Oyun - uşağın inkişafında önəmli vasitə

 

Oyun uşağın vəzifə və məsuliyyətinə xələl verəcək qədər vaxt aparırsa, onun zehni və fiziki inkişafına faydası olmursa və ona zərər verə biləcək məlumatları əhatə edirsə, o zaman zərərlidir.

Elə bir insan tapılmaz ki, həyatının müəyyən bir mərhələsində oyun oynamasın. Oyunlar hər insanın həyatında silinməz izlər qoyur. Əksəriyyətimizinoyundeyib üstündən keçdiyimiz fəaliyyətlərin uşaqlarımıza nə kimi faydaları toxuna bilər? Valideynlər nəyə görə uşaqları ilə əllə verib oyun oynamalıdırlar? Oyunun uşaqların xarakterinə və şəxsiyyət kimi formalaşmasına necə təsir edir? Ata-ana oyunlar vasitəsilə uşağın psixoloji vəziyyətinə hansı dəstəyi göstərə bilər? Şüuraltına təsir edən hər bir hadisə kimi, oyunun da insanın həm psixologiyasına, həm də onun insan kimi yetişməsinə təsiri danılmazdır.

Oyun deyilən zaman gözümüzün önünə ilk öncə uşaqlar gəlir. Əsasən uşaqlıq dövrünə təsadüf edən bu fəaliyyət onların zehni və sosial inkişafı baxımından əvəzedilməzdir. Burada əsas məqsəd oyun zamanı istifadə edilən oyuncaqlarla və ya danışmaqla səhnə tərtib edərək, təcrübə qazanmaq və əyləncə mühiti formalaşdırmaqdır. Oyunlar uşaqların iç dünyalarını büruzə vermək, həyatdan istədiklərini nümayiş etdirmək, yaşadıqlarına reaksiya vermək və bir əyləncə vasitəsi baxımından xüsusi əhəmiyyətə malikdir. Oyun əsnasında uşaqlar insanları və heyvanları yamsılamaqla öz duyğu və düşüncələrini çatdırırlar. Oyunun uşağa özünəinam hissi qazandırması kimi özəlliyi də var.

Həyatın ilk günlərindən etibarən ətraf aləmə can atan uşaqların əqli və fiziki inkişafı oyun ilə qüvvətlənir. Uşağın yaşı və qabiliyyəti artdıqca oyunun forması və mövzusu da dəyişir. Vaxt ötdükcə bəsit və təqlidə əsaslanan oyunların yerini mürəkkəb və ağıl işlətməyi tələb edən oyunlar tutur. Bu cür oyunlar uşağın düzgün danışa bilməsinə və əməli qabiliyyətinə müsbət təsir göstərir. Yetərincə oyun oynayan uşaqların danışıq qabiliyyəti, cəmiyyət içində davranışları və əqli inkişafları digər həmyaşıdlarına nisbətdə üstün olur. Uşağın bildiklərini tətbiq etməyə, qabiliyyətini göstərməyə, təcrübə qazanmağa, bununla yanaşı, hisslərini ifadə etməyə və ünsiyyətin qurulmasına imkan verən oyunlar daha çox xeyirlidir.

Uşaqlar yaddaşlarında dərin iz buraxan hadisələri oyunlarında, danışıqlarında və davranışlarında əks etdirirlər. Buna görə də uşaqların oyun zamanı hansı mövzulara müraciət etdiyinə nəzər yetirməklə onların iç dünyasını öyrənmək olar. Məsələn, valideynləri tərəfindən zorakılığa məruz qalan və televiziya vasitəsilə şiddətli səhnələrə şahid olan uşaqlar oyuncaqlarına və yoldaşlarına qarşı sərt davranmağa meyillidirlər. Bu baxımdan oyun uşağın nə hisslər keçirdiyini öyrənməyə imkan verir.

Baş verən müsbət və ya mənfi hadisələr, uşağın təsiri altında qaldığı psixoloji şərait və onun şüuaraltı düşüncələri məhz oyunlar zamanı üzə çıxır. Uşağın keçirdiyi stress, iç dünyasındakı ziddiyyətlər, qorxular və narahatlıqlar müxtəlif oyunlar sayəsində öz həllini tapa bilər. Yaşadığı sıxıntılı hadisələrdən qurtula bilmək üçün oyun onayaşıl işıqyandıra bilər. Mütəxəssislərin psixoloji travma keçirən uşaqları oyun terapiya ilŠ müalicə etməsi olduqca səmərəli nəticələr verir.

 

Valideynlər oyunlar vasitəsilə uşağını daha yaxından tanıya bilər

 

Oyunun uşağa verdiyi faydalardan biri də onun sosial inkişafına təkan verməsidir. Oyun zamanı edilən hərəkətlər uşağın dostluq və sosial münasibətlərini qüvvətləndirir, yeni tanışların qazanılmasına müsbət təsir edir. Ailə içində böyüyən uşaqlar həmyaşıdları ilə oynadıqları oyunlar sayəsində müəyyən əlaqələr quraraq, cəmiyyətdə özlərinə yer tutmaq yolunda irəli addım atırlar. Övladlarımız heç tanımadıqları uşaqlarla oyun vasitəsilə tanış olaraq, onlarla dostluqlarını davam etdirə bilirlər. Oyun zamanı uşaq dostunu yaxından tanıyaraq, onun nəyi sevib-sevmədiyini öyrənmək imkanı əldə edir. Uşaqların sosial inkişafının düzgün istiqamətdə getməsi üçün onların yaşlarına uyğun oyun oynamaları və düzgün dost seçmələri önəm kəsb edir. Xüsusilə, doğru davranışların adət halına çevrilməsi oyun sayəsində daha asan təmin edilə bilər. Oyunun qaydalarına heç cür uyğunlaşa bilməyən, daim özünü düşünən və səbirsiz uşaqlar oyundankənar qala bilərlŠr. Uşağın oyuna qəbul edilməsi üçün onun müsbət keyfiyyətlərə sahib olması lazımdır. Bir çox uşaqlar oyun vasitəsilə başqalarına hörmət etməyi, məsuliyyət hiss etməyi, səbirli olmağı, qaydalara riayət etməyi, streslə mübarizə aparmağı, problemləri həll etməyi və liderlik xüsusiyyətlərini öyrənirlŠr. Bu fəaliyyətlərdən kənar qalan uşaqlar psixoloji travma aldıqlarına görə onlar ətrafdakılarına qarşı aqressiv olurlar.

Hz. Məhəmməd (s.ə.s.) öz nəvələri ilə oyun oynayaraq və oyunun qurulmasında birbaşa iştirak edərək, uşaqlara dəyər verdiyini və duyğularını büruzə verməkdən belə, çəkinmədiyini göstərib. Bu günahsız məxluqlara mərhəmət göstərmək və onlarla birgə vaxt keçirmək sevimli Peyğəmbərimizin sünnətindəndir. Bununla da Peyğəmbərimiz ata-ananın uşaqları ilə birgə oynayaraq, onları daha yaxından tanıya biləcəyinə işarət edib. Təəssüf ki, indiki dövrdə valideynlər övladlarına kifayət qədər vaxt ayırmırlar və bunun nəticəsi olaraq, uşaqlar boş vaxtlarının əksəriyyətini televizor və kompyuter qarşısında keçirməyə üstünlük verirlər. Bu da uşağın sosial varlıq kimi yetişməsinə və danışıq qabiliyyətini inkişaf etdirməsinə əngəllər törədir. Xüsusilə, şəhərdə yaşayan ailələr uşaqlarının televizor və kompyuter qarşısında keçirdiyi zamanı qısaltmalı və onları oyun oynamağa təşviq etməlidirlər.

Xüsusilə, “bir yerdə durmayanuşaqlar oyunlar vasitəsilə mənfi enerjini bədənlərindən çıxarırlar və fiziki inkişaflarını sürətləndirirlər. Oyun zamanı edilən fiziki məşğələlər böyümə hormonunun daha çox ifraz olunmasında, sümüklərin möhkəmlənməsində və uşaqların aktiv həyat keçirməsində böyük rol oynayır.

 

Uzunsürən oyunlar uşaqlar üçün zərərlidir

 

Oyunun forması və mövzusu uşağın yaş və cinsi ilə ahənglik təşkil etməlidir. Mücərrəd anlayışları və xırdalıqları ehtiva edən, həmçinin uzunsürən oyunlar kiçikyaşlı uşaqlar üçün cansıxıcı ola bilər. Uşaqlar məktəbə getməzdən əvvəl yamsılama xarakteri daşıyan oyunlara üstünlük verirlər. Fiziki güc tələb edən oyunlar qızların fitrətinə uyğun olmaya bilər. Şiddətə meyli artıran, ümumi dəyərlərlə ziddiyyət təşkil edən, fiziki zərər verən, uşağın psixologiyasına və şəxsiyyət kimi formalaşmasına mənfi təsir edən oyunlar uşaqlar üçün uyğun deyil. Son dövrlər uşaqların şans oyunlarına maraq göstərməsi sonradan onlarda qumar oynamaq alışqanlığına imkan yarada bilər. Risk etmək, qazanmaq və uduzmaq kimi duyğuların yaşandığı digər oyunlar vasitəsilə uşaqların şans oyunlarına yönəlmələrinin qarşısını almaq olar. Uşaqları şans oyunları oynamağı qadağan etməzdən əvvəl onlara bu cür oyunların verdiyi zərər barədə məlumat vermək ən düzgün variantdır.

Oyunlar vasitəsilə uşaqları məlumatlarla yükləmək də doğru deyil. Oyunun digər özəlliyi isə odur ki, uşaqlar diqqətlərini cəmləşdirə, plan qura, təşkilatçılıq qabiliyyətini öyrənə, yaddaşını gücləndirə və düzgün qərar qəbul edə bilirlər.

Bəs oyun nə zaman zərərli ola bilər? Əgər oyun uşağın vəzifə və məsuliyyətinə xələl verəcək qədər vaxt aparırsa, onun zehni və fiziki inkişafına faydası olmursa və ona zərər verə biləcək məlumatları əhatə edirsə, o zaman zərərlidir. Xüsusilə, uşağın yaşına və cinsinə uyğun olmayan oyunlar xüsusunda diqqətli olmaq lazımdır. Belə ki, son zamanlar uşaqlar arasında zorakılıq səhnələri ilə bol olan, əsas qayəsi əyləncə və vaxt keçirmək əvəzinə, qarşıdakı insana zərər vermək kimi xüsusiyyətləri olan oyunlar dəb halını alıb.

Nəticə olaraq, onu demək olar ki, oyunlar ata-ana və tərbiyəçilərin uşaqların iç dünyasını kəşf etmələri, onların hərtərəfli inkişafına töhfə vermələri, qabiliyyətlərini artırmaları, onlara yeni biliklər qazandırmaları üçün olduqca önəmli vasitədir. Ancaq oyun və oyuncaq ümumi dəyərlərlə ziddiyyət təşkil etməməli, uşağın düşüncə və duyğularına qucaq açmalıdır.

 

 

Həsən Aydınlı

 

Zaman.- 2010.- 24-26 aprel.- S. 13.