“Uşaqları internetdən məhrum etmək yox, düzgün istiqamətləndirmək lazımdır”

 

Bəlkə də, çoxumuz əhəmiyyət vermirik, səhər tezdən evdən çıxır, gecənin bir zamanı özümüzü zorla sürüyüb salırıq içəri və uşaqların gün boyunca nə ilə məşğul olduqlarından xəbər də tuta bilmirik. Amma heç düşünmürük ki, bu gərginlik içində zaman ayırmadığımız övladlarımızda tədricən formalaşan, getdikcə bərkiyən problemləri aradan qaldırmaq üçün sonradan illərlə əziyyət çəkməli olacağıq və bəlkə, heç istədiyimiz nəticə əldə olunmadı da. Bəli, ağlımıza da gəlmir. Biz əslində kiçik məsələləri yox, bəlkə də, ən böyük vəzifəmizi unutmuş oluruq. Həzrət Əlinin belə bir sözü var: Uşaq öz valideynindən daha çox öz zəmanəsinə oxşayar. Bu sözdə əslində tərbiyənin gen faktorundan heç də passiv amil olmadığına işarə var. Tərbiyə valideynin ən böyük missiyasıdır, elə valideynlik missiyasıdır. Mövzu ilə bağlı oxucularımıza daha zəngin məlumat verə bilmək üçün Qafqaz Universitetinin psixoloqu Hüseyn Xəlilovla görüşdük və onunla müsahibənin maraqlı məqamlarını diqqətinizə təqdim edirik.

- Hüseyn müəllim, yeniyetməlik hansı yaş dövrünü əhatə edir, fərddə hansı xüsusiyyətlərlə müşayiət olunur?

- Erkən yeniyetməlik qızlarda 9-11 yaşından 13-14 yaşa qədər, oğlanlarda isə 11 yaşından başlayaraq, 14-16 yaşına qədər davam edir. Təbii ki, bu göstəricilər müxtəlif iqlim şərtlərindən asılı olaraq, dyənə bilər. Qız uşaqları  fizioloji inkişaf baxımından oğlan uşaqlarından hər zaman öndə olurlar. Adətən, bu yaş dövrlərində mühüm fizioloji dəyişikliklər (cinsi yetişkənlik) baş verir. Səs tembri dəyişir, boy artımı baş verir, sklet əzələləri inkişaf edir və s. Həmçinin yeniyetmələr daha çox aqressiv və özünə qapalı olurlar. Onlar özlərini cəmiyyətdə daha tez sübut etmək istəyirlər. Bu yaş dövründə baş verən sosiopsixoloji dəyişikliklər onların sosial davranışlarına da təsirsiz ötüşmür. Belə ki, onlar cəmiyyətdə daha çox müstəqil olmağa can atırlar. Bu mənada yeniyetmələri əsasən iki kateqoriyaya ayırmaq olar: ekstrovert və introvert. Ekstrovert uşaqlar aktiv, çalışqan, cəmiyyətə daha tez inteqrasiya ola bilən uşaqlardır. Onların liderlik qabiliyyəti fəal olur. Ancaq introvertlərdə özünə güvən hissi çox az olur.  Onlar özlərini ifadə etməkdə ciddi problem yaşayır   həddindən artıq utancaq olurlar.

- Bu vəziyyət əsasən nədən qaynaqlanır?

- Bu, ən çox valideynlər arasında yaranan ziddiyyətlərdən meydana gələn prosesdir. Bu prosesə əksər hallarda boşanmış ailələrin uşaqlarında rast gəlinir. Unutmayaq ki, yeniyetməlik dövründən əvvəl baş verən hadisələr yaddaşdan silinsə də, yeniyetməlik dövründə aldığı kiçicik bir zədə bütün ömrü boyu onu müşayiət edir. Təəssüf ki, əksər valideynlər bu məsələyə dırnaqarası baxırlar.

- Ölkəmizdə yeniyetmələrin qarşılaşdıqları əsas problemlər nələrdir?

- Hazırda yeniyetmələrlə bağlı əsas konseptual məsələlər onların ailə içərisində davranışları, arzu və istəkləri, cəmiyyətə inteqrasiyası ilə əlaqəlidir.  Bu mərhələlərdə uşaqlara diqqət çox önəmlidir. Təəssüflər olsun ki,  onlara həm cəmiyyət, həm də ailə tərəfindən yetərincə diqqət göstərilmir. Birinci növbədə, onlara şəxsiyyət kimi yanaşmaq lazımdır. Bizim folklorumuzda şah, vəzir obrazları var. Necə ki, şah vəzirlə məsləhətləşir, eləcə də valideynlər, heç olmasa, övladlara aid məsələləri onlariın özləri ilə məsləhətləşməlidirlər.

 

Digər bir problem isə onların asudə vaxtlarının daha doğru və daha səmərəli keçirmələrinin təmin edilməsidir. Hazırda bu məqsədlə uşaqlar daha çox internetə can atırlar ki, bunun da çox ağır fəsadları olur. Müasir dövrümüzdə uşaqlara interneti tamamilə qadağan etmək olmaz. Bu, uşaqla valideyn arasında ciddi konfliktin yaşanması ilə  nəticələnər. Valideynlər uşaqlarını internetdən qorumaqdansa, daha çox onlara alternativ əyləncə mənbələri tapmalı, onların mənəvi cəhətdən zənginləşmələrinə çalışmalıdırlar. Əgər ailə onun mənəvi tələbatını ödəməsə, uşaq onu kənarda arayır.

 - İndi elə ailələr var ki, onların özləri mənəvi cəhətdən uşaq tərbiyə etməyə hazır deyil . Belə olan halda, onlar uşaqlarına axı nə verə bilərlər?

-Düzdür. Bunun üçün, birinci növbədə, valideyn sosioloji, psixoloji və pedoqoji  cəhətdən maariflənməlidir. Ancaq bu zaman uşağa nə verəcəyini doğru müəyyənləşdirə bilər.

- Maariflənmə deyəndə nəyi nəzərdə tutursunuz?

- Birinci növbədə, yeniyetmələrin sosial inkişafını araşdıran əsərlər mütaliə olunmalıdır. Ancaq etiraf etməliyik ki, hazırda əlimizdə olan kitabların əksəriyyəti sovet dövründə yazıldığına görə artıq günün tələblərinə cavab vermir. Digər tərəfdən, psixoloji mərkəzlərə, xüsusilə, ailə mərkəzlərinə müraciət edilməlidir. Təəssüflər olsun ki, Azərbaycanda bu cür mərkəzlərin sayı çox azdır. Bu məsələdə treninqlərdə iştirak etmək də yaxşı olar. Həmçinin yeniyetmələrlə bağlı olan ədəbiyyatları da çox mütaliə etmək lazımdır. Xüsusilə, bədii ədəbiyyat nümunələrimizdəki müsbət dəyərlər uşaqlara aşılanmalıdır. Hazırda bu nümunələr ancaq dərs xatirinə oxudulur, şagirdlərimizə sevdirilmir. Bir də elə etmək lazımdır ki, onların bir dəqiqə də boş vaxtları olmasın.

- Bu mənada son illər uşaqların asudə vaxtının dəyərləndirilməsi qənaətbəxşdirmi?

- Sovet dövründə yay aylarında uşaqları dövlət hesabına istirahət düşərgələrinə aparırdılar. İndi vəziyyət tamamilə başqa cürdür. Ailələrin maddi vəziyyəti buna imkan vermir. Həm də düşərgələrin sayı kifayət qədər deyil. Bunların sayını mütləq çoxaltmaq lazımdır. Hesab edirəm ki, bu məsələlərlə dövlətdən daha çox, qeyri-hökumət təşkilatları məşğul olmalıdırlar. Artıq  Azərbaycanda 3 ildir ki, yay məktəbləri təşkil olunur. Avropada bu ənənə çox geniş yayılıb. Qeyd etməliyəm ki, uşaqlar üçün yay məktəblərində iştirak etmək çox faydalıdır. Burada onlar xarici dil öyrənər, mütaliə etmək vərdişlərini inkişaf etdirə bilərlər. Digər tərəfdən, valideynlər uşaqların beynini yükləmədən onları faydalı işlərə cəlb etməyə çalışmalıdırlar. Səhərlər zehni (məntiq, mütaliə, riyaziyyat və s.), axşamlar isə fiziki (idman, gəzinti və s.) məşğələlər təşkil olunmalıdır.

-Yeniyetmələrin normal inkişafı üçün ən məqbul ailə tipi hansıdır?

- Bir neçə ailə tipi var: avtoritar, klassik, liberal və demokratik. Azərbaycanda daha çox avtoritar ailə tipləri mövcuddur. Avtoritar demək zorakılıq demək deyil. Burada hakim əksər hallarda atadır. Ancaq idarəetmənin anada olması da müşahidə olunur.  Liberal ailələrdə isə uşaq çox sərbəstdir. Valideyn, demək olar ki, onlara nəzarət etmir. Bu cür ailələrdə fəsadlar daha çox olur. Demokratik ailə tipləri çox məqbul sayılır. Əgər bu ailələrdə azadlıq qədər sosial ədalət də olarsa, burada yetişən uşaqlar daha yaxşı tərbiyə alarlar. Hazırda ölkəmizdə islami ailələr də var. Bu ailələrin quruluşu daha çox demokratik ailə quruluşuna yaxındır. Burada xüsusilə halal-haram məsələsi, dürüstlük və ədalət prinsipləri uşaqların mənəvi cəhətdən yetkin və əxlaqlı yetişmələrini təmin edir.

 - Yeri gəlmişkən, bir çox psixoloqlar cəmiyyətdə fərdlər arasında yaşanan yalan və etimadsızlıq mühitinin məhz yeniyetməlikdə qazanıldığını söyləyirlər. Bu mənada valideynlərin qəbahətləri nələrdir?

- Yeniyetməlik dövründə uşağa ən müsbət təsir edən amil valideynlərin ədalətli və dürüst olmalarıdır. Əgər valideyn söz veribsə ki, bu gün mən filan işi edəcəyəm, onu mütləq etməlidir. Valideyn uşaqlarla alver etməməlidir. Məsələn, ata övladına deyir ki, qiymətlərin yaxşı olarsa, sənə velosiped alacağam. Uşaq yaxşı oxuyur və əla qiymətlər alır. Valideyn isə verdiyi sözün üstündə durmur. Bu hadisə uşaqda valideynə qarşı inamsızlıq yaradır. Digər tərəfdən, bu cür vədlər uşaqların mənfəətpərəst olmaları ilə nəticələnir.

- Yaxşı, belə olan halda uşaqları yaxşı vərdişlərə alışdırmaq və stimullaşdırmaq üçün nə etmək lazımdır?

- Ən gözəl stimullaşdırma “mənim oğlum-qızım ağıllıdır, o oxuyub yaxşı həkim, müəllim və s. olacaq” demək və onları təşviq etməkdir.

- Bunun da içərisində müəyyən mənada mənfəət yoxdurmu?

- Bilirsinizmi, bunu uşağa nə məqsədlə deməkdən çox şey asılıdır. Əgər desən ki, həkim olub çoxlu pul qazanacaqsan, bu, yanlışdır. Yox, əgər desən ki, yaxşı həkim olub insanlara faydalı olacaqsan, bax bu, onu doğru hədəfə yönəltməkdir. Bunun içərisindəki mənfəət isə  maddi deyil, mənəvi qazancdır.

- Hüseyn müəllim, yuxarıda dediniz ki, yeniyetməlik dövründə alınan kiçik bir zədə heç vaxt sağalmır. Belə çıxır ki, yeniyetməliyində qaçqınlıq həyatı yaşayanların durumu heç də ürəkaçan deyil...

- Bəli. Onlar həyatın erkən çağlarında ağır stress keçirirlər, ən böyük ədalətsizliyi görürlər. Bu da onları daha çox nifrət və qisas üzərində kökləyir. Bir də, uşaqlıq illərində məruz qaldıqları o ağır hadisələrdən onlara ən çox biganəlik duyğusu qalır. Hər gün valideynlərindən itirilmiş sərvət, talan edilmiş yurd-yuva haqqında eşitdikləri onların daxilindəki ədalət hissini zədələyir. Bu, bir nəsil üçün çox dəhşətli fəlakətdir.

 

 

HABİL ƏLİ

 

Zaman.- 2010.-8-9 iyun.- S. 10.