Sələmçilik
- Allaha qarşı müharibə etməkdir
-Ey möminlər! Əgər
doğrudan da iman gətirmişsinizsə, Allahdan
qorxub sələmdən qalan
məbləğdən (faizdən) vaz keçin! (onu borclulardan almayın!) -Əgər belə etməsəniz,
o zaman Allaha
və Onun Peyğəmbərinə
qarşı müharibəyə girişdiyinizi
bilin! Yox, əgər
tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz
zülm edərsiniz, nə də sizə zülm olunar (Bəqərə
surəsi 277-279).
Sələmçilik,
faizlə pul vermək
günahdır, haramdır, insanlığa zidd olan əməldir, ən
başlıcası
isə Allah-Təalanın sevmədiyi işdir...
Hökm Allahındır,
Allah-Təala bu işi haram buyurub.
Sələmçilik kəmfürsətlikdir, yardım etmək yerinə xəyanət etməkdir, yıxılmışı tapdalamaqdır, məsum körpələrin haqqını yeməkdir, vəhşilikdir...
Təsəvvür edin ki,
qəfil birinin övladı xəstələnir,
ya nəsə başına ağır bir iş gəlir.
Təcili pul tapmaq üçün ora-bura çırpınır və
məcbur olub sələmçinin üstünə
gəlir. Sələmçi də faizini üstünə qoyur, aybaay alacağını irəlicədən deyir və pul verir.
Pul alan
adam ola bilsin ki, həmin
təcili problemini qaydasına qoya bildi, amma günbəgün,
aybaay batmağa başlayır. Bəzən ilk baxışda o qədər də böyük görünməyən
faiz göstəriciləri
nəticədə ailələri
evsiz-eşiksiz qoyur.
Allah-Təala biz bəndələrinə
buyurur ki, ehtiyac sahibinə yardım edək, borc verək. Qurani-Kərimin Bəqərə surəsində ehtiyac
sahibinə borc vermək təşviq edilir, deyilir ki, borc verərkən
də yanınızda
şahid olsun, borcun verilməsi və alınması dillə söylənsin, katib də onu
yazsın, sonra da şahidlər sənədi imzalasınlar.
Göründüyü kimi, Allah-Təala yaxşılıq
etməyi tövsiyə
edib, amma hər addımda da müsəlmanlara tədbiri unutmamağı
buyurur. Dinimizə görə, ehtiyacı
olan qonşuya borc vermək qonşunun borcudur. Əgər qonşu yaxşı qonşu olsa, kimsə gedib sələmə, faizə
girməz.
Qurani-Kərim sələm məsələsindən bəhs
edərkən o qədər
şiddətli ifadələr
işlədir ki, düşünəndə adam özünə yer tapa bilmir.
Görün Allah-Təala
bu haqda nələr buyurur:
-“Sələm (müamilə,
faiz) yeyənlər (qiyamət günü) qəbirdən şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də
sələm kimi bir şeydir!” - dedikləri üzündəndir.
Halbuki
Allah alış-verişi halal,
sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs
Rəbbi tərəfindən
gələn nəsihəti
qəbul etməklə
(bu işə) son qoyarsa, keçmişdə
aldığı (sələmlər)
onundur (ona bağışlanar). Onun işi
Allaha aiddir. Amma (yenidən sələmçiliyə)
qayıdanlar cəhənnəmlikdirlər
və orada həmişəlik qalacaqlar.
-Allah sələmi (sələmlə qazanılan
malın bərəkətini)
məhv edər, sədəqələri (sədəqəsi
verilmiş malın bərəkətini) isə
artırar. Allah kafirləri, günahkarları
sevməz.
-İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin
Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç
bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.
-Ey möminlər!
Əgər doğrudan
da iman gətirmişsinizsə,
Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən)
vaz keçin! (onu borclulardan
almayın!)
-Əgər belə etməsəniz, o zaman Allaha və
Onun Peyğəmbərinə
qarşı müharibəyə
girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz
(mayanız) sizindir.
Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar (Bəqərə surəsi 277-279).
Göründüyü kimi, Allah-Təala sələmçiliklə
məşğul olmağı
Ona və Rəsuluna qarşı müharibəyə girişmək
kimi dəyərləndirir. Təsəvvür edirsinizmi, sələmçilik
Allaha qarşı düşmənçilikdir, həm
də bu gerçəyi xəbər
verən Allah-Təalanın
Özüdür. İndi
kim nə
düşünür, kim
nə edir, özü bilsin. Bilsin ki, sonra “bilmədim”
deməsin.
Allah-Təalanın rizasını düşünərək,
borc vermək və verdiyinin də əslini geri istəmək İslamın buyruğudur,
yəni müsəlman
əldən tutmalıdır,
sədəqə şəklində,
borc şəklində,
hədiyyə şəklində...
Yaxşılıq etmək istəyən
bunun üçün
mütləq bir yol, münasib bir üsul tapacaq.
Uca dinimiz bizə zəkatı əmr edir. Zəkat varlının malında kasıbın
haqqıdır. Bir ehtiyac
sahibi başqa bir müsəlman qardaşının verdiyi
zəkatla öz dərdlərinə əlac
eləmək haqqına
sahibdir. Alimlər
zəkat verməyi üzüm tənəyini
budamağa bənzədirlər:
Sən zahirən o kolu, görüntünü
kəsib azaldırsan,
həqiqətdə isə
o tənək bərəkət
tapır. Bərəkət zahirən görünən
böyüklükdə, çoxluqda,
basırıqda deyil, bərəkət Allah-Təalanın
bildiyi və verdiyi bir nemətdir.
Quran məntiqi ilə söyləyəcək
olsaq, sədəqə
vermək, qarşılığını
Allahdan diləyərək
müsəlman qardaşının
ehtiyaclarını ödəmək:
“Allahım, mən Səninlə dost olmaq istəyirəm, Sənin verdiyin mal-dövlətdən,
sərvətdən Sənin
rizanı düşünərək
bu müsəlman qardaşıma yardım elədim, ondan təmənnam yoxdur, təmənnam Səndəndir,
məni dostlarının
cərgəsinə yaz.
Məni şeytanın şərindən
qoru, onun yoluna düşənlərdən
eləmə” məzmunda
bir ərizə ilə müraciət etməkdir. Ehtiyac sahibini sələmlə boğmaq isə: “Mənim nə Allaha, nə də Onun Rəsuluna
ehtiyacım var, onlardan qorxmuram, çəkinmirəm (min dəfə
əstəğfürullah)-
söyləməkdir”.
Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.)
məşhur xütbələrində
də sələm mövzusuna toxunaraq bu cür günah
əməllərin cəmiyyəti
pozduğunu, onu fəlakətə sürüklədiyini
vurğulayıb.
Əgər bir cəmiyyətdə
sələmçilik ayaq
açıb yeriyirsə,
demək orda insanlıq təhlükə
altındadır. Sələmçiliyin yayıldığı yer insanlığın qətl olunduğu yerdir.
Allah-Təala insanı yaradanda onun üçün fitrət
qanunları qoyub. Quşlar üçün göy üzü, balıqlar üçün
dəryalar nədirsə,
insanlar üçün
xeyirxahlıq etmək,
əldən tutmaq, Allahı tanımaq o deməkdir. İnsanın
insan ola
bilməsi xeyirxahlıqla,
başqalarının halını
düşünməklə, başqalarına xeyirli ola bilmək duyğusu ilə bağlıdır. Sədəqə, zəkat, həm də insanı tərbiyə edir, onu daha da
gözəlləşdirir, xeyirxahlığa sövq edir. Yardım edərkən, əldən
tutarkən yaşanan ruhani duyğu, insanın içini liməlim dolduran xoş hisslər əslində ucalıqdır,
Allah-Təala yaxınlaşmaqdır,
kamilləşmə yolunda
irəliləməkdir.
Sələmçilik, faizçilik insanı vampir halına gətirir, vəhşiləşdirir. Nəfs doyumsuzdur, sorduqca
sorur, şişdikcə
şişir, ayılanda
isə zaman keçmiş olur. Hələ bu zamana qədər hansısa sələmçinin
xeyirxah adam
olduğunu, kasıb-kusuba
əl tutduğunu görən olmayıb. Sələmçi bir çox
hallarda ya verdiyini qol zoruna,
silah gücünə
geri alır, ya da kiminsə
əli ilə qətlə yetirilir.
Bəzən bir neçə
adam toplaşıb
dükan açmaq, ticarət işi qurmaq, nəsə bir iş görüb
pul qazanmaq istəyirlər. Bir başqası da kənardan maliyyə dəstəyi verir və onlara
şərik olur.
Bəziləri elə düşünürlər
ki, ortaq olmaq da sələmçilikdir,
belə deyil. Sələmçilikdə bir
məsələ var ki, sələm verən heç bir şeyi nəzərə
almadan ancaq xeyirini güdür, faizini də, mayasını da geri istəyir, qarşı tərəfi öldü, batdı, daha bunlar onun
üçün əhəmiyyətli
deyil; ortaqlıqda isə hər şeyə şərik olmaq məsələsi var, yəni qazansalar da ortaqdırlar,
batırsalar da. Ona görə də ortaqlıq məsələsi
sələmçilik kateqoriyasına
aid olunmur.
Faiz, sələm üzərində
qurulan iqtisadiyyat istehsaldan yox, puldan pul qazanmaq
məqsədinə xidmət
edir. Faizçilik
insan fitrətinə ziddir, insanı çalışmaqdan, halal
zəhmətdən və
qazancdan, ibadətdən,
itaətdən çəkindirir.
Sələmlə ailə saxlamaq, övlad böyütmək çörəyini
başqalarının qanına
batıraraq yeməkdir. Əgər Allah-Təala: “Sələmçiliklə
məşğul olan Allaha və Onun Peyğəmbərinə
qarşı müharibəyə
girişdiyini bilsin” -buyurursa, elə bilirik ki, daha
söhbəti uzatmağa
ehtiyac yoxdur.
Fəlakət sellər, daşqınlar,
uçqunlar deyil, fəlakət insanın yolunu azması,
Allahın əmrindən çıxıb şeyatanın əmri
altına girməsidir. Allahın yolunda olan üçün
dünya da dağılsa, baş verənlər fəlakət
deyil, adi bir sınaqdır, imtahandır, vəssalam.
Zaman.- 2010.- 26-27 avqust.- S. 3.