“Yeddi oğul”un Şahsuvarı: “Sənətdə “doydum” söhbəti yoxdur”
Qısa
təqdimat: uzun, ağ saçları, yapışıqlı
səsi, həlim təbiəti ilə tanıyırıq onu. Üzündə
hər zaman xoş bir təbəssüm var. Sıraları
getdikcə seyrələn fədakar aktyor nəslinin son
“mogikan”larından biridir. Bütün yaşıdları kimi,
o da səhnəyə böyük ümidlərlə gəlib
və bütün səmimiyyətilə
çalışıb, bildiyini eləyib, heç bir
şeyini əsirgəməyib. Ötən əsrin
sonlarında dünyanın işləri “qarışanda” teatr
da unuduldu, səhnə də və bu sənət ancaq onun kimi
fədakarların çiynində əsrdən-əsrə
keçə bildi. Bir qədər əvvəl yaxın
çevrəsindən Telman Adıgözəlov kimi yaxın
dostunun, könül sirdaşının ayrılması onu
çox sarsıtdı. İki övladının heç
biri onun yolunu davam etdirmədi, amma bunu özünə dərd
də eləmir.Beləliklə, müsahibimiz saç-
saqqalını səhnədə ağartmış Xalq
artisti, Prezident təqaüdçüsü, səhnəmizdə
və kinomuzda neçə-neçə rolların
ifaçısı Rafiq Əzimovdur.
-
Rafiq müəllim, belə bir fikir var ki, son dövrdə
çəkilən filmlər “Biləcəridən o tərəfə
keçə bilmir” və ciddi rezonans doğurmur. Sizin bu fikrə
münasibətiniz necədir?
-
Mən bu fikirlə razı deyiləm. Əvvəla, bunu
bildirim ki, istər teatr, istərsə də kino aləmində
həm durğunluq, həm də inkişaf dövrləri olur.
Əvvəllər kinoteatrlarımızın da sayı
çox idi, kinoprokatlarımızın da. Hamı istədiyi
filmlərə baxır və münasibət də bildirirdi. Amma
hazırda kinoteatrlarımızın bir-bir sıradan
çıxması yeni filmlərin nümayişinə ciddi əngəllər
törədir. Bunun nəticəsində camaatımız yeni
filmlərdən xəbərsizdir. Son illərdə çəkildiyim
filmlərdən nümunə çəkə bilərəm. Həm
“Cavadxan”, həm də “40-cı qapı” filmlərinin sədalarını
çox yerdən eşitmişəm. İstər rejissor
işinə görə, istərsə ssenari işinə
görə bu filmlər xarici ölkələrdə yüksək
qiymət alıblar və müxtəlif mükafatlara layiq
görülüblər. Bu hal məni çox sevindirir.
-
Heç sadaladığınız filmlərə də
yaxşı bələd deyilik...
-Bilirsiniz, hər bir filmin özünün
prodüseri olur. Onlar da istəyirlər
ki, filmlər əvvəlcə kinoteatrlarda
və ya kinoprokatlarda olsun. Filmləri birdən-birə
televiziyalarda kütlə
qarşısına çıxarmaq
bir az maraqsız
olar.
-
Rafiq müəllim bir müddət əvvəl bəmbəyaz
saqqalla görünürdü.
O saqqalın nə hikməti var idi?
-O
saqqal son dövrdə
çəkildiyim filmlərlə
bağlı idi. Əvvəlcə “Cavadxan”,
“40-cı qapı”, sonra
isə “Buta” filmində oynadığım rollara görə idi. Bunların içində əsasən İlqar Nəcəfin öz ssenarisi əsasında çəkdiyi “Buta” filminin adını xüsusi vurğulamaq istəyirəm.
Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə çəkilən bu film həyatımda böyük
dönüş mərhələsi
oldu. Saqqalı da rejissorun xahişi
ilə saxlayırdım.
Sonra başqa filmlərdə də həmin saqqal işimə yaradı. Həmin filmi böyük səbirsizliklə
gözləyirəm. Montaj
işləri qurtarıb.
Texniki işlər qalıb. Filmdəki rolum çox psixoloji roldur və kino yaradıcılığımda
böyük addımdır.
-
Şahsuvar, Vəli, Saray şairi, “Ad günü”ndəki Səlim,
yoxsa tamaşalarda canlandırdığınız Dibdat bəy, İvanov, İsmayıl bəy... bunlardan hansı Rafiq Əzimovun təbiətinə
daha çox yaxındır?
-Heç kim öz ayranına turş deməz. Mənim üçün çəkildiyim bütün
rollar əzizdir. Bu rolları mən ifa etmişəm. Oynadığım rolların
əməllərində “mənfi”,
“müsbət” axtarmışam.
Bu obrazları yaxından
öyrənib, həmin
rolun daxili aləminə girərək
oynamağa çalışmışam.
Mənim üçün
tamaşaçının həmin
rola baxışı önəmlidir.
-
Bəs hansı rolun, obrazın həsrətindəsiniz?
-Həə... bu gün də Dədə Qorqudun intizarındayam. Elə psixoloji rolların arzusundayam ki, həmin obrazlar insanı düşündürə
bilsin, onu həyatda pessimizmə sürükləməsin, yeni,
böyük arzulara, ideallara səsləsin, gücləndirsin, cəngavərə
çevirsin... Bu rolları
ifa edərkən həm özüm düşünüm, həm
də düşündürə
bilim.
-
Sizcə, hazırda daha çox kimə və nəyə ehtiyac var? Ssenariyə, dramatik əsərlərə,
rejissora, yoxsa aktyora?
- Bilirsiniz, ucuz ətin şorbası olmaz. Aktyor, rejissor, ssenarilər... bütün
bu komponentlər birləşəndə ortaya
mükəmməl bir
şey çıxar.
-
Teatrınız hazırda
“başqasının evində”
fəaliyyətini davam
etdirir. Yad evdə özünüzü
necə hiss edirsiniz?
-Buradakı vəziyyətimizi
özünüz görürsüz
də, görürsünüz
ki, hansı şəraitdə məşq
edirik. Dörd divar arasında. Bir də ki,
lap hər şeyi olsa belə, özgə evində rahat olmursan axı.
-
Öz evinizə nə zaman köçəcəksiniz?
-
Əvvəl deyilirdi,
may ayında təmir başa çatacaq, amma, deyəsən, sentyabr ayında köçəcəyik. Əgər
belə olsa, inanıram ki, noyabr, dekabr aylarında Akademik Milli Dram Teatr yeni tamaşa ilə öz pərdələrini tamaşaçıların
üzünə aça
biləcək.
-
Xalq artisti, Prezident təqaüdçüsü,
əliniz yetməyən
daha nələr qalıb?
-
Bu sənətin zirvəsi
yoxdur. Mən hələ axtarışdayam
və həyatım boyu yaradıcılığımın
bütün istiqamətində
axtarışda olacağam.
İnsan qəbir evinə qədər öyrənməlidir. Bu sənətdə
“doydum” söhbəti yoxdur...
-
Müstəqillik dövründə
aktyorlarımızın çoxu
məcburi olaraq müəyyən müddətə
də olsa, əlavə peşə sahələrinə ayrıldılar.
Bəs bu mərhələni siz necə yaşadınız?
-Bunu fəxrlə deyirəm: teatrda yeganə aktyoram kı, əmək kitabçamda bircə ünvan göstərilib. 1962-ci ildən
Mədəniyyət nazirliyinin
təyinatı ilə
Əzimov Rafiq dram Teatrna aktyor qəbul olunub və hələ də fəaliyyətini orada davam etdirir.
Maqbet Zeynalov mənim haqqımda həmişə belə deyir: “Əzimov Rafiq teatrın bütün intriqalarını
öz çiynində
daşıyıb”...
-
Dövlətin qayğısından razısınızmı?
-Mən
fəxr edirəm ki, Əməkdar artist və Xalq artisti
adlarını, Prezident mükafatını ümummilli liderin
imzasıyla, Prezident təqaüdünü isə cənab
İlham Əliyevin imzasıyla almışam və
alıram... 70 illik yubileyimin keçirilməsində isə
nazirimiz Əbülfəs Qarayevə çox minnətdaram. Bu
yaxınlarda nazirimizin Prezidentimizə göndərdiyi məktubdan
sonra mənə 3 otaqlı mənzil də veriblər...
-
Rafiq müəllimi televiziyada hansı proqramlar narahat edir?
-
Mediada baş alıb gedən narazılıq, gileylər,
intriqalar, onun dalınca, bunun dalıyca... xoşlamıram
qardaşım, elə
şeylər var ki, onları açıb göstərmək
bir yana dursun, söyləmək belə düzgün deyil. Kiminsə “içalatı”, “kuxnası”
tamaşaçıların nəyinə lazımdır
axı?
-
Bir müddət sizi də televiziyada
veriliş aparan görürdük...
-Hə, “Lider” kanalından dəvət almışdım. Tanınmış
şəxsiyyətlərin həyat və yaradıcılıqları haqqında
filmlər hazırlayırdıq.
Seyid Əzim Şirvani, Aşıq Molla Cümə və s. kimi şəxslərin həyatından
gözəl verilişlər
hazırladıq. Bu verilişlər
sayəsində geniş
kütlə maariflənirdi
və gözəl məlumatlar əldə edirdilər. Amma, nədənsə, sonra verilişi dayandırdılar.
A balam, belə verilişləri niyə bağlayırsınız axı?
Efir vaxtı belə verilişlər yaxşıdır, yoxsa nə başı olan, nə də
ayağı olan, məzhəbləri bəlli
olmayan şou proqramlar? Bundan başqa, Azərbaycan Televiziyasında “Ömrün
kino səhifələri”
verilişlərini də
aparmaq mənə qismət olub. Bunu da nəzərinizə
çatdırmaq istəyirəm
ki, bu yaxında
AzTV-də uşaq verilişi aparmaq üçün təklif
almışam. Çox
götür-qoy edəndən
sonra razılıq verdim. İnanıram ki, veriliş sayəsində uşaqlara
yeni fikirlər aşılaya, onların tarixi və mədəni biliklərini
artırmaq istiqamətində
xeyli işlər görə biləcəyəm.
Rəşad Zalov
Zaman.- 2010.- 1-2 iyun.- S. 13.