Ruhumuzu ovudan, çağladan və
təmizləyən səs
Mən
çox kövrək adamam. Birini fikirli, ağlayan görəndə
çalışıram ki, hansı yollasa ona əlimdəm gələn
köməyi göstərim, onu
nigaran, gözüyaşlı qoymayım
Mahir qaboy ustası, xalq artisti Kamil Cəlilovun
çaldığı muğamları, ritmləri həyəcansız
dinləmək olmur. Çünki Kamil nəfəsi ona qulaq kəsilən
hər kəsi qoynuna alıb dünyanı dolandırır,
onun faniliyini dönə-dönə yada salır, ruhunu təmizləyir,
duyğular selində yuyur, saflaşdırır. Bütün
bunlara görə Kamil Cəlilov sənəti əvəzsizdir...
- Kamil müəllim,
istərdik ki, söhbətin əvvəlində oxuculara
özünüz haqda danışasınız.
- Mən Xəzərin
sahilində, Buzovna kəndində dünyaya gəlmişəm.
Uşaqlığım da orada keçib. Şəhərdə
də mənzilimiz olub. Orta təhsilimi Bakıdakı 176
saylı məktəbdə almışam. Eyni zamanda 1 saylı
musiqi məktəbində oxumuşam. Orta məktəbdə
müxtəlif tədbirlərdə qarmon və nağara
çalar, şənlikləri yola verərdim. Sonra Asəf
Zeynallı adına Musiqi Məktəbini və Üzeyir Hacıbəyov
adına Azərbaycan Dövlət Konservatoriyasını bitirdim.
Mənim qəlbimdə
sənətə, sözə sevgini rəhmətlik atam
oyadıb. O, fəhlə olsa da sinədəftər idi,
muğamlarımızı yaxşı bilirdi. Arabir Füzulidən,
Seyid Əzimdən, Vahiddən seçmə qəzəllər
deyər, pəsdən oxuyardı.
- Səhv etmiriksə,
siz əvvəllər müxtəlif ansambllarda nağara və
qarmon çalmısınız.
- Bəli, Əhsən
Dadaşovun rəhbərlik etdiyi ansamblda əvvəlcə
qoşanağaraçı, sonra qarmonçu olmuşam.
“Çoxları
istədilər qaboy çalıb Kamil olsunlar,
bacarmadılar...”
- Bəs qaboyla
dostluğunuz nə vaxtdan başlanıb?
- Konservatoriyada oxuyanda
bizə dərs proqramına uyğun olaraq, qaboyda klassik bəstəkarların
əsərlərini çalmağı öyrədirdilər.
Amma mən hər dəfə qaboyu əlimə alanda ürəyimdən
muğamlarımızı çalmaq keçirdi. Buna görə
də boş vaxtlarımda sinfə tək girib, qaboyda muğam çalmağa
çalışırdım. Doğrusu, çox əziyyət
çəkirdim. Çünki qaboy mürəkkəb alətdir,
simfonik orkestr üçün nəzərdə tutulub. Bizdə
də qaboy həmişə orkestrdə çalınıb.
Lakin mən öz fikrimdə israrlı idim. Bir müddətdən
sonra hiss etdim ki, qaboyun səsi məni çəkir. Başa
düşdüm ki, istəyimə nail olacağam. O vaxtdan
qaboy məni sehrləyib, onun cazibəsindən çıxa
bilmirəm. Əlimə alan kimi, sanki, bu dünyadan
ayrılıram...
Bir gün qapı qəfil
açıldı, konservatoriyanın müəllimi Əhməd
Bakıxanov içəri girdi. Mən onu görüb dayandım.
O isə dedi ki, çal oğlum, gözəl
çalırsan, sən mənim çoxdankı arzumu
gerçəkləşdirdin. Onu da deyim ki, mən nəinki
respublikamızda, eləcə də Şərqdə
muğamların qaboyla ilk ifaçısıyam.
- İndiyədək
qaboyla hansı muğamları, ritmləri
çalmısınız?
- Doqquz-on
muğamı ifa eləmişəm. Məsələn,
“Bayatı-Kürd”, “Segah”,
“Zəminxarə”, “Bayatı-Şiraz”,
“Rahab”, “Zabul”, Humayun” və ritmik muğamlardan “Qarabağ şikəstəsi”ni
çalmışam. Çoxlu
sayda xalq və bəstəkar mahnılarını da buraya əlavə etsək, görün nə qədər olur. Hamısı da televiziya və
radioda lentlərdədir.
Allahın köməkliyi ilə çox şeyə nail olmuşam.
- Kamil
müəllim, artıq
yaşlanmısınız. İndi qaboy çalanda yorulmursunuz ki?
- Yetmişi
keçmişəm. Ancaq
yenə öz sənətimlə məşğulam.
Əlbəttə, yorulan
vaxtım olur. Çünki qaboy çalmaq nəfəs istəyir. Bu, tar, qarmon, nağara deyil ki... İnanın ki, yol gedəndə, bağda-bağçada gəzəndə,
hansı məclisdəsə
oturanda da öz sənətimlə bağlı fikirləşirəm.
Düşünürəm ki, yeni çalacağım
muğamı, ritmləri
xırdalıqlarına qədər
gərək elə ifa edim ki,
ürəklərdə yaşasın,
məndən xalqa yadigar qalsın.
- Digər
musiqi alətlərini
çalan sənətkarlarımız çoxdur.
Ancaq sizdən başqa qaboyçumuz yoxdur. Bu nə ilə bağlıdır?
- Bayaq
dediyim kimi, qaboy çox mürəkkəb alətdir.
Onunla ifanı öyrənmək böyük
hövsələ, gərgin
zəhmət tələb
edir. Milli havalarımızı, muğamlarımızı
çalmaq isə qat-qat çətindir. Qaboy çalmaq həvəsində olanlar çox olub, ancaq bir müddətdən
sonra fikirlərindən
daşınıblar. Gözəl
xanəndəmiz Əlibaba
Məmmədov mənimlə
bağlı çəkilən
sənədli filmdə
belə bir fikir söyləyib: “Çoxları istədilər
ki, qaboy çalıb Kamil olsunlar, bacarmadılar, Kamil yenə tək qaldı”.
- Bəlkə, siz alətin özündə də bir dəyişiklik etmisiniz?
- Etməsəydim,
sinfonik orkestrdə çalınan qaboyla milli havalarımızı,
muğamlarımızı ifa
etmək mümkün
olmazdı.
“İnsan gərək xeyirxah olsun”
- Kamil
müəllim, çalğılarınıza
qulaq asanda adam kövrəlir, hətta bəzən doluxsunur... Bu ifalar sizin ürəyinizdə, beyninizdə bişib dodaqlarınıza axır.
Yəqin ki, qaboy çalarkən sizin də gözlərinizin
dolduğu anlar az olmayıb.
- O qədər
olub ki... Mən çox kövrək adamam. Birini fikirli, ağlayan görəndə
çalışıram ki,
hansı yollasa ona əlimdəm gələn köməyi göstərim,
onu nigaran, gözüyaşlı qoymayım.
Tək insanlara yox, heyvanlara, ağaca, gülə-çiçəyə
də yazığım
gəlir. Axı onları da Allah yaradıb. Məsələn,
görmüşəm ki,
keçəcəyim yolun
kənarındakı gölməçədən quş su içir, dayanıb gözləmişəm,
narahat etməmişəm.
Çalğılarımdakı kövrəklik də, təbii ki, bununla bağlıdır.
- Deyəsən,
dindar adamsınız...
- Bəli.
Mən Həcc ziyarətində də olmuşam. Namaz qılır, oruc tuturam. Həmişə vətənimiz, xalqımız
üçün dualar
edirəm.
- Evdə
yenə məşqlər
edirsiniz?
- Əlbəttə,
eləyirəm. Məşqsiz
olmaz ki...
- Qonşular
narazılıq eləmirlər
ki?
-Yox,
öyrəşiblər. Bəziləri
bir neçə gün qaboyun səsini eşitməyəndə
maraqlanır ki, görəsən Kamil müəllim niyə çalmır?
- Evdə,
ya İncəsənət
Gimnaziyasında dərs
demirsiniz ki?
-Yox.
Gimnaziyada dərs deyirdim, indi demirəm. Çünki məktəbdə alət
yoxdur, olsaydı yenə başlamaq olardı...
Bir dəfə “Dan ulduzu” ilə İtaliyada
- Uzun
illər “Dan ulduzu”nun solisti olmusunuz. Bu ansambldakı fəaliyyətinizi necə
qiymətləndirirsiniz?
- Səhv
eləmirəmsə, 1968-ci il idi. Bir
gün Əhsən müəllimin tapşırığı
ilə “Bayatı-Kürd”
muğamını lentə
yazdırmalı idim. Gözəl musiqiçimiz
Gülarə xanım
Əliyevanı onun yanında gördüm. Mən “Bayatı-Kürd”u
ifa edəndə o da qulaq asdı
və çalğımı
çox bəyəndi.
Bir müddət sonra Gülarə xanımın təklifi ilə ansambl yaratmaq qərarına gəldik. “Dan ulduzu” Şərq və Qərb musiqi alətlərinin sintezi idi. Ansambl qısa
müddətdə gözəl
repertuar yaratdı və şöhrət qazandı. Çox ölkələrdə qastrol
səfərlərində olduq.
“Dan ulduzu” özü ilə bərabər məni də şöhrətləndirdi.
- Yəqin
ki, xarici səfərlər zamanı
unuda bilmədiyiniz hadisələr də olub. Mümkünsə, belə olaylardan birini danışın.
- Çox
olub... Məsələn,
bir dəfə “Dan ulduzu” ilə İtaliyaya qastrola getmişdik. Konsertlərimiz
çox maraqla qarşılanırdı. Mən
də arabir qaboyla mahnıya uyğun solo çalırdım.
Konsertlərin birində
Gülarə xanım
dedi ki, Kamil, axırda çıxıb bir muğam çalarsan, qoy bizim musiqinin
gözəlliyini eşitsinlər.
Mən isə dedim ki, bunlar
muğamatı nə başa düşəcəklər?
Ancaq Gülarə xanımın sözünə
əməl etdim. Əvvəlcə “Küçələrə
su səpmişəm”
xalq mahnısını
çaldım, keçdim
“Bayatı-Şiraz”a, dalınca
da “Bayatı-İsfahan”ı
ifa elədim. Zəngulələri eləyəndə zaldan bir alqışlar qopdu ki, məəttəl
qaldım. Sən demə, dinləyicilər
arasında çoxlu türklər, cənublu soydaşlarımız varmış.
Alqışlar bitəndən
sonra səhnəyə
bir kişi qalxdı. Yanıma gəlib dedi ki, mən neçə
illərdi konservatoriyada
qaboy ifaçılığına
aid dərs deyirəm,
ancaq heç vaxt belə səslər eşitməmişəm, siz
buna necə nail olmusunuz? Bunun notu var sizdə?
Sonra o, mənim qaboyumu alıb diqqətlə baxdı. Mən dedim ki, notu yoxdur,
bu, bizim milli muğamlarımızın
inprovizasiyasıdı, ürəyimdən
gələn səslərdi...
“Azərbaycan təranələri”ni
dinləyəndə elə
bil zirvədə dayanıb Azərbaycanı
seyr edirəm”
- Kamil
müəllim, belə çıxır
ki, siz not çalmırsınız, həmişə
ürəyinizi çalırsınız.
-Lap notla
çalsam da, həmin çalğını,
belə demək olarsa, özümünkü
edirəm, ora ürəyimi qoyuram, nəsə əlavə edirəm.
Ümumiyyətlə, yatanda da, yolda da
nəyisə zümzümə
edirəm. Bax, “Azərbaycan təranələri”ni,
“Naxçıvan təranələri”ni
mən yazmışam.
İnanın, bu çalğıların hamısı
mənə elə bil yuxuda verilib.
Bu əsərlər rəhmətlik
ulu öndərimiz Heydər Əliyevin də çox xoşuna gəlirdi. Deyirdi ki, Cəlilov,
sənin “Azərbaycan
təranələri”ni dinləyəndə
elə bil Azərbaycanın xəritəsi
gəlir gözlərim
önünə. Elə
bil zirvədə dayanıb Azərbaycanı
seyr edirəm”. O deyirdi ki, Kamil
Cəlilov virtuoz, yaradıcı, novator sənətkardı”. Bu sözlər
mənim əməyimə
verilən çox yüksək qiymətdir. Ümumiyyətlə, Heydər
Əliyev həmişə
mənim sənətimi
yüksək qiymətləndirib.
“Orta məktəbi bitirən yeniyetmə muğamları bir-birindən
ayırmağı bacarmalıdır”
- Kamil
müəllim, bu gün də orta məktəblərdə
musiqi dərsləri keçirilir. Bir musiqiçi sənətkar
kimi həmin dərslərin səviyyəsi
sizi qane edirmi?
- Eləmir.
- Niyə
eləmir?
- Mən istəyirəm
ki, muğamlarımız orta məktəblərdə tədris edilsin. Məktəbi bitirən
yeniyetmə, heç olmasa, muğamları bir-birindən
ayırmağı bacarmalıdır. Axı muğam bizim mənəviyyatımızdır.
Səməd
Məlikzadə
Zaman.-
2010.- 16-17 fevral.- S. 12.