Tarixi
fərman (3)
1277-ci il may ayının 13-də Mehmet bəyin
türk dilinin dövlət dili elan edilməsi barədə
tarixi fərmanı xalqa elan edildi.
1277-ci il may ayının 13-də Mehmet bəyin
türk dilinin dövlət dili elan edilməsi barədə
tarixi fərmanı xalqa elan edildi. Fərmanda deyilirdi: “Bu
gündən sonra divanda, dərgahda, məclisdə, meydanda və
digər yerlərdə türkçədən başqa dil
işlədilməyəcək”. Bu, Malazgirt
döyüşündə qazanılan qələbəyə
layiq bir zəfər idi. Bu fərman elan ediləndən 10-15
gün ərzində Anadolunun hər yerində xalq bayram edir,
türk dilində şeir yarışması keçirir,
mahnılar oxuyurdu. Belə bir böyük coşqunu xalq sonuncu
dəfə ancaq böyük sərkərdə Alparslanın
1071-ci ildə Malazgirtdə Bizansı məğlub edərək
Anadolunu əbədi olaraq türk yurdu edəndə
yaşamışdı.
Mehmet bəyin getdikcə
güclənməsindən həm Səlcuqlu sultanı, həm
Bizans, həm də monqollar narahat olmağa
başlamışdılar. O, eyni zamanda monqolların
düşmənləri ilə gizli əlaqələr
qurmuşdu. Mehmet bəy həmin dövrdə Misir və
Suriyanın hakimi, məşhur sərkərdə Baybarsın
rəhbərliyi altında olan məmlükləri də
monqollar üzərinə hücum etməyə razı sala
bilmişdi.
Mehmet bəy güclənir
Karamanoğlu
Mehmet bəyin ətrafında Əşrəfoğulları,
Hatıroğulları, Məntəşəoğulları və
Saruhanlılar kimi məşhur türk bəyləri toplaşmışdılar.
Onlar monqolları və Səlcuqlu
sultanını məğlub edə biləcək durumda idilər.
Bu arada isə monqol zülmündən boğaza
yığılan türklər kütləvi halda Anadolunu tərk
edərək Suriyaya köç etməyə
başlamışdılar. Monqollar nə qədər
çalışsalar da, bu köçün
qabağını ala bilmirdilər. Əhali
əlçatmaz yollarla bölgəni tərk edərək,
monqol zülmündən uzaq, onların əlləri
çatmayan yerlərdə məskunlaşırdılar.
Buna paralel olaraq Karamanoğlu Mehmet bəyin
güclənməsindən monqollar və Səlcuqlu sultanı
da narahat olaraq, ona qarşı döyüşün
qaçılmaz olduğu qənaətində idilər. Buna görə də onlar Mehmet bəyin üzərinə
yürüşə hazırlaşmağa başladılar.
1276-cı ilin yazında Səlcuqlu
sultanı yürüş hazırlığını
başa çatdırdı. Bu arada isə Məmlük sultanı
Baybars güclü bir ordu ilə Anadoluya daxil oldu. Həmin
il aprelin 15-də Əlbistan adlanan yerdə
monqollar və onların müttəfiqi olan Səlcuqlu
sultanı ilə Baybars arasında qızğın
döyüş baş verdi. Bu döyüşdə
Baybars Tuku və Tudavın başçılıq etdiyi monqol
ordusunu məhv etdi. Bunu görən Səlcuqlu sultanı
rəhbərliyi altında olan orduya ağ
bayraq qaldırmağı əmr etdi. Onun müqavimətsiz təslim
olduğunu nəzərə alan Baybars,
Sultan II İzəddin Keykavusu bağışladı və ona
Tokata getməyə icazə verdi. May
ayının 2-də Baybars Kayseriyə gəldi. Onu buradakı xalq böyük təntənə ilə
qarşıladı. Çünki
Baybarsın qələbəsi Anadoluya monqol zülmündən
xilas olmağa imkan verirdi. Baybars Kayseridə
Karamanoğlu Mehmet bəyə məktub yazaraq Anadoluda onun
hakimiyyətini qəbul etməyi təklif etdi. Lakin
Karamanoğlu Mehmet bəy özü Anadolunu idarə etmək
istəyirdi və ona görə də Baybarsın təklifinə
nə “hə”, nə də “yox” cavabı vermədi. Əvəzində Mehmet bəy monqolları tamamilə
Anadoludan qovub çıxarmaq və onların vassalı olan Səlcuqlu
sultanı II İzəddin Keykavusun paytaxtı olan Konyanı ələ
keçirmək üçün hərəkətə
başladı. O, Konyanı tutaraq sultanı taxtdan salmaq,
onun yerinə monqollardan asılı olmayan digərini sultan etmək
niyyətində idi.
13 may, 1277-ci il
Qısa zamanda Konya vilayəti və bölgəyə
yaxın bəzi ərazilər
Karamanoğullarının hakimiyyəti altına
alındı. Daha sonra Səlcuqlu Sultanı
İzzəddin Keykavusun oğlu Qiyasəddin Siyavuşu
atasının yerinə taxta oturdan Mehmet bəy özü isə
onun vəziri oldu. Çünki, o, əvvəlcə
monqollara qarşı apardığı əməliyytalarda
böyük uğurlar qazandı. Amma o monqolları
nəinki Anadoludan, həm də bütün Yaxın Şərqdən
və Qafqazdan qovub çıxarmaq və onlardan gələn təhlükəni
birdəfəlik aradan qaldırmaq istəyirdi. Lakin o, və iki qardaşı monqollarla
döyüşlərin birində şəhid oldu. Bəzi məlumatlara görə, Mehmet bəy və qardaşları
1280, bəzi mənbələrə görə isə təxminən
1283-cü ildə şəhid olublar. Lakin
ölümündən əvvəl o, ata-babalarının və
Anadoluda yaşayan bütün türklərin arzusunu həyata
keçirə və türk dilinin rəsmi dil elan edilməsi
barədə fərman imzaladı. Belə ki, 1277-ci il may ayının 13-də Mehmet bəyin
türk dilinin dövlət dili elan edilməsi barədə
tarixi fərmanı xalqa elan edildi. Fərmanda deyilirdi: “Bu
gündən sonra divanda, dərgahda, məclisdə, meydanda və
digər yerlərdə türkçədən başqa dil
işlədilməyəcək”. Bu, Malazgirt
döyüşündə qazanılan qələbəyə
layiq bir zəfər idi. Bu fərman elan
ediləndən 10-15 gün ərzində Anadolunun hər yerində
xalq bayram edir, türk dilində şeir yarışması
keçirir, mahnılar oxuyurdu. Belə bir
böyük coşqunu xalq sonuncu dəfə ancaq böyük
sərkərdə Alparslanın 1071-ci ildə Malazgirtdə
Bizansı məğlub edərək Anadolunu əbədi olaraq
türk yurdu edəndə yaşamışdı. Əslində Mehmet bəyin türk dilini Anadoluda rəsmi
dil elan etməsi də Alparslanın düşmən üzərində
qazandığı qələbə qədər əhəmiyyətli
idi. Belə ki, onlardan biri düşmən
üzərində qazandığı hərbi zəfəri ilə
Anadolunu türk yurdu etmiş, digəri isə türk dilini rəsmi
dövlət dili elan etməklə türkü məhv
olmaqdan, dilini, dinini itirmək təhlükəsindən xilas
etmişdi.
Yuxarıda da qeyd etdiymiz kimi, Səlcuqlu
dövləti dağılandan sonra, ölkə bəyliklərə
bölünmüş və bu da Anadolunun gələcəyini
təhlükə altına almışdı. Amma Səlcuqlu dövlətinin
dağılması nə qədər xoşagəlməz idisə,
ondan sonra baş verən hadisələr türklərdə
milli şüurun yenidən oyanmasında mühüm yol oynadı.
Belə ki, yeni yaranan yarımüstəqil bəyliklərdə
rəsmi dövlət dili kimi işlədilən ərəb
dilinə qarşı etiraz güclənmiş və bu,
türkcənin dövlət dili kimi işlədilməsi
üçün xalqı ayağa qaldırmışdı.
Bu da, öz növbəsində, türk dilinin
dövlət dili kimi işlədilməsi ilə bağlı
meydana Karaman, Mehmet və Mövlana Ariz kimi qəhrəmanların
çıxmasına səbəb oldu. Beləliklə,
türk dilinin və milli mənliyin qorunub saxlanılması uğrunda iyirminci
illərdən başlayan mübarizə 1277-ci ildə məşhur
dövlət xadimi Mehmet bəy Karamanoğlu tərəfindən
türk dilinin dövlət dili elan edilməsi ilə başa
çatdı. Bu dövrdən də
başlayaraq türk dili özünün altın
çağını yaşamağa başladı.
Türk dili dünyanı fəth edir
Burada bir mühüm faktı da da
xatırlatmaq istəyirik. Bu da monqolların Anadolunu işğalının
türk millətində milli mənlik şüurunun yenidən
oyanmasına təkan verməsi ilə bağlıdır.
Səlcuqlunun son dövrlərində, belə demək
mümkünsə, siyasi durğunluq dövrünü
yaşayan türklər monqol işğalından sonra geriyə
boylanaraq, ata-babalarının qəhrənmalıqlarını
xatırladırlar və bu da onları əcdadlarının
igidliklərini təkrar etməyə ruhlandırdı. Onlar
qısa müddətdə monqollara və əlaltılar kimi
çıxış edən yarımüstəqil Səlcuqluya
qarşı birləşməyə özlərində
güc tapa bildilər. Bu da Anadolunun monqol
zülmündən xilas olmasında önəmli rol oynadı.
Buna paralel olaraq türk dilinin rəsmi dövlət dili elan
edilməsi Osmanlının meydana çıxmasına və
600 il ərzində dünyanın hər
iki qitəsində ədalətli bir dövlət kimi məşhurlaşmasına
zəmin hazırladı. Həmin dövrdə
Türküstandan monqol zülmündən qaçan türk
boyları, o cümlədən kayı tayfaları özləri
ilə Anadoluya yeni mübarizə ruhu gətirdilər. Onların Anadoluya yeni köçləri türk
dilinin mövqeyni daha da möhkəmləndirdi. Çünki Anadoluya köç edən yeni
türk boylarında da milli mənlik, milli qürur və ana
dilə hörmət olduqca yüksək səviyyədə
idi. Bu da tarixə dünyanın ən
güclü imperiyalarından biri kimi daxil olacaq Osmanlıda
türk dilinin beynəlxalq səviyyədə rolunun daha da
artmasında mühüm rol oynadı. Osmanlı
dövlətinə rəhbərlik edən Orxan bəy
dövründə türk alim və şairləri ölkənin
ictimai-siyasi həyatında fəal iştirak etməyə
başladılar. Osmanlı sultanları
elm, ədəbiyyat adamlarını öz ətraflarında
topladılar. Bu da türkcənin ədəbi
və rəsmi səviyyədə intibah dövrünü
yaşaması demək oldu. Osmanlının məşhur
dövlət xadimləri İldırım Bəyazid, Fateh
Sultan Mehmet, II Murad və II Abdulhəmid türk dilinin həm rəsmi
səviyyədə, həm də ədəbi
inkişafında əvəzsiz xidmətlər göstərdilər.
II Abdulhəmid 1894-cü ildə Təhsil
Nazirliyinə xüsusi göstəriş vermişdi. Həmin göstərişdə
müvafiq qurumlardan bütün məktəblərdə
türk dilində təhsil verilməsi tələb olunurdu.
Dil bir körpüdür, inanç bir
körpüdür, tarix bir körpüdür. Bu mənəvi
körpüləri əsas götürən Türk
Cümhuriyyətinin qurucusu Atatürk türk dilinin
inkişafı üçün xüsusi tədbirlər həyata
keçirdi. Bununla da türk dili ötən
yüzillikdə özünün yeni inkişaf dövrünə
qədəm qoydu.
Atatürk: “Dil bağlılığı insanları
bir-birinə bağlayan elə bir qüvvədir ki, onunla ən
əlçatmaz zirvələri belə fəth etmək
mümkündür. Dil bağlılığı
elə qüvvədir ki, vətənin bir hissəsi getsə
belə, onu məhv etmək mümkün deyil. Hətta dəmir pərdələrin arxasından belə,
dil bizi vəhdətə və birliyə sövq edər, bizi
zəfərlərə səsləyər”-deyirdi. Türk dilinin yaşadığı hər yer Vətəndir.
Türk dilinin olmadığı yer vətən ola blməz. Vətənin ürəyi
və ruhu türkcədir. Hələ vaxtı ilə məşhur
yazar Yəhya Kamal: “Türk dili ən uzaq ölkələrdə
yaşayan milyonlarla türkləri bir-birlərinə
görünməz tellərlə bağlar”-demişdi. Burada bir haşiyədən kənar çıxmaq
istəyirik. Türkiyədə hər il
keçirilən türk dili olimpiadları türk dilinin
dünyanın hər yerinə yayılmasında önəmli
rol oynayır. Bunu Türk dilinin 8-ci
olimpiadasında 120-dən artıq ölkənin iştirak etməsi
də bir daha sübt edir. Bu isə o deməkdir
ki, bu gün dünyanın 120 ölkəsində türk
dilini öyrənirlər. Zənnimizcə,
bunu türk dilinin dünya zəfəri hesab etmək olar.
Necə deyərlər, bir vaxtlar Anadoluda məhdud
dairədə işlədilən türk dili bu gün qitələri
fəth etməkdə davam edir. Bunə görə
türk milləti türk dilini dövlət dili elan edən Karamanoğlu
Mehmet bəyə çox borcludur .
(Son)
Əziz Mustafa
Zaman.- 2010.- 18 iyun.- S.11.