Sahibkarlarla görüş keçirilib

 

Naxçıvan Muxtar Respublikasında sahibkarlarla görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının (MR) iqtisadi inkişaf naziri Famil Seyidov burada sahibkarlığın inkişafı üçün hərtərəfli şərait yaradıldığını bildirib.

Naxçıvan Muxtar Respublikasında sahibkarlarla görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının (MR) iqtisadi inkişaf naziri Famil Seyidov burada sahibkarlığın inkişafı üçün hərtərəfli şərait yaradıldığını bildirib. O deyib ki, Sahibkarlığa Kömək Milli Fondundan verilən kreditlərin ötən il 19 milyon manata çatdırılması sahibkarlıq subyektlərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir: “Bunun da nəticəsi olaraq, Ümumi Daxili Məhsulda özəl bölmənin payı 86,4 faizi üstələyib. Aqrar sektor, sənaye, ticarət, nəqliyyat, rabitə kimi istehsal və xidmət sahələrində qeyri-dövlət bölməsinin payı 83-99 faiz arasında dəyişir ki, bu da çox yüksək göstəricidir. Bununla yanaşı, sahibkarların fəaliyyətində nöqsanlar da mövcuddur. İstehsal olunan məhsulların keyfiyyətinin aşağı olması və standartların tələblərinə cavab verməməsi, süni qiymət artımı ilə daha çox gəlir əldə etməyə meyillilik daxili bazarda həmin məhsulun tutduğu mövqenin aşağı düşməsinə və həmin məhsulların kənardan idxalına şərait yaratmış olur”. Tədbirdə bildirilib ki, muxtar respublika ərazisində çoxsaylı təbii sərvətlər mövcuddur: “Sahibkarlar həmin təbii sərvətlərdən səmərəli istifadə edərək yeni istehsal sahələri yaratmağa, digər istehsal müəssisələrini xammalla təchiz etməyə maraqlı olmalıdırlar. Bu sahədə sahibkarlara hərtərəfli kömək göstərməyə hazırıq”. Sonra Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovun, Naxçıvan Standartlaşdırma, Mertologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Malik Rzayevin, bu qurumun əməkdaşı Rauf Rüstəmovun, Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları Tahir Orucovun, Orxan Novruzovun, Emin Zeynalovun, Sahibkarlar Konfederasiyasının sədri Abbasağa Babayevin çıxışları dinlənilib.

 

 

Mazlum Atik

 

Zaman.- 2010.-24-26 aprel.- S. 8.