Kitabın kitabı yenidən açılır

 

Son vaxtlar kitabdan söz düşəndə “İnternet kitabın qəniminə çevrilib”, “Kitab çoxalıb, seçim çətinləşib”, hətta “Kitabın kitabı bağlanıb” kimi ifadələri eşidirik. Bu sahənin mütəxəssisləri isə hazırda ölkəmizdə kitab bazarının hələ tam formalaşmadığını etiraf etməklə yanaşı, kitaba bir qayıdış olduğunu bildirirlər.

Digər sahələrlə müqayisədə kitab biznesinin kölgədə qalması barədə söhbətlər səngimək bilmir. LakinKitab klubunun direktoru, fizika-riyaziyyat elmləri namizədi Elxan Rzayev öz müşahidələrinə əsasən, bu sahənin bazar iqtisadiyyatının əsirliyindən çıxmaqda olduğu qənaətindədir: “Bu prosesdə ötən ilin sentyabrında respublikamızda 23 ölkənin nəşriyyat və poliqrafiya müəssisələrinin iştirakı ilə keçirilmiş I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası önəmli rol oynayıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi bu tədbir dünyanın diqqətini ölkəmizdə poliqrafiya işinə cəlb etməklə yanaşı, əhali arasinda kitaba marağın artmasına da öz töhfəsini verib. Son aylar ölkəmizin paytaxtında, eləcə də regionlarımızda kitab bayramı adı altında təşkil olunmuş tədbirlər, əgər belə demək mümkünsə, bağlanmış kitabımızı açmaqda açar funksiyasını yerinə yetirib”. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə nəşr edilən 150 cildlikDünya ədəbiyyatı kitabxanası” seriyasına abunədən söz açan həmsöhbətimiz: “Bu seriyaya daxil olan 33 kitab artıq çapdan çıxıb. Həmin kitabların hər birinin qiyməti 7 manatdır. Məlumat üçün deyim ki, artıq bu seriyaya 800 nəfər abunə yazılıb. İnanıram ki, yaxın günlərdə onun abunəçilərinin sayı min nəfərə çatacaq”,- dedi.

 

Nəşriyyatlar öz məhsullarını bazara çıxarırlar

 

E.Rzayevin sözlərinə görə, artıq bəzi nəşriyyatlar (”Altun Kitab”, “Beşik”, “Qanun”, “Zəkioğlu”, “Adiloğlu”) öz məhsullarını birbaşa bazara çıxarırlar. Bu da dünya təcrübəsinə tam uyğundur. Təşkil olunmuş, yaxud yeniləşdirilmiş kitab evlərini də kitab bazarının cücərtiləri hesab etmək olar. İndi parklarda, metroda belə, kitab oxuyanlara, mövcud kitab mağazalarına üz tutanlara da tez-tez rast gəlmək mümkündür. Bu prosesdə son illər insanların maddi-rifahının yaxşılaşmasının da önəmli rol oynadığını vurğulayan Elxan müəllim söhbətini “Biz kitab bazarını formalaşdırmağa məhkumuq” sözləri ilə davam etdirərək, “İnternet olan yerdə nə kitab?” deyənlərə mesaj göndərməyi də unutmadı: “Nə televizor, nə də kompyuter kitabı əvəz edə bilir. İnsanlar da artıq bunu başa düşməkdədirlər. Məhz belə düşünənlərin sayəsində son illər kitaba münasibət müsbət mənada dəyişib. Bu isə o deməkdir ki, artıq ölkəmizdə kitaba qayıdış getdikcə güclənir. Elə son illər apardığımız sorğular da bu fikri təsdiq edir”. Lakin o, ölkəmizdə sırf kitab marketinqi ilə məşğul olan qurumun olmaması ucbatından bu sahədə, müəyyən mənada, pərakəndəliyin hələ hökm sürdüyünü vurğuladı: “Belə ki, sifarişlər əsasında kitablar çap olunur ki, onların da hər birinin tirajı orta hesabla 500 ədəddir. Həmin kitablar da müəlliflərin özlərinin vəsaitləri hesabına işıq üzü görür. Yəni müəllif kitabının nəşri ilə bağlı bütün xərcləri ödəyir, nəşriyyat kitabı çap edir və sahibinə, müəllifinə təhvil verir. Müəllif də satdığını satır, satmadığını dosta-tanışa hədiyyə edir. Bu prosesi, sadəcə, müəllif-naşir-müəllif kimi xarakterizə etmək olar. Halbuki dünya təcrübəsində bu, müəllif-naşir-yayım-oxucu şəklində formalaşıb. Unutmayaq ki, bu tələbat bazar iqtisadiyyatının əsas atributlarındandır. Digər tərəfdən, bu amil imkansız, lakin istedadlı müəlliflərin çap olunmalarına əngəl yaradır. Elxan müəllimin sözlərinə görə, rəhbərlik etdiyi “Kitab klubu” kitab bazarının normal qaydalar üzrə işləməsinə yardım göstərməyi özünün əsas məqsədi seçib: “İlk növbədə, kitab bazarının vəziyyətini, oxucu istəklərini tədqiq edib əldə edilən məlumatları naşir və müəlliflərə çatdıran klubumuz yeni nəşr olunmuş kitablar haqqında oxucuları bilgiləndirir, sorğular keçirir, kitab kataloqları buraxır, kitab sərgilərini təşkil  dir”.

 

Təkliflər

 

Həmsöhbətimin sözlərinə görə, bu sahədə ciddi dönüş yaratmaq üçün tez-tez kitab bayramları  təşkil olunmalı, məktəblərdə kitab köşkləri açılmalı mütəmadi oxu günləri keçirilməlidir. Elxan müəllim daha sonra dedi: “Azərbaycanda 100-dən çox nəşriyyat qeydə alınıb ki, bu gün onlardan yalnız 15-i yaxşı işləyir. Lakin nə qədər qəribə olsa da, onlar hələ bir qurum ətrafında birləşməyiblər. Halbuki Gürcüstanda naşirlər bir assosiasiya ətrafında fəaliyyət göstərirlər”. “Bizdə kitabın təbliği və reklamı da dünyanın bir çox ölkələrindən fərqlənir”, -deyən həmsöhbətimiz əlavə etdi ki, əksər ölkələrdə kitab çap olunmazdan öncə reklam olunur. Bizdə isə bu məsələ, nədənsə, kitabın çapından sonra yada düşür.

 

İnternet kitaba qalib gələ bilməyəcək

 

Məsələ ilə bağlı həmsöhbət olduğumuz sadə vətəndaşlar kitaba qayıdışın olduğunu etiraf etməklə yanaşı, kitabların qiymətlərinin baha olmasından da şikayətləndilər. Üstəlik, bu sahəyə dövlət qayğısının bir qədər artırılmasının vacibliyini vurğuladılar. Tanınmış yazar Əlabbas Bağırov isə bir oxucu kimi dedi ki, hazırda, həqiqətən də, bu sahədə tərpəniş var: oxucuların sayı armaqdadır: “Etiraf edək ki, internet müəyyən mənada kitabı sıxışdırıb. Lakin kitabın internetə qalib gələcəyinə şübhə etmirəm”.  

 

“İcarə haqqı ucuz olsa...”

 

 “Akademkitab” Kitab Evinin direktoru, tarix elmləri namizədi Hacı Əliağa Cəfərli bu sahədə hələ çox işlərin görülməsinin vacib olduğunu vurğuladı: “2001-ci ilədək Bakının ən gözəgəlimli guşələrində 127 kitab mağazası fəaliyyət göstərirdi. Həmin mağazalar 2 milyona yaxın əhaliyə xidmət edirdi. İndi isə təxminən 4 milyon əhalisi olan şəhərdə belə mağazaları barmaqla saymaq olar. Mən bu sahənin araşdırmaçısı kimi deyə bilərəm ki, bu mənada Bakı 150 il öncəki Bakını xatırladır. Buna isə səbəb kitab mağazalarının fəaliyyət göstərdikləri obyektlərdə kirayə haqqının baha olmasıdır. İcarə haqqı ucuz olsa, Bakıda kitab mağazalarının sayı kifayət qədər olar. İkinci bir tərəfdən, bu gün kitab nəşrinə, həm də kitab satışına 18 faiz əlavə dəyər vergisi tətbiq olunur. Sizcə, belə halda kitab mağazası günün tələbləri səviyyəsində necə fəaliyyət göstərə bilər?” Onun sözlərinə görə, vaxtilə bu sahə üzrə bir neçə kitab ticarət şəbəkəsi məşğul olurdu. İndi isə... Halbuki kitab satışı ilə məşğul olan şəbəkələr bu gün dünyanın bir sıra ölkələrində mövcuddur. Həmsöhbətimizin fikrincə, ilk növbədə, kitab üçün oxucu formalaşmalıdır: “Özü də formalaşma uşaq vaxtından, lap bağçadan başlanmalıdır. Orta məktəbdə kitabla bağlı fənn tədris olunmalıdır. Nəşriyyatlarımızın da sifarişlə işləməsi kitab bazarının formalaşmasını gecikdirir: “Lakin bütün bu çətinliklərə baxmayaraq, son illər kitabların məzmun və çap keyfiyyətində yaxşılaşma özünü büruzə verir. Hətta mən deyərdim ki, dünya çapından geri qalmırlar, lakin tirajları azdır”.

 

“Bakıda da Kitab Evi görmək istəyirik”

 

Bu il Belarusda keçirilmiş Beynəlxalq Kitab Sərgisi ilə bağlı təəssüratlarını bizimlə bölüşən “Şirvannəşr”in direktoru, yazıçı-publisist Qəşəm İsabəyli Minsk şəhərində insanların kitab növbəsində dayandıqlarının şahidi olduğunu dilə gətirməklə yanaşı, orada ilboyu fəaliyyət göstərən kitab yarmarkasından da danışdı. Bildirdi ki, Minskdə fəaliyyət göstərən nəşriyyatlar müəlliflərin kitablarını nəşr edir, hətta onlara qonorar da verir. O, söhbət zamanı maraqlı bir məqama da toxundu: “Azərbaycan oxucusunun ən böyük potensialı kənd rayonlarında yaşayır. Bu gün rayonlarımıza, kəndlərimizə yeni kitablar, demək olar ki, gedib çıxmır. Kitablar şəhərdə doğulub, şəhərdə də “məskunlaşır”. Kitabların məskunlaşma çoğrafiyasını genişləndirməyi üzərinə götürən kitab qurumu artıq günümüzün tələbinə çevrilib. Ölkəmizdə kitabla bağlı keçirilən bütün tədbirləri müsbət dəyərləndirən Qəşəm müəllim: “Artıq Naxçıvanda  Kitab Evi fəaliyyət göstərir. Belə bir evə Bakıda da ehtiyac var. Yaxşı olardı ki, Bakıda da ilboyu fəaliyyət göstərən kitab yarmarkaları təşkil olunsun. Kitablar məktəb ləvazimatlarının kölgəsində qalmasın”, - dedi. Onun sözlərinə görə, bu gün əksər rayon mərkəzlərində müasir kitab mağazaları yoxdur.

 

“Kitab bazarı formalaşmaqdadır”

 

 “Altun Kitab” nəşriyyatının direktoru, filologiya elmləri namizədi Rafiq İsmayılovun sözlərinə görə, kitab ən ağır biznes sahələrindəndir: “Bu kimi çətinliklərə baxmayaraq, normal formada nəşr olunan kitabın satılması heç də problem deyil. Yəni nəşriyyatlar başa düşməyə başlayıblar ki, bazara kitab çıxarmaqla da dolanmaq olar. O, öz oxucusunu gec-tez tapır. Lakin problem ondadır ki, kitab bazarında piratçılıq baş alıb gedir. Bu da işini günün tələblər səviyyəsində qurmağa çalışan nəşriyyatlar üçün müəyyən problemlər yaradır”.  Rafiq müəllim bildirdi ki, o, artıq neçə ildir ki, kitab nəşri ilə məşğuldur. Hər il 10-15 adda kitab nəşr edir. Sifarişlə kitab nəşrinə baş qoşmur, yəni bazarın tələbatı ilə ayaqlaşmağa çalışır. Dediyinə görə, bu gün kitab bazarında tədrislə bağlı kitablara daha çox ehtiyac duyulur: “Lakin kitab bazarı, hələlik, pərakəndə olduğundan bəzən qəti qərara gəlmək heç də asan olmur. Bizdə kitaba hələ də əmtəə kimi baxılmamasından təəssüflənən həmsöhbətimizin sözlərinə görə, bəzi qeyri-hökumət təşkilatlarının müəyyən qrantlar hesabına nəşr etdirdikləri və pulsuz paylanılan kitablar da kitab bazarının formalaşmasına mənfi təsir edir. “Bəs indiyədək bu sahənin inkişafı ilə bağlı kredit almısınızmı?” sualına isə belə cavab verdi: “Mənim kreditim öz intellektimdir”. (Yeri gəlmişkən qeyd edək ki, həmsöhbət olduğumuz digər naşirlər də bu sahənin inkişafı ilə bağlı banklara müraciət etmədiklərini dilə gətirdilər).

 

Kitaba qayıdış var

 

 Qız qalasının yanındakı 97 saylı kitab mağazasının sahibi Elman Mustafayev  ötən illərlə müqayisədə alıcıların sayının artdığını, bir sözlə, kitaba qayıdışın olduğunu söylədi. Bildirdi ki, hazırda alıcılar Azərbaycan tarixi ilə bağlı kitablara üstünlük verirlər. O, yeni yaranmış sahələrin (məsələn, sosiologiya, kulturologiya və s.) də kitabsevərlərin maraq dairəsində olduğunu vurğuladı.

Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli qəzetimizə verdiyi açıqlamada mənsub olduğu quruma kitabla bağlı daxil olan hər bir təklifin, müraciətin nəzərdən keçirildiyini söylədi. Onun sözlərinə görə, nazirlik kitabın əvvəlki şöhrətini qaytarmaq istiqamətində əməli işləri səylə davam etdirmək niyyətindədir.

 

 

Məhəbbətoğlu Qvami

 

Zaman.- 2010.- 22-23 iyun.- S. 9.