Rusların qazax soyqırımı (3)

 

1897-ci il siyahıyaalınması zamanı sart və özbək dilində danışanların sayı Xivə xanlığı və Buxara əmirliyinəzərə alınmadan (orada 3 milyon adam yaşayırdı) 2 milyon nəfər idi.Son siyahıyaalmaya görə isə özbəklərin sayı 28 milyon  nəfərdir. Qazaxların sayı isə ancaq 9 milyon nəfərə çatıb. Halbuki o dövrdə qazaxların sayı özbəklərin sayından azı 2 dəfə çox idi. Əgər soyqırımına məruz qalmasaydılar, bu gün qazaxların sayı ən azı indikindən 3 dəfə çox, 28-30 milyon nəfər olacaqdı.

Qazaxların o dövrdə məruz qaldıqları dəhşətli soyqırımını aydınlaşdırmaq üçün daha bir misal gətirmək istəyirik. 1897-ci il siyahıyaalınması zamanı sart və özbək dilində danışanların sayı Xivə xanlığı və Buxara əmirliyi nəzərə alınmadan (orada 3 milyon adam yaşayırdı) 2 milyon nəfər idi. Son siyahıyaalmaya görə isə özbəklərin sayı 28 milyon nəfərdir.

Qazaxların sayı isə ancaq 9 milyon nəfərə çatıb. Halbuki o dövrdə qazaxların  sayı özbəklərin sayından azı 2 dəfə çox idi. Əgər soyqırımına məruz qalmasaydılar, bu gün qazaxların sayı ən azı indikindən 3 dəfə çox, 28-30 milyon nəfər olacaqdı.

Tədqiqatçı alim A.N. Alekseyenko yazır: “1930-1933-cü illərdə acından və digər səbəblərdən bütün qazax əhalinin  təxminən yarısı - 47,3 faizi (1,8-2 milyon nəfər) öldü. Ən çox Qazaxıstanın şərqindəki əhali arasında itki oldu. Orada yaşayan əhalinin 64,5 faizi (379,4 min nəfər) öldü. Sağ qalanların böyük hissəsi isə acından ölməmək üçün Rusiyaya və ya Çinə köç etməyə məcbur oldu. Şimali Qazaxıstanda yaşayan əhalinin isə 52,3 faizi (410,1 min nəfər), Qərbi Qazaxıstanda 45 faizi (394,7min), Cənubi Qazaxıstanda 42,9 faizi (632,7 min nəfər), ölkənin mərkəzi rayonlarında yaşayanaların isə15,6 faizi (22,5 min nəfər) aclıqdan öldü.

 

Basmaçıovu

 

Amma qazaxlara qarşı həyata keçirilən soyqırımı siyasəti yalnız aclıq vasitəsi ilə aparılmırdı. Bu işdə həm də qırmızı ordudan geniş şəkildə istifadə edilirdi. Aclıqdan və Qoloşekinin zülmündən bir yerdən digər yerə köç etməyə məcbur olan  və tez-tez yerlərini dəyişən qazaxların ardınca ordu hissələri göndərilirdi. Onlar əlisilahsız əhalini təqib edərək qılıncdan keçirir, hətta uşaqlara belə rəhm etmirdilər. Bu cinayətə haqq qazandırmaq üçün qırmızı ordu guyabasmaçıları” - sovet rejiminin düşmənlərini məhv etdiklərini ortaya atırdılar. Aclıqdan və məmur zülmündən Çinə qaçan qazaxlara qarşı sərhədçilər atəş açır və onları təqib edərək, əllərinə keçən əhalini yerindəcə məhv edirdilər. Buna baxmayaraq, həmin dövrdə yuxarıda da qeyd etdiyimiz kimi, 100 min qazax ailəsi ilə birlikdə Çinə köç edə bildi.

 Nəticədə, Qazaxıstanın yarıdan çoxu insan yaşamayan ərazilərə və xarabazarlıqlara çevrildi. Moskvaya da bu lazım idi. Dərhal SSRİ-nin müxtəlif yerlərindənxalq düşmənlərini kütləvi şəkildə boş qalmış ərazilərə köçürməyə başladılar. Beləliklə də, həm qazaxların, həm də yeni yerə köçürülən əhalinin ruslaşdırılması siyasəti yeridilirdi. Bunun  ağır nəticəsini qazax xalqı bu gün belə öz üzərində hiss edir. Belə ki,  qazaxların ana dilində təhsil almasına imkan verilməməsi və rəsmi yazışmaların rus dilində aparılması nəticəsində  onların böyük hissəsi doğma ana dilində danışa bilmir. Ruslaşdırma siyasəti qazaxların milli kadrlarının məhvindən də yan keçmədi. 1920-1939-cu illərdə qazax ziyalılarının 85-90 faizinə pantürkist damğası vurularaq məhv edildi. Bu, qazax xalqının  tarixində misli görünməmiş ziyalı qırğını idi. Bununla da Moskva qazaxları etnik cəhətdən məhv etmək, onu keçmişindən ayırmaq istəyirdi. Nəticədə, qazax xalqı arasında milli mənlik şüuru xeyli zəiflədi və onlar uzun müddət özlərinə gələ bilmədilər.

 

Qazaxlar Rusıyadan soyqırımını tanımağı tələb edırlər

 

Moskvanın etnik ukraynalıları kütləvi şəkildə qolodomorla məhvetmə siyasəti ilə əlaqədar məsələ Ukraynada dövlət səviyyəsində gündəmə gətirildi və beynəlxalq təşkilatlarda müzakirəyə çıxarıldı. Ancaq müəyyən səbəblərdən Qazaxıstanda o dövrdə baş verənlər hökumət səviyyəsində müzakirələrə çıxarılmır. Yalnız Qazaxıstan ziyalıları Moskva tərəfindən düşünülmüş şəkildə o dövrdə (1918-1922 və 1930-33-cü illər) ölkə əhalisinə qarşı həyata keçirilən soyqırımı barədə mütəmadi olaraq məsələ qaldırırlar.

Qazaxların kütləvi şəkildə soyqırımına məruz qalmaları ilə əlaqədar qazax ziyalıları ilk dəfə ötən əsrin 80-ci illərində qazax dilində çıxan yerli qəzetlərdə məsələ qaldırdılar. Ancaq qazax dilini yerli qazaxların belə az bildiyi bir vaxtda bu bir  o qədər də ölkə ictimaiyyətinin diqqətini cəlb etmədi. Yalnız Qazaxıstan müstəqilliyini əldə edəndən sonra qazax dilinin ölkədə möhkəmlənməsi prosesi başladı. Ölkədə ana dilində çıxan qəzetlərin sayının çoxalması və onların mərkəzi mətbuata çevrilməsi qazaxların soyqırımına diqqətin daha geniş şəkildə cəlb olunmasına təkan verdi. Nəticədə, Rusiya tərəfindən 1918 -1922-ci  və 1930-33-cü illərdə qazaxlara qarşı həyata keçirilən soyqırımı faktları ölkə əhalisində böyük əks-sədaya, rezonansa səbəb oldu. Qazaxıstan hökumətinin bu məsələyə soyuqqanlı yanaşması isə, öz növbəsində, Qazaxıstan Yazıçılar İttifaqını hərəkətə gətirdi.  Onlar o dövrdə baş verənlərlə əlaqədar əhaliyə daha geniş şəkildə məlumat verdilər. Bunun ardınca Qazaxıstan Yazıçılar İttifaqı xüsusi bəyanatla çıxış etdi. Bəyanatda deyilir:

“Ötən əsrin 20-30-cu illərində baş verən dəhşətli hadisələr, heç də aclıq, ərzaq çatışmazlığı və köçəri qazaxların sosializm sisteminə hazır olmamaları və ya onların zehni cəhətdən geridə qalmaları ilə bağlı deyildi. Həmin dövrdə Stalin və onun bölgədəki əlaltısı olan Qoloşekin və digərləri tərəfindən düşünülmüş şəkildə qazaxlara qarşı kütləvi şəkildə soyqırımı həyata keçirilirdi. Bu, Sovet hökumətini idarə edən yüksəksəviyyəli dövlət rəsmilərinin cinayətkar əməllərinin nəticəsi idi”.

Bəyanatda daha sonra qeyd edilir ki, 1916-cı ildə qazaxların sayı 6 milyon nəfər idi. Ancaq 1918-1933-cü illərdə onların kütləvi şəkildə məhv edilməsi nətcəsində sayları 2,5-3 milyon nəfərə qədər azaldı.

O dövrdə qazax xalqının kütləvi şəkildə soyqırımına məruz qalması ilə əlaqədar  Qazaxıstan Dövlət Tarix İnstitutunun direktoru Burkitbay Ayaqan isə bu yaxınlarda iqtidarda olan Nur Otan PartiyasınınAykanadlı mətbu orqanında yazır: “Qazaxıstan ictimaiyyəti və rəsmiləri ötən əsrin 20-30-cu illərində qolodomor adı altında qazaxlara qarşı həyata keçirilən soyqırımına siyasi qiymət verməlidirlər. Bu cinayəti həyata keçirənlərin adları qazax xalqına açıqlanmalı və onların kimliyi bilinməlidir. Bunun üçün Rusiya dövlət arxivlərində həmin dövrə aid olan sənədlər araşdırılmalı və Moskva öz qanlı cinayətinə görə qazax xalqından üzr istəməlidir. Çünki həmin dövrdə heç bir günahı olmayan 3 milyon nəfər qazax kütləvi şəkildə məhv edilib. Bu cinayəti törədənlər qazax xalqı və tarix qarşısında cavab verməlidirlər”.

Bununla belə, Qazaxıstan hökuməti məsələni yüksək səviyyədə gündəmə gətirmək və Rusiya ilə münasibətləri gərginləşdirmək istəmir. Adıçəkilən məsələnin yüksək səviyyədə gündəmə gətirilməməsinin bir səbəbi də ölkə rəhbərliyinin yerli qazaxlarla Qazaxıstanda yaşayan ruslar arasında etnik zəmində toqquşmaların baş verə biləcəyindən ehtiyat etməsi ilə bağlıdır. Bundan əlavə, Qazaxıstanda yaşayan ruslara qarşı nifrətin artması onların ölkəni tərk etməsi prosesinə təkan verəcək. Bu da indiki mərhələdə Qazaxıstan rəhbərliyini qane etmir. Çünki rusların əksəriyyəti elmi-texniki sahələrdə çalışır və onların boşalmış yerlərini doldurmaq üçün yerli kadrlar kifayət qədər deyil. Bunu bu yaxınlarda Qazaxıstanın Baş naziri Kərim Məsimovun “Exo Moskva” radiosuna verdiyi müsahibədə söylədikləri də bir daha sübut edir. Qazaxların soyqırımı məsələsinin nə üçün yüksək səviyyədə qaldırılmadığı barədə ona ünvanlanan suala Kərim Məsimov belə cavab verib: “Biz istəmirik ki, bu məsələni rəsmi səviyyədə gündəmə gətirərək, ölkə daxilində sabitliyin pozulmasına səbəb olaq. Zənnimcə, biz yaxın illərdə ölkədə sabitliyin pozulmasına imkan verməyən siyasət yeridəcəyik. Qolodomor və ya qazax xalqının soyqırımı məsələsi milli ziyalılarımızın qayğısıdır və qoy onlar bununla məşğul olsunlar”. Son

 

 

Əziz Mustafa

 

Zaman.- 2010.- 28-30 avqust.-S.11.