi sərvəti, neməti ən baha qiymətə Alllah-Təalanın özünə qaytarmaqdır. Bir gün həmin o sədəqə yüz qat, min qat artığı ilə qarşıya çıxar və bu dünyada əmanət daşıyanı o dünyada sərmayə sahibi edər.

 

 

Zaman.- 2010.- 24-26 aprel.- S. 16.