Böyük sərkərdə və dövlət xadimi

 

Xaçlıların qənimi Səlahəddin Əyyubi (1)

 

Səlahəddinin uşaqlığı da atasının valilik vəzifəsini həyata keçirdiyi Baalbek və Dəməşqdə ( Şam) keçdi. Səlahəddin uşaqlıqdan o dövr üçün olduqca yüksək hesab edilən yaxşı təhsil aldı. Səlahəddinin həyatını tədqiq edən  əl Vahrani onun Evklid həndəsəsini, astronomiyanı, riyaziyyatı olduqca yüksək səviyyədə bildiyini yazıb. Sonra o Dəməşqdəki Darul-Hadis ( hadis universiteti) universitetini bitirdi. Amma Səlahəddini hərbi həyat daha çox özünə cəlb edirdi. Ona görə də təhsil alması ilə yanaşı, hərbi sirləri də öyrənir, mahir at çapır, qılınc oynadırdı.  Həmin dövrdə İslam aləmi üzərinə xaçlı yürüşləri davam etməkdə idi.  Gənc olmasına baxmayaraq,  Səlahəddin də xaçlılarla döyüşdə iştirak edirdi. Bu döyüşlərdə  o özünü olduqca cəsur bir əsgər kimi göstərmiş və buna görə də Səlahəddin Atabəy Nurəddin Mahmud Zənginin diqqətini cəlb etmişdi. Səlahəddin Əyyubi haqqında həm Qərbdə, həm də Şərqdə çox danışılıb, qəhrəmanlığı qarşısında baş əyilib, adına dastanlar qoşulub, şeirlər yazılıb. O, Şərqdə İslam dünyasının əfsanəvi qəhrəmanı, sərkərdəsi, uzaqgörən dövlət xadimi kimi ad çıxarıb.

Səlahəddin Əyyubinin həyatı olduqca ibrətamizdir. Əsl adı Məlik Nasir Əbu Müzəffər Yusif bin Əyyub bin Şadi olan Səlahəddin 1137-ci ildə indiki İraqın Tiqrit şəhərində Nəcməddin Əyyubinin ailəsində dünyaya gəldi. Onun hansı millətə mənsub olması barədə bir-birini təkzib edən çoxlu sayda ehtimallar var. Bəziləri onun mənşəcə türk, bəziləri ərəb, bəziləri isə kürd  olduğunu iddia edirlər. Bununla belə Səlahəddinin atasının Azərbaycanın İrəvan bölgəsinə bağlı Dvin qəsəbəsindən olduğu tədqiqatçıların demək olar ki, böyük əksəriyyəti tərəfindən qəbul edilib. Böyük türk tarixçi və araşdırmaçı alimi Zəki Validi Toqan Əyyubilərin türk və kürd ailəsinin izdivacından dünyaya gəldiklərini yazıb. Bununla belə,  bir çox tarixçilər 11-13-cü əsrlərdə türklərin Orta Asiyadan Anadoluya və İraqa böyük axınlarına və adıçəkilən ərazilərdə yaşayan əhalinin 80-90 faizini türkmən boylarının təşkil etdiyinə diqqəti cəlb edirlər. Buraya yuxarıda da qeyd etdiyimiz kimi, Səlahəddinin ata-babalarının Azərbaycandan olduğunu əlavə edəndə onun mənşəcə türk olması barədə söylənilən fikirlərin daha doğru olduğu məntiqi baxımdan ağlabatan görünür. Amma burada həqiqət naminə bir faktı da söyləməyə bilmirik. Belə ki, həmin dövrdə müsəlmanlar arasında kimin hansı millətə mənsub olması barədə məsələ gündəmdə yox idi. O dövrdə milli mənsubiyyət islam ümməti ilə göstərilirdi. Yəni ümmət kəlməsi ərəb, türk, kürd və bütün müsəlmanları əhatə edirdi. Ona görə də Səlahəddin Əyyubinin milliyyətcə kimliyindən asılı olmayaraq, o bütün İslam aləminin böyük oğludur. Səlahəddin Əyyubinin davası da milli dava, kürd, ərəb və ya türk davası deyildi. O, həyatını xaçlı yürüşlərindən gələn təhlükədən bütün İslam aləminin xilas edilməsi kimi müqəddəs bir mübarizəyə həsr etmişdi.

O dövrdə Səlahəddinin babası Şadi Bağdad şəhərinin valisi olan Bihruzun ən yaxın dostlarından biri idi. Onların bu yaxınlığı Bihruzun Şadinin oğlu Nəcməddini Tiqritdəki əsgərlərin komandanı təyin etməsi ilə nəticələndi. Bundan sonra Səlcuqlu sultanı Məhəmməd Tapar Nəcməddini xüsusi himayəsinə götürdü. Bu arada, yəni 1131-ci ildə tanınmış sərkərdə və dövlət xadimi İmaməddin Zəngi, Karaca əl-Şaki ilə döyüşdə məğlub oldu. O, geri çəkilərək əsgərləri ilə Tiqritə gəldi. Nəcməddin və əmisi Əsəduddin Şirkuh İmaməddin Zəngiyə yardım etdilər. Bu isə İmaməddin Zəngiyə rəğbət bəsləməyən Bihruz tərəfindən əsəbiliklə qarşılandı. Bu arada Şirkuh bir Səlcuqlu məmuru ilə mübahisəyə girdi və sonda onu öldürdü. Bundan istifadə edən Bihruz Nəcməddini tutduğu vəzifədən azad etdi. Nəcməddin və əmisi bunun ardınca özləri üçün daha böyük bir təhlükənin gələ biləcəyindən ehtiyat edərək, 1138-ci ildə Hələb şəhərinə köçərək,  Şimali Suriyanı idarə edən və mənşəcə türk olduğu şübhə doğurmayan Atabəy İmaməddin Zənginin yanında xidmət etməyə başladılar. Qeyd edək ki, Səlahəddinin anası Səlcuqlu sultanının Harim əmiri olan türkmən Şihabəddin Mahmud ibn Tokuş əl-Harimin bacısı idi. Səlahəddinin uşaqlığı da atasının valilik vəzifəsini həyata keçirdiyi Baalbek və Dəməşqdə ( Şam) keçdi. Səlahəddin uşaqlıqdan o dövr üçün olduqca yüksək hesab edilən yaxşı təhsil aldı. Səlahəddinin həyatını tədqiq edən  əl Vahrani onun Evklid həndəsəsini, astronomiyanı, riyaziyyatı olduqca yüksək səviyyədə bildiyini yazıb. Bundan əlavə, Səlahəddin məntiq, fəlsəfə, fikih və tarixi dərindən öyrənib. Sonra o Dəməşqdəki Darul-Hadis ( hadis universiteti) universitetini bitirdi. Amma Səlahəddini hərbi həyat daha çox özünə cəlb edirdi. Ona görə də təhsil alması ilə yanaşı, hərbi sirləri də öyrənir, mahir at çapır, qılınc oynadırdı. Ox atmaqda ona çatan yox idi. İstənilən hədəfi olduqca sərrast vururdu. Həmin dövrdə İslam aləmi üzərinə xaçlı yürüşləri davam etməkdə idi.  Gənc olmasına baxmayaraq,  Səlahəddin də xaçlılarla döyüşdə iştirak edirdi. Bu döyüşlərdə  o özünü olduqca cəsur bir əsgər kimi göstərmiş və buna görə də Səlahəddin Atabəy Nurəddin Mahmud Zənginin diqqətini cəlb etmişdi. Ona görə də Atabəy 17 yaşında olan Səlahəddini saraya gətirdi və o burada dövləti idarə etməyi də dərindən öyrəndi. Tədricən qüvvətlənməkdə olan Atabəy Nurəddin Zəngi Misiri də tam şəkildə öz nəzarəti altına almaq istəyirdi. Bu arada Misirdə azlıqda olan məzhəblər üsyan qaldırdılar. Bunu görən Zəngi  Misirdaki üsyanı yatırtmaq və orada sabitliyi bərpa etmək məqsədi ilə Şirkuhu Fatimi xəlifəsi  əl-Adidin tabeliyinə verdi. Atabəy Səlahəddini isə Şirkuhun köməkçisi təyin etdi. Xəlifənin razılığı ilə Şirkuh öz tabeliyində olan əsgərlərlə Misir üzərinə yürüş etdi. Şirkuh Səlahəddinin yardımı ilə Misir üsyanını yatırdı. Bundan sonra Misirin idarə edilməsi də Şirkuha tapşırıldı. Misir ələ keçiriləndən az sonra Şirkuh vəfat etdi. Bunu görən xəlifə əl-Adid Səlahəddini onun, əmisinin yerinə Misir valisi təyin etdi. Səlahəddin Əyyubi eyni zamanda Atabəy Nurəddin Zəngi tərəfindən Misirdəki ordunun komandanı təyin edildi. Şirkuhun vəfatından az sonra Misirdə azlıqda olan dini məzhəblər yenidən üsyan qaldırdılar. Amma Səlahəddin dərhal bu üsyanı yatırdaraq Misirdə sabitliyi bərpa etdi. Bu, Səlahəddinin el arasında və yüksək dairələrdə şöhrətini daha da artırdı. Səlahəddin buna paralel olaraq, qısa müddətdə Misirdə bəzi islahatlar həyata keçirdi və ölkəni uğurla idarə etməyə başladı. O, ilk növbədə, sadə xalqla saray arasında olan süni maneələri aradan qaldıraraq, onlarla çoxsaylı təmaslara keçdi və xalqı narahat edən problemləri bir-bir aradan qaldırdı. Bu isə onun sadə xalq arasında sevilməsinə gətirib çıxardı. Eyni zamanda Səlahəddin Misirə qonşu olan müsəlman ölkələr ilə də sıx münasibətlər qurdu və onların rəğbətini qazandı. Səlahəddinin islam ölkələri arasında şöhrətinin artmasından və onları öz ətrafında birləşdirməyə başlamasından xaçlılar təlaşa düşərək narahatlıq keçirməyə başladılar. Ona görə də Qüdsdə hökmranlıq edən Fransadan olan xaçlılar Səlahəddin Əyyubini aradan qaldırmaq fikrinə düşdülər

 

 

Zaman.- 2010.- 8-9 iyul.- S. 15.