Rusların qazax soyqırımı (2)

 

Qoloşekin Moskvanın ondan nə tələb etdiyini və rəhbərliyin tapşırıqlarının arxasında qazaxların kütləvi şəkildə məhv edilməsi və bölgənin ruslaşdırılması siyasətinin dayandığını çox yaxşı başa düşürdü. Ona görə də ürəyindən olan bu vəzifəni can-başla yerinə yetirməyə başladı. İlkin mərhələdə qazaxların az-çox tanınmış ziyalılarını hədəfə alan Qoloşekin onların bəzilərini döv xarici ölkələrə casusluq etməkdə, satqınlıqda və hökumətin həyata keçirdiyi siyasətə müqavimət göstərməkdə günahlandıraraq güllələtdi və ya Sibirə sürgünə göndərtdi.

Qazax xalqını elliklə məhv etmək siyasəti və bununla bağlı yenə də sınaqdan çıxarılmış aclıq metodu 1932-33-cü illərdə yenidən işə salındı. Bu dəfə də məqsəd qazax xalqını məhv edərək gələcəkdə ondan gələ biləcək təhlükəni aradan qaldırmaq  və bu çərçivədə 300 ilə yaxın bir müddət ərzində Qazaxıstanda həyata keçirilən ruslaşdırma siyasətini başa çatdırmaq idi. Burada yenə də bir haşiyə çıxaraq qeyd edək ki, özlərindən əvvəlki rejimin mənəvi varisi olan bolşeviklər Çar Rusiyası ilə müqayisədə ruslaşdırma siyasətini daha amansız və dəhşətli şəkildə aparır və bunun üçün milyonlarla insanı ölümə göndərməkdən belə çəkinmirdilər.

 

Yenıdən məhvə

 

1919-1922-ci illərdə qazaxlara qarşı həyata keçirilən soyqırımı nəticəsində ruslar istədiklərinə nail ola bilmədilər. Ötən əsrin 30-cu illərinin əvvəllərində məlum oldu ki, qazaxlar hələ də milli etnik varlıqlarını kifayət qədər qoruyub saxlaya biliblər və onlar arasında milli mənlik şüuru kifayət qədər yüksəkdir. Ona görə də Stalinin başçılıq etdiyi Kreml mafiyası bu dəfə də Qazaxıstanda analoji aclıqla məhvetmə siyasətini işə saldı. Əgər 1919-1922-ci illərdə  bolşevik hakimiyyətini qorumaq məqsədi ilə qazaxların ərzaqlarını və mallarını əllərindən alırdılarsa, bu dəfə ruslar kollektivləşdirmə siyasətindən əsas silah kimi istifadə etməyə başladılar. Amma qazaxların məhv edilməsi metodu dəyişməmişdi və o, ilk soyqırımı dövründə olduğu kimi qalırdı. Bu dəfə kollektivləşmə siyasəti adı altında əhalinin əlində olan cüzi ərzaq ehtiyatlarını və heyvanlarını müsadirə edirdilər. Bu da qazaxların növbəti dəfə kütləvi şəkildə soyqırımına məruz qalması və yüz minlərlə insanın ölümə göndərilməsi demək idi.

Rusların Qazaxıstanda həyata keçirdikləri soyqırımı siyasətinə Filip İsayeviç Qoloşekin rəhbərlik edirdi. Belə demək mümkünsə, köhnə bolşeviklərdən hesab edilən və o dövrdə SSRİ-də yaşayan müsəlmanlara bəslədiyi xüsusi kin və ədavəti ilə fərqlənən Qoloşekin həmin dövrdə  Rusiyanın tərkibində muxtar respublika kimi fəaliyyət göstərən Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi idi. Stalin mafiyası Qoloşekini Qazaxıstana rəhbər vəzifəyə irəli çəkərkən məhz onun müsəlmanları sevməməsi və nifrət bəsləməsi amilini xüsusi nəzərə almışdı.  Moskvada Qoloşekinin qarşısına əsas vəzifə kimi Qazaxıstanda kollektivləşməni uğurla başa çatdırmaq və buna paralel olaraq oradakı düşmən ünsürlərin kütləvi şəkildə məhv edilməsi vəzifəsi qoyulmuşdu. Moskvada hələ 1924-cü ildə onu Qazaxıstana rəhbər təyin edərkən: “Qazaxıstanda hələ də sovet hökumətinin əleyhdarı olan qüvvələr kifayət qədərdir. Onların elliklə məhv edilməsi sosializmin qələbəsinə yardım edəcəkdir. Ona görə də sənə bu yolda ən sərt addımlar atmaq səlahiyyəti verilir,- demişdilər.

 

Qoloşekın cəllad donunda

 

Qoloşekin Moskvanın ondan nə tələb etdiyini və rəhbərliyin tapşırıqlarının arxasında qazaxların kütləvi şəkildə məhv edilməsi və bölgənin ruslaşdırılması siyasətinin dayandığını çox yaxşı başa düşürdü. Ona görə də ürəyindən olan bu vəzifəni can-başla yerinə yetirməyə başladı. İlkin mərhələdə qazaxların az-çox tanınmış ziyalılarını hədəfə alan Qoloşekin onların bəzilərini döv xarici ölkələrə casusluq etməkdə, satqınlıqda və hökumətin həyata keçirdiyi siyasətə müqavimət göstərməkdə günahlandıraraq güllələtdi və ya Sibirə sürgünə göndərtdi. Bunun ardınca bölgədə  kollektivləşmə siyasətini həyata keçirmək bəhanəsi altında Qoloşekin qazaxlara qarşı ən ağır və amansız cəza üsullarına əl atmağa başladı. O, bu məqsədlə guya qazaxların köçəri həyat tərzindən onları oturaq həyata keçirmək və bu məqsədlə yeni yaradılan kolxoz və sovxozların fəaliyyətinin daimi olmasını təmin etmək niyyətinə düşdü. Amma oturaq həyat fəaliyyətinə məcbur edilən qazaxların mal-qarası əllərindən zorla alınır və onları yeni yaradılan kolxoz və sovxozlarda ac-acına işləməyə məcbur edirdlər. Tarix boyu maldarlıqla məşğul olan qazaxların əllərindən növbəti dəfə mal-qaranın alınması onların aclıqdan kütləvi şəkildə qırılmasına gətirib çıxardı. Aclıqdan ölməmək üçün əhalinin bir hissəsi 1919-1922-ci illərdə olduğu kimi, qonşu ölkələrə köç etməyə məcbur oldu. Çinə qaçanların sayı o qədər çox idi ki, hətta adıçəkilən ölkə rəhbərliyi  SSRİ ilə sərhəddə qazaxlardan ibarət İli-Qazax milli əyalətinin yaradıldığını elan etdi. Yeni muxtar əyalətin mərkəzi isə Kulca şəhəri oldu. Amma bu, Qoloşekin üçün bəs etmirdi. O, Oazaxıstanda həyata keçirdiyi cəza tədbirlərini və qazaxları kütləvi şəkildə soyqırımına məruz qoymasını orada yeni Oktyabr inqilabını həyata keçirməsi ilə izah edirdi. Qoloşekinin bölgədə həyata keçirdiyi bu siyasət nəticəsində nəinki qazaxlar kütləvi şəkildə soyqırımına məruz qaldı, həm də mal-qaranın sayı sürətlə azalmağa başladı. Məsələn, əgər 1930-cu ildə Qazaxıstanda 40 milyon baş mal-qara vardısa, 1939-cu ildə bu göstərici 1 milyon başa qədər azalmışdı.

 

Amma təbii ki, ən çox insanlar zərər çəkmişdilər.

 

Həmin dövrdə tanınmış tədqiqatçı Robert Konkvestə görə, 1 milyon nəfər, digər tarixçi tədqiqatçı alimlər - Abılbojeyev, Kazınbayev və Tatimova görə isə, iki milyon nəfər soyqırımının qurbanı olub. Təxminən ölkə əhalisinin 49 faizi soyqırımı nəticəsində ya ölmüş, ya da başqa yerə köç etməyə məcbur olmuşdu. Burada rusların həyata keçirdiyi soyqırımının dəhşətlərinə aydınlıq gətirmək üçün bəzi faktlara diqqəti cəlb etmək istəyirik: Əgər 1897-ci ildə Rusiyada keçirilən siyahıyaalma zamanı qırğız-kaytsak (qazax) dilində danışan əhalinin sayı 4 milyon 64 min139 nəfər olmuşdusa,1939-cu ildə onların sayı 2-2,5 milyon nəfər hesab edilirdi. Bu isə qazaxların yarısının məhv edilməsi anlamına gəlirdi. Buraya onu da əlavə edək ki, o dövrdə qazaxlar arasında təbii artım ən yüksək səviyyədə idi. Tədqiqatçıların hesablamalarına görə, əgər o dövrdə qazaxlara qarşı müxtəlif bəhanələr altında soyqırımı siyasəti həyata keçirilməsəydi, onda qazaxların sayı ən azı 1939-cu ildə 8-10 milyon nəfər olacaqdı... Yalnız 1970-ci ildə qazaxların sayı 1926-cı ildəki səviyyəyə gəlib çata bildi.

 

 

Əziz Mutafa

 

Zaman.- 2010.- 26-27 avqust.- S. 7.